Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 10 iyun tarixli,
103 nömrəli qərarı ilə
təsdiq edilmişdir Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları 1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarında paylayıcı qurğulardan, kabel və hava elektrik ötürücü xətlərindən ibarət olan elektrik qurğuları;
elektrik qurğuları — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər;
paylayıcı qurğu — elektrik şəbəkəsinin bir hissəsi olaraq, istehlakçılara elektrik enerjisini çatdıran elektrik qurğuları;
hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları;
kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusu;
xəttin trası — kənar məftillərdən müəyyən olunmuş məsafələrdə yerləşmiş, paralel xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahə;
mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr.
2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir.
Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir.
3. Elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır.
4. Elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır.
5. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir:
a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:
Un, kV — xətlərin gərginliyi;
L, m — məsafələrdir;
Un, kV
>l20
35
110
150
220
330-500
L, m
10
15
20
25
25
30
b) yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi;
c) sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 100 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan, suyun səthindən dibinə qədər olan su boşluğu;
ç) hava elektrik ötürücü xətlərinin su hövzələrindən (çaylar, kanallar, göllər və s.) keçidi boyunca, gəmiçilik üçün yararlı hövzələrdə kənar naqillərin yellənməyən vəziyyətində hər iki tərəfdən 100 m aralıda yerləşən şaquli müstəvilərlə məhdudlaşan su hövzəsinin səthindəki hava məkanı, gəmiçilik üçün yararlı olmayan hövzələrdə isə hava elektrik ötürücü xətlərinin mühafizə zonalarının müəyyən edilməsi üçün nəzərdə tutulmuş məsafə.
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
8. Hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən torpaqlarda həmin torpaqları müvəqqəti su basması ilə əlaqədar olan işlər torpaq mülkiyyətçisi və yaxud istifadəçisi ilə həmin xətlərin istismarçısı arasında razılaşma əsasında görülür.
9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir.
10. Meşə massivlərində və yaşıllıqlarda yerləşən hava elektrik ötürücü xətlərinin, yarımstansiyaların və paylayıcı qurğuların perimetri boyunca cığırların salınması onların mülkiyyətçisi ilə razılaşdırılmaqla həyata keçirilir.
11. Hava elektrik ötürücü xətləri meşə massivlərindən, parklardan, bağlardan və başqa çoxillik əkmələrdən keçdikdə, ağacların qırılması və budanması elektrik ötürücü xətlərinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən onların mülkiyyətçiləri ilə razılaşdırmaqla yerinə yetirilir. İkitərəfli razılaşma olduqda isə həmin işlər elektrik ötürücü xətlərinin istismarçısı tərəfindən müəyyən edilmiş qaydalara müvafiq həmin əkmələrin, fərdi bağ və başqa çoxillik əkmələrin mülkiyyətçiləri tərəfindən yerinə yetirilir.
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır:
a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;
b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması;
c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması;
ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi;
d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər.
Elektrik şəbəkələrinin mühafizə zonalarında partladılma işlərinin görülməsinə rəsmi razılıq həmin işləri görən müəssisələrə, təşkilatlara və idarələrə Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş «Partladılma işləri zamanı vahid təhlükəsizlik Qaydaları»nda nəzərdə tutulmuş müvafiq sənədləri təqdim etdikdən sonra verilir.
Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər.
13. Elektrik ötürücü xətlərinin mühafizə zonası hüdudlarında müəssisələr tərəfindən işlərin yerinə yetirilməsi qaydaları müvafiq nazirliklər və təşkilatlarla (tikinti işləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə) razılaşdırılaraq, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən müəyyən edilir.
Gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin yaxınlığında yerləşən müəssisələrin işçilərinin, əhalinin əməyinin və sağlamlığının mühafizəsini təmin edən şərtlər Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən müəyyən edilərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılır.
