F.Bekon. Yeni dövr özünü ilk növbədə mənəvi sferada, xüsusilə fəlsəfədə göstərir. Sonra isə dəyişikliklər real gerçəkliyi də əhatə edir. Məhz bu planda Yeni dövr fəlsəfəsinin banisi ingilis filosofu Frensis Bekon (Baron Verulamskiy) hesab olunur.
Frensis Bekon (1561-1626) saray məmuru ailəsində dünyaya gəlib, Kembric Universitetində təhsil almış, bir müddət diplomatik fəaliyyətlə məşğul olub. 1618-ci ildə İngiltərənin lord-kansleri seçilmiş və ona Baron Verulamskiy titulu verilmişdir. Üç il sonra rüşvətxorluqda günahlandırılır və o, istefa verərək özünü bütünlüklə elmi-fəlsəfi və bədii yaradıcılığa həsr edir. Bəzi bioqrafları onun anonim yazdığı pyeslərin sonradan dahi ingilis dramaturqu Uilyam Şekspirin adına çıxıldığını iddia etmişlər.
Bekona görə idrakın ali məqsədi təbiətin fəthi və insan həyatının kamilləşdirilməsi olmalıdır. O, mücərrəd biliklərin əksinə olaraq, insanı fəaliyyətə sövq edən praktiki biliklərin formalaşdırılmasını zəruri sayır.
Bir çox fəlsəfə tarixçiləri Bekonu elmi materializmin banisi və empirik tədqiqatların qəti tərəfdarı hesab edir. Lakin, o da qeyd olunmalıdır ki, ingilis filosof fövqəltəbii dünyanın dərkində və insanın əxlaqi tərbiyəsində dinə böyük qiymət vermişdir. Digər bir tərəfdən, Yeni dövr fəlsəfəsində empirizmin, yəni biliklərin mənbəyinin hissi təcrübə olmasını iddia edən qnoseoloji cərəyanın tərəfdarı olmasına baxmayaraq, filosof ifrat empirizmi qəbul etmir. Ona görə, elmi bilik əldə etməyin üç yolu var: “hörümçək yolu”, “qarışqa yolu” və “arı yolu”.
Dostları ilə paylaş: |