Qızlara nifrət etməyin!
Peyğəmbərimiz: "Qızlara nifrət etməyin, çünki onlar qiymətli can yoldaşlarıdır", - buyurub və başqa bir hədisində də qadınlarla bağlı bunları söyləyib: "Mən də qız övladlarının atasıyam və anaları da qiymətli həyat yoldaşlarıdır". Allah Rəsulu qız uşaqlarını təhqiramiz şəkildə qəbul etməyi qadağan etmişdi. Hətta məşhur İslam alimlərindən biri olan Əhməd bin Hənbəl qızı olan valideynləri təbrik edərkən: "Peyğəmbərlər də qız atalarıdır" deyə təbrik etmişdir.
Quranda və Peyğəmbərimizin hədislərində müxtəlif peyğəmbərlərin də qızları olduğu bildirilib. Məsələn, Hz.Adəmin, Hz.Şueybin, Hz.Lutun, Hz.İmranın, Hz.Muhəmmədin və s.-in qızları olduğu qeyd olunur.12
Peyğəmbərimizin: "İnsanların ən xeyirlisi qadınlarına və qız uşaqlarına qarşı ən xeyirli olandır" hədisi də uşaqlara, xüsusilə də qız uşaqlarına qarşı xoş rəftar etməyin zəruriliyini göstərir. İbn Həcər Hz.Peyğəmbərin qız nəvəsi Umamə belində olduğu halda namaz qıldığını da cahiliyyə ərəblərindən qız uşaqlarına qarşı mövcud olan nifrət hissəsinə müxalifət şəklində dəyərləndirir.
Rəsulullah: "Kimin iki qızı olarsa, bunları öldürməzsə, alçatmazsa, oğlan uşaqlarını bunlardan üstün tutmazsa, Allah onu cənnətə qoyar", - buyurmuşdur.
İslamdan əvvəlki ərəb cəmiyyətində mövcud olan qız-oğlan ayrı-seçkiliyini özlərini müsəlman adlandırmalarına baxmayaraq, bu gün əksər ailələrdə görmək mümkündür. Çünki hazırda müsəlmanların əksəriyyəti özünü müsəlman adlandıranlardan ibarətdir, İslama əməl edənlərdən deyil. Bu "müsəlmançılığımızın" zəifliyi təkcə namaz, zəkat, oruc kimi buyruqları yerinə yetirməməyimizdən asılı deyil. Bunun səbəblərindən biri də tərbiyə məsələləri ilə bağlı olan İslamın əmrlərini yerinə yetirməkdə ehmalkar davranmağımızdır. Qız uşağı ilə oğlan uşağı arasında oğlan və ya qız lehinə ayrı-seçkilik salan bir şəxs davranışına ayə və hədisdən heç bir dəlil gətirə bilməz.
Uşaqların qorunması məsələsi ilə bağlı Allahın Quranda bildirdiyi təhdid və tədbirlərdən biri də uşaq öldürmək qadağasıdır. Bəşər tarixi boyunca müxtəlif şəkillərdə də olsa, müxtəlif cəmiyyətlərdə və xalqlarda uşaqların öldürülməsi halları mövcud olmuşdur. Quran bu utandırıcı xüsusiyyətlərə bir çox ayədə toxunur. Quranda Hz.Musanın dövründəki Fironun İsrail oğullarının oğlanlarını öldürdüyü xəbər verilir. Firon təzə dünyaya gözlərini açan oğlan uşaqlarını öldürtdürür və qız uşaqlarını sağ saxlayırdı.13 İsrail oğullarının başına gətirilən bu cinayət düşmənçilik məqsədi ilə törədilirdi.
Kasıbçılıq, çətin vəziyyət, imkansızlıq qorxusu ilə öldürüb, "namus" qorxusu ilə qız uşaqlarını diri-diri torpağa basdıran və bu ənənənin İslam qəbul edilənə kimi geniş yayıldığını açıq şəkildə göstərən çoxlu məlumatlar mövcuddur. Bunlardan biri də müsəlman olmamışdan əvvəl öz əlləriylə 12 qızını diri-diri torpağa basdırmış Kays bin Asımla əlaqəlidir. Müsəlman olandan sonra günahını etiraf edərək ilk öncə Hz.Peyğəmbərdən bu günahdan xilas olmağın çarəsi olub-olmamasını soruşub.
Sasaa bin Naciyə imkanlı bir şəxs idi. Bu xeyirsevər adam da Peyğəmbərə (s) müraciət edərək müsəlman olmamışdan əvvəl 360 nəfər uşağı pulla alaraq ölümdən xilas etdiyini və bu əməlinin mənəvi mükafatının nə olacağını soruşmuşdu.
Quran müxtəlif bəhanələrlə qiyamətə kimi davam edəcək bu cür hərəkətlərlə ciddi şəkildə mübarizə aparır. Buna iki misalla nəzər yetirməyə çalışaq:
"Ənam" surəsinin 151-ci ayəsində ən böyük günahlar ardıcıllıqla bildirilərkən uşaq öldürmək üçüncü cərgədə yer tutur. Ayədə Allah belə buyurur: "De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq qorxusu üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın haram buyurduğu cana qıymayın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!" ("Ənam" surəsi, 151).
"İsra" surəsində də Allah uşaq öldürməyin "böyük günah" olduğunu bir daha təkrar vurğulamışdır: "Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!" ("İsra" surəsi, 31).
Həmçinin Allah Quranda uşaqlarını öldürənlərin ziyana məruz qalacaqlarını bildirir: "Səfehlik üzündən, anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər" ("Ənam" surəsi, 140).
Yenə Quranda qadın və kişilərlə bağlanan əhdlərdə, saziş və beyətlərdə uşaq öldürməmək şərti qoyulur: "Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" ("Mumtəhinə" surəsi, 12).
Quranda uşaqları öldürmək qadağası təkrar edilərək bizə tənbeh edilir. "Təkvir" surəsində "diri-diri torpağa gömülən körpə qızdan" hansı günaha görə öldürüldüyünün soruşulacağı bildirilir.
Texnologiya əsrində iqtisadi çətinlikləri bəhanə edərək, onların tərbiyəsi ilə məşğul ola bilməyəcəklərini səbəb göstərərək, elm adamı və ya iş adamı olduğunu əldə əsas tutaraq övladlarını bətnlərində hərəkət etmələrindən sonra öldürənlər, böyük insan öldürmüş kimi cinayət törətmiş sayılırlar. Bunun qarşısını almaq üçün öncədən alınan tədbirlərin heç birini İslam qadağan etmir.
Hətta olduğum bir şəhərdə eşitdiyim hadisə də çox ibrətamizdir: Bir cavan ailə artıq bir qızları və bir oğlanları olduğunu nəzərə alaraq üçüncüyə ehtiyac olmadığını, "sonra olsa daha yaxşıdır" deyərək iki uşağı evdə qoyub bətnindəkini "aldırmaq" üçün həkimə müraciət edirlər. Əməliyyatdan sonra evə qayıdan ailə iki körpəsinin də qazdan boğulduğunun acı şahidi olurlar. Lakin sonrakı peşmançılıq fayda vermir.
Dostları ilə paylaş: |