Daniel Defo “Robinzon Kruzo”



Yüklə 35,58 Kb.
tarix04.01.2023
ölçüsü35,58 Kb.
#78376
Daniel Defo. Robinzon Kruzo


Daniel Defo “Robinzon Kruzo”
XVIII əsrin Avropa cəmiyyəti sosial-mədəni sfera kimi daha çox “maarifçilik epoxası” olaraq tanınır. Feodal ictimai-tarixi münasibətlərinin öz yerini buıjua-kapital münasibətlərinə verməsi ilə səciyyələnən bu dövr sosial-iqtisadi həyatda olduğu kimi, ictimaifəlsəfi fikirdə, o cümlədən, bədii-estetik düşüncədə köklü yeniləşmələrə meydan açır.
Maarifçilik dövrü ədəbiyyatının əsas istiqamətləri klassisizm, maarifçi realizm, sentimentalizm, erkən romantizm idi. Hər bir Avropa ölkəsində həmin istiqamətlərin yerli mühitdən doğan özünəməxsusluğu var.
İngilis ədəbiyyatında bu dövrə Stil və Addisonun jumalistlik fəaliyyəti, Aleksandr Popun, Daniel Defo və Conatan Sviftin yaradıcılığı aiddir.
Klassisizmlə bağlı olan yazıçılar antik incəsənətin süjet, forma və obrazlarına müraciət edərək, onları dövrün gerçəkliyinə uyğunlaşdırırdılar. Addisonun “Katon” faciəsi, Popun satirası belə yaranmışdır.
Yeni dövr Avropa realist romanının banisi Daniel Defo (1660- 1731) hesab olunur. Onun yaradıcılığı ingilis nəsrinin təkamülündə bütöv bir dövrü əhatə edir. Maarifçilik romanı tarixində ilk pillə olmaqla bərabər, Defo yaradıcılığı XIX yüzillikdə sosial mühitin irimiqyaslı mənzərəsini əks etdirən realist romana yol açmışdır. Defo ənənələrini Henri Fildinq (1707-1754), Tobayas Corc Smolletlə (1721-1771) yanaşı, Çarlz Dikkens (1812-1870) də davam və inkişaf etdirmişdir. Defo roman janrının macəra, bioqrafiya, psixoloji, tarixi və tərbiyəvi roman kimi rəngarəng növlərinin əsasını qoymuşdur. Onun yaradıcılığında bu formaların daxili strukturu hələ tam mükəmməlliyi ilə açılmasa da, məhz Defo onları özünəməxsus şəkildə işləmiş, roman janrının ümumi inkişaf xəttini müəyyənləşdirmişdir.
D.Defo özünün insan konsepsiyasında maarifçilik görüşlərindən çıxış edib insanın xeyirxah təbiəti barədə fəlsəfi-estetik mülahizələr irəli sürür, bəşəri humanizmin formalaşmasında sosial mühit amilinin həlledici təsirə malik olduğunu əsaslandırmağa çalışırdı.
İngilis jurnalistikası tarixindəki köklü keyfiyyət dəyişiklikləri ilə bağlı mühüm rol da Daniel Defoya məxsusdur. Öz dövrünün siyasi hadisələri burulğanına düşən yazıçı buıjua cəmiyyətinin siyasi və dini mübarizələrinin iştirakçısı olmuşdur. O, çoxtərəfli fəaliyyəti ilə özündə burjua iş adamı və siyasətçisini, eləcə də fəal publisist və istedadlı yazıçını birləşdirən unikal şəxsiyyətə çevrilmişdi.
Daniel Defo ət alverçisi və şam fabrikantı Ceyms Fonun ailəsində 1660-cı ildə dünyaya gəlmişdir. Onun ailəsi puritan və dissenterlərin (dissenterlər XVI-XVIII əsrlərdə hakim kilsəyə qarşı çıxmaları ilə tanınırdılar) dini-fəlsəfi görüşlərinin daşıyıcısı idi.
Defo puritan ruhani akademiyasına qəbul olsa da, heç vaxt dini həyata güclü meyil etməmişdir. Onu daha çox kommersiya əməliyyatları cəlb etmiş, amma dəfələrlə iflasa uğradığı üçün kreditorlardan və polislərdən gizlənməli olmuşdur.
