AZƏRBAYCAN MÜTƏFƏKKİRLƏRİNİN ƏSƏRLƏRİNDƏ GENDER PROBLEMİ
dos.M.V.Vəliyev
BDU,psixologiya kafedrası
Qadın azadlığı, eləcə də kişi və qadın bərabərliyi problemi əvvəllər olduğu kimi, müasir dövrdə də diqqəti cəlb edən aktual problemdir. Azərbaycan qadınlarının acı taleyi, çadra altında inildəməsi, hüquqlarının tapdalanması Azərbaycan ədəbiyyatında müraciət olunan maraqlı, ürək yanğısı ilə tərənnüm olunan mövzulardandır.
Müasir dövrdə gender adlandırdığımız bu problem o zamankı qadınların kişilərlə bərabər hüquqlu olması məsələsi şair və yazıçıların, xüsusilə XII əsrdə yaşamış Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, sonrakı dövrlərdə M.Füzulinin, M.F.Axundovun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Ü.Hacıbəylinin, H.Cavidin, C.Cabbarlının və bu kimi mütərəqqi fikir adamlarının yaradıcılıq fəaliyyətinin obyekti olmuşdur. Onlardan bəzilərinin gender probleminə dair baxışlarına diqqət yetirmək məqsədəuyğundur.
Azərbaycan şairəsi Məhsəti Gəncəvi istedadlı şair, musiqişünas, dünyəvi elmlərdən məlumatı olan görkəmli şəxsiyyət idi. Azərbaycanın bu böyük şairəsi bütün Şərqdə tanınırdı. O, təkcə rübai yazmaqla kifayətlənmir, eyni zamanda musiqi alətlərində nəğmələr ifa edir, şahmat oynayırdı. Şairə müsəlman qadınlarının da özü kimi azad və sərbəst olmasını istəyirdi. Onların müsəlman dünyasının yaratdığı qadın hüquqsuzluğunu ürək ağrısı ilə öz rübailərində tərənnüm edirdi. O, Şərq qadınlarını əsarətdə saxlayan adət-ənənələrə, köhnə streotiplərə, fanatizmə qarşı çıxaraq deyirdi:
Məni kam almağa qoymadı zaman,
Gücü çatan qədər eylədi divan.
Deyəsən əhd etmiş dolandıqca hey,
Məni də özüylə hərlətsin dövran...
XII əsrdə yaşayıb fəaliyyət göstərən dahi şairimiz Nizami Gəncəvi öz yaradıcılığında qadına yüksək qiymət verir, ər qeyrətli, namuslu, ağıllı qadınları kişilərlə bərabər, bəzən ondan da yüksək səviyyəyə qaldırırdı. Biz bunu Nüşabə, Şirin, hətta Fitnə obrazlarının tərənnümündə də görürük.
Nizaminin fikrincə, qadınlar fiziki cəhətdən nə qədər zəif və zərif olsalar da, intellektual və əqli cəhətdən heç də kişilərdən geri qalmır, mənəvi cəhətdən dözümlü, iradəli, müdrik olurlar. Məsələn, böyük şairin “İsgəndərnamə”sində Bərdə hökmdarı Nüşabə öz ağlı, bacarığı, fərasəti ilə böyük bir ölkəni sülh və əmin-amanlıq şəraitində idarə edən müdrik qadın kimi tərənnüm olunur.
XVI əsrdə M.Füzuli “Leyli Məcnun”da qadın hüquqsuzluğunu, XIX əsrin II yarısında M.F.Axundov komediyalarında qadınların cəhalətin, avamlığın qurbanı olduğunu tərrənüm və təsvir etmişlər.
