FƏTRƏT (İNTERREQNUM) VƏ BƏRPA DÖVRLƏRİ
Şəhzadələr arasında hakimiyyət uğrunda mübarizə Fətrət (İnterreqnum)
İldırım Bəyazidin Ankara müharibəsində Teymura əsir düşməsindən sonra dağılan Osmanlı birliyinin 1413-cü ildə I Mehmed tərəfindən yenidən bərpa edilməsinə qədər adlandırılan dövrdür. Bu dövr 1402-ci ildən başlayan və 1413-cü ilə qədər qardaşlar arasında davam edən taxt müharibəsi dövrüdür. Fətrət sözünün mənası ərəb dilində “iki hadisə arasında keçən zaman” deməkdir. Dini ədəbiyyatda iki peyğəmbər İsa və Məhəmməd arasında keçən dövr “boşluq dövrü” olaraq nəzərdə tutulmaqdadır. Siyasi tarixdə interreqnum, mərkəzi hakimiyyətin zəif olduğu, dövlətin nüfuzunun azaldığı bir dövr olaraq görülür. Osmanlı dövlətində fətrət dövrü 1402-1413-cü illəri əhatə edir. Bu dövrə “Fasıla-i Saltanat” da deyilir. Ankara döyüşündəki məğlubiyyət və Bəyazidin əsir düşməsi ilə varisləri arasında hakimiyyət uğrunda amansız mübarizəyə başlamışdı. İldırımın sağ qalan varisləri haqqında Osmanlı tarixçilərindən Aşıqpaşazadə, əsərində bunları nəql etmişdi; “Bayezid’in altı oğlu kalmıştı. Beşi belli, biri görünmez oldu.Çünkü biri Timur’la yapılan savaşta ortadan kayboldu. Oğlanlarının biri Emir Süleyman, ikincisi Mehmed, üçüncü İsa, dördüncü Musa, beşinci de Kasım’dır. Lakin bu Kasım, o zaman sarayda olup daha küçüktü. Sonra o ortalıktan kaybolan Mustafa idi.”Ankara savaşından sonra bir-biri ilə taxt davasına girən İldırım Bəyazidin oğulları Əmir Süleyman,İsa Çələbi,Mehmed Çələbi və Musa Çələbidir. Əmir Süleyman “Süleyman Çələbi” (1377-1411). 1402-ci ildə Ankara döyüşündə Osmanlı ordusunun sol qanadının komandiri olan Süleyman Çələbi, məğlubiyyətdən sonra özünə bağlı birliklər və İldırım Bəyazidin vəziri olan Çandarlı Əli Paşa ilə birlikdə Bursaya doğru qaçmağa başlamışdı. Bursaya qaçma səbəbi tarixçilər tərəfindən müxtəlif səbəblərlə izah olunur.Bəzi qaynaqlara görə Süleyman Çələbi Osmanlı dövlətinin xəzinəsini almaq üçün əvvəl Bursaya gəlmiş və Teymurun ordusu şəhərə çatmamış bu xəzinə ilə şəhərdən qaçmağa imkan tapmışdır.Digər qaynaqlar isə xəzinəni ala bilmədiyi tezisini dəstəkləyirlər.Amma bu səbəbi müxtəlif səbəblərlə izah edilir: ya dövlət xəzinəsini almağa vaxt olmadan Teymurun ordusu Bursaya gəlib xəzinəni öz əllərinə keçirmişlər ,ya da dövlət xəzinəsi ordu ilə Birlikdə Ankara döyüşündə Teymurun əlinə keçmişdir. Ən son şərh isə xəzinə paytaxt Ədirnədə idi və Süleyman Çələbi Ədirnəyə gəldiyində xəzinəni ələ keçirmişdir. 1402-ci ilin avqustunda xristian Venesiya və Genuya ilə anlaşaraq, onların gəmiləri vasitəsilə Rumeliyə keçib, Ədirnədə hökmranlığını elan etmişdi. Süleyman Çələbi tarix kitablarında Osmanlı dövlətinin mövcud olduğu dövrdə qətiyyən Osmanlı sultanı kimi qeyd edilməmişdir.Lakin müasir tarixçilərin bəziləri onu Osmanlı dövlətinin 5-ci hökmdarı olaraq qeyd edir. Hətta onu Rumelinin ilk sultanı olduğunu bildirirlər.Süleyman Çələbi Rumelidəki Osmanlı bölgələrinə hakim olmaq və Bizansın dəstəyini almaq üçün o zaman Avropada olan Bizans İmperatoru II Manuel Paleoloq yerinə taxt naibliyi edən VII Yannis Paleoloq ilə müzakirələrə girişdi. İl sonunda müzakirələr sona çatdı. 1403-cü ilin əvvəllərində şəxsən Əmir Süleyman ilə Bizans taxt naibi,Venesiya,Genuya,Rodos, Sankt Cin Cəngavərləri,Serb desbotu Stefan Lazareviç və Latın Naksos Dükü arasında sülh müqaviləsi imzalandı. Bu müqaviləyə görə:Bizans Osmanlıların aslılığından çıxacaq və illik təzminat ödəməyi dayandıracaq;Yaxşı niyyətini göstərmək üçün Süleyman Çələbi Bizansa Egey sahillərində Selanik və ətrafını, Aynaroz (Athos) Yarımadasını, bəzi Egey adalarını və Qara dəniz sahillərində boğaza girişdən Nişabura qədər (hətta Varnaya) ərazini geri verəcəkdi.; İtalyan dənizçi şəhərlərinə (Venesiya və Genuya) Osmanlıdan asılı vəziyyətdə olan ölkələrdə daha çox ticarət imtiyazları təmin ediləcəkdi. Osmanlılar əllərindəki bütün Bizans və digər müqavilə imzalayan ölkələrin əsirlərini geri təslim edəcəkdi.Osmanlı gəmiləri Çanaqqala və İstanbul boğazlarına Bizansdan icazə almadan girə bilməzdilər.Buna qarşılıq müqaviləni imzalayan bütün ölkələr Süleyman Çələbini paytaxtı Ədirnə olan Osmanlı dövlətinin hökmdarı olaraq tanıyacaqdılar. Bu xəbəri Avropada Venesiyada alan II Manuel Paleoloq dərhal İstanbula geri döndü və öz imzası ilə bu müqaviləni təsdiq etdi. Rumelidə hakimiyyətini möhkəmlədən Süleyman Çələbi,Anadolunu da alıb Osmanlı dövlətini yeniləmə idealını həyata keçirməyə çalışmışdı. İçkiyə düşkünlüyü ilə bilinən Süleyman Çələbiyə dövlət işlərində ən böyük dəstəkçisi baş vəziri Candarlı Əli Paşa idi.O dövrdə Anadolunun mərkəz şəhəri sayılan Bursanın alınması uğrunda Osmanlı şəhzadələri arasında amansız rəqabət artdı.
Əmir Teymur Bursa şəhərini aldıqdan sonra İldırımın övladlarından Musa Çələbini (ö.1413) buraya hakim təyin etmişdi. Əmir Teymurun fərmanı ilə şəhəri idarə edən Musa Çələbiyə qarşı qardaşı İsa Çələbi (1380-1406) hərəkətə keçmişdi.Balıkesir ətrafında baş verən vuruşmada İsa Çələbi qalib gəldi və Bursada idarəni ələ keçirdi. Şəhzadələr arasında yaşanan bu çəkişmələri öz siyasəti üçün uyğun görən Əmir Teymur, bu dəfə İsa Çələbiyə fərman göndərək onu şəhərin hakimi kimi tanıdı.Əmir Teymurun fərmanı ilə Amasya civarını idarəsində tutan I Mehmet Çələbi (1386-1421) qardaşı İsa Çələbiyə bir məktub göndərərərək Anadolu torpaqlarının ikisi arasında bölüşdürülməsini təklif etdi. İsa Çələbi bu təklifi qəbul etmədi və “ulu qarındaşın” özü olması səbəbiylə hökmdarın özü olduğunu müdafiə etdi.Amasyadan yürüşə başlayan Mehmed Çələbi əsgəri ilə Bursaya gəldi. İsa Çələbi ilə Mehmed Çələbinin ordusu arasında Ulubat döyüşü (1403) baş verdi. Bu döyüşdə İsa Çələbi məğlub oldu və Konstantinapola qaçdı.Yuxarıda da vurğuladığımız kimi, bu dövrdə Bizans Süleyman Çələbi ilə çox əlverişli olan bir müqavilə imzalamışdı.Bu müqaviləyə əsasən Ədirnədə qanuni olaraq Osmanlı hökmdarı kimi hökm sürən Əmir Süleyman qardaşı İsa Çələbini ona göndərməsini tələb etdi. Beləliklə, İsa Çələbi Ədirnəyə göndərildi. Əmir Süleyman öz səltənətinə ən böyük rəqib olaraq o zaman Bursada hökm sürən qadaşı Mehmed Çələbini görürdü. Onu aradan qaldırmaq üçün qardaşı İsa Çələbiyə güclü bir ordu verərək Bizansın dəstəyi ilə Anadoluya keçməsini təmin etdi. Bu ordunun köməyi ilə İsa Çələbi Bursa önlərinə qədər gəldi. Fəqət Bursa yaxınlarındakı savaşda uduzan İsa Cəlbi bu dəfə Osmanlı idarəsindən qopan Candaroğlu, Saruhan, Menteşe bəylərinin köməyinə sığındı.Bunlardan topladığı ordu ilə İsa Çələbi 1404-1405-ci illər arasında üç dəfə Bursaya hücum etdi. Amma hər səfərində Mehmed Çələbiyə məğlub olaraq geri çəkildi. İsa Çələbi axırıncı müvəffəqiyətsizliyindən sonra Karamanoğullarının ərazisinə qaçdı. Karamanoğlu İsa Çələbi