TƏHSİL SİSTEMİNDƏ MONİTORİNQ
VƏ ONUN NÖVLƏRI
İbrahimova Günel Rafiq qızı
BDU-nun 2-сi kurs magistrantı
Monitorinq sözü latın mənşəli "monere" felindən götürülüb, "xəbərdar etmək" mənasını verir. Monitorinq müəyyən fəaliyyət növünün və onun inkişafının sistemli və məqsədli şəkildə müşahidə edilməsi və nəticələrin qeydə alınmasıdır. Monitorinq müşahidə edilən fəaliyyət növünün bütün aspektləri haqqında sistemli şəkildə məlumat toplamağa və bu məlumatları təhlil etməyə, həmin fəaliyyətin effektivlik və səmərəlilik dərəcəsini artırmağa, fəaliyyətin uyğunsuzluqları barədə məlumatın idarə edənlər və qərar verənlərə vaxtında ötürülməsinə imkan verir.
İngilis dilində isə izləmə, müşahidə və korreksiya işlərinin aparılması mənasını verən monitorinq anlayışını daha ümumi şəkildə belə təyin etmək olar: “Monitorinq müəyyən prosesin dinamikasını öyrənmək, real və ilkin vəziyyətin uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə daimi müşahidə aparmaq və ya insan fəaliyyəti ilə əlaqədar ətraf mühitdəki dəyişikliklərin müşahidəsi, qiymətləndirilməsi və proqnozlaşdırılması sistemidir.
XX əsrin ikinci yarısında monitorinq anlayışından ilk dəfə torpaqşünaslıq elmində məhsuldar torpaq qatlarının vəziyyətini daim müşahidə etmək və nazarətdə saxlamaq üçün istifadə olunmuşdur. Sonralar bu anlayışdan ekologiyada və digər elm sahələrində istifadə olunmağa başlanmışdır. Artıq elə fəaliyyət sahəsi göstərmək çətindir ki, orada monitorinqdən istifadə olunmasın. Monitorinqdən elmi araşdırma sahəsi kimi istifadə edilən sahələrə əsasən ekologiya, biologiya, sosiologiya, pedaqogika, iqtisadiyyat, psixologiya, idarəetmə nəzəriyyəsi və digərləri aid edilə bilər. 90-cı illərdən başlayaraq isə təhsil sahəsində aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin səmərəliliyini artırmaq, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədilə monitorinq təhsil sistemində də geniş tətbiq sahəsi tapmışdır.İndi isə monirorinqin təsnifatına ətraflı nəzər salaq.Təhsil sahəsinin xüsusiyyətlərini nəzərə alaraq idarəetmə və informasiya təminatının müasir tendensiyaları baxımından təhsildə monitorinqin bir neçə təsnifatını müəyyənləşdirmək olar.
Məlumatların toplanmasına, sistemləşdirilməsinə və yayılmasına görə təhsildə monitorinqin aşağıdakı növlərindən istifadə edilə bilər:
İnformasiya monitorinqi - təhsil müəssisələri barədə informasiyaların toplanılması və sistemləşdirilməsidir. Bu halda məlumatların toplanması üçün xüsusi metod təşkil olunmur.
Əsaslı monitorinq – təhlükələrin idarəetmə səviyyəsində dərk olunana qədər müəyyənləşdirilməsidir. Bu halda təhsil müəssisəsinin monitorinqi daimi aparılır, göstəricilərin dövri ölçmələri vasitəsi ilə onların vəziyyəti tam müəyyənləşdirilir. Bu növ monitorinqin nəticələrinin müqayisəsinin aparılması üçün müxtəlif xarakterli yanaşmalardan istifadə olunur.
Problemli monitorinq - idarəetmə nöqteyi- nəzərindən məlum olan ən vacib problemlərin, təhlükələrin, proseslərin və qanunauyğunluqların müəyyənləşdirilməsidir. Onun məqsədi yeni təhlükələrin doğurduğu səbəblərin müəyyən edilməsidir.
İdarəedici monitorinq - idarəetmə sahəsində qərarların qəbulu üçün nəticələrin və ikinci dərəcəli effektlərin nizamlanmasına xidmət edir. Bu növ monitorinqin keçirilməsi zamanı müşahidə olunan effektlərin prosesə təsirinin müəyyənləşdirilməsi, həmçinin daxili və xarici faktorların təsir imkanları öyrənilməlidir.
