a)Motivasiyanın idarə etmə prinsipləri.
Motivasiya əməkdaşa, öz iş vaxtını, onun nəticələrini, müstəqil qərarlar qəbul etmək üçün, nəzarətə imkan verir. Şəraitə nəzarət edən insanda, məmnunluq hissi yaranır və onun iş qabiliyyəti artır. Qərarların qəbul olunmasında əməkdaşlara imkan yaradılmalıdır ki, onlar qərarların qəbulunda fəal iştirak etsinlər. Bu işin nəticəsinə təsir göstərir və insanda motivasiyanı artırır. Yaxşı çalışan işçinin status və nüfuzunu qaldırmaq lazımdır. Bunun üçün onun iş şəraitini yaxşılaşdırmaq, ayrıca kabinet ayırmaq, şəxsi tərif, nüfuzlu treninqlərdə iştirakını təmin etmək, əmək haqqını artırmaq və s. motivasiyalardan istifadə etmək lazımdır. Əvvəlcədən planlaşdırılmayan motivasiya işçini daha yaxşı işləməyə həvəsləndirir. Bu metod daha effektli və təsir edicidir. Əməkdaş işdə özünü əmin hiss etməlidir.
Menecer hər bir əməkdaşın hotelə verdiyi töhfə, göstərdiyi səy və effektiv işinə görə motivasiya edir
b)Restoran biznesində motivasiyanın xüsusiyyətləri
Hotel nəzdində fəaliyyət göstərən restoranlarda əməkdaşların motivasiyası mühümdür. Restoranın uğuru aşpaz, ofisiant və barmenlərin peşəkarlığından, menyudan, xidmətdən və s. amillərdən asılıdır.
Hal hazırda restoran biznesi inkişaf edir və bu sahədə kadrlara ehtiyac duyulur. Restoran biznesində ən çox kadr axını ofisiantlara aiddir. Bir çox insanların düşüncəsində ofisiant, nüfuzu olmayan peşə sayılır. Eyni zamanda ofisiant sənəti peşə deyil, yalnız pul qazanmaq vasitəsi kimi bir iş sayılır. Bu düzgün fikir deyil. Əlbəttə ki, peşəkar ofisiantlar öz sənətinin vurğunudur və bu işi sevirlər.
Peşəkar ofisiantlar qonaqlara yüksək səviyyəli xidmət göstərir. Bu zaman qonaqlar restoranda özlərini evdə olduğu kimi rahat hiss edirlər. Çox təəssüf ki, Azərbaycanda peşəkar ofisiant və barmenlər azdır və bu kadrlara ehtiyac var. Peşə məktəbləri istənilən səviyyədə və sayda kadr hazırlamır. Bunun bir çox səbəbləri var və bu ayrıca mövzudur. Ancaq bir məsələni qeyd etmək vacibdir ki, tədris proqramında təcrübəyə daha çox yer ayrılmalıdır. Ofisiantların aylıq gəliri, yalnız əmək haqqı ilə hesablanmır, eyni zamanda çay pulunun miqdarı və bölüşdürülməsindən asılıdır. Ofisiantların tez tez yer dəyişdirməsinin bir sıra səbəbləri var. Bunlar əmək haqqının az olması, menecerin kobudluğu, ofisiantlara qarşı cərimələrin tətbiqi, motivasiya və stimulun olmaması, ağır iş şəraiti və s. ola bilər. Ofisiant gün ərzində 12-15 saat işləyir və növbədə 10 km dən 30 km-ə məsafə qət edir. Ofisiantın iş ləvazimatı olan məcməyi (padnos) yemək və içməklə birlikdə 15 kq olur. Bir qayda olaraq və vəzifəyə gənc adamları 18 yaşından 25 yaşınadək, bəzən 30 yaşına kimi kadrları dəvət edirlər. İşə qəbul olunanda sahibkarlar ofisiantlara əmək haqqı, çay pulu, uniforma və pulsuz yemək, bəzən yol pulu təklif edirlər. Regionlarda ofisiantlara daha çox ehtiyac var. Əgər Bakı şəhərində Turizm peşə məktəbi ofisiant hazırlayırsa, Azərbaycanın digər bölgələrində Qəbələ, İsmayıllı və Mingəçevir şəhərləri istisna olmaqla bu iş zəif aparılır. Ofisiant və barmenləri işdə saxlamaq və yaxşı işlə təmin etmək istəyən menecerlər, personal ilə düzgün qarşılıqlı münasibət qurmalıdır. Bunun üçün motivasiyanın müxtəlif formalarından istifadə etmək zəruridir. Məsələn, spirtli içkilərin və bir sıra yeməklərin satışından ofisianta faiz vermək, yaxşı xidmət göstərdiyinə görə bonus və restoranın gəlirindən və ya hotelin gəlirindən profit-şerinqdən pul vermək lazımdır. Profit-şerinqdən dünya praktikasında istifadə olunur. Bu motivasiya formasına görə gəlir, proqramda iştirak edən bütün iştirakçılar arasında bərabət bölünür. Bu motivasiya əsasən iri restoran biznesində istifadə olunur. Profit-Şerinq çox güclü motivasiya amilidir. İnsanlar şüurlu olaraq biznesdə iştirak edir və başa düşürlər ki restoranın gəliri onların hər birinin əməyindən asılıdır. Hotel gəlirlə işləyirsə personal əmək haqqı və mükafafatlar ala bilərlər. Menecer mükafatlar sistemini işləyib hazırlamalıdır. Bununla əlaqədar ayın ən yaxşı ofisiantı və ya barmeni seçilir, ofisiantın verdiyi yaxşı təklifə görə mükafat verilir və s. motivasiyalar istifadə olunur. Bu zaman kollektivin rəyi nəzərə alınır. Lakin ofisiantın fəaliyyətini yalnız pul ilə qiymətləndirmək olmaz çünki bu halda ofisiant pulsuz masaya hətta salfetka qoymaz.
Dostları ilə paylaş: |