14. Elektrik şəbəkələrinin normal işini pozan, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək hər bir fəaliyyət növü qadağan edilir, o cümlədən:
a) elektrik şəbəkələrinin mühafizə zonalarında yanacaqdoldurma stansiyalarının və digər yanacaq-sürtkü materialları anbarlarının yerləşdirilməsi;
b) kənar şəxslərin elektrik şəbəkələrinin ərazisinə və tikililərinə daxil olması, elektrik şəbəkələrinin qurğularının qapılarını və örtüklərini açması, elektrik şəbəkələrində açıb-qoşma əməliyyatlarını aparması;
c) elektrik şəbəkələrinin obyektlərinə gedən yollarda hərəkətin məhdudlaşdırılması;
ç) kənar şəxslərin dirəklərə çıxması, kənar əşyaların məftillərin, dirəklərin üstünə atılması və yaxud onlara yaxınlaşdırılması;
d) elektrik şəbəkələrinin mühafizə zonalarında və onların yaxınlığında zibilxanaların yaradılması;
e) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yem, peyin, saman, torf, odun və başqa materialların yığılması, ocaq və ya tonqal qalanması;
ə) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında idman və oyun meydançaları, stadionlar, bazarlar, ümumi istifadədə olan nəqliyyat üçün dayanacaq məntəqələrinin və bütün növ maşın və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, müəyyən olunmuş qaydada icazə verilmiş işlərin yerinə yetirilməsinə aidiyyəti olmayan insanların böyük toplantısı ilə keçirilən tədbirlərin təşkil olunması;
f) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında havaya çərpələng, uçan aparat, idman modellərinin, o cümlədən idarə olunmayan uçan modellərin buraxılması;
g) gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında dəmir yolu nəqliyyatı istisna edilməklə, bütün növ nəqliyyatın dayanması;
ğ) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında və onların yaxınlığında zərb mexanizmləri ilə işlərin görülməsi, oraya kütləsi 5 tondan artıq olan ağırlıqların, korroziyaedici, yeyici maddələrin və yanacaq-sürtkü materiallarının tullanması və axıdılması;
h) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında lövbər salınması, buraxılmış lövbərlərlə, zəncirlərlə, qayıqlarla, balıq toru və trallarla keçilməsi.
15. Elektrik şəbəkələrinin üstündəki və ətrafındakı hava məkanında hava gəmilərinin uçuşları, həmin məkandan başqa cür istifadə edilməsi, elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarı Azərbaycan Respublikasının hava məkanının istifadəsini tənzimləyən qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir.
16. Elektrik şəbəkələrinin mühafizə zonaları yaxınlığında şəbəkələrin zədələnməsinə səbəb ola bilən partladılma, inşaat və digər işləri icra edən müəssisə işlərə başlamazdan 12 gün əvvəl elektrik şəbəkəsinin mülkiyyətçisi və yaxud istismarçısı ilə şəbəkənin qorunması şərtlərini, işlərin yerinə yetirilməsi qaydasını razılaşdırmalı və müvafiq tədbirlər görməlidir.
17. Elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər.
Suvarma və kollektor-drenaj kanalları tikildikdə, üzümlük və bağlar üçün dayaqlar quraşdırıldıqda və digər işlər görüldükdə, elektrik şəbəkələrinə gedən maşın və piyada yolları məhdudlaşdırılmamalıdır.
18. Elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır.
19. Elektrik şəbəkələri avadanlıqlarının çirklənməsi və korroziyası mənbəyi ola biləcək obyektlərin tikintisinin, əsaslı təmirinin, yenidən qurulmasının layihə-smeta sənədlərində korroziyaya uğramaya qarşı və yaxud həmin şəbəkələrin çirklənmə (korroziya) zonasından çıxarılması tədbirləri nəzərdə tutulmalıdır.
İstehsalat fəaliyyəti nəticəsində elektrik şəbəkələrini çirkləndirən və korroziyaya uğradan müəssisələr həmin şəbəkələrin tabeliyindən asılı olmayaraq, elektrik şəbəkələrinin çirklənməsini və korroziyasını məhdudlaşdıran tədbirlər görməlidirlər.
20. Elektrik ötürücü xətlərinin faktiki vəziyyətinə aid tərtib edilmiş materiallar müəyyən olunmuş qaydada torpaq istifadəsi xəritələrində göstərilmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilməlidir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elektrik ötürücü xətlərinin keçdiyi yer barədə məlumatları əlaqədar orqan və təşkilatlara verir.
21. Tikilən və yaxud istismarda olan kabel elektrik ötürücü xətlərinin istismarçıları həmin xətləri azmış cərəyanlardan mühafizə etmək üçün tədbirlər həyata keçirməlidirlər.