Müqayisə məqsədiylə monitorinqin hansı materiallarla, üsullarla keçirilməsindən asılı olaraq aşağıdakı növlərindən istifadə oluna bilər:
Dinamik monitorinq – araşdırma üçün əsas kimi bu halda o məlumatlar götürülür ki , onlar bu və ya digər təhsil müəssisəsinin, hadisənin və ya göstəricinin inkişaf dinamikasını xarakterizə edir. Nisbətən sadə sistemlər üçün və ya fiziki obyektlərin monitorinqi üçün bu yanaşmadan istifadə etmək məqsədəmüvafiqdir. Bu halda monitorinqin əsas məqsədi mümkün təhlükə barədə xəbərdarlıq etməkdir. Təhlükəni yaradan səbəb çox vaxt aydın və şəffaf olduğundan onun müəyyənləşdirilməsi deyil, onun aradan qaldırılması böyük əhəmiyyət kəsb edir. Mürəkkəb sosial sitemlər üçün bu yanaşmanın tətbiq edilməsi məqsədəuyğun sayılmır, çünki yaranmış şəraiti doğuran səbəbin və onun miqyasının müəyyənləşdirilməsində bir sira çətinliklərlə rastlaşılır. Məsələn, tutaq ki, respublikamızın müəyyən A nömrəli məktəbində təhsilin monitorinqi nəticəsində bir neçə il müddətində şagirdlərin məktəbdən getmə göstəricisi məyyənləşdirilib. Bu halda monitorinq vasitəsiylə yalnız dayanıqlı neqativ tendensiyanı qeyd etmiş oluruq, lakin təhlükəni doğuran səbəb və onun miqyası barədə fikir deyə bilmərik. Bu şəkildə monitorinq nəticəsində neqativ tendensiyanın hansı səbəbdən – məktəbdə təhsilin vəziyyətindənmi, respublika təhsil siteminin, yaxud A nömrəli məktəbin aid olduğu rayonda təhsilin vəziyyətindənmi baş verdiyi məlum olmur.
Rəqabətli monitorinq – Ekspertiza üçün eynitipli müxtəlif təhsil sistemlərinin araşdırılmasının nəticələri əsas kimi götürülür.Bu halda monitorinq çox seriyalı sınaqların analoqu rolunu oynayır. Təhsil sisteminin iki və daha çox altsisteminin öyrənilməsi paralel, eyni qaydada, eyni vaxtda aparılır. Nəticədə bu və ya digər alt sistemin effektinin miqyası barədə nəticə çıxarmaq mümkündür . Bundan əlavə belə yanaşma təhlükənin miqyası və böhran həddi barədə fikir yürütməyə imkan verir. Məsələn, tutaq ki, respublikanın müəyyən A, B və C nömrəli məktəblərində təhsilin monitorinqi nəticəsində bir neçə il müddətində şagirdlərin məktəbdən getmə nəticəsi müəyyənləşdirilib. Tutaq ki, A və B nömrəli məktəblər eyni rayona C nömrəli məktəb isə digər rayona aiddir. Bu halda biz monitorinq vasitəsiylə yuxarıda qeyd olunan neqativ tendensiyanı heç də respublikanın təhsil sisteminin doğurduğunu deyil, A və B nömrəli məktəblərin aid olduğu regionda təhsilin vəziyyətinin doğurduğunu müəyyən etmış oluruq.
Müqayisəli monitorinq – üçün əsas kimi bir yaxud iki daha yüksək səviyyəli sistemlərin eynitipli araşdırmasının nəticələri əsas kimi götürülür. Belə hal monitorinq üçün xüsusi hal hesab olunur və eksperimentlərin planlaşdırılmasında istifadə olunmur. Bu halda sistem haqqında məlumatlar daha yüksək səviyyəli sistemin məlumatları ilə müqayisə olunur.
Kompleks monitorinq – eksperyiza üçün bir neçə əsas komponent götürülür və sistemdə istifadə olunur.Məsələn, konkret təhsil müəssisəsində istedadlı uşaqların təliminin effektivliyinin monitorinqinin təşkili üçün respublika səviyyəsində, şəhər və rayon səviyyəsində müvafiq ümumtəhsil məktəblərində istedadlı uşaqların təlim nailiyyətlərinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi zəruridir. Deməli istedadlı uşaqların təliminin effektivliyinin qiymətləndirilməsi üçün ən azı üç səviyyədə məlumatların olması lazımdır.
İdarəetmə sisteminin iyerarxiyasına görə monitorinqin aşağıdakı növlərindən istifadə edilə bilər:1) Məktəb səviyyəsində 2)Rayon (şəhər) səviyyəsində 3) Respublika səviyyəsində
Monitorinq prosesində istifadə olunan vasitələrə görə onun aşağıdakı növlərini göstərmək olar:pedaqoji, sosioloji, psixoloji,tibbi demoqrafik və iqtisadi monirorinq.
Bu və ya digər monitorinq üçün müxtəlif vasitələrdən istifadə olunur. Məsələn, şagirdlərin ümumtəhsil məktəblərindən getməsinin müəyyənləşdirilməsi üçün pedaqoji və sosioloji monitorinqlə yanaşı, tam mənzərənin alınması üçün həm də demoqrafik monitorinqin aparılması zəruridir.
Ədəbiyyat
Qardaşov T.B, Cavadov İ.A. Təhsildə monitorinq sistemi və onun növləri, Təhsil Problemləri İnstitutunun elmi əsərləri. Bakı, 2004.
M.Mərdanov,R.Ağamalıyev,A.Mehrabov,T.Qardaşov. Təhsil sistemində moniroriq və qiymətləndirmə. Bakı:Çaşıoğlu, 2003.
Təranə Hacıyeva. Monitorinq, qiymətləndirmə və təhsilin keyfiyyəti. Azərbaycan müəllimi. 18 mart 2011.
Dostları ilə paylaş: |