İKİ SƏRKƏRDƏ
Polkovnik Kərimbəy Novruzovun adına ilk dəfə süvari generalı Aleksey Alekseyeviç
Brusilovun “Mənim xatirələrim” kitabında rast gəldim.
A.A.Brusilov inqilabdan əvvəl rus süvari ordusunun ən məşhur sərkərdələrindən biridir.
1916-cı ildə Cənub-qərb cəbhəsinin baş komandanı və “Brusilov cəbhəsi”nin müvəffəqiyyətli
hücumunun təşkilatçısı olub. 1917-ci ilin may-iyun aylarında Ali Baş komandan olan Brusilov
1920-ci ildə könüllü olaraq Qızıl Ordu sıralarına keçmişdir. O, ömrünün axırınadək (1926) Sovet
hökumətinə sədaqətlə xidmət etmişdir. Hərbi tarixçilər Birinci dünya müharibəsindən yazanda
“Brusilov cəbhəsi”ndəki müvəffəqiyyətli əməliyyatlardan iftixarla söhbət açırlar.
Belə bir şöhrətli sərkərdə həmyerlimiz, polkovnik Kərimbəy Novruzov haqqında
məhəbbət və ehtiramla danışır.
Fərəhləndirici bir faktı da oxucuların nəzərinə çatdırmaq istərdim. 1877-78-ci illərdə rus-
türk müharibəsi zamanı poruçik A.A.Brusilov polkovnik Kərimbəy Novruzovun yavəri
olmuşdur. Bu barədə Brusilov yazır:
“Mən atla öz komandirimdən on addım arxada gedirdim. Qəflətən düşmən mərmisi
dəhşətli uğultu ilə mənimlə komandirimin arasında yerə düşüb partladı. Polkovnik Novruzovun
atı bərk sıçrayışla bütün cilovları qıraraq üçüncü eskadrona soxuldu. Orada onu tutdular. Mənim
atım isə qorxudan dalı üstə yıxıldı, mən də onunla birlikdə yerə dəydim. Dərhal at qalxıb
götürüldü. Bu vaxt bizim atlı dəstə löhrəm yerişlə çapdı. Mən əsir düşməmək üçün döyüş
meydançası ilə qaçmağa başladım.
Atımı tutmuş şeypurçumuzu görəndə hədsiz dərəcədə sevindim və tez atı minib öz
komandirim polkovnik Novruzova çatmağa çəhd göstərdim...”.
1980-ci ildə “Molodaya qvardiya” nəşriyyatı Sergey Semanovun “Brusklov” kitabını
“Görkəmli adamların həyatı” seriyasından nəşr etmişdir. Müəllif Semanov generalın xatirələrinə
əsaslanaraq həmyerlimiz haqqında və onun döyüş fəaliyyəti barədə geniş məlumat verir. Lakin
müəllif kitabının 49-53-cü səhifələrində polkovnik Novruzovun familiyasını səhvən “Nevrozov”
kimi vermişdir.
Sergey Semanov kitabının qırx doqquzuncu səhifəsində yazır:
113
“Stolun yuxarı başında parlaq epoletli və sinəsini ordenlər bəzəyən polkovnik Novruzov
əyləşmişdi. Yüksək əhval-ruhiyyəli polk komandirinin yanında iki qadın var idi. Biri onun həyat
yoldaşı, digəri isə böyük qızı idi.
... Polkovnik Novruzov əlini qaldırdı, böyük yumruğu içərisində üzəri gümüşlə işlənmiş
Qafqaz buynuzu demək olar ki, görünməz oldu. Məclisi sükut bürüdü. Novruzovun da əksər
hərbçilər kimi gur səsi olsa da çox danışmağı sevməzdi. Elə bu gur səslə də o, Vətən və əlahəzrət
imperator haqqında bir neçə dəyərli söz deyəndən sonra sanki çiynindən ağır yük götürülmüş
kimi “ura” qışqırdı. Zabitlər hamılıqla onun səsinə səs verdilər. Sonra isə komandirin, komandir
xanımının və qızının sağlığına badə qaldırıldı.
Başqa bir səhifədə isə S.Semanov yazır: “Polkovnik Novruzovun döyüş vaxtı əsəbləri
gərildi. O, elə qızardı ki, üzünün rəngi yaxasındakı müqəddəs Anna ordeninin parıltısı ilə
həmahəng oldu. Dərhal onun gur səsi eşidildi. O, komanda verdi:
- Şeypurçular irəli çıxsınlar, siqnal versinlər!”
