Hazır protezin küvetdən çıxarılması, işlənməsi, pardaxlanması, və
parıldadılması. Protezin təhvili.
Polimerizasiya bitdikdən sonra (45 dəq) küvet açılır və plastmas protez gipsdən ayrılır. Protez
abraziv materiallarla işlənir, artıqlar və nahamarlıqlar götürülür. Bunun üçün ştixel, şaber, yeyə,
karborund frezlər, almaz daşlar istifadə olunur (burğac maşınında və ya şlifmotorda). Ştixel dişarası
sahələrin işlənməsi üçün tətbiq olunur. Süni dişlərin boynu silindrik və konusvari frezlərlə işlənir.
Şaber protez səthinin nahamarlıqlarını götürür. Protez sahəsinə oturan tərəf işlənmir.
Pardaxlanma sumbata kagızı (najdak kağızı) ilə daha qaba dənədən başlayaraq aparılır və sonra
şlifmotor və burğac maşını ilə davam etdirilir. Beləliklə, protezin kənarı və xarici səthi pardaxlanır,
daxili səth və süni dişlər pardaxlanmır. Klammerlərin uclarına hamar forma verilir.
Protezin cilalanması ona təmizlik, möhkəmlik verməyi təmin edir, qulluğu asanlaşdırır.
Cilalanma filtslə pemza və su qarışığına batırılaraq aparılır. Ağız boşluğuna baxan tərəfdən başqa
bütün səthlər cilalanır. Cilalanma güzgü parıltısı olana qədər aparılır. Protezin qızmasının qarşısını
almaq üçün, onu daim soyuq suya salmaq lazımdı.
Son güzgü parıltısı yumşaq fırça və tabaşir və ya diş tozunun su qarışığı ilə verilir. Metal
klammerlərə parıltı QOİ pastası və sapdan olan fırça ilə verilir.
Protezin təhvili vacib mərhələlərdəndir. Hazır protezi həkim hərtərəfli nəzərdən keçirməlidir.
Gözlə görünən çıxıntılar, nahamarlıqlar aşkar edildikdə, onları ləğv etmək lazımdır. Sonra protezi su
ilə yuyaraq ağız boşluğuna daxil edilir. Çox vaxt protezlər təhvil verilən gün çatışmamazlığın olmasını
aşkar etmək mümkün olmur. Həmin gun təkcə protezdəki kobud səhvləri aşkar edib, aradan qaldırmaq
olar. Protezin korreksiyasını isə xəstə ondan bir neçə gün istifadə etdikdən sonra aparmaq lazımdır.
|