Ədəbi fəaliyyətə 1697-ci ildə başlayan Defo ilk çalışmalarını jurnalistika istiqamətində aparmış, “Layihələrə dair təcrübə” (1697) əsərində bir sıra iqtisadi və ictimai islahatlar keçirilməsi ideyasını irəli sürmüş, vətəndaş azadlıqlarına dair broşüralar yazmışdır. O, 1685-ci ildə kral Yakov əleyhinə hersoq Monmutun başçılıq etdiyi üsyanın iştirakçısı olmuş üsyançıların məğlubiyyətindən sonra uzun müddət gizlənmək məcburiyyətində qalmışdır.
1688-ci ildə III Vilhelm siyasətini dəstəkləyən Defo kral III Vilhelm Oranlım “qeyri-ingilis” kimi gözdən salmağa çalışan zadəganlara qarşı yönəldilmiş “Əsl ingilis” (1701) adlı satirik şerini yazıb özünə müsbət siyasi imic və karyera qazanmağa çalışır. O, Vil- helmə qarşı yönəlmiş ittihamı rədd edir və sübut etməyə çalışırdı ki, “əsl ingilis” kəlməsinin mövcudluq haqqı yoxdur, belə ki, ingilis milləti müxtəlif millətlərin qarışması nəticəsində ortaya çıxmışdır. Genealogiyaya müraciət edən Defo Britaniya əsilzadələrinin “əsl ingilis” adlandırılmasmm düzgün olmadığını nəsil-tayfa şəcərələrinin tarixi mənzərəsi ilə əsaslandırırdı.
Əsilzadələrə qarşı olan kin və ironiya Defonun satirasını tez bir zamanda xalq arasında məşhurlaşdırdı. III Vilhelmin ölümündən (1702) sonra ingilis kilsəsi fəallaşdı və dissenterlərin təqibi gücləndi. Bu ərəfədə Defo anonim şəkildə “Dissenterlərə divan tutmağın kəsə yolu” (1702) pamfletini yazdı. Pamfletdə etiqad azadlığım müdafiə etdiyi üçün Defo rüsvayçılıq sütununa bağlanmağa və həbsə məhkum olundu. Hələ mülki edamın həyata keçirilməsindən öncə Defonun Nyuget həbsxanasmda yazdığı “Rüsvayçılıq sütununa himn” (1703) şeri xalq arasında geniş yayılmışdı. Xalq nəğməsi formasında yazılan “Himn” Defo rüsvayçılıq sütununa məhkum olunanda böyük izdiham tərəfindən müəllifi salamlamaq üçün oxundu.
Hökumətin gizli xəfiyyəsi olmağa razılıq verən Defo bunun müqabilində həbsdən azad edilir. Artıq yazıçı viqlər və tərilər arasında fərq qoymur. O, hər iki partiyaya xidmət edir. Bu illərin kəməkeşli sosial-siyasi prosesləri D.Defonun ədəbi-estetik baxışlarına güclü təsir göstərmişdir. Onun qələmə aldığı bədii əsərlərdə cəmiyyətin daxili mexanizmində hökm sürən ədalətsizliyə, amansızlığa, antihumanist cəhətlərə açıq və ya dolayı şəkildə münasibət bildirilirdi. Yazıçı bədii sözün gücüylə həyata müdaxilənin bütün mümkün variantlarım gerçəkləşdirməyə cəhd edirdi. Defonun siyasi və ədəbiestetik baxışlarım ifadə edən maarifçilik ruhlu əsərləri həmin meylin təzahürü idi. Bu sıradan, şübhəsiz, onun ən monumental və uğurlu işi dünya ədəbiyyatı tarixində özünəməxsus iz qoyan “Robinzon Kruzo” romanıdır.
Maarifçilərin ictimai-iqtisadi və əxlaqi ideyalarını əks etdirən məşhur “Robinzon Kruzo” əsərinin birinci hissəsi 1719-cu ildə nəşr olunanda yazıçı əlli doqquz yaşında idi. Məhz bu əsərlə Defo özünə ölməzlik qazanmışdır. Əsərin ikinci hissəsi 1720-ci, üçüncü hissəsi isə 1721-ci ildə işıq üzü görmüşdür.
