GİRİŞ
1918-ci ilin mayında Cümhuriyyətin yaranması bir çox cəhətlərinə görə dünyada, Rusiya imperiyasında və Cənubi Qafqaz regionunda cərəyan edən siyasi və hərbi proseslərin tərkib hissəsi və nəticəsi olduğundan, beynəlxalq əhəmiyyətli hadisə idi. Bununla yanaşı, İslam dünyasında ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda baş vermiş mütərəqqi ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi dəyişikliklərin, xalqımızın görkəmli şəxsiyyətlərinin, mütəfəkkir ziyalılarının millətin oyanışı və dirçəlişi uğrunda apardıqları inadlı mücadilənin məntiqi nəticəsi olmuşdur. Əslində Azərbaycan Xalq Cümhuriyyətinə gedən yolun ilk cığırları məhz həmin dövrlərdən başlayır. “Azərbaycançılıq” ideyasının formalaşmasının ilkin mərhələsi elə Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ilə başlamış və bütün XIX əsri əhatə etmişdir.
Müstəmləkəçilik mahiyyətinə baxmayaraq həmin dövrdə maarif və mədəniyyət sahəsində həyata keçirilən tədbirlər son nəticədə Azərbaycan xalqının maariflənməsinə, təhsilin, elmin və mədəniyyətin müasir nailiyyətlərinə yiyələnməsinə imkan verirdi. Xalqın mədəni-mənəvi həyatında baş verən mütərəqqi dəyişikliklər onda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və bütün bunların məntiqi nəticəsi olaraq milli hərəkatın yaranmasında mühüm rol oynadı. Məhz bu dövrdə Şimali Azərbaycanda millətləşmə prosesi sürətlənərək milli hərəkatın tədricən ümmətçilikdən milliyyətçilik mərhələsinə keçməsinə şərait yaratdı.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda milliləşmənin ən mühüm təzahürlərindən biri mövcud rejimin bütün qadağalarına rəğmən ictimai fikirdə, mətbuat səhifələrində Azərbaycan millətinin və ərazisinin həqiqi adının getdikcə daha çox işlədilməsi oldu.
Dostları ilə paylaş: |