2. Vergi uçotu
Mühasibat və vergi uçotu sisteminin yaranması və inkişafı
müxtəlif iqtisadi və siyasi reallıqların təsiri altında baş vermişdir. Vergi
uçotunun yaranmasına dövlətin ictimai həyatda oynadığı rol səbəb
olmuşdursa, mühasibat uçotunun yaranmasına təsərrüfat subyektlərinin
fəaliyyəti səbəb olmuşdur.
Vergitutmanın inkişafı mühasibat uçotu məlumatları əsasında bəzi
vergi növlərinin hesablanması üçün çətinlik yaradır, sadəcə olaraq
mühasibat uçotu məlumatları kifayət etmir. Məsələn, vergi ödəyiciləri
tərəfindən malların faktiki maya dəyərindən aşağı satılması və idxal
ixrac əməliyyatları zamanı vergilər bazar qiyməti ilə hesablandığından
yaranmış “yalançı” dövriyyənin mühasibat uçotunda əks etdirilməsi
digər məlumatların saxtalaşdırılmasına gətirib çıxarır. Həmçinin Vergi
Məcəlləsinə əsasən xronometraj metodu ilə müşahidə zamanı
müəyyənləşdirilmiş dövriyyədən aşağı dövriyyəyə göstərildikdə
xronometraj yolu ilə müəyyən olunan dövriyyə vergilərin hesablanması
üçün əsas götürülməklə aparılan əməliyyatları mühasibat uçotunda əks
etdirmək mümkün olmur. Bu göstərilən sırf vergitutma əməliyyatlarını
mühasibat uçotunda əks etdirməyə cəhd göstərilməsi mühasibat
uçotunun digər məlumatlarında yanlışlığa səbəb olur.
Bundan əlavə vergi uçotunun subyektləri ilə mühasibat uçotunun
subyektləri eyni deyildir. Belə ki, Vergi Məcəlləsi ilə Azərbaycan
Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan fiziki
şəxslər Azərbaycan ərazisində gəlir əldə edərkən qanunvericiliklə
müəyyən edilən vergilərin ödəyiciləridirlər. Ancaq həmin şəxslər üçün
mühasibat uçotunun aparılması qanunvericiliklə nəzərdə tutulmamışdır.
Beləliklə, vergi uçotu vergitutma sahəsində mühasibat uçotunun
alternativi və ona əlavə kimi çıxış edir. Vergi uçotu vergi ödəyicisinin
vergi öhdəliklərinin tam və düzgün hesablanması üçün zəruri olan
informasiyanın yığılması və qeydə alınması sistemidir.
Vergi öhdəliyinin
başa çatması
Dostları ilə paylaş: