IV nəsil kompyuterlərin istehsalı. Bu mərhələ böyük inteqral sxemlərin kompyuter istehsalında tətbiqi ilə 1974-1976-cı ildən başlamışdır. Böyük inteqral sxemlər bir kristal üzərində minlərlə tranzistor və digər elektron komponentləri birləşdirməyi təmin etdi. Bunun nəticəsində əvvəllər ayrı-ayrı elementlərdən ibarət olan kompyuterin funksional qurğularını böyük inteqral sxemlər əvəz etdi. Məsələn, böyük inteqral sxemlərdən ibarət olan mikroprosessorlar, xarici qurğular kontrollerləri, operativ yaddaş və digər qurğular yaradıldı. Bunun nəticəsində kompyuterlərin məhsuldarlığı və etibarlığı on dəfələrlə yüksəldi. Böyük inteqral sxemlərə keçid kompyuterin qurğularını kiçik ölçülü bir lövhə - “ana lövhə” üzərində asanlıqla yerləşdirməyi mümkün etməklə birlövhəli kompyuterlərin istehsalını təmin etdi. Altair adlı ilk mikro kompyuter 1974-75-ci ildə Intel 8080 mikroprosessoru əsasında istehsal olundu və bununla da insanlar ucuz, az enerji sərf edən, istifadə üçün həddən artıq rahat və əlavə işçi heyəti tələb etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu səbəbdən fərdi kompyuterlər adlanan kompyuterlər əldə etdilər. 1981-ci ildə İBM firması fərdi kompyuterlərin kütləvi istehsalına başladı və mikroprosessorlar istehsal edən İntel firması ilə əməkdaşlıq edərək fərdi kompyuterlərin əsas istehsalçısına çevrildi.
Mikroelektronikada əldə edilən uğurlar və müasir proqram təminatının yaradılması sayəsində fərdi kompyuterlərin sürətli təkamülü təmin olunmaqdadır. Bu gün çoxsaylı firmalar müxtəlif konfiqurasiyalı və təyinatlı fərdi kompyuterlər istehsal edirlər və insan fəaliyyətinin bütün sahələrində tətbiq olunurlar.