D.Defo romanım Robinzonun həqiqi memuan kimi təqdim etmiş və əsər yazıçının müasirləri tərəfindən də məhz bu şəkildə qəbul edilmişdir. Romanın yaranmasına təkan verən və əsasım təşkil edən isə Riçard Stilin 1713-cü ildə nəşr olunmuş “Aleksandr Selkirkin tarixçəsi” oçerki olmuşdu. Oçerk gerçək hadisənin təsviri və təqdimi üzərində qurulmuşdur. Orada deyilir ki, matros Selkirk gəminin kapitanı ilə mübahisə etdiyinə görə Xuan Femandes adasmda düşürülür. Orada o, dörd il dörd ay tək-tənha qalır. Selkirkin yanında birgünlük ərzaq ehtiyatı, bir neçə funt tütün, çaxmaqdaşlı tüfəng, bant, çaxmaq, balta, bıçaq, qazan və bir də Bibliya var idi.
Bu əhvalat Defo tərəfindən müfəssəl təhkiyə ilə işlənib həm əyləncəli səciyyəsi, həm də fəlsəfi məzmunu ilə oxucunun diqqətini çəkir. “Robinzon Kruzo” XVIII əsr ədəbiyyatı, fəlsəfəsi və siyasi iqtisadma da təsir göstərmişdir. Onun ideya və obrazları Vol- terin (“Kandid”) və Getenin (“Faust”) yaradıcılığında dönüş yaratmışdır.
Əyləncə və təhkiyə sadəliyi, bədii gözəllik - bütün bunlar Defo romanını uzun illərdən bəri oxuculara sevdirən keyfiyyətlərdir.
Qəhrəmanın tənha həyatının təsvir olunduğu birinci hissə daha çox ideya-bədii dəyərə malikdir. Defo ilk dəfə ekzotik planda olsa da, ədəbiyyatda yaradıcı əmək və fədakarlıq mövzusunu işləmişdir. Məhz əmək Robinzona tənha adada insanlıq sifətini itirməməyə yardım etmişdir. Təbiətlə üz-üzə yalqız qalan Defonun qəhrəmanı yorulmadan çalışır, ona lazım olan məişət əşyaları hazırlayır, qayıq düzəldir, əkin əkir və ilk məhsulunu yığır. Bir sıra çətinliklərə sinə gərən Robinzon müxtəlif sənətlərə yiyələnir. Onun düzəltdiyi hər bir şey yazıçı tərəfindən ən xırda detallaradək təsvir olunur. Defo öz oxucusunu Robinzonun gərgin zəhmət və düşüncələrini bütün xırdalıqlarına, incəliklərinə qədər izləməyə vadar edir. Yazıçı bu bədii manera ilə oxucunu psixoloji cəhətdən həmin mühitin ovqatına uyğunlaşdırmaq məqsədi güdürdü.
Robinzon maarifçilərin “təbii insan” görüşlərini təcəssüm etdirir. Lakin buna baxmayaraq, Robinzon təkcə ağlı və düşüncəsi ilə hərəkət edən insan deyil, eyni zamanda müəyyən ictimai münasibətlərin təsiri ilə formalaşan tipik burjuadır. Əgər Robinzonun insani keyfiyyətləri cəmiyyətdən kənarda - tənha adada özünü göstərirsə, bu heç də onun əsl buıjua olduğunu inkar etmir. Bütün bunlarda qəhrəmanın işgüzar siması və sağlam düşüncəsi daha qabarıq şəkildə əks olunur. Robinzonun dindarlığı və Allaha iııamı işgüzar insanın təcrübi keyfiyyətləri ilə səsləşir. O, hər bir işini əsl puritan kimi dua ilə başlayır, Bibliyadan ayrılmır, bununla belə, Robinzon öz maraqları çərçivəsində hərəkət edir. Yeni mühitə uyğunlaşma köhnə mühitin psixoloji-mənəvi zəmini əsasında baş verir. Belə ki, daxili mühakimələrə dalan Robinzon “sırf kreditor kimi soyuqqanlılıqla” hər şeyi ölçüb-biçir. Gündəliyində o, vəziyyətinin müsbət və mənfi tərəflərinin yekununu çıxarır.
