Şəkil 3. Ölkələrinin qlobal karbon emissiyalarındakı payı
Şəkildən göründüyü kimi, ABŞ, Çin, Rusiya, Avropa İttifaqı ölkələrinin qlobal istiləşməyə “töhfəsi” və onların planetmizdəki “karbon izi” inkar edilməzdir. İqtisadiyyatı güclü olan bu ölkələrdə qlobal istiləşmənin fəsadlarına qarşı mübarizə aparmaq təbii olaraq yoxsul ölkələrlə müqayisədə daha asan başa gəlir. Yuxarıda qeyd olunduğu kimi atmosferdə sərhəd olmadığından isə bu ölkələrin ekologiyaya müdaxiləsi özünü zəif inkişaf etmiş ölkələrdə büruzə verə və orada həm maddi, həm də insan həyatının itirilməsi nəticələnə bilən fəsadlar törədə bilər.
11.1.4 İqlim dəyişmələrinin insan inkişafına təsiri: transmissiya
İqlim dəyişmələri qlobal bir prosesdir, lakin onun təsirləri özünü lokal səviyyədə büruzə verir. Fiziki təsir həddi coğrafi mövqe, qlobal istiləşmə və ərazidə mövcud iqlim şəraiti arasındakı əlaqədən asılı olaraq müəyyənləşir. Bu təsirin geniş əhatə dairəsi onun barəsində ümumi fikir söyləmək imkanlarımızı çətinləşdirir. Lakin iqlim dəyişmələrini insan inkişafını ləngidən 4 xüsusi istiqamət üzrə ümumi mülahizələr söyləmək mümkündür:
• Kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi
Gündəlik gəliri 1 ABŞ dollarından aşağı olan dünya əhalisinin ¾-nün (təxminən 900,000,000 nəfər) əsas birbaşa gəlir mənbəyi kənd təsərrüfatıdır. İqlim dəyişmələri ssenariləri quraqlıq və yağıntıların paylanması sxemində dəyişikliklərlə əlaqədar Sahara və cənub-şərqi Asiyada məhsul istehsalına ciddi mənfi təsir göstərə bilər. Alimlərin hesablamalarına görə əgər lazımi qabaqlayıcı tədbirlər görülməsə iqlim dəyişmələri tərəfindən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə təzyiqin nəticəsi olaraq 2080-ci illərədək əlavə 600 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkəcək.
• Su qıtlığı təhlükəsinin artması
Qlobal orta temperaturun 2°C artması dünyada su resurslarının paylanmasında fundamental dəyişikliklərə səbəb olacaqdır. Himalay dağlarında buzlaqların əriməsi Şimali Çin, Hindistan və Pakistanda artıq kəskinləşməkdə olan ekoloji problemləri daha şiddətləndirəcəkdir. Buzlaqların əriməsi bu zonada ilkin dövrdə sel və daşqınların sayının artması, daha sonra isə suvarma əhəmiyyətli çaylarda su ehtiyatlarının azalması ilə nəticələnə bilər. Latın Amerikasında buzlaqların əriməsi xüsusilə And dağları zonasında şəhər əhalisinin içməli su ilə təminatı, kənd təsərrüfatı və hidro-energetika ehtiyaclarının qarşılanmasında problemlərə səbəb ola bilər. İqlim dəyişmələrinin təsiri nəticəsində 2080-ci ilədək su qıtlığından əziyyət çəkən dünya əhalisinin sayı 1,8 milyard nəfər arta bilər.