§3. Sosial infrastruktur və onun iqtisadi əhəmiyyəti
Sosial sferanın əhəmiyyətli komponenti - sosial infrastrukturdur. İnfrastruktur təkrar istehsal prosesindəki funksiyasından asılı olaraq iki yerə: istehsal və sosial infrastruktura bölünür. “İstehsal infrastrukturu” dedikdə maddi isthesal sahələrinin səmərəli fəaliyyətinin təmin edilməsinə xidmət edən alt sahələr, “sosial infrastruktur” dedikdə isə insanların şəxsi tələbatlarının ödənilməsi, insan kapitalının təkrar istehsalı üçün əlverişli şərait yaradan sahələrin məcmusu başa düşülür.
Müasir dövrdə sosial infrastruktur - fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi tələbatlarının ödənilməsinə, onların həyat fəaliyyətinin, intellektual inkişafının və yüksək ictimai-siyasi fəallığının təmin edilməsinə yönəlmiş təhsil, səhiyyə, ticarət, ictimai iaşə, əhaliyə məişət xidməti, mənzil-kommunal təsərrüfatı, nəqliyyat, rabitə və s. obyektlərinin məcmusu kimi nəzərdən keçirilir. Deməli, insanların səmərəli əmək fəaliyyəti və həyat tərzinin yaxşılaşdırılması üçün ümumi şərait yaradan obyektlərin hamısı sosial infrastruktura aiddir. Qısaca desək, sosial infrastruktur - əhalinin normal həyat fəaliyyətinə və inkişafına xidmət göstərən sahələrinin məcmusudur.
Bu baxımdan sosial infrastruktur insanların maddi və mənəvi tələbatını (əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması) təmin etməklə həyat səviyyəsinin və yaşayış keyfiyyətinin yüksəldilməsində, əhalinin təkrar istehsalında, milli iqtisadiyyatın və cəmiyyətin inkişafında ən əhəmiyyətli yerlərdən birini tutur. Deməli, sosial infrastruktur, öz daxili strukturuna, təşkilinə görə, sosial sferanın bütün institutlarının fəaliyyətini təmin edən müəssisə və təşkilatların, həmçinin idarəetmə təşkilatlarının məcmusundan ibarətdir.
Qeyd edək ki, sosial infrastrukturun formalaşması və inkişafı mürəkkəb, eyni zamanda xarici və daxili amillərə həssas və çoxşaxəli sosial-psixoloji təsirə malik olan problemdir. Bunu sosial infrastruktura daxil olan sahələrin sıralanmasından da görmək olar. Belə ki, sahədaxili təsnifata görə sosial infrastrukturun tərkibinə əhalinin müəyyən həyat fəaliyyəti və inkişaf şəraitini bilavasitə təmin edən təsərrüfat sahələri daxil edilir. Bunlar aşağıdakılardır:
Səhiyyə sistemi;
Elm və təhsil sistemi;
Mədəniyyət və incəsənət sferası;
Bədən tərbiyəsi və idman sektoru;
Mənzil-kommunal təsərrüfatı;
İctimai nəqliyyat və rabitə vasitələri;
Əhaliyə məişət xidməti sektoru;
Sosial sığorta sektoru;
Sosial müdafiə və xidmət sektoru;
Turizm və istirahət (əyləncə) sektoru və s.
Təhsil sistemi – insanlara əsaslı biliklər verməklə yanaşı, yaradıcılıq qabiliyyətini inkişaf etdirir, yüksək vətəndaşlıq keyfiyyətləri aşılayır, mədəni həyat tərzinə imkan yaradır. Bu sistem yüksək ixtisas səviyyəsinə malik, peşəkar, məhsuldar işçi qüvvəsini formalaşdırır. Bu isə ölkənin sosial-iqtisadi inkişaf sürətinə şərait yaradır.
Səhiyyə - sosial infrastrukturun vacib elementlərindən biri olmaqla, yalnız insanların fiziki sağlamlığının təmin olunmasına deyil, onların yaradıcı fəallığının yüksəlməsinə də xidmət edir. Deməli, təhsil sahəsində olduğu kimi, burada da biz sosial əhəmiyyətlə yanaşı, iqtisadi əhəmiyyəti də qeyd etməliyik.