22. Elektrik ötürücü xətlərinin mühafizə zonaları ilə dəmir yolu və avtomobil yollarının ayırma zolaqları, boru kəmərləri, rabitə xətləri, digər kommunikasiya qurğuları və başqa elektrik ötürücü xətləri eyni ərazidən keçdikdə, həmin ərazidə obyektlərin istismarı ilə bağlı aparılan işlər əlaqədar müəssisələr tərəfindən qarşılıqlı razılaşma əsasında yerinə yetirilir.
23. Müəssisənin ərazisindəki yarımstansiyaların elektrik şəbəkəsinə aid tranzit hissəsində operativ əməliyyatlar, şəbəkədə tikinti və təmir işləri aparmaq üçün elektrik şəbəkəsinin elektrotexniki heyətinin bu qurğulara buraxılmasını həmin müəssisə təmin etməyə borcludur. İşlər başa çatdıqda elektrik şəbəkəsinin mülkiyyətçisi və yaxud istismarçısı öz vəsaiti hesabına işlər aparılmış əraziləri və tikililəri lazımi vəziyyətə gətirməlidir.
24. Gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətləri ilə avtomobil yollarının kəsişdiyi yerlərdə və bu xətlərin mühafizə zonalarında nəqliyyatın dayanmasını qadağan edən yol nişanları qoyulmalıdır.
25. Elektrik ötürücü xətlərinin gəmiçiliyə yararlı çaylarla, göllərlə, dəryaçalarla və kanallarla kəsişdiyi yerlərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasında dəniz nəqliyyatı gəmiçiliyində xidmət Nizamnaməsi»nə uyğun işarə nişanları qoyulmalıdır.
İşarə nişanları kanallar idarələri ilə razılaşdırmaqla, onlar tərəfindən gəmiçilik şəraiti və losman xəritələrində qeyd edilməklə, həmin xətlərin istismarçıları tərəfindən qoyulur. Kabel elektrik ötürücü xətlərinin trosları «Dənizçilərə xəbərdarlıq» məlumatlarında göstərilir və losman xəritələrində qeyd olunur.
26. Meşə zolaqlarının cığırlarından keçən, yaxud bu ərazilərdə yerləşən elektrik şəbəkələri olan müəssisələr aşağıdakılara riayət etməyə borcludurlar:
a) cığırların yanğından mühafizəsini təmin etməyə;
b) cığırlardakı ağacların (kolların) qırılması və budanmasına, yaxud digər üsullarla cığırların enini elektrik şəbəkələrinin tikintisi layihələrində nəzərdə tutulan ölçülərdə saxlamağa;
c) naqillərin, dirəklərin üstünə yıxılmaq təhlükəsi olan cığırlardan kənarda bitən ağacların qırılmasını müvafiq qaydada təşkil etməyə;
ç) ağacların və kolların yetişdirilməsi üçün istifadə edilən yerlərdə hündürlüyü 4 m-dən artıq olan ağacların qırılmasını və budanmasını aparmağa.
27. Gərginliyi 1000 voltdan yuxarı olan hava elektrik ötürücü xətlərində qəzaların aradan qaldırılması məqsədi ilə həmin xətlərin trası boyunca yerləşən meşə zolaqlarında ağacların qırılması zərurəti yarandıqda, ağacların qırılmasını elektrik ötürücü xətlərinin mülkiyyətçisi və yaxud istismarçısı həyata keçirir və sonradan meşəqırma biletlərini (orderlərini) müəyyən edilmiş qaydada müvafiq orqanla sənədləşdirir. Elektrik ötürücü xətlərinin istismarçıları ağac qırılan yerləri ağac qırıntılarından təmizləməlidir.
28. Elektrik ötürücü xətlərinin istismarçılarına həmin xətlərin mühafizə zonalarında elektrik ötürücü xətlərinin təmiri ilə bağlı torpaq və başqa işlərin görülməsinə icazə verilir.
Kənd təsərrüfatı sahələrindən keçən elektrik ötürücü xətlərinin plan üzrə təmiri və yenidən qurulması torpaq mülkiyyətçisi və yaxud istifadəçisi ilə razılaşdırılır və bir qayda olaraq, həmin işlər kənd təsərrüfatı bitkilərinin əkilmədiyi dövrlərdə və yaxud bu bitkilərin qorunmasını təmin etmək mümkün olan vaxtda görülür.