ilə Mehmed Çələbi arasında bir seçim etmək məcburiyyətində qaldı. Anadoluda çox güclənmiş olan Mehmed Çələbiyə qarşı dura bilməyəcəyini anlayaraq İsa Çələbini ölkəsindən qovdu. Atalarının yurdu olan Sultanönünə gələn İsa Çələbi bir müddət burada gizləndi. Amma 1406-cı ildə İsa Çələbinin Eski Şəhərdə bir hamamda olduğu Mehməd Çələbinin adamları tərəfindən öyrənildi. Mehmed Çələbinin adamlarının hamama etdiyi basqında İsa Çələbi tutulub öldürüldü. Bursaya gətirilən cəsədi Murad Xudavəndigar türbəsi kənarına basdırıldı. Mehmed Çələbi qardaşını öldürən adamları edam etdirdi.Osmanlı taxtı uğrundakı mübarizədə rəqiblərindən birinin ortadan qalxması ilə I Mehmed Çələbinin önündə ən böyük əngəl özünü “Rumeli sultanı” olaraq elan edən Əmir Süleyman idi.Doğrudur, Əmir Süleyman Rumelidə taxta çıxınca, Amasyada olan Mehmed Çələbi qardaşına göndərdiyi məktubda: “Emirim ve ulu kardaşım. Eğer ki atamız öldüyse kendileri sağ olsun.Padişahlık mübarek olsun” – deyərək ona tabe olduğunu beyan etsə də, sonradan yaşanan hadislərin əslində ikisi arasında düşmənçiliyin olduğunu göstərməkdəydi. Mehmet Çələbiyə qarşı ilk əvvəl İsa Çələbini dəstəkləyən,ikincisinin ölümündən sonra isə, Süleyman Çələbi Anadolunu ələ keçirmə idealına daha qüvvətlə sarıldı və qüvvələrini toplayıb Anadolu yaxasına keçdi. Mehmed Çələbi orada olmadığından Bursaya hücum edib şəhəri ələ keçirdi. Qardaşına qarşı mübarizə apara bilməyəcəyini anlayan Mehmed Çələbi Amasyaya çəkildi.Baş vəzir Çandarlı Əli Paşanın müvəffəqiyyətli manevr ilə Ankaranı aldı və qardaşının geridə buraxdığı yerləri talan etdi. Ankaranı ələ keçirdikdən sonra Əmir Süleyman bütün Osmanlı ölkəsinin hökümdarı kimi hərərkət etməyə başladı. Bu dəfə də Əmir Süleyman Rumeli və Anadolunun hökmdarı olaraq özünü Bursada eyş-işrətə verdi. Bunu fürsət bilən Mehmed Çələbi yenidən Bursa üzərinə hücuma keçdi. İki ordu Yenişəhər düzənliyində qarşı-qarşıya gəldilər. Lakin Süleyman Çələbinin baş vəziri Çandarlı Əli Paşa müxtəlif manevrlərlə Mehmed Çələbi ordusunun məsləhətçilərini aldadıb ordunun döyüşə girmədən dağılmasına səbəb oldu. Mehmet Çələbi bu səfər ordusuz qalaraq təkrar Amasyaya qaçmaq məcburiyyətində qaldı. 1406-cı ildə Süleyman Çələbinin bu müvəffəqiyyətinin memarı olan və I Murad dövrünün sonundan bəri 20 il baş vəzirlik etmiş Çandarlı Əli Paşa öldü. Bu təcrübəli dövlət adamının ölümü Süleyman Çələbi üçün bir güc itkisi oldu və bundan sonra Əmir Süleyman zəifləməyə başladı. Süleyman Çələbinin içki və əyləncəyə aludəçiliyi isə ən böyük nöqsanlarından biri olaraq görülməlidir. Əhali və axıncı türk boyları arasında narazılıq getdikcə artmaqda idi. Təbii ki, bundan Mehmet Çələbi istifadə etməyə çalışmışdı. Mehmet Çələbi, Süleymana qarşı mübarizədə digər qardaşı Musa Çələbi ilə yaxınlıq edərək, 1409-cu ildə onunla bir sövdələşəmə qurmuşdu.Bu sövdələşməyə görə, Musa Çələbi Rumeliyə keçərək, Əmir Süleymanı burada yubadarkən, Mehmed Çələbi də Anadolunu və Bursanı ələ keçirəcəkdi. Qara dəniz vasitəsilə Eflaka gələn Musa Çələbi burada özünə yeni qüvvə toplamaqda gecikmədi. Eflak şahzadəsi Mirça,Serb despotunun qardaşı Vuk Brankoviç və Bolqar boyarları ona kömək edirdi.