Şüur fenomeni ən müəmmalı, çoxlu mübahisə və diskussiyalara səbəb olan problemlərdəndir. Bu isə şüurun öz təbiəti ilə əlaqədardır. Şüur insanın varlığı ilə əlaqədardır. Şüurun ən mühüm xassəsi onun ideal olmasıdır. Şüura materialist baxışa görə o, insan beyninin fəaliyyəti prosesidir, beynin funksiyası olmaq etibarı ilə ondan kənarda mövcud deyildir. Beyin isə fikir orqanı, materiyasıdır, özünəməxsus şüur aparatıdır. Şüur beynin fəaliyyətinin məhsuludur. Və o, beyində öz – özünə yaranmır, beyinə hiss üzvləri vasitəsilə daxil olan xarici təsirlərin sayəsində formalaşır. Şüurun təşəkkülü mexanızminin aparıcı elementi maddi mühitlə insan beyni arasındakı vasitəçilər olan hiss üzvləridir. Onlar isə daxili və xarici olmaqla iki yerə bölünürlər. Xarici hiss üzvləri (görmə, eşitmə, dad bilmə, toxunma) beyinlə xarici aləm arasındakı ilkin informasiya daşıyıcıları, şüurun ilkin əsasıdır. Daxili hisslər isə sırf idrak prosesinə daxil olan, onun emosional sahəsi ilə, məntiq əməliyyatı ilə bağlı olan mənəvi – hissi ifadələrdir.
Müasir fəlsəfi tədqiqatlarda şüurun dünyaya münasibətinin əsas tipləri olmaq etibarı ilə birincisi, şüurun mövcud olması formalarından olan idrakı, ikincisi, şüurlu insanın məqsədəuyğun fəaliyyətindən ibarət olan praktikanı, üçüncüsü, cəmiyyətdə mövcud olan əxlzqi, estetik normalar sistemi ilə müəyyən edilən dünyaya, cəmiyyətə və insana sərvət münasibətlərini bir – birindən fərqləndirirlər. Şüurun necə mövcud olması üsulu və onun nəyinsə necə mövcud olması – bilik deməkdir.
Fəlsəfə tarixinin öyrənilməsi bir daha sübut edir ki, şüur problemi ən çətin və ən müəmmalıdır. İnsanın gözləri qarşısında dünya durur, çoxsaylı predmetlər, onların xassələri, hadisələr və proseslər bu qəbildəndir. Adamlar dünyanın sirlərini öyrənmək, gözəlliklə, bəzən də eybəcərliklərlə rastlaşdıqda öz həyəcanlarının səbəblərini izah etmək, öz fikirlərinin mənbəyini axtarmaq və s. ilə məşğul olmağa çalışırlar. Lakin bütün bunlar– əhval– ruhiyyə, hiss və fikirlər şüur adlanan nə varsa onun vasitəsilə bizə gəlib çatır. Şüur dünyanın mənimsənilməsində insanın yol yoldaşıdır. Şüur aləminə daxil olmaqdan ötrü sadəcə olaraq fikirləşmək, həyəcan keçirmək, hiss etmək, qavramaq kifayət deyildir; bunun üçün bir növ əlavə aktlar da zəruridir ki, onların köməyilə Mən sadəcə olaraq düşünürəm, «Mən fikirləşməliyəm ki, Mən həyəcanlanıram», Mən sadəcə nəyi isə bilirəm yox, «Mən bilirəm ki, Mən bilirəm» və s. və i.a.