Rus-türk müharibəsi başlananda polkovnik Kərimbəy Novruzov ikinci Nijeqorod süvari
divizionunun komandiri olmuşdur. 1877-ci il mayın on səkkizində Bəyliəhməd kəndi
yaxınlığında gedən odlu döyüşlərdə Kərimbəyin divizionu düşmənin beş minlik qoşununu pərən-
pərən salmış, onların iki topunu ələ keçirmişdir. Sağ cinahdan gələn əlavə qüvvə isə qəfil zərbə
endirərək Kərimbəyin divizionunu mühasirədə məhv etmək istəmişdir. Lakin qorxmaz komandir
özünü itirməmiş, güclü qüvvə ilə irəliləyən düşməni süngü döyüşü ilə geri oturtmuşdur.
Polkovnik Novruzovun divizionu səhərə yaxın təqib etdiyi düşməndən çoxlu qənimət və dörd
top ələ keçirmişdir. Bu döyüşdə göstərdiyi qeyri-adi qəhrəmanlığa görə polkovnik Kərimbəy
Novruzov “Müqəddəs Georgi ordeni” ilə təltif olunmuşdur. Komandan general-leytenant
Kondukov isə Kərimbəyi bu rəşadətinə görə brilyantla bəzədilmiş qılıncla mükafatlandırmışdır.
1913-cü ildə Tiflisdə ali zabitlər üçün buraxılmış “Sorğu kitabçası”nın yüz altmış
dördüncü səhifəsində igid həmyerlimiz haqqında belə bir qısa qeydə rast gəldik. “Qvardiya
polkovniki Kərimbəy Novruzov bir müddət Yelizavetpol quberniyasında məhkəmə rəisi
vəzifəsində işləmişdir. Hazırda istefada olan polkovnikdir”.
Süvari generalı A.Brusilovun 1923-ci ildə qələmə aldığı “Mənim xatirələrim” kitabında
bir general həmyerlimiz haqqında da məlumat var. Maraqlıdır ki, indiyədək Azərbaycan hərb
tarixində general-mayor Ağasıbəy Avşarovun adına heç yerdə rast gəlməmişik. Nə tarixi, nə də
bədii əsərlərdə general Avşarovun adı belə çəkilmir.
1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq Süvari Məktəbinin rəisi
vəzifəsinə təyin olunur. Həmin ildən də polkovnik A.Brusilov həmyerlimizin müavini işləmişdir.
A.Brusilov xatirələrində, S.Semanov isə general Brusilov haqqında yazdığı kitabında
həmyerlimizin hərbi fəaliyyəti barədə bəzi tənqidi fikirlər söyləsələr də, onun ordudakı
xidmətlərini dana bilməmişlər. S.Semanov “Brusilov” kitabının altmış səkkizinci səhifəsində
yazır:
“1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq suvari məktəbinin rəisi təyin
olundu. O, Azərbaycanın kübar nəslinin nümayəndəsi idi. Azərbaycan Rusiya tərkibinə daxil
olduqdan sonra onun ulu babaları bütün yerli nəcabətli kübar ailələri kimi - islam dinini
saxlamaq şərtilə rus dvoryanları ilə eyni hüquqa malik idilər. Azərbaycanlıların əksəriyyəti
orduda, xüsusilə də suvari alaylarında şərəflə qulluq edirdiləp General Avşarov geniş ürəyə
malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və bir az
da tənbəllik vardı.
1902-ci il fevralın 3-də general-mayor Ağasıbəy Avşarovu Peterburq Süvari Məktəbinin
rəisi vəzifəsindən azad edib qərargahda süvari ordunun baş müfəttişi təyin etdilər”.
Təəssüf ki, adı çəkilən müəlliflərin heç biri nə general-mayor Ağasıbəy Avşarovun, nə də
qvardiya polkovniki Kərimbəy Novruzovun sonrakı taleyindən məlumat verirlər. Şübhəsiz ki,
respublikamızda iki şöhrətli sərkərdənin nəvə-nəticələri yaşayır. Və əgər yaşayanlar varsa, hərb
tariximizin səhifələrini zənginləşdirmək xatirinə bizə yazmağı unutmasınlar.
|