13
çəkdirmiş, kəhrizlər qazdırmış və bu gün tarixi abidə kimi qorunan günbəzli hamamı
tikdirmişdir. Oğlu Əman xana məşhur şairə Xurşidbanu Natəvanın qızı Xanbikə xanımı alıb
Qarabağ xanlığı ilə qohum olmuşdur.
Bizdə olan bu qısa məlumatlardan burda ona görə istifadə etdik ki, bəzi tədqiqatçılar
Hüseyn xanla İsmayıl xanı qarışıq salırlar. Bu səhv ordan irəli gəlir ki, bir çox mənbələrdə hər
ikisinin adı “Xan Naxçıvanski” yazılır. Zadəgan nəslindən olduqlarına görə sağlıqlarında da
onlara hörmət əlaməti olaraq “xan” deyə müraciət edirmişlər. Hətta Əliağa Şıxlinski
“Xatirələrim”in yüz əlli beşinci səhifəsində Hüseyn xanın birinci dünya müharibəsindəki
fəaliyyətindən danışanda yazır: “General Xan Naxçıvanskinin komandası altında olan bizim
süvarilərimiz alman süvarilərini darmadağın etmişdilər”.
İsmayıl xan Hüseyn xanın doğma əmisidir. Rus ordusunda əvəzedilməz xidmətləri olan
Hüseyn xana, sonralar Cəmşid xan Naxçıvanskiyə hərb sənəti, yüksək sərkərdəlik bacarığı irsən
keçmişdir.
Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanskini müasirləri sərt,
nüfuzlu bir general kimi
təsvir edirlər. İlk dəfə mən onun şəklinə 1916-cı ildə çap olunmuş “Niva” jurnalının yeddinci
nömrəsində rast gəldim.
Rus-yapon və birinci dünya müharibəsindəki fəaliyyətini müxtəlif arxiv sənədlərindən
öyrəndim. İlk gəncliyi və təhsil illəri haqqında isə Naxçıvanda yaşayan tarix elmləri namizədi
İbrahim Bağırov məlumat verdi.
İbrahim müəllimin məlumatına görə general Hüseyn xan Naxçıvanski 1863-cü il iyunun
iyirmi səkkizində anadan olub. Atası on beş yaşlı Hüseyn xanı Peterburqdakı Paj korpusu
məktəbinə oxumağa göndərir. O vaxtlar Peterburqda çoxlu naxçıvanlı ziyalı yaşayırdı. Onların
arasında xan nəslindən olanlar çoxluq təşkil edirdilər. İmperatorun şəxsi himayəsində olan
korpus məktəbini Hüseyn xan 1881-ci ildə əla qiymətlərlə bitirir. Çarın xüsusi süvari qoşununda
xidmət edən kornet Naxçıvanski beş il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur.
Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi
xidmətdə olan Hüseyn xan
Naxçıvanski nümunəvi zabit kimi ali orden və medallara layiq görülür. Rus-yapon müharibəsi
başlayana qədər o, İranın “Şire-Xorşid” ordeninin ikinci və dördüncü dərəcəsi ilə (bahalı almazla
bəzədilmiş), zabitlərə məxsus “Rumın ulduzu” ilə, Avstriyanın “Dəmir xaç”, ikinci dərəcəli
“Stanislav”, dördüncü dərəcəli “Muqəddəs Aleksandr”, “Müqəddəs Anna”, Bolqarıstanın
“Döyüş xidmətlərinə görə” ordenləri ilə təltif olunur. Nizami orduda sərkərdəlik qabiliyyətinə
görə, Hüseyn xan 1903-cü il aprelin altısında polkovnik rütbəsi alır.
İnqilabdan əvvəlki qəzetlər, müxtəlif arxiv sənədləri öz səhifələrində Hüseyn xan
haqqında az da olsa məlumat verib. Onlarla tanış olanda istər-istəməz belə qənaətə gəlirsən ki,
Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov artilleriya sahəsində hansı zirvəni fəth etmişdisə,
Hüseyn xan Naxçıvanski də süvari birləşmələrinə komandanlıqda həmin zirvədə dayanırdı.
1904-cü ildə rus-yapon müharibəsi başlananda Naxçıvanski əksəriyyəti qafqazlılardan
təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi. Polkovnik Hüseyn xanın alayı
1905-ci il yanvarın on dördündə Lan-Lun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə
gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi
ilə dan üzü sürətli hucuma
keçərək onları kənddən vurub çıxartmışlar. Bu güclü döyüş səhnəsi məşhur rəssam
Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir. Əsərdə alay döyüşçülərinin qızğın
həmləsi və polkovnik Hüseyn xan Naxçıvanskinin obrazı ustalıqla işlənmişdir.
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı göstərdiyi döyüş
məharətinə görə üstü yazılı qızıl silah, dördüncü dərəcəli “Müqəddəs Georgi”, bantlı “Müqəddəs
Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur.