Azərbaycanın görkəmli satirik şairi M.Ə.Sabir XX əsrin əvvəllərində cəhalətin hökm sürdüyü sosial mühitin şəxsiyyətin dünyagörüşünə, qarşılıqlı münasibətlər sisteminə göstərdiyi mənfi təsiri öz satiralarında ifadə etmişdir. O, qadınlara olan mənfi, neqativ münasibəti satira atəşinə tutmuşdur. Nümunəyə müraciət edək. Sabir “Çatlayır, Xanbacı, qəmdən ürəyim” satirasında səmimi bir sadəlövlüklə deyir:
Çatlayır, Xanbacı, qəmdən ürəyim,
Qovuşub lap acığımdan kürəyim.
Nə bilirdik nə zəhirmardı kitab
Biz olan evdə haçan vardı kitab
Büsbütün gül kimi insanlarıdıq,
Nə müəllim və nə dərs anlarıdıq.
Böyük şairimizin ürək ağrısı ilə qələmə aldığı bu və digər şeirlərində qadınlarmızın, analarımızın maariflənməsinə, savadlanmasına necə fədakarlıqla can yandırdığının şahidi oluruq.
Görkəmli ədib C.Məmmədquluzadə də ürək ağrısı ilə üzünü qadınların ləyaqətini alçaldan qaniçənlərə tutub, qəzəblə hayqırırdı: “Övrətlərimizin nədir günahı ki, biz onların xüsusunda bədgüman ola-ola və onları özümüzə kölə-kəniz, aşpaz, fəhlə və oyuncaq eləmişik”.
Azərbaycanın görkəmli, müqtədir dramaturqu, filosof şairi Hüseyn Cavid “Qadın” şeirində qadınları azadlığa səsləyən çağırış etmişdir:
Qadın! Ey sevgili həmişə oyan!
Ana! Ey nazlı qadın, qalx...
Qadın! Ey sevgili şəfqətli mələk
Bu qədər səbru-təhəmmül nə demək?
O ləyaqət, o rəğbətlə sana,
Bu əsarət, bu həqarət nə rəva!?
“Ağla, hər ağla” dedim çox yanlış
Ağlamaqdan nə çıxar sanki? Çalış?
Oluyor üstə hüququn kamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət içində sıyıl!
Qəhrəmanlar kimi qovğaya atıl!
Bu misralarda dərin psixoloji məna vardır. “Pərdeyi zülmət içindən sıyıl! Qəhrəmanlar kimi qovğaya atıl!” deyən şair-dramaturq ağlayıb-sızlamağın heç bir dərdə çarə olmadığını söyləyir, qadınları aktiv fəaliyyətə, savadlanmağa, öz hüququnu anlamağa çağırırdı.
XX əsrin görkəmli dramaturqu Cəfər Cabbarlının yaradıcılığının əsas qayəsini insanların əxlaq təmizliyi, cəmiyyət, şəxsiyyət azadlığı, humanizm, qadınların öz hüquqları uğrunda ciddi mübarizə aparması və s. bu kimi məsələlər təşkil edir. Böyük dramaturqun “Sevil” və “Almaz” əsərlərində qadın azadlığı problemi ciddi şəkildə qoyulmuş və bədii təsvirini tapmışdır. Bunu nəzərə alaraq, C.Cabbarlı yaradıcılığında diqqəti cəlb edən psixoloji məsələləri təhlil etmək zəruridir.
Ədəbiyyat
Axundov M.F. Komediyalar. Povest., şeirlər. Bakı, 1982
“Azərbaycan qadını” jurnal, Bakı, 1998 №1-2, 1999 №1-4
Cabbarlı C. Əsərləri. Bakı, 1984
Füzuli M. “Leyli və Məznun”. Bakı, 1982
Hüseyn C. Seçilmiş əsərləri. Bakı, 2005
İbrahimbəyova R.F. “Qadın və kişi bərabərliyi, gender amili”. Bakı, 2001
Quluzadə Z. Keçid dövründə respublikada gender və qadın problemləri. Bakı, 1998
Məhsəti Gəncəvi “Rübailər”. Bakı, 2004
Nizami Gəncəvi “İsgəndərnamə”. Bakı, 1982
Sabir M.Ə. Hophopnamə. Bakı, 1992
Dostları ilə paylaş: |