Əmir Süleyman, Musa Çələbinin topladığı qüvvələrə qarşı Bizans imperiyasından kömək əldə etmək qərarına gəldi. İstanbuldakı görüşmədə Bizans İmperatoru II Manuelə “sevgili Ata” deyərək xitab edən Əmir Süleyman, Musa Çələbinin hücumlarına Bizansın dəstəyi olmadan qarşı gələ bilməyəcəyi xüsusunda imparatoru inandıra bilmişdi. Musa Çələbinin Bizansa qarşı çox daha sərt bir siyasət yeridəcəyini bilən və İldırımın İstanbul mühasirəsini hələ unutmayan imperator II Manuel ilə Süleyman Çələbi bir dəstəkləmə müqaviləsi imzaladılar. Bizansa yaxşı niyyətini ortaya qoymaq üçün Əmir Süleyman gənc qardaşı Qasım Çələbi və bacısı Fatiməni Bizansa girov olaraq verdi və imperatorun qardaşı qızı ilə evləndi. Bundan sonra Karamanoğulları ilə də sülh müqaviləsi imzaladı. Bu siyasətinin birinci mərhələsində müvəffəqiyyətli olan Süleyman Çələbi isə dərhal Bursaya girib Anadoludakı vəziyyəti öz xeyrinə dəyişə bildi. 1410-cı ildə isə Çatalca yaxınlığnda qardaşı Musa Çələbini məğlub edərək geri çəkilməsinə nail oldu. Çatalca qalibiyyətindən sonra qardaşı Musa Çələbinin bir daha qarşısına çıxmayacağını zənn edən Süleyman Çələbi Ədirnə sarayına çəkilib təkrar içki və əyləncəyə qurşandı. Lakin döyüşdən məğlub çıxan Musa Çələbi əzim və cəsarətini itirməyərək, yenidən güclü bir ordu qurmağa başladı. Əmir Süleymanın ətrafındakılar bu vəziyətdən, xüsusilə xristianlara qarşı çox yaxşı davranması və vaxtını içki və əyləncəyə sərf etməsindən məmnun deyildilər. Buna görə də bir çox tərəfdarı Süleyman Çələbinin yanından ayrıldı.Baş verən hadisələrdən ən yaxşı şəkildə istifadə edən Musa Çələbi, 1411-ci ilin fevral ayında Ədirnəni tutdu və ümidini itirmiş Süleyman Çələbi tərəfdarları buna qarşı mübarizə apara bilmədi. Süleyman Çələbi o sırada sərxoş idi. Özünə qardaşının basqınından xəbər gətirən yandaşlarını çox əsəbi bir şəkildə qovdu və hətta cəza olaraq bəzilərinin saqqal və bığlarını təraş etdirdi. Hətta ona yaxın olan Qazi Everansoğluna:”Ey Hacı İslam, nedir bu püralam? Musa kimdir ki benim üstüme leşger çekip dava-yi saltanat eyleye?” (Ey Hacı İslam, bu nə xəbərdir mənə gətirmisən? Musa kimdir ki mənim üstümə ordu yeridib səltənət davası eləsin?”) –dediyi rəvayət olunur. Sonunda ağlı başına gəlib gecə qaranlığında yanında çox az adamla Bizansdan yardım almaq məqsədilə İstanbula doğru qaçmağa başladı. Döyənçilər kəndinə gəldiyi zaman bələdçisi xəyanət edib kəndlilərə onun şəxsiyyətini bildirərək onları təhrik etdi və kəndlilərin də sırf Musa Çələbidən bəxşiş ala bilmək məqsədilə Süleyman Çələbini 1410-cu ildə öldürdükləri və başını qardaşına göndərdikləri rəvayət edilir. Düşmən də olsalar Osmanlı soyundan gələn birisinin bu şəkildə öldürülməsinə könlü razı olmayan Musa Çələbi qatilləri cəzalandırmışdı. Süleyman Çələbinin cəsədi Bursaya göndərilərək Çəkirgədəki babası Muradın yanında dəfn edilmişdi. Əmir Süleymanın öldürülməsindən sonra Musa Çələbi,Mehmed Çələbi ilə bağladığı müqavilənin əsassız olduğunu elan etdi və adına xütbə oxutduraraq sikkə basdırdı. Bununlada qardaşı ilə bağladığı müqaviləni pozmuş oldu. Rumeli yaxasında Ədirnədə hökmranlıq etməyə başlayan Musa Çələbi, Süleyman Çələbidən daha təsirli siyasət tətbiq etməyə başladı. Əvvəlcə sərhəd qazilərinin istəklərini yerinə yetirərək Körpülü və Provadı qalalarını tutdu. Göndərdiyi qüvvələr Sitirya yarımadasına qədər gəldilər.Yenə Əmir Süleymanla olan mübarizəsində ona qarşı cəbhə alan Serb despotu Stefanın üzərinə hücuma keçən Musa Çələbi Novobirda gümüş mədənlərini ələ keçirdi. Üsyana başlayan Vidin Bolqar