GENERAL KAMİL MƏMMƏDOV
Mart ayında çəkiliş qrupumuz Qubaya getmişdi. On iki yaşlı müharibə veteranı Maqsud
Musabəyov haqqında televiziya oçerki hazırlayırdıq. Söhbət azərbaycanlı generallardan düşdü.
Praporşik Firidun Cəfərov dedi ki, mənim orta məktəb yoldaşım Kamil iyirmi ildən çoxdur ki,
orduda xidmət edir. Hazırda Moskvada Baş Qərargah Akademiyasında işləyir, deyirlər artıq
general rütbəsi alıb. Praporşikdən Kamilin ünvanını, telefonunu aldım. Bakıya qayıdanda
Moskvaya zəng elədim. Həyat yoldaşı dedi ki, hazırda general vəzifəsindədir. Rütbə isə bu
yaxınlarda verilməlidir. Təltif olunan kimi sizə telefonla xəbər verəcəyik.
Şad xəbər gətirəcək telefon zəngini çox gözlədim. Hər dəfə xəttin o başından
“Darıxmayın, şad xəbər olan kimi özümüz bildirəcəyik” - deyirdilər. Nigarançılıq yaman şeydi.
Adam min cür fikrə düşür. Mərkəzin bizə münasibəti məlum olduğundan inamımı itirmişdim.
Tez-tez öz-özümə düşünürdüm təki bu xəbər düz olaydı. Ancaq doğrusunu deyim ki, ürəyimin
dərinliklərində bir şübhə vardı və bu şübhə mənə rahatlıq vermirdi. Nədənsə eloğlumuza general
rütbəsinin veriləcəyinə tam əmin ola bilmirdim.
Nəhayət, səkkiz aydan sonra bu şad xəbər mənə Moskvadan yox, Qubadan çatdı. Rayon
qəzetinin əməkdaşı Nazim Əhmədov zəng elədi ki, həmyerlimiz Kamil Məmmədov general-
mayor rütbəsi ilə təltif olunub. İkicə günlüyə anası Hökumə xanımı görməyə gəlib. Ehtiyat yaxşı
şeydi. Ehtiyatlı oğulun anası ağlamaz, deyiblər. Fikirləşdim ki, Nazim jurnalistdir, birdən hərbi
rütbələri səhv sala bilər. Ona görə də bir daha dəqiqləşdirmək üçün Quba rayon hərbi
komissarlığı ilə - praporşik Firidun Cəfərovla əlaqə saxladım. Firidundan soruşanda ki, öz
gözlərinlə Kamilin poqonunda general ulduzunu görmüsənmi? O, uşaq sadəlövhlüyü ilə, - bəli, -
dedi, elə indi təbrik edib gəlmişəm, hərbçi sözünə şəkk-şübhə etmədən təcili Qubaya yola
düşdüm.
Generalı evdə tapmadım. Anası Hökumə xanıma gözaydınlığa gələnlərə qoşulub mən də
təbrik etdim. “Bəs generalın özü hanı” sualıma ana şad bir təbəssümlə: - ay oğul, Tahir
gözümdən oğurlayıb apardı, - dedi, - uşaqlıq dostu, qonşumuz Mövsüm kişinin oğlu Tahiri
104
deyirəm. Saqqalı ağarmış, qoymur uşağımla doyunca söhbət edəm. - Oğullar nə qədər böyüsə də,
general yox, lap marşal da olsa, yenə anaların gözündə uşaqdı ki, uşaqdı... Ana sevinclə - aha,
budur gəldilər, - dedi.
İçəri boy-buxunlu iki nəfər daxil oldu. General Kamil Məmmədov və dostu Tahir
Məmmədov. İki gün qonağı olduğum dostların səmimiyyətindən belə hiss etdim ki, onları bir-
birindən fərqləndirən təkcə hərbi geyimdir. Hökumə ana ərklə Tahiri danladı. General isə onun
boynunu qucaqlayıb:
- Ay ana, bilirsən bu gün...
- Bilirəm, - dedi, - çox yaxşı bilirəm. Bu gün Tahirin ad, günüdür, əlli yaşı tamam olur.
Sən Rusiyyətdə ola-ola bilirsən, biz yox. Ona görə də Tahirin xətrinə dəymirəm. Sən burada
olmayanda dostlarından ən çox məni yoxlayan, halımdan xəbər tutan Tahirdir. Onu görüm yüz
yaşasın...
Xoş-beşdən sonra Kamil İsmayıl oğlu Məmmədovu sorğu-suala tutdum. İyirmi altı il
ordu sıralarında xidmət edən eloğlumuz ana dilimizin saflığını qoruyub saxlaya bilib. O,
danışdıqca qeyri-ixtiyari iki il orduda xidmət edib qayıdan bəzi gəncləri xatırlayırdım. Belələri
ordudan qayıdandan sonra tez-tez rus kəlmələri işlədirlər. Soruşanda ki, niyə belə danışırsan,
cavabı da bu olur ki, bizim hissədə azərbaycanlı əsgərlər az idi. Ona görə də dilimi
yadırğamışam.
Amma Kamil danışanda Qubadan elə bil bu gün çıxıb. Hər iki dildə səlis və savadlı
danışıq qabiliyyətinə malikdir. Kaş bütün gənclərimiz doğma ana dilimizə belə hörmətlə
yanaşaydı. “Gənc” deyirəm, ona görə ki, general Kamilin cəmi-cümlətanı, qırx altı yaşı var. Bu
gün bu yaşda general kimi yüksək rütbəyə layiq görülmək böyük hadisədir. Elə generala da ilk
sualım bu mövzuda oldu.
- Yoldaş general, iyirmi altı il ordu heyətində qulluq etmək az müddət deyil. Bu illər
ərzində Azərbaycanda xidmətdə olmamısınız. Xidmət etdiyiniz yerlərin coğrafiyası az da olsa
mənə məlumdur. Brest, Leninqrad, Ukrayna, Almaniya Demokratik Respublikası, Əfqanıstan
Demokratik Respublikası, indi isə Moskvadasınız. Necə oldu ki, danışığınızda ana dilimizin
saflığını qoruyub saxlaya bildiniz?
- Əvvəla onu deyim ki, tez-tez məktəb yoldaşlarımla, anamla, qardaşlarımla
məktublaşıram. Mənə belə gəlir ki, bir dili mükəmməl öyrənmək istəyirsənsə, o dildə yazmaq
əsas şərtdir. Hiss edirdim ki, bəzi sözləri unuduram. Onda öz-özümlə ana dilimdə danışırdım.
Bəzən də oturub dostum Tahirə, Firdovsiyə, Rafiqə uzun-uzadı məktublar yazırdım. Bu
məktubların mövzusu əsasən gənclik macəralarımızdan ibarət olurdu. Bir də görürsən, gecənin
bir vaxtı yuxudan oyanıram, yata bilmirəm, yuxu məni tutana kimi Qubanı xatırlayır, ayrı-ayrı
dostlarımla təklikdə söhbət edirəm. Belə hallar məndə ən çox Əfqanıstanda, Almaniyada qulluq
edəndə olurdu. Bir də hara gedirəmsə, Azərbaycan dilində olan kitablar mənimlə “xidmətdə”
olur. Onlar çox deyil, əsasən klassiklərimizin əsərlərindən ibarətdir. Lüğət də ki, öz yerində. Axı
mən harada oluramsa fəxrlə “azərbaycanlıyam” deyirəm. Bəzən rus dilində səlis danışdığımı
görən müsahibim mənə sual verir ki, öz dilində də belə təmiz danışa bilirsənmi? Onda elə
bilirəm məni təhqir edirlər, necə ola bilər ki, insan öz ana dilini unutsun. Zənnimcə, bundan
böyük nadanlıq ola bilməz, ana dilini unutmaq elinə-obasına arxa çevirməkdir.
- Mart ayında Qubada olanda gənclik dostumuz Firidundan bioqrafiyanızdan bəzi faktları
öyrənə bildim. Onda rütbəniz polkovnik olsa da mənim üçün Siz artıq general idiniz. Biz bir az
tələsmişdik. İndi özünüzdən, daha ətraflı eşitmək istərdik. Nə vaxt, harada anadan olmusunuz?
- 1942-ci il fevralın dördündə Quba şəhərində Müxtədir küçəsindəki qırx beş nömrəli
evdə anadan olmuşam. Bir nömrəli şəhər orta məktəbini bitirmişəm. 1959-cu ildə Qubadakı kənd
təsərrüfat texnikumuna daxil olub tərəvəzçi ixtisası almışam.
1963-cü il noyabrın on ikisində növbəti hərbi xidmətə çağrılmışam. Üç il Brest
şəhərindəki artilleriya alayında qulluq etmişəm. Üçillik Tambov şəhərindəki hərbi artilleriya
məktəbini, 1967-ci ildə leytenant rütbəsində qurtarmışam. Hərbi məktəbi əla qiymətlərlə
bitirdiyimə görə məni Almaniya Demokratik Respublikasına göndərdilər.
105
1973-cü ilə kimi orada xidmət etdim. Həmin ili baş leytenant rütbəsində baş qərargahın
Arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olundum.
1976-cı ildə akademiyanı mayor rütbəsində bitirib Ukraynaya diviziya komandirinin
müavini vəzifəsinə göndərildim.
1979-cu ildə mənə podpolkovnik rütbəsi verildi.
1982-1983-cü ildə Orta Asiyada korpus komandirinin müavini işlədim.