Robinzonun buıjua-kapital cəmiyyətini ifadə edən ikili xarakteri həmçinin Cümə ilə ünsiyyətində də açılır. Robinzon bu gənci ölümdən xilas edir, amma həm də onu öz nökəri kimi görmək istəyir. Heç təsadüfi deyil ki, Robinzonun Cüməyə öyrətdiyi ilk söz də “ağa” kəlməsi olur. Robinzona sözəbaxan köməkçi lazımdır, o, Cümənin “sadiqliyindən və itaətkarlığından” sevinir. Cümə isə nəinki sadiq xidmətçi, həm də ağıllı və zəkalıdır. Cüməni yaxından tanıyan Robinzon anlayır ki, dərin zəkası və “mənəvi qabiliyyətinə” görə bu gənc heç də onun özündən geri qalmır. Cümə ona öyrədilən hər şeyi dərhal qavrayır. Məhz Cümənin sayəsində tənha adadakı məşəqqətli həyat Robinzona “xoş və asan” görünür. Əsl puritan olan Robinzon Cüməyə dini öyrətməyə çalışır. Lakin Cümənin verdiyi müəmmalı və ikibaşlı suallar onu çox zaman çıxılmaz vəziyyətə salır. Əslində, bu suallar Defonun özünün dini-fəlsəfi baxışlarından doğurdu. O, Cümənin suallarını məqsədli şəkildə səsləndirirdi.
Defo özü romanın alleqorik səpkidə yazdığım qeyd edir. Həqiqətən də, Robinzonun macəralarının təsviri böyük ümumiləşdirici məna kəsb edir, burada simvollarla çatdırılan sətiraltı mənalar kifayət qədər çoxdur. Romanda Defonun insan həyatını və bəşəriyyətin tarixini əks etdirən görüşləri yer almışdır. Bu, Robinzonun tənha adada yaşadığı həyatınm əsas mərhələləridir ki, o, təbiətlə təkbətək qaldığı andan ovçuluq və balıqçılıqla məşğul olur, sonra mal- qara saxlayır, yer şumlayır, nəhayət, Cümənin simasında qula sahib olur və adanı müstəmləkəyə çevirir. Göründüyü kimi, Defo mədəni dəyişiklikləri tarixi təkamül prosesi boyunca simvolik şəkildə ümumiləşdirməyi nəzərdə tutmuşdur.
Bu inkişafın sonunda isə Defo fərdin tarixi rolunu açıq-aşkar şişirdir və tarixi gerçəkliyin obyektiv dinamikasını nəzərə almır. Tarixin fərddən başlaması fikrinin yanlış olmasım təsdiqləyən filsoflar belə bir həqiqəti də qeyd edirlər ki, başlanğıcını Smit və Rikardodan götürən həmin mülahizə XVIII əsrin uydurması idi.
Əlbəttə, Robinzonun adadakı həyatım istehsalın ilkin inkişaf mərhələsi kimi təsdiqləmək yanlış olardı. Təbiətlə mübarizədə Robinzon heç də göründüyü kimi tək deyil. O, dağılmış gəmidən alətlər, silah, bant, kağız və mürəkkəb götürmək imkanı əldə edir. Adıçəkilən bütün bu əşyalarda isə minlərlə insan əməyi vardır. Beləliklə, insan cəmiyyətinin məhsulu Robinzonun daxmasında gözəgörünməz şəkildə mövcuddur və onun həyatının nizama düşməsində əhəmiyyətli təsirə malikdir. Robinzon məhz bu vasitələrin köməyi ilə çevrəsindəki təbiəti ram etməyə, ondan faydalanmağa müvəffəq olur. Onların köməyi olmadan bütün eneıjisini sərf etsə belə, həyat üçün mühüm olan nisbi “sivil” şəraiti o özü üçün yarada bilməzdi.
Robinzonun qeyri-adi hekayətini bədii boyalar, üslubi səlisliklə nəql edən Defo yazıçı təhkiyəsini, əsasən, canlı və vasitəsiz formada aparır. Hekayətin sadəliyi və təbiiliyi onun inandıncılığmı artırır. Bu isə gerçəkliklə bağlı informasiyaların obrazlaşdırılıb realistcəsinə verilməsi sayəsində əldə olunmuşdur. Defo qəhrəmanının həyatını xırdalıqlannadək, qeyri-adi incəliklə təsvir edir ki, onların da hər biri ayrılıqda dərin məna və işarəvi məzmun kəsb edir.
