Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları
Qaydaları 1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarında paylayıcı qurğulardan, kabel və hava elektrik ötürücü xətlərindən ibarət olan elektrik qurğuları;
elektrik qurğuları — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər;
paylayıcı qurğu — elektrik şəbəkəsinin bir hissəsi olaraq, istehlakçılara elektrik enerjisini çatdıran elektrik qurğuları;
hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları;
kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusu;
xəttin trası — kənar məftillərdən müəyyən olunmuş məsafələrdə yerləşmiş paralel xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahə;
mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr.
2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir.
3. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir:
a) mühafizə zonaları:
hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi;
yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;
sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 100 m aralı olan şaquli müstəvilər arasında su səthindən suyun dibinədək su boşluğu sahəsi;
b) gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş «Elektrik qurğularını qurma Qaydaları» ilə müəyyən edilmiş minimum yol verilən məsafələr.
4. Gərginliyi 1000 voltadək olan hava elektrik ötürücü xətləri meşə massivlərindən keçirsə, məftillərin bilavasitə yaxınlığında bitən ağacları elektrik ötürücü xətlərini istismar edən müəssisə budayır. Hava elektrik ötürücü xətləri parklardan, bağlardan və başqa çoxillik bitkilər arasından keçdikdə, ağaclar elektrik ötürücü xətlərini istismar edən müəssisə tərəfindən, tərəflər qarşılıqlı razılığa gəldikdə isə ixtiyarında həmin bitkilər olan müəssisə və ya bağların və başqa çoxillik bitkilərin fərdi sahibləri tərəfindən elektrik ötürücü xətlərinin istismarçısının müəyyən etdiyi qaydada budanır.
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır:
a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq;
b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək;
c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək;
ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq.
Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.
6. Elektrik şəbəkələrinin normal işini poza biləcək və yaxud onların zədələnməsinə gətirə biləcək hər cür hərəkətlər, o cümlədən aşağıdakılar qadağan edilir:
a) kənar əşyaları məftillərin üzərinə atmaq, dirəklərə və məftillərə söykəmək və bağlamaq, dirəklərə çıxmaq, onlara doğru gedən yolu tutmaq və binaların damından məftillərin üzərinə qar atmaq;
b) elektrik ötürücü kabel xətlərinin yoluna ağır yükləri (5 tondan çox) boşaltmaq, turşu, qələvi, duz məhlulları və hər cür zibil tökmək;
c) elektrik şəbəkələri qurğularının binalarını açmaq, elektrik şəbəkələrində açıb-qoşma əməliyyatları aparmaq, girim və paylaşdırma qurğularının, hava və kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında ocaq və ya tonqal qalamaq;
ç) hava və kabel elektrik ötürücü xətlərinin keçdiyi, yaxud girim və paylaşdırma qurğularının qoyulduğu yerlərdə elektrik şəbəkələrini istismar edən təşkilatların razılığı ilə əvvəlcə həmin xətləri və qurğuları götürmədən binaları, körpüləri, tunelləri, dəmir yollarını və şose yollarını, başqa qurğuları sökmək və ya yenidən qurmaq.
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.
8. Əgər gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin ümumi dirəklərində müxtəlif müəssisələrə məxsus başqa təyinatlı naqillər asılmışdırsa, hər bir müəssisə bu xətləri təmir edən zaman başqa müəssisəyə zərər vurula bilən hallarda maraqlı tərəfin nümayəndəsinin iştirakı tələb olunursa, bu cür təmir haqqında əlaqədar aidiyyəti müəssisə qabaqcadan xəbərdar edilməlidir.
9. Hüquqi və fiziki şəxslər gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonasında zədələnməyə gətirə bilən hər hansı işləri (partlayış, tikinti və s.) apararkən, işlərə başlamazdan 3 gün əvvəl elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdırmalı və bu işləri yerinə yetirən zaman həmin şəbəkələrin qorunmasını təmin edən tədbirlər görməlidirlər.
Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonaları daxilində həmin xətlərin mühafizəsini təmin etməklə işlərin aparılması Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları» ilə) müəyyən edilir.