1983-cü il oktyabrın 19-da Əfqanıstana korpus komandirinin məsləhətçisi göndərdilər.
İki il iki ay dörd gün Əfqanıstanda xidmət etdim.
1986-ci ilin yanvarında xidmət yerimi Leninqrada dəyişdilər. Məni Leninqrad hərbi
dairəsində ordu komandanının müavini təyin etdilər. Bu ilin yanvarından isə Baş Qərargah
Akademiyasında çalışıram.
- Bəs general fəxri rütbəsinə nə vaxt layiq görüldünüz?
- SSRİ Nazirlər Sovetinin 1989-cu il bir noyabr tarixli qərarı ilə general-mayor rütbəsi
ilə təltif olundum.
- Nəslinizdə, ya da ailənizdə sizdən başqa hərbçi varmı?
- Atam İsmayıl Məmmədtağı oğlu dəmirçi idi. Ömrünün axırına kimi “Kommunizm
yolu” kolxozunda dəmirçi işləyib, halal zəhmətilə ailəmizin on bir baş üzvünü saxladı. Nə
nəslimizdə, nə də ailəmizdə hərbçi yoxdur.
- Necə oldu ki, hərb sənətini seçdiniz? Bu təsadüfdür, yoxsa bir səbəbi var?
Aqranomından birdən-birə hərbi işə keçmək... Bu sənətlər arasında qohumluq əlaqəsi demək
olar ki, yoxdur...
- Bir gün belə aqranom işləməmişəm. Bu sənət ürəyimcə deyildi. Ora bir təsadüfdən
düşmüşdüm. Hərb sənətini sevməkdə orta məktəbdə riyaziyyat müəllimim olmuş mərhum
Arzuman Paşayevə borcluyam. Məktəbdə mən onun ən sevimli şagirdi olmuşam. Ona görə ki,
riyaziyyatı əla bilirdim. Tambov hərbi məktəbini, Baş Qərargah Akademiyasını əla qiymətlərlə
bitirdiyimə görə Arzuman müəllimi ömrüm boyu minnətdarlıqla xatırlayacam. Arzuman
müəllimin ikicə pencəyi vardı. Biri ilə dərsə gələr, o birini isə həyət-bacada geyinərdi. O, çox
səmimi insan idi və əsl pedaqoq kimi nümunəvi dərs keçərdi. Brestdə sıravi əsgər kimi xidmət
edəndə məzuniyyətə gəlmişdim. Qohumum Yusif Eldarov məni evinə apardı. Müharibə vaxtı
odun-alovun içində aldığı “Qırmızı ulduz” ordenilə onu otuz ildən sonra təltif etmişdilər. Yusif
əmi böyük fəxrlə mənə orden və medallarını göstərib, hərb sənətindən, özünün döyüş yolundan
maraqlı söhbət etdi. Bax, onda Yusif əmi uşaqlıqdan qəlbimdə sevib bəslədiyim hərb sənətinə
getməyimə tam təkan verdi. Heç kəs mənə demədi ki, get hərbçi ol, mən özüm hiss elədim ki,
məndə hərbi istedad var.
- Əgər uşaqlıqdan hərb sənətinə maraq göstərmisinizsə, demək azərbaycanlı
generallardan, hərbçilərdən kiminsə döyüş yolunu öyrənmisiniz, hansı hərbçiyəsə oxşamaq
istəmisiniz. Bu gün tarixi sənədlər, araşdırmalar hökm verir ki, səksəndən çox azərbaycanlı
generalımız var. Bunların hansı biri haqqında daha çox məlumata maliksiniz?
- Ən çox sevdiyim, həyatını addım-addım öyrəndiyim Həzi Aslanov olub. Necə
deyərlər, onun havasına uçurdum. Onun haqqında harda, nə çap olunurdusa toplayırdım.
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədovun, Həbibulla Hüseynovun, Qafur
Məmmədovun, Mehdi Hüseynzadənin ömür yolunun mənim hərbçi olmağımda çox böyük
xidmətləri olub. Artilleriya generalı Əliağa Şıxlinski haqqında balaca bir yazını oxuyanda
düzü xalqımın nələrə qadir olduğuna heyran qaldım. Qoy oxucular məni bağışlasın,
təvazökarlıqdan uzaq da olsa deməliyəm, ki, onda qət elədim ki, general olacam. Mənzilin
uzaqlığını, hərb sənətinin ağırlığını çox gözəl bilirdim. Axı, mən sıravi əsgərdən başlamışam.
Ona görə də hərb sənətinin sirlərinə yaxşı bələdəm. Hər yerdə də riyaziyyat köməyimə gəlib.
Nizam-intizam da öz yerində. Ona tam əməl eləməyən əsgərdən, zabitdən general ola bilməz.
