KORROZİYA PROSESLƏRİNİN TƏSNİFATI
Metalın bütöv səthinin ətraf mühit ilə qarşılıqlı təsiri zamanı ümumi və ya bütöv korroziya səthin bir hissəsi qarşılıqlı təsirdə olduqda isə yerli və ya lokal korroziya baş verir.
İki növ ümumi korroziya fərqləndirilir: bərabər və qeyri-bərabər. Ümumi qeyri-bərabər korroziya zamanı metalın bütün səthi korroziya məhsulları ilə örtülür ki, onların da altında daha dərin zədələr – kavernalar olur. Bu növ korroziya struktur-seçici korroziyaya aiddir. Belə korroziya zamanı ərintilərin komponentlərindən biri digərinə nəzərən daha böyük sürətlə həll olur.
Yerli və ya lokal korroziya metal səthinin ayrı-ayrı sahələrinin dağılması ilə xarakterizə olunur. Yerli korroziya bir neçə növü olur:
− ləkələrlə korroziya zamanı ləkənin diametri korroziyanın daxil olma dərinliyindən hiss olunacaq dərəcədə böyük olur;
− yaralanma korroziyası zamanı zədələnmiş səthin diametri daxil olma dərinliyi ilə eyni qiymətili olur;
− nöqtəvari (pitinq) korroziya sürətinin korroziyası zamanı zədələnmiş sahələrin diametri daxil olma dərinliyindən hiss olunacaq dərəcədə az olunur;
− kristallararası korroziya dağılmanın dənəciklərin sərhədlərində getdiyi zamanı baş verir.
Yerli korroziya ümumi korroziyaya nəzərən daha təhlükəlidir. Belə ki, müqayisə olunacaq dərəcədə az metal itkisi olsa da çox bahalı konstruksiya tamamilə sıradan çıxır.
Metala mexaniki təsirlər korroziya prosesini sürətləndirir. Bu hallarda konstruksiyaların müşahidə olunan dağılması gərginlik altında korroziya (korroziya çatlaması) və korroziya yorğunluğu adlanır. Metalın dağılması kristallitlərin sərhəddi boyu və ya onların dərinliyində gedə bilər. Sonuncu halda korroziya transkristallit adlanır.
Korroziya törəmə baxımından aktiv olan məhlullarla metalın əlaqə şəraitindən asılı olaraq aşağıdakı korroziya növləri fərqləndirilir:
−məhlula metal tam salındıqda korroziya;
− məhlula metal qeyri tam salındıqda korroziya;
− metalı məhlula dövri olaraq saldıqda korroziya;
− məhlul metal səthindən axdıqda.
Korroziya prosesinin mexanizmindən asılı olaraq kimyəvi, elektrokimyəvi və biokimyəvi korroziya fərqləndirilir.
Kimyəvi korroziya heterogen kimyəvi reaksiyalar hesabına baş verən prosesdir. Daha dəqiq ifadə etsək metalların kimyəvi korroziyası metalın korroziya törədici mühit ilə elə qarşılıqlı təsiri prosesidir ki, metalın oksidləşməsi və korroziya mühitinin oksidləşdirici komponentinin reduksiyası bir aktda baş verir. Korroziya məhsulları bir başa korroziyaya uğrayan səthdə əmələ gəlir. Bu növ korroziyaya aşağıdakılar aiddir:
− qaz korroziyası (qaz mühitində yüksək temperatura qədər qızdırdıqda metalın oksidləşməsi);
− qeyri-elektrolitlərlə korroziya.
Elektrokimyəvi korroziya elektrokimyəvi kinetika qanunlarına tabe olan prosesdir. Bu növ korroziya zamanı eyni zamanda iki reaksiya gedir – korroziyaya uğrayan metalın ayrı-ayrı səthlərində lokallaşmış anod və katod reaksiyaları.
Elektrokimyəvi reaksiyanın bir neçə növü olur:
− nəm qaz və ya hava atmosferində atmosfer korroziyası;
− duzların ərintiləri də daxil olmaqla maye mühitlərdə və ya elektrolitlərdə korroziya;
− yer altında yerləşən metal qurğuların torpaq və ya yeraltı korroziyası;
− xarici cərəyan mənbəyinin təsiri ilə elektrokorroziya. Məsələn, azmiş cərəyanın törədiyi korroziya və ya elektroliz zamanı həll olmayan elektrodların korroziyası.
Biokimyəvi korroziya mikroorqanizmlərin metala təsiri ilə əlaqədar olan prosesdir. Bu zaman metal iki səbəbdən dağıla bilər: birincisi metal mikroorqanizm üçün qida mühiti ola bilər, ikincisi də mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn məhsulların təsiri ilə metal dağıla bilər. Sırf biokimyəvi korroziya nadir hallarda rast gəlir, çünki, nəm iştirakı ilə eyni vaxtda elektrokimyəvi korroziya da gedir. Odur ki, ayrı-ayrı növ korroziyalara baxarkən biokimyəvi korroziya səbəbindən dağılmalara elektrokimyəvi korroziyadan dağılma kimi baxılır.
Dostları ilə paylaş: |