10. Hava elektrik ötürücü xətləri yaxınlığında müxtəlif mexanizmlərdən istifadə etməklə görülən işlərə yalnız o şərtlə icazə verilir ki, mexanizmin və onun qalxan, yaxud çıxan hissəsi ilə, həm də qaldırılan yükün hər bir vəziyyətində (o cümlədən, ən hündürə qaldırılmış və yanlara çıxmış vəziyyətində) gərginlik altında olan ən yaxın naqillə havada yaxınlaşma məsafəsi 1,5 m-dən az olmasın.
Kabel elektrik ötürücü xəttinin mühafizə zonasında torpaq işləri aparılan zaman kabel xəttindən torpaq işləri aparılan yerə qədər olan məsafə hər bir ayrıca halda kabel xəttinin istismarçısı tərəfindən müəyyən edilir.
İşlərin təhlükəsizliyini təmin edən şərtlərə əməl edilməsi mümkün olmadıqda, elektrik şəbəkəsi istismarçısı tərəfindən həmin kabel xəttindən gərginlik götürülməlidir.
11. Torpaq işlərini görən hüquqi və fiziki şəxslər həmin işlərin aparılmasına dair texniki sənədlərdə göstərilməyən kabel xətti aşkar etdikdə, dərhal işləri dayandırıb kabelin qorunmasını təmin edən tədbirlər görməli və bu barədə elektrik şəbəkələrinin istismarçısına məlumat verməlidirlər.
12. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrini istismar edən müəssisənin texniki işçilərinin təmir-istismar xidməti göstərmək üçün digər müəssisələrin ərazisindəki onlara məxsus olan elektrik şəbəkələrinə maneəsiz daxil olmaq hüquqları vardır. Elektrik şəbəkələri xüsusi rejimli obyektlərin ərazisində yerləşərsə, müvafiq müəssisələr həmin şəbəkələrə xidmət edən işçilərə günün hər bir vaxtında yoxlamalar keçirmək və təmir işləri görmək üçün buraxılış verməlidirlər.
13. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərini istismar edən müəssisələrə bu xətlərin təmiri üçün mühafizə zonalarında lazımi torpaq işləri görməyə icazə verilir.
Torpaq işləri avtomobil və dəmir yolları üçün ayrılmış zolaqlarda görüldükdə, həmin yolların istismarçısı və ya mülkiyyətçisi olan müəssisələrlə razılaşdırılmalıdır.
Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərində qəzaları aradan qaldırmaq üçün həmin xətlərin yoluna qovuşan meşə massivlərində ayrı-ayrı ağacların qırılmasına icazə verilir, sonra isə müəyyən olunmuş qaydada meşəqırma biletləri (orderləri) rəsmiləşdirilməli və qırılmış yerlər ağac qalıqlarından təmizlənməlidir.
14. Əkin sahələrindən keçən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin plana uyğun təmiri və yenidən tikintisi torpaq istifadəçisi və ya mülkiyyətçisi ilə razılaşdırılmaqla, bu yerlərdə kənd təsərrüfatı bitkilərinin əkilmədiyi, həmçinin əkilmiş bitkilərin qorunmasının təmin edilməsi mümkün olduğu vaxtda görülür.
Elektrik ötürücü xətlərində qəzaların aradan qaldırılması və istismar xidməti ilə əlaqədar işlər istənilən vaxtda görülə bilər.
Göstərilən işləri yerinə yetirdikdən sonra elektrik ötürücü xətlərini istismar edən müəssisələr həmin yerləri məqsədəuyğun istifadə edilməsi üçün yararlı hala gətirməlidirlər. Həmin işləri görərkən torpaq istifadəçisinə və mülkiyyətçisinə dəyən ziyan mövcud qanunvericiliyə uyğun tərəflərin razılaşdırılması ilə müəyyən edilir.
15. Yol örtüklərinin korlanmasına səbəb ola biləcək elektrik ötürücü kabel xətlərinin plana uyğun təmiri və yenidənqurma işləri yalnız yol mülkiyyətçisi olan hüquqi və fiziki şəxslərlə razılaşdırmaqla yerinə yetirilə bilər. İşlərin görülməsi şərtləri 3 gün müddətində razılaşdırılmalıdır.
