GiR . I nitq m d niyy tinin t dqiqi, inki af v t bli i. M d n
Nitqi tamamlayan ifadə hərəkətlər. Nitq ifadəli hərəkətlərlə müşahidə olunur. Bu hərəkətlər (jestlər, mimikalar, və digər hərəkətlər) ya sözlə ifadə olunan mənanı nəzərə çarpdırır, ya da onu təsirli edir. Danışıq zamanı müxtəlif bədən hərəkətləri (qaşı oynatmaq, baş tərpətmək, üz-gözünü turşutmaq vəs.) vasitəsilə müəyyən məna və fikir ifadə olunur. Bu cür jest, mimika danışıq prosesində söylənilən fikrə uyğun lazımi effekt yarada bilir.
Lakin danışıq, oxu zamanı nitqi tamamlayan bu əlavə vasitələrdən həddindən artıq istifadə etmək o qədər də məqsədəuyğun sayılmır. Danışanın həddindən artıq əl-qol atması, üz-gözünü turşutması, əllərini bir-birinə vurması, boynunu sığallaması və s. fikrin yayılmasına, dinləyicilərin narahatlıq və narazılığına səbəb olur, bəzən də gülüş yaradır.
Natiq digər sahələrdə olduğu kimi ifadəli hərəkətlərində də müəyyən ölçüləri gözləməli, artıq hərəkətlərə yol verməməlidir. Natiq-mühazirəçi danışığında əl-qol hərəkətləri, digər jestlərdən mümkün qədər istifadə etmədən fikrini dinləyiciyə çatdırmağı bacarmalıdır.
XV Diskussiya mədəniyyəti
Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya girirlər.
Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq etmək, nədənsə çəkindirmək və s.) xidmət edir. “Dialoq” termini yunanca “dialoqos” sözündən götürülmüş, iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi mənasını bildirir.
Geniş mənada dialoq müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən məsələlərin müzakirə edilməsi yoludur.
Dialoq əsasən iki şəraitdə aparılır:
Ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda məişət məclislərində və s.
Ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, radio və televiziya verilişlərində və s.
Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, etik normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu, o deməkdir ki, birinci şəxs danışarkən axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qoşulmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı zaman dinləyən tərəf icazə verin”, “üzr istəyirəm”, “icazə verin fikrinizə bir qədər aydınlıq gətirim” və s. kimi replikalarla onun danışığına müdaxilə edə bilər.
Dialoq Qurani-Kərimdə öz əksini tapmışdır. Orada səmimiyyət dialoqun vacib məqamlarından biri kimi qiymətləndirilir və göstərilir ki, fikri müxtəlif insanlar arasında münasibətlər etimad əsasında qurulduqda səmərəli nəticə verə bilər. Qurani-Kərim əhli-kitabla hikmət və gözəl öyüdlə mübahisə etməyi tapşırır: “Ya Rəsulum, insanları hikmətlə, öyüd –nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et”.
Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və təmkinli olmalı, danışığın etik qaydalarına əməl etməlidirlər. Lakin bəzən belə olmur. Tərəflər mümkün qədər çox danışmağa, dediyini sübut etməyə çalışır, ucadan danışırlar. Çox təəssüf ki, televiziya ekranlarında bəzən belə dialoqlara tamaşa etməli oluruq. Dialoq nəsə öyrənmək, inkişaf etmək, yeniləşmək məqsədlərini qarşıya qoymalıdır.
İstər adi danışıq, istərsə də diskussiya prossesində normal nitq tonuna da riayət olunmalıdır. Normal nitq tonu mədəni danışığın başlıca şərtlərindəndir. Yerindən və məqamından asılı olaraq nitqin yüksək, adi və alçaq tonundan istifadə olunur. Auditoriyada natiq yüksək tonla danışmalıdır ki, fikrini eşidənlərə yaxşı çatdıra bilsin. Belə nitq tam təbiidir, dinləyiciləri razı salır. Digər situasiyada-dəhlizdə, yeməkxanada, ictimai nəqliyyatda, məclisdə və s. yerlərdə yüksək tonla danışmaq, ucadan gülmək ədəbsizlik və nəzakətsizlik kimi qəbul olunur. Belə danışıq tərzi digərlərini əsəbiləşdirir, onların istirahətini pozur.
Uşaqlar normal danışıq fonuna hələ kiçik yaşlarından alışmalıdırlar.
Dediklərimizdən aydın oldu ki, nitqin normal tempi ictimai ünsiyyətdə olduqca əhəmiyyətli bir məsələdir. Hər bir insan bu keyfiyyətə yüksək dərəcədə yiyələnməlidir.