- Bu gün siz Sovet Ordusunun “beyni” adlandırılan Baş Qərargah hərbi Akademiyasında
çalışırsınız. İşinizin mahiyyəti və tutduğunuz vəzifə nədən ibarətdir?
- Maddi və texniki təchizat üzrə Lenin və Suvorov ordenli K.Y.Voroşilov adına hərbi
Akademiyada Baş Qərargah rəisinin müaviniyəm. Bu vəzifəyə məni yalnız işimə görə təyin
106
ediblər. Vətən Sovet Ordusu sıralarında yerimi müəyyənləşdirib. Hərbin öz sirləri var, bir hərbçi
kimi mən də onu qorumalıyam.
- Hazırda respublikamızda milli ordu yaratmaq haqqında söhbət və müzakirələr gedir.
Əgər milli Azərbaycan ordusu yaradılsa və sizi də ona komandirlik etməyə dəvət etsələr
gələrsinizmi?
- Mən Vətənin əsgəriyəm. O hara əmr etsə, ora da məmnuniyyətlə getməyə hazıram. Bu
vəzifəni, yüksək rütbəni nə özüm, nə də ailəm üçün qazanmamışam. Məhz doğma
Azərbaycanımın xatirinə, onun adının ucalığı naminə hərbin sərt və dönməz qanunlarına
dözmüşəm. O elm, o bacarıq ki, Vətən yolunda sərf olunmur, zənnimcə, o şəxs özündə ağır və
havayı yük gəzdirir.
- Həyatda ən çox nəyi sevirsiniz?
- Sərt və doğruçu olmağı. Amma bu sərtlikdə ədalət də olmaq şərtilə.
- Yoldaş general, unutmuşam, bilmirəm fransız hərbçilərindədir, yoxsa ruslarda belə bir
zərb-məsəl var: “hər bir əsgər yürüş çantasında marşal poqonları gəzdirir”. Bu məsələyə necə
baxırsınız?
- İcazə verin, mən də sizə böyük sərkərdə Suvorovun sözlərilə cavab verim: “General
olmaq arzusunda olmayan əsgər, əsgər deyil”. Lap elə elm, istehsalat sahəsini götürək. Hansı
elmi işçi professor, ya da akademik olmaq arzusuyla yaşamır? Hansı mühəndis rəis olmaq
arzusunda deyil? Mənə görə, nə olursan ol, yaxşısından ol. Xalqın, elin-oban səninlə fəxr etsin.
Yaxşı mütəxəssis olmaq çox çətindir. Özünü əsl vətəndaş sayan hərbi mütəxəssis buna səy
göstərməlidir. Onda generallığa yox, marşallığa da nail ola bilər. Əgər istəyi ilə bərabər zəhmət
də çəksə.
- Ailə tərkibiniz?
Bircə oğlum var. Elmar Məmmədov, səkkizinci sinfi əla qiymətlərlə qurtardıqdan sonra
Moskvadakı Suvorov adına hərbi məktəbə qəbul olundu.
1982-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib, RSFSR adına Ali hərbi məktəbə daxil
oldu. 1986-cı ildə leytenant rütbəsində ən uzaq N. qarnizonuna xidmətə göndərildi. Hazırda
kapitandır, ümumqoşun hissəsində xidmət edir. Həyat yoldaşım isə Petrozavodsk Dövlət
Universitetinin beşinci kursunda, iqtisadiyyat fakultəsində oxuyur.
- Ən çox sevindiyiniz və xatırladığınız gün?
- Noyabrın iyirmi dördü. Bu gündə oğlum Elmar, dostum Tahir Məmmədov anadan olub.
Təsadüfə bax ki, böyük sərkərdə Suvorov da həmin tarixdə anadan olub. Və biz də sizinlə 1989-
cu il, noyabrın iyirmi dördündə ilk dəfə görüşüb tanış oluruq.
- İyirmi altı illik hərb yolunda xidmətləriniz hansı təltifatlara layiq görülüb?
- Üçüncü dərəcəli “SSRİ-də Vətənə xidmətə görə” kavaler, Əfqanıstanda “İgidliyə görə"
ordenləri və on üç medalla təltif olunmuşam.
İllərlə araşdırdığım tarixi sənədlər təsdiq edir ki, inqilabdan əvvəl və sonra səksən beş
azərbaycanlı general olmuşdur. Kamil Məmmədovun general-mayor rütbəsi ilə təltif olunması bu
rəqəmi səksən altı elədi. Əlbəttə, sülh və əmin-amanlıq dövründə qırx yeddi yaşında belə bir ali
rütbəyə layiq görülmək böyük hadisədir. İnanırıq ki, Sovet Ordusunda nümunəvi xidmət edən
eloğlumuz Kamil Məmmədov özünün hərbi fitri istedadı ilə daha ali rütbəyə layiq görüləcək,
daha yüksək zirvələr fəth edəcək.
Dostları ilə paylaş: |