Sosial infrastruktura bazar iqtisadiyyatına xidmət göstərən alt sistem kimi baxılır. Lakin sosial infrastruktur sahələrinin fəaliyyətində bazar münasibətlərinin özünün spesifikası və sərhədləri vardır.
Qeyd edək ki, sosial infrastruktur bir tərəfdən ictimai həyatın zəruri elementi kimi, sosial siyasətin reallaşdırılmasının əsasını təşkil edir, digər tərəfdən isə, əhalinin sosial tələbatının daha dolğun şəkildə ödənilməsinə, əhalinin layiqli həyat şəraiti ilə təmin olunmasına xidmət edir.
Birinci halda, yəni sosial siyasətin reallaşmasının əsası kimi, sosial infrastruktur sosial təkrar-istehsal prosesinin təminatçısı funksiyasını yerinə yetirir. Çünki məhz sosial təkrar istehsal prosesi sosial infrastrukturun funksiyalarını müəyyənləşdirir.
İkinci halda isə, yəni layiqli həyat şəraitinin yaradılması dedikdə, ilk növbədə əhalinin intellektual səviyyəsi, səmərəli məşğulluq və yaşayış şəraitinin (mənzil təminatı, kommunikasiya xidməti və s.) təmin olunması başa düşülməlidir.
Elmi ədəbiyyatlarda sosial infrastrukturun altı funksiyası göstərilir.
1. Sosial-tənzimləyici;
2. Sosial-uyğunlaşdırıcı;
3. Sosial-məhsuldar;
4. Sosial-mədəni;
5. Sosial-dinamik;
6. Sosial-müdafiə və s.
1. Sosial-tənzimləyici funksiya subyektlərin gələcək inkişafı, ayrı-ayrı fərdlərin və bütöv qrupların davranışının tənzimləyiciləri rolunda çıxış edən normalar, mənəvi dəyərlər sistemi kimi başa düşülür. Bu funksiya sosial-infrastruktur potensialından istifadənin səmərəliliyinin daha da artırılmasına yönəldilmiş sosial fəaliyyət subyektlərinin münasibətlərini tənzimləyir.
2. Sosial-uyğunlaşdırıcı funksiya fərdlərin və sosial qrupların potensialının reallaşdırılmasına istiqamətlənmiş fəaliyyətini stimullaşdırmaqla, insanların və ictimai qurumların səmərəli sosial fəaliyyətini əks etdirən göstəricilərlə səciyyələnir.
3. Sosial-məhsuldar funksiya sosial orqanizmin bütöv şəkildə təkrar istehsalı üçün, insanlara zəruri olan bütün tələbatların daha səmərəli ödənilməsinə imkan verir. O əhalinin istehlak məhsulları və xidmətləri ilə təminatını xarakterizə edən obyektiv və subyektiv, həmçinin normativ və real göstəricilər sistemi ilə təsvir edilir.
4. Sosial-mədəni funksiya insanların və müxtəlif sosial qrupların təkrar istehsal prosesinin mənəvi tərəfi ilə təmasda olması, cəmiyyətin sosial və mədəni potensialının mənimsənilməsi proseslərini əlaqələndirir.
5. Sosial-dinamik funksiya həyat fəaliyyəti subyektlərinin özünün təkmilləşməsi, sosial infrastrukturun potensialının genişlənməsi əsasında əhalinin rifahının, yaşayış keyfiyyətinin yüksəldilməsi, təcrübənin yaradıcı, dinamik xarakterinin təmin olunması ilə bağlıdır. O, cəmiyyətdə sosial çeviklik göstəriciləri sistemi ilə xarakterizə edilir.
6. Sosial-müdafiə funksiyası cəmiyyətin aztəminatlı qruplarının sosial zəmanət və hüquqlarını, sosial yardım və dəstəyini təmin edir və əhalinin sosial cəhətdən müdafiə olunması dərəcəsini müəyyənləşdirən göstəricilər sistemi ilə ifadə edilir.
Bu funksiyalardan göründüyü kimi, sosial infrastrukturun başlıca vəzifəsi - əhalinin müxtəlif təbəqə və qruplarının sosial təkrar istehsalının, eləcə də, onların həyat şəraitinin hərtərəfli təmin edilməsinə xidmət göstərməkdən ibarətdir.
Dostları ilə paylaş: |