Birinci dünya müharibəsinə qədər imperatorun xüsusi qoşununda xidmət edən Hüseyn
xan Naxçıvanskiyə 1907-ci il martın otuz birində general-mayor rütbəsi verilmişdir.
Müasir rus hərbi tədqiqatçısı Fyodor Nesterov “İllərin əlaqəsi” (1984-cü il) tarixi-
publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı N.İ.İvanovun,
general qraf Kellerin və general Xan Naxçıvanskinin adlarını fəxrlə çəkir. O yazır ki, çar II
Nikolay manifestə qol çəkib hakimiyyətdən imtina edəndə belə, bu əsilzadə generallar əlahəzrətə
14
teleqramla
müraciət edərək bildirdilər ki, biz həmişə sənə sadiq qalacağıq. İmperator uzun illər
boyu bu əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi.
Hüseyn xan Naxçıvanski döyüşən ordu generalı idi. O, bütün rütbə və təltifatlara məhz
cəbhələrdəki xidmətlərinə görə layiq görülmüşdü. O, buyruq və məiyyət generalı deyildi.
Hərbçilər daha yaxşı bilirlər ki, süvari qoşunu üzrə tam ali general rütbəsinə çatmaq nə qədər
böyük istedad və sərkərdəlik bacarığı tələb edir. Hüseyn xan Rusiyanın o dövrdəki adlı-sanlı
generalları ilə birgə işləyirdi. Şöhrəti bütün Rusiyanı dolaşan, A.Brusilov, Y.Barsukov,
M.Draqomirov, Y.Alekseyev kimi generallar, onun ordu heyətindəki, müharibədəki döyüş
xidmətlərini yüksək qiymətləndirirdilər. Yəqin ki, Hüseyn xan Naxçıvanskinin
birinci dünya
müharibəsindəki xidmətlərini Dövlət mükafatı laureatı, hərb elmləri doktoru, professor, general-
mayor Yevgeni Barsukovun yüksək qiymətləndirməsindən F.Nesterovun xəbəri olmamış deyil.
Müharibənin ilk iyirmi gününü təsvir edən Barsukov, general Naxçıvanskinin müvəffəqiyyətli
hücumu haqqında yazır:
“Bir döyüşdə Xan Naxçıvanskinin süvariləri beş batalyonu, iki eskadronu,
on iki topu
İnster çayının o tərəfinə ataraq, iki top və dörd qutu mərmi ələ keçirmişdilər. İnster çayında,
Meşken Kraupişken və Lauqaden yaxınlığındakı bərələr tutulmuşdu.
Naxçıvanski 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə iştirak etmişdir. General-
leytenant Hüseyn xan rus süvarilərinin ən yaxşı hissələrinə-birinci və ikinci qvardiya süvari
diviziyalarına komandanlıq edirdi. Avqustun on beşindən iyirmi birinədək məşhur Qumbien
döyüşlərini qələbə ilə başa çatdıran Naxçıvanski süvariləri, həm də birinci ordunun kəşfiyyat
əməliyyatını aparmış və döyüşdə onlara kömək etmişlər. Az sonra Hüseyn xanın qvardiya
süvariləri Kraupişken şəhəri ətrafında, səkkiz kilometr məsafədə özünə müdafiə mövqeyi
tutmuş
almanlarla döyüşə girdi. Bu, həlledici döyüş idi. Almanlar bir addım belə geri çəkilmək
istəmirdilər. Onlar ilk gündən hücumu şiddətləndirib İnster çayı sahillərini tutmağa çan atırdılar.
Düşmən tərəf Naxçıvanski süvarilərinin güclü hücumuna tab gətirmədi. İlk dəfə süvari qvardiya
alayının eskadrolları almanların müdafiə xəttini yarıb bir neçə topunu ələ keçirdi... Çoxlu zabit
və əsgər itkisi verən düşmən tələsik geri çəkildi.
Sentyabr ayında düşmən cəhd edirdi ki, iki rus korpusunu birləşdiyi yerdə yaxalasın və
onlara qəfil zərbə endirsin. Düşmənin bu niyyətini hiss edən general Naxçıvanski Qordauen-
Nordenberq dəmir yolu boyunca mövqe tutaraq şiddətli döyüşləri dayandırmadı. Almanların
cəbhəni yarmaq cəhdi baş tutmadı.
Birinci dünya müharibəsi cəbhələrində göstərdiyi misilsiz qələbələrə və sərkərdəlik
məharətinə görə, Hüseyn xan Naxçıvanskiyə 1916-cı il yanvarın iyirmi üçündə tam süvari qoşun
generalı rütbəsi verildi.
Bir çox ali mükafatlara layiq görülən və zabitlərə məxsus “Müqəddəs Georgi” ordeninin
dörd dərəcəsi ilə təltif olunan görkəmli hərbi xadim Hüseyn xan Naxçıvanski 1919-cu ildə
Petroqradda vəfat etdi. Onun məzarı Aleksandr Nevski monastrının qəbiristanlığındadır.
Dostları ilə paylaş: