Qadınlara atılan böhtanlar
Bəzi insanlar yaşayış tərzlərini özlərinin müəyyənləşdirdiyi doğrular və səhvlərin üstündə qurduqları üçün İslamın insanlara verdikləri həqiqətlərdən xəbərsizdirlər. Belələri İslamda qadına nə qədər əhəmiyyət və dəyər verildiyini bilmirlər. Bəziləri də "Qadınları evlərindən çölə buraxmayın, onlara oxumağı-yazmağı öyrətməyin, ip əyirməyi öyrədin" - kimi Peyğəmbərin adından uydurulan hədislərə uyğun olaraq hərəkət edirlər. Ancaq hər bir müsəlman bu cür sözlərin İslamın ümumbəşəri prinsiplərinə zidd olduğunu dərk edərək bu əsassız sözləri Peyğəmbərə istinad edənlərə: "Kim mənə qəsdən yalan isnad edərsə, cəhənnəmdəki yerini hazırlasın" hədisini xatırlatmalı və bu cür uydurulmuş hədislərdən sitat gətirənləri belə sözlərdən çəkindirməlidirlər.
Bəzi müsəlman ailələrində mövcud olan patriarxal həyat tərzinə haqq qazandırmaq üçün bunu ayə və hədislərlə əsaslandırmağa çalışmaq istəyənlər həmişə olmuşdur. Hətta gətirilən hədislərin doğruluğuna fikir verilmədən zəif hədislərdən (uydurulmuş hədislər də bura daxildir) dəlil kimi istifadə etməyə çalışanlar da olmuşdur. Məsələn, Peyğəmbərə istinad edilən bir söz var: "Üç şey uğursuzluq gətirir: Ev, at və qadın".14 Bu ən çox hədis rəvayət edən səhabə Əbu Hüreyrədən nəql olunmuşdur. Həzrəti Aişə bu hədisi rəvayət edən Əbu Hureyrəyə kəskin etirazını bildirib, adı çəkilən səhabənin Peyğəmbərin bu hədisinin əvvəlini eşitmədiyini söyləyib. Həzrəti Aişə Peyğəmbərin (s) başqa bir tayfanın uğursuzluğu bu üçündə gördüyünü söyləyərkən hədisi nəql edən səhabənin içəri girib həmin sözlərin axırını eşitdiyini bildirərək məsələyə açıqlıq gətirmişdir.
Müxtəlif dövrlərdə qadının uğursuz olduğunu düşünən təfəkkür İslam tarixində bəzi sosial fəlakətlərin məsuliyyətinin qadınla əlaqələndirilməsinə və buna uyğun olaraq da qadınlara qarşı təzyiqlərin güclənməsinə səbəb olduğuna gətirib çıxarıb. Məsələn, Fatimi xəlifəsi Hakim Biəmrillah hicri tarixi ilə 391-ci ildəki (miladi 1001) quraqlığı və yoluxucu xəstəlikləri qadınların özbaşına evdən çıxmaları ilə əlaqələndirərək onların evdən kənara çıxmalarını qadağan etmişdi. Buna oxşar bir icraatı da qıtlığın və yenə yoluxucu xəstəliklərin yayılmasının günahkarı kimi Məmluk Sultanı Barsbay tətbiq etmişdir.15
Peyğəmbərə istinad edilən və heç bir əsası olmayan hədislərdən biri də namaz qılan şəxsin qabağından eşşəyin, qara itin və qadının keçməsi halında namazın pozulması ilə bağlı olan hədisdir.16 Bu hədis Peyğəmbərə istinad ediləndə Həzrəti Aişə kəskin şəkildə bunu rədd edərək belə buyurub: "Bəzən Allah Rəsulu namaz qılarkən mən onunla qibləsi arasında yatmış olurdum. Səcdə etmək istəyəndə ayaqlarıma toxunar, mən də ayaqlarımı yığışdırardım".17
Peyğəmbərin adından uydurulmuş bu cür hədislər olmasına baxmayaraq, İslam cəmiyyətlərində qadınlar heç vaxt ictimaiyyətin nifrət mərkəzində olmamışlar. Həzrəti Peyğəmbərdən sonra bəzi müsəlmanlar arasında qadınlara qarşı fərqli münasibəti isə onların dini mənsubiyyəti ilə deyil, şəxsi prinsipləri, adət-ənənələri və ictimai qınaqla əlaqələndirsək, daha məntiqli olar.
Həzrəti Peyğəmbərin dövründə qadınların da eyni ilə kişilər kimi sosial həyatın bütün sahələrində aktiv rol oynadıqlarını, vəzifələr tutduqlarını, İslam cəmiyyətinə xeyir verdiklərini görmək mümkündür. Qadınların eyni zamanda "Peyğəmbər məscidi"ndə daha aktiv fəaliyyətləri olub. Səhabə qadınlar bayram və cümə namazları ilə yanaşı, gündəlik namazlarda da Peyğəmbərin arxasında namaz qılıblar. Hətta Allah Rəsulu qadınların da bayram namazlarında iştirak etmələrini istəyib, namaz qıla bilməyənlərin isə yenə məscidə gələrək hamı ilə birlikdə təkbir gətirmələrini tövsiyə etmişdir.18
Həzrəti Peyğəmbər bir çox hallarda qadınların məsciddə ibadət etdiyi yerlərə gedərək onlara dini məlumatlar da vermişdir. Peyğəmbərin vaxtında qadınların məsciddə eyni imamın arxasında dayanaraq namaz qıldıqları halda, Allah Rəsulundan sonrakı bəzi dövrlərdə onların evdə namaz qılmasının məsciddə qılmalarından daha məqsədəuyğun olduğu və məscidə getmələrinin fitnəyə səbəb olacağı kimi inanc yerləşməyə başladı. Bəzi qadınlar da bu cür sözlərin təsirindən sonrakı dövrlərdə ortaya atılmış və insanlar tərəfindən müqəddəs olduğu bildirilən yerlərə getməyə başlamışdılar ki, bu xurafatın yayılmasına təkan verən səbəblərdən olmuşdur.
Bəziləri hələ də qadına qarşı cinsi ayrı-seçkilik aparmaqda davam edilər. Müxtəlif cəmiyyətlərdə bu cinsə qarşı qoyulan tabular qarşısında aciz qalan qadınlar bəzən qadın olmalarından utanırlar. Hətta qadınlar öz xüsusi halları haqqında ərlərinə danışmaqdan da çəkinirlər. Bilməliyik ki, qadın hər şeydən əvvəl insandır. Allah kişini də, qadını da insan olaraq yaradıb. Allah Qurani-Kərimdə insanı ən gözəl surətdə yaratdığını bildirir: "Biz insanı ən gözəl biçimdə yaratdıq!" ("Tin" surəsi, 4). Allah burada qadını kişidən fərqli yaratdığını deyil, insan olaraq hər ikisini ən gözəl surətdə yaratdığını bəyan edirlər.
Dostları ilə paylaş: |