Formallaşdırma. Nəzəri tədqiqatın əsas elmi metodlarından biri formallaşdırmadır. Formallaşdırma – məzmunca fərqli proseslərin formalarının ümumiləşdirilməsi, bu formaların öz məzmunlarından mücərrədləşdirilməsidir. Tarixən formallaşdırma əməyin, təfəkkürün və dilin yaranması ilə paralel yaranmışdır. Əmək fəaliyyətinin müəyyən üsulları, əmək əməliyyatlarının gerçəkləşdirilmə üsulu və bacarıqları konkret fəaliyyət, əmək obyekti və vasitələrindən mücərrədləşdirilərək ümumiləşdirilmiş, qeyd olunmuş və yaşlı nəsildən gənc nəslə ötürülmüşdür. Bizim adi dilimiz formallaşdırmanın ən zəif səviyyəsidir. Formallaşdırmanın ifrat qütbü isə mühakimələrin məzmunundan mücərrədləşdirilərək formalarını öyrənən riyaziyyat və riyazi məntiqdir.