şahzadəsini özünə tabe etdi. Mihaloğlu və axınçıları Makedoniyanın içlərinə axınlar etdi. Bizans imperatoru ilə Süleyman Çələbinin bağladığı müqavilə ləğv edildi. Bununla birlikdə Süleyman Çələbinin Bizansa vermiş olduğu əraziləri geri istədi. Bu istəyinin rədd edilməsi və Süleyman Çələbiyə verdiyi real dəstək səbəbindən II Manueli cəzalandırmaq lazım olduğunu düşündü. Bizansın əlinə keçmiş olan bölgələri Musa Çələbi təkrar geri aldı. Amma Musa Çələbinin əsas tətbiqi 1412-ci ildə yeni bir Konstantinopol mühasirəsini başlatması oldu. Musa Çələbinin kiçik dəniz gücünün məğlubiyyətə uğradılması və Konstantinopolun quru istehkamlarının aşılmaz olaraq görülməsinə baxmayaraq Musa Çələbi qurudan mühasirəyə davam etdi. 1411-ci ildə Bizans imperatoru İstanbulda girov olaraq tutulan Qasım Çələbinin oğlu Orxan Çələbini sərbəst buraxdı. Orxan Çələbi özünə əsgər yığaraq Selanikdə üsyan qaldırdı. Lakin Musa Çələbi bu üsyanı yatıra bildi. Bundan sonra İstanbulun mühasirəsi daha da gücləndirildi. Bizans ənənəvi siyasətini davam etdirərək bu dəfə də Mehmed Çələbi faktorundan istifadə etməyə çalşdı. Bizans İmperatoru 1412-ci ilin əvvəllərində Bursaya gizli elçi göndərdi və Mehmed Çələbini İstanbula dəvət etdi. Onu 3 gün çəkən cahcəlallı qarşılama mərasimindən sonra Musa Çələbiyə qarşı mübarizəyə razı saldı. 1412-ci ilin oktyabrında iki qardaş Çatalcada İncəyiz döyüşünə girişdilər. Bu müharibədə Musa Çələbi qalib gəldi. Mehmed Çələbi yaralandı və İstanbula sonra da Bursaya çəkildi. Mehmed Çələbi bundan qorxmadı. O ilin sonlarında yeni bir ordu ilə gəlib boğazı keçərək Bizans və Serb Hərbi yardımları ilə Musa Çələbinin üzərinə getdi. İkinci dəfəki döyüşdə də Musa Çələbi qalib gəlib qardaşını Bursaya qovdu.Hər şey Musa Çələbinin xeyrinə görünərkən, daxildə onun idarəsinə qarşı narazılıqlar başlamışdı. Musa Çələbinin sərt təbiəti və özünü tərəfdarlarından ayrı tutması onların narazılığına səbəb oldu. Məsələn, Köhnə Saray ətrafına çəkdirdiyi yüksək qala divarları öz şəxsi təhlükəsizliyi üçün lazım olsada, özünü xalqdan və tərəfdarlarından ayırmasının simvolu kimi başa düşüldü. Balkanlarda olan qazi axınçıların qazanmış olduqları güc, qənimət və onlara verilən timarları imtiyazlar olaraq görərək onları azaltmağa başladı. Kadıasker olaraq təyin etdiyi Şeyx Bədrəddinin fikirləri ilə, həm mədrəsəli sünnilərin, həm də ölkənin zənginlərini hirsləndirdi. Daha əvvəl Əmir Süleymanın tərəfini saxlayan Skopye sancaqbəyi Paşa İgid və axınçıların komandanı Evrenos Bəylə digərlərinə sərt davrandı və bacarıqsız şəxsləri vəzifəyə gətirdi. Bu səbəblərdən dövlətin idarəsini əlində tutan Çandarlı vəzirləri Bizansla və Anadoluda olan Mehmed Çələbi ilə gizli müzakirələrə girişdilər. Din adamları və idarəçilərin mühüm bir hissəsinin Musa Çələbidən üz çevirdiyini görən, Mehmet Çələbi qardaşına qarşı yenidən hərəkətə keçdi. İkili arasında həlledici döyüş 1413-cü ilin iyulunda Sofiyanın cənubunda Palçıqlı Dərbəndə gerçəkləşdi. Döyüşdə ağır yaralanaraq qaçmağa çalışan Musa Çələbi yaxalanaraq öldürüldü. Musa Çələbinin cənazəsi Bursaya göndərilərək qardaşları İsa Çələbi və Əmir Süleymanın yanında İldırım Bəyazidin türbəsində dəfn edildi. Beləcə, Osmanlı Dövlətinin ikiyə bölünüb, tək dövlət olaraq gələcəkdə yaşamasını təhdid edən, çox böyük və təhlükəli bir dövr olan Fətrət dövrünün son mərhələsi başa çatdı.