Təxirəsalınmaz hallarda elektrik ötürücü kabel xətlərinin təmir işləri yol örtüklərinin korlanmasına səbəb olduqda, bu işin yol mülkiyyətində olan müəssisə ilə razılaşdırmadan xəbərdarlıq edilməklə görülməsinə icazə verilir.
Təmir və yenidənqurma işlərini yerinə yetirən müəssisələr nəqliyyat və piyadalar üçün xəbərdarlıq nişanları qoymaqla, işlər aparılan yerlərdə dolayı yollar yaratmalı və işlər qurtarandan sonra torpağı planlaşdırmalı və yol örtüyünü bərpa etməlidirlər.
16. Sənaye müəssisələrinin ərazilərində, dəmir yolu və avtomobil yolu ilə kəsişmə yerlərində, dəmir yolu zolaqlarında və təyyarə meydanlarına giriş yollarında gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin istismarı qaydasını elektrik ötürücü xətlərini istismar edən təşkilatlar müvafiq müəssisə və təşkilatlarla razılaşdırmalıdırlar.
Yüklə birlikdə və ya yüksüz, ümumi hündürlüyü yol səthindən 4,5 metrdən çox olan maşın və mexanizmlərin hərəkət etdiyi avtomobil yollarının hava elektrik ötürücü xətləri ilə kəsişdiyi yerlərdə bu xətlərin hər iki tərəfində hərəkət edən nəqliyyatın yol verilən hündürlüyünü göstərən xəbərdarlıq nişanları qoyulmalıdır. Xəbərdarlıq nişanları yolun mülkiyyətçisi tərəfindən elektrik ötürücü xəttini istismar edən təşkilatın razılığı ilə qoyulur.
17. Layihələşdirilən bina və qurğuların tikinti meydançaları ərazisində və ya yaxınlığında gərginliyi 1000 voltadək olan elektrik şəbəkələri yerləşdiyi hallarda həmin obyektlərin tikintisinə dair layihələrdə və smetalarda elektrik şəbəkələrini istismar edən müəssisələrin razılığı ilə göstərilən şəbəkələrin qorunmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır.
18. Elektrik şəbəkələrini yenidən qurmaq və ya onları mexaniki zədələnmədən qorumaq üçün lazımi işləri yerinə yetirən müəssisələr həmin işləri elektrik şəbəkələrini istismar edən müəssisənin razılığı ilə, öz materialları və vəsaitləri hesabına görməlidirlər.
19. Lövbər salmaq və yaxud başqa hərəkətlər nəticəsində kabel xəttinin qaldırıldığı və ya zədələndiyi halda gəmi kapitanı işçilərin və kənar şəxslərin gərginlik altına düşməsinin qarşısını almaq üçün tədbirlər görməli və bu barədə yaxınlıqdakı limana kabelin qaldırıldığı yerin koordinatlarını və vaxtını göstərməklə məlumat verməlidir. Həmin məlumatı qəbul edən liman yaxınlıqdakı enerji təchizatı müəssisəsinə baş vermiş hadisə barədə məlumat verməlidir.
20. Tabeliyində azmış cərəyanlar mənbəyi sayılan mövcud və tikilən qurğuları olan müəssisələr elektrik cərəyanının torpağa axmasını məhdudlaşdırmaq sahəsində tədbirlər görməlidirlər. Tabeliyində tikilən və işləyən elektrik ötürücü kabel xətləri olan müəssisələr göstərilən xətləri azmış cərəyanlardan qorumaq üçün tədbirlər həyata keçirməlidirlər.
21. Elektrik şəbəkələrini istismar edən təşkilatların tabeliyində olan işçilərin elektrik şəbəkələrinin mühafizə zonasında başqa təşkilatlar tərəfindən bu Qaydaların tələblərinin pozulması ilə görülən işləri dayandırmaq hüquqları vardır və onlar bu barədə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin «Dövlət Enerjinəzarət» İdarəsinə məlumat verməlidirlər.
22. Bu Qaydaların tələblərini yerinə yetirməməkdə, habelə gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin normal işini pozmaqda müqəssir sayılan vəzifəli şəxslər və vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.