Formal müstəqilliyin ləğvi.Sovet idarəçiliyin yaradılması. İlk kanustitusiyanın qəbul edilməsi. Azərbaycan SSR yarandığı gündən sözdə müstəqil olsa da, faktiki Sovet Rusiyasının əlində oyuncaq qurum idi. Ölkəmiz Rusiyanın göndərdiyi xüsusi və fövqəladə səlahiyyətli S.Orconikidze, A.Mikoyan, S.Kirov, Sarkis, L.Mirzoyan, V.Polonski tərəfindən idarə olunurdu. 1920-ci il 30 sentyabrda RSFSR-lə Azərbaycan SSR arasında “hərbi-iqtisadi ittifaq” müqaviləsi bağlandı. Bu müqavilə ilə təkcə faktiki (real) deyil, formal (rəsmi) olaraq hərbi, daxili və xarici ticarəti Rusiyanın əlinə keçdi. 1922-ci il 12 martda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Moskvanın göstərişi ilə ittifaq müqaviləsinin imzalanması ilə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) yaradıldı və Azərbaycan SSR-nin formal müstəqilliyinə son qoyuldu. Üç sovet respublikası federasiya şəklində birləşdirildi. Yeni federativ respublika vahid iqtisadi məkana və vahid büdcəyə malik idi. 1922-ci il 30 dekabrda Moskvada I Ümumittifaq Sovetlər qurultayında Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradıldı. Yeni ittifaq dövlətinin tərkibinə RSFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR daxil edildi. 1924-cü ildə SSRİ-nin birinci Konstitusiyası qəbul olundu. Konstitusiyada SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaların formal olsa da, hüquq bərabərliyi öz əksini tapmışdı.
Sovet idarəçiliyin yaradılması:1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edildi. Hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları Soveti yaradıldı (N.Nərimanov-sədr, H.Sultanov, Ə.H.Qarayev, Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Vəzirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı, Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goyçayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında isə Qarabağ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi donanması Lənkəran və Astaraya desant çıxardı. İnqilab Komitəsinin 1920-ci il 3 may tarixli dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dekreti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz kəndlilərin istifadəsinə verildi. 1920-ci il mayın 7-də ordu və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dekretlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may tarixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli qərarı ilə vicdan azadlığı elan olundu, hər cür dini ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Fövqəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu.
1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradılan yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft sənayesi milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tərəfindən göndərilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi (sonralar "Azneft") təşkil olundu və neft faktiki olaraq Sovet Rusiyasının ixtiyarına keçdi. 1921-ci il mayın 6-da Bakıda keçirilən Azərbaycan SSR-in I Sovetlər qurultayı Azərbaycan SSR-in ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (Az. MİK) seçildi. MİK sədri Muxtar Hacıyev, sədrin müavini Səmədağa Ağamalıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icraedici hakimiyyət orqanı - Azərbaycan SSR Xalq Komissarları Soveti (sədri N.Nərimanov) yenidən təşkil olundu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920-1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin keçmiş sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b. öldürüldülər.
1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən azad edilərək Moskvaya aparılmış və 1922-ci ildə Finlandiyaya, oradan Türkiyəyə mühacirət etmişdi. 1921-ci ildə "Müsavat", "İttihad", "Əhrar" partiyalarının qanundankənar olması və fəaliyyətlərinin qadağan olunması barədə rəsmi qərar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə artırdı.