Osmanlı dövlətinin ikinci qurucusu sayılan Mehmed Çələbi dövrünün mühüm hadisələri (1413-1421)
Ankara savaşından sonra Osmanlı şəhzadələrı arasındakı hakimiyyət uğrunda gedən mübarizənin qalibi olan, bəzi tarixçilərin də qeyd etdiyi kimi dağılmaqda olan bir dövləti toparlamaqla onun ikinci qurucusu sayılan Mehmet Çələbi Osmanlı Dövlətinin beşinci padşahı olaraq tarixə keçmişdir. Mehmet Çələbinin ən böyük amalı atası Bəyazid dövründə Anadolunun böyük bir hissəsində qurmuş olduğu siyasi birliyi bərpa etmək, Rumelidə Osmanlı nüfuzunu yenidən bərqərar etmək idi. Ağır bir yükün altına girən Mehmet Çələbi, hakimiyyətinin ilk illərində qardaşı Musa Çələbiyə qarşı mübarizədə müttəfiqləri olan dövlətlərlə hələlik isti münasibətlərini davam etdirirdi. Taxta keçməsi münasibəti ilə onu təbrikə gəlmiş Bizans elçilərini mehribanlıqla qarşılamış, onlara müxtəlif hədiyələr vermişdi. İki tərəf arasında imzlanan anlaşma ilə Qara dəniz və Mərmərə dənizi sahillərindəki bəzi qalalarla, Teselya vilayəti (Yunanıstanda bir bölgə) Bizansa verilmişdi. Yardımını gördüyü serblərə də Musa Çələbinin onlardan aldığı əraziləri qaytarmaqla, Venesiya və Genuya ilə ticarət və dostluq anlaşmaları imzalamaqla xristian ölkələrlə bir növ sülh şəraitində yaşamaq istədiyi imici verməyə çalışmışdı. Təbii ki, hələlik bu siyasəti izləməklə, əsas öncəliyi Anadoluda qayda-qanun yaratmaq olan Mehmet Çələbi, amalını həyata keçirərkən iki od arasında qalmaq istəmirdi.Çələbi Mehmed Rumelidə olduğu müddətdə Karamanoğlu Mehmed bəy Bursanı mühasirəyə almış, Musa Çələbinin cənazəsinin gətirildiyini eşidəndə şəhəri yandırıb geri qayıtmışdı.Aydınoğlu Cüneyd bəydə bu vaxt Ohridən qaçıb Aydına gəlmiş və Ayasluqu mühasirəyə alıb sancaqbəyini öldürmüşdü. Bu səbəbdən Çələbi Mehmed Anadoluya qayıdan kimi öncə Cüneyd bəyin üstünə getmiş Çandarlının əli ilə Mənəmən, Qayacıq və Nif qalalarını ələ keçirmişdi. Bundan başqa İzmiri də ələ keçirmişdi. Çələbi Mehmed Cüneyd bəyin anasının xahişi ilə onu bağışla və 1414-cü ildə Niğbolu sancaqbəyliyini ona vermişdi. Bu şəkildə işləri yoluna qoyan Çələbi Mehmed həmin il Bursaya gələrək Karaman səfərinə çıxdı. Akşehir, Beyşehir və Seydişehiri aldı və Karamanoğlu Mehmed bəyi məğlub edib oğlunu əsir aldı. Karamanoğullarının sülh istəyini geri çevirməyən Mehmet Çələbi Karamanoğlunu və ailəsinin canını da bağışladı. Karamanoğlu Osmanlıya düşmənçilikdən əl çəkəcəyinəand içdi. Fəqət bəzi mənbələrdə sülh danışıqları zamanı Mehmed bəyin paltarının içinə göyərçin qoyaraq and içdiyi və Sultan Mehmedin yanından çıxarkən bu quşu azad edərək andının əsassız olduğunu iddia elədiyi qeyd olunmaqdadır. Anadoluda işləri qaydasına qoyan I Mehmed 1416-cı ildə Rumeli səfərinə çıxdı. Albaniyanın yerli əsilzadələri Fətrət dövründə burada olan Osmanılı qarnizonunu şəhərdən çıxartmışdılar.Buradakı vəziyyəti ələ almaq üçün I Mehmed sahildə yerləşən Avloniya və dənizdən içəridə yerləşən indiki Kloje qalalarını ələ keçirdi. Valaxiya İldırım Bəyazidin vaxtında olduğu kimi yenidən Osmanlıların nəzarətinə keçdi. Dobrucanın tamamilə ələ keçirilməsinə şərait yaratdı. Buralara göz dikən Macar Krallığına gözdağı vermək üçün Macarıstana axınçılar göndərdi. Türk axıncılarının təzyiqləri qarşısında Bosniya kralı II Tvrtko Osmanlılardan asılılığı qəbul elədi. Buradan təkrar Anadoluya keçib Çandarlıların hakimiyəti altında olan Samsuna getdi. Çandaroğulları Teymurdan Kastamonu, Safranbolu və ətrafındakı əraziləri almış,Karamanoğulları ilə Osmanlılar əleyhinə ittifaq qurmuşdular.Mehmed bu bölgələri və Samsunu geri ala bildi. Teymurla buraya gəlmiş tatarları və türkmənləri Filibe ətrafında Tatar bazarı adlanan bölgəyə köçürdü. Sultan I Mehmedin hakimiyəti dövründə Geliboluda Osmanlı donanması demək olar ki, yenidən quruldu (1416). (Qeyd: Xatırlayacağınız kimi, ilk Osmanlı donanması 1327-ci ildə Qaramürsəl bəyin rəhbərliyində təşkil olunmuşdu). Bu yeni qurulan donanmanın başına Çalı bəy gətirildi və Egey dənizindəki Osmanlı ticarət gəmilərini qarət edən xaçlı piratlara qarşı göndərildi. Lakin ilk Osmanlı donanması qəfildən istiqamətini dəyişdirdi və Trabzondan əmtəə ilə qayıdan Venesiya gəmisini təqib etməyə başladı. Venesiyaya aid Egey dənizində yerləşən Əyri boğaz limanına bir neçə dəfə hücüm etsə də, bir nəticəsi olmadı və geri qayıtdı. Bu hadisədən qəzəblənən Venesiyalılar Osmanlı donanmasını təqib etməyə başladılar. 1416-cı ilin mayında Çanaqqala yaxınlığında qarşılaşan iki donanma bu dövlətlər arasında baş verən ilk dəniz döyüşünü başlatdılar. Döyüş günorta saat ikiyə qədər davam etdi və Venesiya donanmasının qalibiyəti ilə başa çatdı. Venesiyalılar Osmanlıların donanmasının böyük bir hissəsini darmadağın etdilər. Venesiyalılar Çalı bəy başda olmaqla bütün ələ keçən əsirləri müsəlman və ya xristian olaraq ayırmadan öldürdülər. Bu döyüşlər Osmanlılar və Venesiyalılar arasında sülh müqaviləsinin imzalanması ilə nəticələndi.
