2. Fəlsəfə dünyagörüşü kimi.
Dünyagörüşü –insanın ətraf dünya və orada özünün yeri haqqında ən ümumi baxışlarının məcmusudur. Hər bir fəlsəfə həm də dünyagörüşüdür. Lakin, heç də hər bir dünyagörüşü fəlsəfə deyil. Deməli, “dünyagörüşü” anlayışı “fəlsəfə” anlayışından daha genişdir.
Dünyagörüşü mürəkkəb mənəvi hadisə olub müəyyən struktura malikdir. Onun struktur elementləri: inam, ideal, məqsəd, davranış motivi, maraqlar, dəyərlər, idrak prinsipləri, əxlaqi normaları, estetik baxışlar və s. Dünyagörüşünün bütün bu elementləri məcmu halında təkcə ayrı-ayrı şəxsiyyətlərin yox, həm də sosial qrup, sinif, millət, bütövlükdə cəmiyyətin mənəvi siması və həyat mövqeyini müəyyənləşdirir.
Dünyagörüşü iki səviyyədə mövcud olur: 1) psixoloji-emosional, və yaxud, hissi səviyyə. Bu səviyyə həm də dünyaduyumu adlanır və ətraf gerçəkliyin hisslər vasitəsilə kortəbii qavranılması kimi başa düşülür; 2) rasional səviyyə. Bu səviyyə isə dünyaanlamı adlanıb ətraf gerçəkliyin hadisə və proseslərinin zəka ilə, məntiqi əsaslandırma vasitəsilə dərk olunmasını ehtiva edir. Bütövlükdə, dünyagörüşü hər iki səviyyənin vəhdəti və qarşılıqlı təsiri nəticəsində formalaşır.
Dünyagörüşünün ənənəvi olaraq bu növlərini fərqləndirirlər: mifoloji, dini, fəlsəfi.
Dünyagörüşünün tarixən ilk növü olan mifoloji dünyagörüşü cəmiyyətin inkişafının ilk mərhələlərində formalaşmışdır. Onun əsas məqsədi insanın dünyanın mənşəyi və quruluşu, insan və heyvanların əmələ gəlməsini, təbiətin kortəbii hadisələrinin səbəblərini şərh etməyə ilk cəhdidir.
Mifoloji dünyagörüşü üçün insanın özünü təbiətlə eyniləşdirməsi səciyyəvidir. Məhz bu səbəbdən ibtidai insanın fantaziyasının məhsulu olan mifik vücudlar: Tanrılar, ruhlar, əfsanəvi qəhrəmanlar insani cizgilərə malik olub, insan kimi hərəkət edirlər. Bunların taleyi də fani insan taleyinə oxşardır.
Qeyd edək ki, mifləri öyrənən elm mifologiya adlanır. Mifologiya miflərin yaranması, mahiyyəti və məqsədlərini tədqiq edir.
Dostları ilə paylaş: |