Elektrik ötürücü xətlərində qəzaların qarşısını almaq və yaxud onların nəticələrini aradan qaldırmaq məqsədi ilə işlər torpaq mülkiyyətçisi və yaxud istifadəçisi ilə razılaşdırılmadan, onu xəbərdar etməklə yerinə yetirilə bilər.
Göstərilən işləri yerinə yetirdikdən sonra elektrik ötürücü xətlərinin mülkiyyətçiləri və yaxud istismarçıları öz vəsaitləri hesabına həmin torpaq sahələrini istifadə üçün yararlı vəziyyətə gətirməlidirlər. İşlərin icrası zamanı torpaq mülkiyyətçisinə və yaxud istifadəçisinə vurulan ziyan qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir və ödənilir.
29. Yol örtüyünün dağılmasına gətirən kabel elektrik ötürücü xətlərinin plan üzrə təmiri və ya yenidən qurulması yalnız Dövlət Yol Polisi (DYP) bölmələri və avtomobil yollarının mülkiyyətçisi və yaxud istifadəçisi ilə işlərin görülməsi şərtləri əvvəlcədən razılaşdırıldıqdan sonra aparıla bilər. İşlərin aparılma şərtləri işlərin başlanmasından 3 gün əvvəl razılaşdırılmalıdır.
Yubandırılması mümkün olmadığı hallarda yol örtüyünün dağılmasına gətirən kabel elektrik ötürücü xətlərinin təmir işlərinin əvvəlcədən razılaşdırılmadan, lakin DYP bölmələrinin və avtomobil yollarının mülkiyyətçisi və yaxud istifadəçisini xəbərdar etdikdən sonra yerinə yetirilməsinə icazə verilir.
Göstərilən işləri yerinə yetirən müəssisələr işlərin yerinə yetirildiyi ərazidə dolayı yollar yaratmalı, hasarlamalı, müvafiq yol nişanları qoymalı və işlər başa çatdıqdan sonra torpağın hamarlanmasını, yol örtüyünün bərpasını təmin etməlidirlər. Avtomobil yollarının mülkiyyətçisinin və yaxud istismarçısının razılığı ilə yolların zədələnməsinin aradan qaldırılması işləri onlar tərəfindən kabel elektrik ötürücü xətlərinin mülkiyyətçisi və yaxud istismarçısının hesabına aparılmalıdır.
30. Torpaq işlərini yerinə yetirən müəssisələr işlərin icrası üçün texniki sənədlərdə göstərilməyən kabel elektrik ötürücü xətti aşkar etdikdə, dərhal bu işləri dayandırmalı, kabel xəttinin mühafizəsi üçün tədbirlər görməli və bu barədə elektrik şəbəkəsinin mülkiyyətçisinə və yaxud istismarçısına məlumat verməlidirlər.
Kabel elektrik ötürücü xəttinin sudan lövbərlə, balıq ovu ləvazimatı ilə, yaxud başqa üsulla qaldırıldığı halda gəmi kapitanları (işlərin rəhbərləri) dərhal bu barədə elektrik şəbəkəsinin mülkiyyətçisinə və yaxud istismarçısına xəbər verməlidirlər. Gəmi kapitanları bu xəbəri bilavasitə özləri çatdırmalı və yaxud yaxınlıqdakı dəniz portundan ötürməlidirlər.
31. Elektrik şəbəkələrinin mühafizə zonalarında və onun yaxınlığında olan müəssisələr elektrik şəbəkələrinin işçilərinin elektrik şəbəkələrinin qorunmasını təmin edən və bədbəxt hadisələrin baş verməsinin qarşısını almağa yönələn tələblərini yerinə yetirməlidirlər.
32. Elektrik şəbəkələrini istismar edən müəssisələrin tabeliyində olan işçilərin elektrik şəbəkələrinin mühafizə zonasında başqa müəssisələr tərəfindən bu Qaydaların tələblərinin pozulması ilə görülən işləri dayandırmaq hüququ vardır və bu barədə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin «Dövlət Enerjinəzarət» İdarəsinə məlumat verilməlidir.
33. Bu Qaydaların tələblərini yerinə yetirməməkdə, habelə gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin normal işini pozmaqda müqəssir sayılan vəzifəli şəxslər və vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.