Şeyx Bədrəddin üsyanı
I Mehmed dövrünün ən vacib hadisələrindən biri də Şeyx Bədrəddin üsyanıdır. Şeyx Bədrəddin Musa Çələbi zamanında Qazılığa təyin edilmişdi. Lakin I Mehmedin taxta çıxmağından sonra aylıq min axca ilə təqaüdə göndərilmiş və ailəsi ilə birlikdə İznikə sürgün edilmişdi. Şeyx Bədrəddin Ədirnədə və İznikdə əsər yazmaqla məşğul olub onu ziyarət etməyə gələnlərə öz fikirlərini təbliğ edirdi. Ədirnəyə gəlməmişdən əvvəl Anadoluda şöhrət qazanmışdı. İznikdə də boş dayanmayan Şeyx müridlərindən Börklücə Mustafanı Aydın ətrafına göndərərək təbliğat aparırdı. Bundan başqa Torlaq Kamal adındakı başqa müridi də Manisa ətrafında fəaliyətə başlamışdı. Anadoluda tərəfdarlarının fəaliyyətə keçməsi üzərinə, Şeyx Bədrəddin də əvvəlcədən tanış olduğu Valaxiya hakimi Mixailin yanına gedərək maddi dəstək aldıqdan sonra Dəliorman (Bolqarıstan) tərəflərə keçdi. Burada Osmanlı idarəsindən məmnun olmayan kəndliləri, ələvi türkmən qəbilələrini və yoxsul dərvişləri ətrafına yığaraqordu topladı. Nəticədə 1418-ci ildə Osmanlı idarəsinə qarşı ilk dəfə dini və ictimai xarakterli üsyan başladı. İzmirin qərbində Karaburun yarımadasında Börklücə Mustafanın başçılıq etdiyi üsyançıların sayının 6-10 min civarında olduğu və ilk başlarda üzərlərinə göndərilən Saruhan birliklərini məğlub etdiyi nəql olunmaqdadır. Qısa zamanda genişlənən bu üsyanı yatırmaq üçün Sultan Mehmet Çələbi (I Mehmet), oğlu Murad ilə vəziri Bəyazid Paşanı bölgəyə yolladı. Üsyan yatırıldı, üsyancılar Börklücə Mustafanın gözü önündə qılıncdan keçirildi. Börklücə Mustafa isə çarmıxa çəkilərək öldürüldü və bir dəvə üzərində şəhərdə dolaşdırıldı. Manisada Torlaq Kamal və digər asilər də eyni aqibətlə üzləşmişdi. Müridlərinin uğursuzluğundan sonra qısa vaxtda Şeyx Bədrəddin də ələ keçirilərək, padşahın hüzuruna gətirildi. Şeyxin cinayətləri Üləma tərəfindən tədqiq olunduqdan sonra İslam dininə zidd olan hərəkətlərə yol verdiyinə və cəmiyyətin nizamını pozduğuna görə günahkar sayılaraq, dar ağacına çəkildi. Şeyx Bədrəddin üsyanından sonra I Mehmet diqqətini yenidən Anadoluya yönəltdi. I Mehmet 1415-ci ildə Saruhan və 1416-cı ildə Menteşe bəyliklərini Osmanlı dövlətinin tərkibinə qatmışdı. Növbə Antalya tərəflərində mövcud olan Təkəoğulları bəylərinə gəlmişdi və I Mehmet bu bəyliyi də qısa müddət ərzində Osmanlı dövlətinin tərkibinə qatdı. Germiyanoğulları da Osmanlıdan vassallığı qəbul edərək, Afyonkarahisar və Kütahya şəhərlərini Osmanlılara verdi.
Düzməcə Mustafa hadisəsi ( Şahzadə Böyük Mustafa Hadisəsi)
Bu dövrdə Osmanlının başını ağrıdan problemlərdən biri də Düzməcə Mustafa məsələsi idi. Osmanlı padşahı İldırımın oğlu olduğunu söyləyən bir nəfər özünü Şahzadə Mustafa (Kasum) adlandıraraq taxta iddiasını irəli sürmüşdü. Bəzi tarixçilərə görə həqiqətən Şahzadə Mustafa olan bu adam dövrün Osmanlı tarixində Düzməcə Mustafa olaraq adlandırılmışdır. Mustafa Çələbi 1402-ci ildə Ankara döyüşündə iştirak etmişdir. Atası ilə birlikdə Əmir Teymura əsir düşmüş və Səmərqəndə aparılmışdır. Atasının vəfatından bir müddət sonra 1405-ci ildə Anadoluya geri qayıtdı, əvvəlcə Niğdəyə, daha sonra isə Kastamonuya getdi. 1416-cı ildə Venesiyanın yardımıyla Rumeliyə və Valaxiyaya qaçdı və burada bəzi sancaqbəylərinin, eyni zamanda Bizans imperatoru II Manuilin, Valaxiya çarının və bəzi Avropa dövlətlərinin dəstəyini aldı. Topladığı qoşunla Selanikdə I Mehmetlə toqquşdu. Bu döyüşdə ağır itkilər verdi və Selanikə çəkildi. Mustafa Çələbinin Selanikə sığınması I Mehmetlə Bizans imperatoru II Manuil arasındakı münasibətləri pozdu. Münasibətlərin düzəldilməsi üçün qısa zamanda danışıqlar başladı. Nəticədə iki dövlət arasında razılığa gəlindi. Bizans İmperatoru II Manuil illik 900 min axca qarşılığında Mustafa Çələbinin Limni qalasında həbs olunmasına razılıq verdi.Ancaq I Mehmedin vəfatından sonra bu razılaşma pozulmuş, II Manuil Limnidə həbs olunan Mustafa Çələbini, yeni Osmanlı padışahı II Murada qarşı istifadə etməyə çalışmışdı.Gelibolu bölgəsinın Bizansa verilməsi qarşılığında Mustafa Çələbi azad edilib Osmanlı sultanı elan olundu. Böyük bir Bizans donanması ilə Rumeliyə keçdi. Mustafa Çələbi xüsusilə İzmiroğlu Cüneyd bəyin köməyi ilə digər Rumeli bəylərinin də dəstəyini aldı. Düzməcə Mustafa ilə Sultan II Muradın orduları arasındakı ilk vuruşmada Osmanlılar məğlub oldu. Osmanlının ikinci paytaxtı hesab olunan Ədirnə Düzməcə Mustafanın əlinə keçdi. Şəhərdə böyük təntənə ilə qarşılanan Mustafa Çələbi burada öz adına xütbə oxudub, pul kəsdirdi. Ancaq Ədirnənin işğalından sonra ard-arda böyük səhvlər edən Mustafa Çələbi Bizansa vəd etdiyi Gelibolu bölgəsini verməyərək ilk və əsas müttəfiqini itirdi. Daha sonra 12 min sipahi və 5 min piyadalıq orduyla Geliboludan Anadoluya keçdi və Bursanın mühasirəsinə hazırlaşdı. Ancaq hələ yeni formalaşan bu ordu paytaxtın mühasirəyə alınmasıa könülsüz yanaşdı. Digər tərəfdən orduda müxtəlif şayələrin gəzməsi də bu mühasirənin qaldırılmasına səbəb oldu. Şayələrə görə Mustafa Çələbi İldırım Bəyazidin öz oğlu deyil, Bizans cəsusu idi. Sultan II Murad İzmir və Aydın bəyliklərini vəd etməsilə İzmiroğlu Cüneyd bəy də öz tərəfdaşları ilə Mustafa Çələbini tərk etdi. Geridə qalan dəstəylə Mustafa Çələbi Geliboluya çəkilməyə məcbur oldu. Bu vaxt II Murad da artıq Geliboluya gəlmiş və 2 min zirehli gəmiylə mühasirəyə hazırlaşırdı. Mühasirədən son anda canınını qurtaran Mustafa Çələbi Ədirnəyə getdi və buradakı xəzinəni alıb qaçmaq istərkən yaxalandı. Mustafa Çələbinin Ədirnə qalasının bürclərindən asılaraq edam edilməsilə illərdir davam edən Mustafa Çələbi problemi aradan qaldırıldı.
Sultan I Mehmed Çələbinin vəfatı.
Sultan I Mehmed Ədirnədə olarkən çıxdığı ovda iflic keçirmiş və at belindən düşərək yaralanmışdı. Bundan xilas ola bilməyəcəyini başa düşən Sultan vəzirlərindən böyük oğlu Amasya hakimi Muradın tez paytaxta gətirilməyini istəyərək belə demişdi:“Tez oğlum Muradı gətirin. Mən bu yataqdan qalxa bilmərəm. Murad gəlmədən ölsəm fitnə çıxar. Tədbir görün, ölümümü gizlədin.” Qısa çəkən xəstəlikdən sonra 1421-ci ilin iyun ayında I Mehmed vəfat etdi. Çələbi Mehmedin vəfatı çox gizli saxlandı.Bunun əsas səbəbi isə o zaman Selanikdə olan Düzməcə Mustafa İdi. Cəsədi mumiya edilərək sarayda saxlandı. Şahzadə Muradın paytaxta gəlişinə qədər 40-42 gün padşahın vəfatı gizli saxlanıldı. Ölümündən şübhələnən əsgərlərin üsyan qaldırmamaqları üçün mumiyalanmış cəsədinə paltar geyindirilib, başına əmmamə qoyulub saray eyvanından əsgərlərin qarşısında əllərinin hərəkət etdirildiyi rəvayət olunur.Muradın Bursaya gəlib taxta çıxmasından sonra I Mehmedin cəsədi Bursaya gətirilərək Yaşıl Türbədə dəfn olundu.
3.II Sultan Murad dövrü (1421-1444) – (1446-1451)