Rəhbərlik üslubu fərdi xarakter daşıyır. İki barmaq izi eyni olmadığı kimi, eyni üslubla rəhbərlik edən iki menecer də yoxdur. Eyni zamanda, ideal üslubla rəhbərlik edən menecer mövcud deyil, menecerin rəhbərlik üslubu tək onun şəxsiyyəti ilə deyil, həm də müəyyən şəraitdən asılı ola bilər.
Menecerin qarşısına qoyduğu vəzifələr, üslub seçimini müəyyən edir.
İdarə etmək- menecer tabeliyindəkilərə dəqiq göstərişlər verir və tapşırıqların düzgün yerinə yetirilməsinə nəzarət edir.
İstiqamət vermək- menecer idarə və tapşırıqların yerinə yetirilməsinə nəzarət etməklə yanaşı əməkdaşlarla qərarları müzakirə edir, onların təkliflərini dinləyir, təşəbbüslərini dəstəkləyir.
Dəstəkləmək- Menecer əməkdaşlarına, tapşırıqları yerinə yetirməkdə kömək edir, qərarların düzgün qəbul olunması üçün məsuliyyəti onlarla bölüşdürür.
- Səlahiyyət vermək Menecer, tapşırıqları icra edənə, səlahiyyətinin bir hissəsini verir və qəbul olunan xüsusi qərarların məsuliyyətini onun üzərinə qoyur.
İlk dəfə olaraq, rəhbərliyin idarəçilik məsələsini K.Levin avtoritar, demokratik və liberal üslublara ayırmışdır. (1. Кабушкин Н.И, Бондаренко Г.А “Менеджмент гостиниц и ресторанов” Mинск, 2001, стр 89)
Menecerin avtoritar üslubu Bu üsluba görə, səlahiyyət bir rəhbərin əlindədir və bütün işlər barədə yalnız ona məlumat verməyi tələb edir. Bu üslub, inzibatçılığa istinad edir və tabeçilikdə olanlarla əlaqə məhduddur. Bu tip menecer təkbaşına qərarlar qəbul edir və tabeçiliyində olanlara təşəbbüs göstərməyə imkan vermir. O fəaliyyətində qətidir, insanlarla münasibətdə kəskindir, həmişə nə isə əmr, sərəncam verir və heç zaman xahiş etmir, xülasə, bu üslubun əsas mahiyyəti əmr və komanda verməkdən ibarətdir.
Avtoritar rəhbərin təfəkküründə ehkamçılıq və stereotip səciyyəvidir. Avtoritar menecer hər hansı bir yeniliyə ehtiyatla yanaşır və idarəçilikdə eyni metodlardan istifadə edir. Menecer, tabeçiliyində olan işçilərdən aşağı səviyyədə olanda (bilik, bacarıq, peşəkarlıq, səriştə) avtoritarlıq özünü göstərir.
Menecerin avtoritar idarəçilik üslubu, əməkdaşların təşəbbüskarlığını məhdudlaşdırır, işin təşkili və səmərəsinə mane olur. Avtoritar menecer, onun idarəçilik üslubuna uyğunlaşa bilməyən işçilərə “biz səninlə işləyə bilməyəcəyik” ifadəsini təkrarlamağı xoşlayır. Bu halda işçi gördüyü işdən zövq ala bilmir.