Defo istər hadisələrin epik plandakı təqdimində, istərsə də peyzajlar, təbiət lövhələri yaratmaq baxımından mahir təsvirlər ustasıdır. O, cənub təbiətinin parlaq mənzərəsini rəssam tablosu kimi yaradır, ilin hər bir fəslinin rəngarəngliyini özünəməxsus peyzajlarla, təbiət lövhələri ilə verə bilir. Bu sıradan dəniz təsvirləri daha diqqətçəkicidir. Hiss olunur ki, o, bir yazıçı kimi romantik təsvirlər yaratmağa daha güclü meyil göstərir.
Tənhalıq ovqatını təlqin etmək üçün yazıçı çox zaman məqsədli şəkildə epik təsvirin təmkinli təqdimatına üstünlük verir. Bu, bir qədər quru, yorucu görünsə də, adadakı tənha insanın müşahidələrini və daxili psixoloji durumunu çatdırmaq üçün ən uyğun bədii maneradır.
“Robinzon Kruzo”nun ikinci və üçüncü hissəsi həm məzmun dərinliyinə, həm də bədii səviyyəsinə görə birinci hissədən əsaslı şəkildə fərqlənir. Bu hissələrdə Robinzonun adanı tərk edəndən sonrakı həyat və fəaliyyətindən, Hindistan, Çin və Sibirə ticarət məqsədi daşıyan səyahətlərindən, yaşadığı adanın müstəmləkəyə çevrilməsindən danışılır. Robinzon bir çox maneələri dəf edir, lakin bu dəfə artıq söhbət macəradan deyil, işgüzar avantüra və alverdən gedir. Belə ki, qəhrəman özü burada burjua işbazı kimi təsvir olunmuşdur. Romanın üçüncü hissəsi Robinzonun həyat haqqındakı didaktik mühakimələrindən ibarətdir. Görünür, yazıçı ekzotik zənginliyin olmaması səbəbindən bu hissələrdə öz yaradıcılıq məharətini o qədər də ifadə edə bilməmişdir.
Defonun “Robinzon Kruzo”dan sonra yazdığı əsərləri bir neçə qrupa ayırmaq olar. Bunlar əsasını Avropa kələkbazlıq romanlaından götürən macəra romanları - “Moll Flanders” (1722), “Polkovnik Cek” (1722), “Roksana” (1724); dəniz macəraları romanı - “Kapitan Sinqlton” (1720); tarixi romanlar – “Taun ilinin gündəliyi” (1722), “Kavalerlərin memuarlan” (1720) kimi əsərlərdir.
Klassik romanlar müəllifinin əksər əsərləri memuar və ya avtobioqrafik səpkidə yazılmışdır. Bu əsərlərdə qəhrəmanın həyatından və şəxsiyyət kimi formalaşmasından bəhs olunur.
Defo sərgüzəşt və macəra səhnələrinin təsviri və təqdiminə xüsusi maraq göstərdiyindən sözügedən əsərlərdə bu cəhət tez-tez qabarıq görüntülərlə nəzərə çarpmaqdadır. Defo həyat şərtlərinin və şəraitin insan şəxsiyyətinin formalaşmasındakı əhəmiyyətini öz əsərlərində inandıncı təsvir və qənaətlərlə açıqlayır. O, qəhrəmanlarının qəddar və amansız dünya ilə toqquşmasmı sərt həyat səhnələri ilə göstərir. Bir qayda olaraq, bu insanlar yaşamaq haqqından məhrum olan yetimlər, atılmışlar, quldurlardır. Onlar ya buıjua dünyasının qeyri-insani qanunları çərçivəsində hərəkət etməli, ya da onun qurbanına çevrilməlidirlər. Onların hər biri mübarizədə təkdir və yalnız öz güclərinə arxalanır. Defo bununla özünün fəlsəfi baxışlarını obrazlaşdırmışdır; onun qənaətinə görə, cəmiyyət öz amansız qanunları ilə daim insanı əzir, tənhalaşdınr. Bundan qurtulmağın yolu isə sərt xarakterə malik olmaq və özünəinamdır. İnsanı qoruyan, onun mənəvi dünyasım xilas edən həmin keyfiyyətləri yaratdığı obrazlarda təcəssüm etdirən görkəmli yazıçı məhz bu seçimi ilə ədəbi ölməzlik qazanmışdır.


Nuranə Nuriyeva
Yüklə 35,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin