Güney Azərbaycanda ədəbi sürəc(1979-2014-ci illər)
Dr. Pərvanə Məmmədli
Güney Azərbaycanda ədəbi prosesi konkret olaraq bir ilin hüdudları daxilində qiymətləndirməyin öz çətinlikləri var .Ədəbi prosesin bütün istiqamətlərini özündə birləşdirən nəşr və mətbu orqanların olmaması,olanların da ardıcıl fəaliyyət göstərməməsi bir ilin ədəbi hadisələrini yaxın tarixi ədəbi keçmişin aparıcı istiqamətləri zəminində araşdırmaq zərurəti yaradır.
Bu gün Güney ədəbi prosesində 1979-cu il inqilabınadan sonrakı ovqatla yeni əsrin əvvəllərindəki bədii dünyagörüş arasında yaxın və fərqli cəhətlər meydana çıxmışdır.1979-cu il inqilabının oyatdığı ümidlər puç oldu. Arzu olunan mənəvi azadlığın üfüqləri görünməz oldu,onlarca mətbu orqanların qapadıldığı ədəbi həyatdakı mübarizə, çağırış ruhunu daxili bir sarsıntı və əyilməzlik əvəz etdi.
Quzey Azərbaycanın müstəqillik əldə etməsi,onun dünyada söz sahibi olması Güneydə milli özünəqayıdışa böyük təkan verdi. Arazın hər iki tayında vahid bədii dünyagörüşün, hətta deyərdik ki, ortaq ədəbi prosesin formalaşma prosesi ortaya çıxdı. Ədəbi janrların mənzərəsindəki fərqlərə baxmayaraq bu gün Güney və Quzey Azərbaycanda poeziyadakı axtarışların məzmun və sənətkarlıq tutumu bunu təsdiq edir.
Bütün siyasi məhdudiyyətlərə baxmayaraq Cənubdakı son 15-20 ildəki hadisələr ədəbiyyatın milli mahiyyətini müəyyən etdi. Özündən sonra ədəbiyyatda iz qoyan bu tarixi gedişləri,hərəkatları sadalamaq yerinə düşərdi.
1997-ci ildə Hatəminin prezidentliyə seçilməsi Azərbaycan türkcəsində nəşrlərin artmasına zəmin yaratdı. Milli problemlərin həllindəki boşluqlar tələbə hərəkatlarının başlamasına təkan verdi. Təbrizli Çehreqaninin Məclis namizədliyinin rədd edilməsi Azərbaycan tələbə hərəkatının daha da aktivləşməsinə gətirib çıxardı. Tanınmış ziyalıların prezidentə imzaladığı məktub-müraciətlər cavabsız qalsa da, ictimaiyyətdə geniş əks-səda doğurdu
Babəkin azadlıq simvoluna çevrilmiş doğum gününün hər il Babək qalasında qeyd olunması xalq yığıncağına, yürüşünə, nəhayət, qurultayına çevrildi. Bu kütləvi yürüş aksiyalarında daxili etirazların bəyanı, özəlliklə özünütəsdiq, milli kimlik ön planda idi. Dövlət bunun qarşısını alsa da, bu etiraz aksiyası sonralar başqa formalarda üzə çıxmağa başladı.
İran KİV-də türkləri təhqir edən verilişlərə, özəlliklə dövlət qəzetlində çıxan karikaturaya etirazlar kütləvi hal aldı, ədəbi-siyasi aləmdə böyük əks-səda doğurdu. Təbrizin ”Traktor” futbol komandası bumu həm də kütləvi etirazlara meydan oldu. Son vaxtlar komandanın oyunları həm də milli hüquqlarını tələb edənlər üçün meydana, eləcə də milli şüarlar üçün tribunaya çevrilməyə başlayıb.
Urmu gölü ilə bağlı etirazlar beynəlxalq aləmdə də əks-sədaya səbəb oldu. 2008-ci ildən bu yana Urmu gölünün suyunun azalması yavaş-yavaş özünü ciddi şəkildə göstərir və Azərbaycan ziyalıları və milli fəalları buna görə dövlətə iradlarını bildirib xəbərdarlıq edirlər. Gölün qurumasının qabağını almaq üçün heç bir tədbir görməyən İran hökumətinə qarşı xalq „Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir“ şüarını hər yerdə gündəmə gətirir. Bu ekoloji təhlükə artıq lokallıqdan çıxıb, beynəlxalq ictimaiyyətin də nəzərini cəlb edib.
60-cı illər nəsli əvvəlki nəsillərin yaradıcılığının məruz qaldığı çox sınaqlardan xəbərdar oldu, nəticə çıxardı. S. C. Pişəvərinin birillik demokratik hökumətinin xoşbəxt günləri uşaqlıq və gənclik dövrünə düşənlərin yaşı artıq 20-dən, 30-dan çox idi. Ədəbiyyata öncəkilərdən fərqli düşünən nəsil gəldi: Səməd Behrəngi, Qulamhüseyn Saidi (Gövhər Murad), Əliza Nabdil (Oxtay), Mərziyə Üskiyi (Dalğa), M. Şəhriyar, Həbib Sahir, Səhənd və b. gəldi.
Bildiyimiz kimi, Azərbaycan yazarları öz ana dil və ədəbiyyatı ilə bərabər fars dili və ədəbiyyatını da təbliğ etmiş, bir çox əsrlər boyu fars dilində dəyərli ədəbi əsərlər yaratmışlar. Sonucda fars ədəbiyyatında «Azərbaycan səbgi» kimi bir ədəbi üslub da meydana gəlmişdi. Bu da bəllidir ki, İranda Azərbaycan şairləri uzun müddət başlıca olaraq farsca yazmaq zorunda qalmışlar. Bu dildə yazıb sənət zirvəsinə yetən şairlər çox olmuşdur. Bununla belə öz doğma dilini unutmayanlar və ya uzun müddət yad dildə yaratdıqdan sonra yenidən öz kimliyinə qayıdıb milli-mənəvi irsini zənginləşdirən şairlər də az deyildi. Onlardan biri və ən nəhəngi Azərbaycan xalqının ölməz şairi Məhəmməd Hüseyn Şəhriyar idi. Əsrin ən böyük şairi ənənəvi fars şeirinin ustadı sayılan M.Şəhriyar doğma Azərbaycan türkcəsində «Heydərbabaya salam» kimi çox qiymətli bir əsər yaratdı. ”Elinin dərdini farsca söyləyən” ölməz Şəhriyar ötən əsrin 50-ci illərində ana dilində yazdığı əsərləri ilə uzun illər yasaqlanmış Azərbaycan türkcəsinə sanki yenidən can verib yaşatdı.
Şəhriyarın «Heydərbabaya salam»ı və doğma dildə yazdığı digər şeirlər Cənubda milli ədəbiyyatın, milli düşüncənin intibahına səbəb oldu. Şəhriyar bu poeması, ümumiyyətlə doğma dildə yazdığı əsərlərlə Azərbaycanda yeni ədəbi cərəyan, məktəb yaratdı. Bununla tək Azərbaycanda deyil, bir çox Şərq ölkələrində bu ruhda, bu səpgidə yeni-yeni əsərlərin yazılmasına səbəb oldu.
«Heydərbabaya salam» yaradıcı gənclərdə yurda olan məhəbbəti və bu əsərin köməyi ilə onlarda türk dilində yazmaq meylini gücləndirirdi. Beləliklə, «Heydərbabaya salam» əsəri Azərbaycan türkcəsinin assimilyasiyaya müqavimətini güclü surətdə nümayiş etdirdi və İranda türkdilli ədəbiyyatın daha da inkişafına təkan verdi.
Şəhriyarın Cənubi Azərbaycan poeziyasının inkişafındakı rolu müasirləri arasında heç kəslə müqayisə edilməyəcək dərəcədə güclü idi və inqilabdan sonra da Şəhriyar ədəbi mühitin ən nüfuzlu simalarından biri oldu.
Güney Azərbaycandan olub, İrana dünya miqyasında şöhrət qazandıran bir yazıçı da Qulamhüseyn Saidi idi. Ömrünün sonlarını mühacirətdə – Fransada başa vurmaq məcburiyyətində qalan Qulamhüseyn Saidinin səssiz – pantomim əsərlər yazmağının səbəbi mövcud rejimin soydaşlarının ana dilinə qoyduğu yasağa qarşı etirazla bağlı idi. Ssenari müəllifi olduğu filmlər beynəlxalq aləmə səs salmış, İran kinematoqrafiyasının Qızıl fonduna daxil olmuşdu. (Bu gün İran filmlərinin Avropada yüksək ödüllər qazanması da onun açdığı cığırla, yaratdığı məktəblə birbaşa bağlıdır. – P.M.) Saidinin yazdıqları ilə Q. Markes Kafka , Samoel Bekt və Gi de Mopassanın yazdığı əsərlər arasında bir oxşarlıq var. Bu əsərlərlər fanatizm, cəhalət, qorxu və fəlakət burluğanına düşmüş insanların vəziyyətini təsvir edirdi. Onun əsərlərində markessayağı yarı əfsanə,yarıcanlı varlıqların insanlarlarla ünsüyyəti, Mopassanın hekayələrində rastlanan kəskin sarkazm,insanın ən çıxılmaz vəziyyətlərdə tənəzzülü, kafkasayağı “çevrilmələr” - əhli havalıların(şizofren xəstələrin) dünyaya özəl baxışları və s.çoxdur. Qulamhüseyn Saidi həm də Azərbaycanda və İranda mistik (sehrli) realizmin əsasını qoyub.
Hal-hazırda Kanadada (Kanada “Pen” klubunun keçmiş sədri) siyasi mühacir həyatı yaşayan dünya şöhrətli yazar, “İranda ədəbi tənqidin babası” sayılan təbrizli Rza Bərahəni çox zaman ingiliscə və farsca yazdığı əsərlərindəki qəhrəmanlarının adını, oradakı şeir parçalarını, zor durumlarında yaşadığı hissləri, acılı-şirinli yuxularda gördüklərini Azərbaycan türkcəsində qələmə alır. Ana dilinin tərənnümü, bu dildə yazmaq tək dərin ülvi sevginin göstəricisi deyil, Güney Azərbaycanda həm də özünüqoruma instinkti – kimliyini, ana dilini yasaqlayan, onu aşağılayan qüvvələrə, rejimə dirəniş simvolu olub.
Ötən əsrin 60-cı illərində Əlirza Nabdil (Oxtay ) çox gənc olmasına baxmayaraq, Güney şeirində yenilik yaratdı. Ə.Nabdil Oxtayın “Tozlu piano”, “Yurd”, “İşıq”, “Səttərxanın atlıları” və s. bu kimi əsərləri original deyim tərzi ilə diqqəti cəlb etdi. Cənubi Azərbaycan poeziyasında süjetli lirikanın bir sıra gözəl örnəklərinlərini yarada bildi.Bununla ədəbiyyatda yeni çığır açdı,yeniləşmə, modernləşmə apardı.Həbib Sahir və Bulud Qaraçorlu Səhənd 29 yaşında həyatı tərk etmiş bu nakam şairin yolunu davam etdirdilər. Təbrizli Həbib Sahir ali təhsil ardınca Türkiyəyə getdi.İstanbul ədəbi mühiti,Cəlal Sahiri,Tofik Fikrəti, Şarl Bodleri sıx -sıx mütaliəsi,eləcə də Türkiyə ədəbiyyatına, fransız dilinə və ədəbiyyatına bələdliyi və vurğunluğu sonralar onun çağdaş Güney Azərbaycan ədəbiyyatında modernist bir şair kimi tanıtdırdı.O.ədəbiyyata təp-təzə təsvir və ifadə vasitələri tapıb gətirdi.Onun “Səhər işıqlanır”, “Kövşən” və s.kitablarındakı əsərləri bunun parlaq nümunəsidir.
Bulud Qaraçorlu Səhənd Güney ədəbiyyatına xalqdan və keçmişdən gələn yeniləşmiş orijinal obrazlar və dolğun ictimai-siyasi məna ilə yanaşı,insani dəyərlərə sədaqət -“başqa birisinin varlığını dərk etmək”(Hümmət Şahbazi) kimi yeni məzmun gətirdi. O,sadəcə öz xalqının deyi, eynı zamanda Vyetnamdan İspanyaya və Kübaya qədər hürriyət mücadiləsi üçün ayaqlanmış bütün xalqların qəhrəmanlıq və şəhidlik tarixindən səhnələri şeirlərində yansımışdır. Eləcə də Səhəndin” Ortaq türk abidəsi "Dədə Qorqud" boyları əsasında yazdığı "Sazımın Sözü" (1965) və "Dədəmin kitabı" (1971) adlı əsərlərinin xalqda milli ruhu oyanmasına böyük təpkisi olub.
Əlirza Nabdil (Oxtay) çox gənc olmasına baxmayaraq, Güney şeirində həm forma, həm məzmunca yeniləşmə, modernləşmə apardı.
Sahir və Səhənd şeirə yenilik gətirdilər: Sahir formada, şeir biçimində; Səhənd isə yeni çağdaş məzmunlu şeirləri ilə. Sahirin şeirləri romantizmi, Səhəndinki isə siyasi motivləri ilə seçilirdi. Əlirza Nabdilə gəlincə, o, klassik şeir ənənələrindən tamamilə uzaqlaşıb, poeziyaya yeni düşüncə tərzi, məzmun və sərbəst struktur, forma gətirdi. Bugünkü dillə desək, Güneydə şeiri modernləşdirdi. Xatırlatmaq yerinə düşər ki, ötən əsrin iyirminci illərində çağdaş Türkiyə ədəbiyyatının İranda davamçısı olan Tağı Rüfət ədəbi-bədii fikirdə təcəddüd - yeniləşmə yaratmışdı ki, bu da sonralar yaranacaq yeni şeirin ilk işartıları idi.
1978-79-cu illər İran inqilabı xarakterinə görə çox unikal idi. Ölkəni az qala amerikanların əli ilə idarə edən şaha islamçı dindarların və solçu əqidə-əhvallı kütlənin nifrətinin səbəbləri az deyildi. İran dünyanın çoxmillətli dövlətlərindən olduğu üçün milli problemləri də yetərincə idi. Elə xalqın ayağa qalxması, küçə və xiyabanlara çıxması sosial, siyasi, mədəni qatlardakı çatlarla bağlı idi. Səslənən şüarlarda, çıxışlarda, yazılan elamiyyələrdə bu, aydın görünürdü. Amma həlledici məqamda bu, monarxiyaya qarşı yönəlmiş demokratik xalq inqilabı birdən istiqamətini kəskin dəyişdirib, sonucda İslam təmayüllü oldu.
İranda din amili həmişə güclü olub. Və Xomeyni kimi nüfuzlu din xadimi xalqı öz ardınca apara bildi. 1978-ci ilin əvvəlində şaha, rejimə qarşı baş qaldırmış antiimperialist, antimonarxist xalq hərəkatı sonda İslam inqilabı kimi tarixə daxil oldu. (Bir çox mənbələrdə haqlı olaraq, onu ilkin başlanğıcda olduğu kimi, 1978-79-cu illər İran inqilabı adlandırırlar.)
Güney azərbaycanlılar ictimai-siyasi sahədə milli istək və arzularını reallaşdıra bilməsələr də, 1978-1979-cu illər İran inqilabı mədəni həyatın gedişində xüsusi bir canlanma, dirçəliş mərhələsinin yaranmasına səbəb oldu. 1978-79-cu illər İran inqilabından sonra Güney Azərbaycanda sanki bir mətbuat bumu yaşandı. Belə ki, bədii əsərlərin çoxu kitablardan çox qəzet və jurnallarda yayılırdı. (Belə hal Məşrutə inqilabı illərində də olmuşdu. – P.M.) Bir-birinin ardınca nəşr olunan qəzet və jurnallarda əsas yeri poeziya tuturdu. Çünki şeirlər başqa janrlara nisbətən daha böyük imkanlara malik idi və aktual mövzulara dərhal müdaxilə edirdi. Ümumiyyətlə, Güney ədəbiyyatında bütün Şərqdə olduğu kimi, poeziya başqa janrlarla müqayisədə həmişə hökmran mövqedə olub.
Keçən əsrin qırxıncı illərinin ortalarında ilk dəfə əlinə qələm almış gənc istedadlar bir də otuz ildən artıq bir müddətdən – İslam inqilabının qələbəsindən sonra Azərbaycan dilində nəşr olunan müxtəlif jurnalların səhifələrində öz yaradıcılıqlarını davam etdirməyə imkan tapdılar.
1978-79-cu illər İran inqilabından sonra yaradıcı ziyalılarda millətsevərlik, türklük hissləri daha da gücləndi. Xalqın uzun illər yaddaşında qalıb yaşayan aşıq yaradıcılığına, dastanlara, qəzəl janrına geniş meydan açıldı. 1980-90-cı illərdən başlayaraq, ədəbi prosesdə canlanma baş verdi. Ədəbiyyata yeni nəsil, yeni dalğa gəldi.
Güney Azərbaycan ədəbiyyatında ağır terror və repressiyalara baxmayaraq, istibdad dövründə də doğma dildə xalqın narazılıq, nifrət və qəzəb duyğusunu əks etdirən şeirlər, hekayələr və s. yazılmış, folklor nümunələri toplanmışdır. Təbii ki, bu əsərlərin əksəriyyəti işıqüzü görməmiş, bəziləri isə məhv edilmişdi. Onlardan ələ düşəni yeri gəldikcə çap olunur, oxuculara çatdırılırdı. Güney Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndələri ətrafda baş verən olayları əks etdirən mətbu orqanlarına xalqla ünsiyyət tribunası kimi baxırdılar. Şairlər 1979-cu il aprel inqilabına qədər və ondan sonrakı dövrdə yazdıqları əsərləri dərc etdirməklə xalqa özünə qayıdış, özünüdərk ruhu aşılamağa, milli birlik yaratmağa çalışırdılar. Başlanğıcda xalq inqilabı olub, sonralar başqa məcraya yönələn inqilab xalqı ağ günə çıxarmadı. Bu isə öz bədii əksini H.Sahir, H.Tərlan, Çayoğlu, F.Həsari, S.Salis və M.Məhzunun yazdığı tənqidi yazılarda tapdı. İnqilabın yaratdığı dalğa, sonra 8 il davam edən İran-İraq müharibəsi, daha sonra inqilabçı qüvvələrin məğlubiyyəti ədəbiyyata da təsir etdi. O dövrün ən uğurlu yazıçı və şairləri təqiblərdən əziyyət çəkdi, bir çoxu dünyasını dəyişdi.
İnqilabdan sonrakı Güney ədəbiyyatının öz üzərində təsirini daim hiss etdiyi Şəhriyardan sonra ikinci sima Bulud Qaraçorlu Səhənd idi. Səhənd Pəhləvi rejiminin qəti qadağalar dövründə yazdığı anadilli əsərləri, xüsusən “Dədə Qorqud” dastanları əsasında yazdığı ”Sazımın sözü” poeması ilə geniş şöhrət tapmışdı. Bu kitab özündən sonra yeni poemaların, o cümlədən Məhəmmədtağı Zehtabinin “Şahin zəncirdə”, Sönməzin ”İsanın son şamı”, Barışmazın ”Nəğmə dağı”, Savalanın ”Xan çoban və Sara”, Heydər Xətibinin “Püstə nənə”, İmran Səlahinin “Ağbulaq qəhrəmanı” və bu kimi başqa poemaların yaranmasına səbəb oldu. Səhəndin Şəhriyarın özünü belə ana dilində əsərlər yazmağa çağırması, Şəhriyarın ona böyük sevgi ilə ithaf etdiyi ”Səhəndiyyə” poeması Səhəndi ədəbi mühitin ən görkəmli şəxsiyyətlərindən, ustadlarından birinə çevirmişdi. Şəhriyar və Səhənd gənc nəsli milli ruha, milli varlığa hədsiz sevgiləri ilə cəlb edirdilər.
Güney Azərbaycan şairlərinin yaradıcılığında qəzəl həmişə mühüm yer tutur. Bu qəzəllərdə çox zaman ərəb-fars sözləri, tərkibləri ilə yüklənmiş ənənəvi məhəbbət və dini mövzularla yanaşı, real həyati problemlərin əksi də geniş yer tutur. Artıq şairlər şəxsi problemlərinin dar çərçivəsində qalmayıb, cəmiyyətin ehtiyaclarına diqqət yetirir, həyatdan doğan əsl həyəcanları öz şeirlərində ifadə edirlər. Bu deyilənlər Savalan, Sönməz, Hamid, Məhəmmədtağı Zehtabi və Behruz İmaninin yaradıcılığında daha çox nəzərə çarpır. Klassik Şərq poeziyası ənənələrinə sadiq qalan bu şairlər onu canlandıraraq yeniləşdirir, əski üsluba formal yanaşmadan müasir şəraitdə ondan bacarıqla istifadə edib, kano(e)nik forma ilə aktual mövzunu ustalıqla birləşdirirlər.
Yeni gənc nəslin nümayəndələri Bariz, Rəsul Yunan, Xosrov Barışan qəzələ yeni ruh və məzmun gətirir.
Dövrün öndə gedən şairləri Şəhriyar, Səhənd, Həbib Sahir, Yəhya Şeyda, Sönməz, Məhəmmədtağı Zehtabi, Savalan, Həmid Nitqi, Haşım Tərlan, Alov, Həmid Nitqi, Savalan Valeh, Müzəffər Dirəfşi, Qaflantı, Saplaq, Şəhrək, Məhəmmədəli Məhzun, Türkoğlu, Aydın, Daşqın və başqaları idi. Ədəbiyyatın aparıcı qolu olan poeziya geniş xalq kütlələri arasında yayılır, oxucusunu tez tapırdı.
Güney Azərbaycanda nəsr poeziyaya nisbətən zəif inkişaf etmişdir. Bir sıra məlum səbəblər üzündən (nəşredilmə imkanının məhdudluğu, ənənəvi Şərq mühitinin poeziyaya üstünlük verməsi və s.) nəsr nümunələri az yazılmışdır. Əslində Şərq ədəbiyyatlarının bir çoxunda, o cümlədən Azərbaycanda da nəsrin tarixi və masştabı yaxın yüzilliklərə təsadüf edir. Elmi-ədəbi dilin ləng inkişafı da Güneydə epik əsərlərin yaranmasını ləngitmişdir. Nəsrdə poeziyaya nisbətən fikirlərin çox zaman açıq və birbaşa verilməsi gərəkdiyi, ölkədəki siyasi durumun isə bunu mümkünsüz etməsi də səbəblərdən biridir.
Bunu da qeyd edək ki,Güney Azərbaycanda nəsrin inkişafı üçün həyat materialı zəngin olduğundan, burada baş verən hadisələr əsasən Şimalda böyük bir ədəbiyyatın mövzusuna çevrilmişdir.
Cənubda inqilabdan sonra Azərbaycan dilində mətbuat nümunələrinin çoxalması, onlardan bir qisminin müasir tələblərə uyğun yüksək səviyyədə çap olunması ana dilli nəsrin formalaşması üçün də real zəmin yaratdı və nəsr əsasən 80-cı illərin ikinci yarısından inkişaf etməyə başladı.
Hekayə, bədii oçerk, memuar ədəbiyyatı ilə yanaşı roman janrında da əsərlər yaranırdı. Gəncəli Səbahi, Həmid Məmmədzadə, Ağçaylı,Rəhim Dəqiq, İsmayıl Hadi, Nasir Mənzuri,Nasir Merqatı, M.Ocaqverdi, J.Əli, Əlif Nuranlı və başqalarının əsərləri Cənub nəsrinin məzmun və bədii keyfiyyətləri haqqında müəyyən təsəvvür yaradır.
Məlum siyasi səbəblərdən Quzeyə və Güneyə parçalanmış vətənimizin hər ikisində yaşayıb yaradan yazarlarımız Zöhrab Tahir, Pənahi Makulu, Fəthi Xoşginabi, Əli Tüdə, Mədinə Gulgun, Balaş Azəroğlu, Həkimə Billuri, Məhəmmətağı Zehtabi, Qulamhüseyn Beqdeli, İsmayıl Cəfərpur, Əbülfəzl Hüseyni, Həmid Məmmədzadə, Məhəmməd Biriya, Qafar Kəndli, Məmmədəli Afiyət və b.Güney ədəbiyyatının inkişafında önəmli rol oynayıblar.
2006-cı ilin mayın 22-də Babək qalasına ənəvi yürüşə qoyulan qadağa ilə barışmayan narazı kütlə Güney Azərbaycanın iri şəhərlərində-Təbriz, Ərdəbil, Miyana, Meşkin, Marağa, Urmu və digər bölgələrdə narazı izdihamlı aksiyalar keçirmişdi.Bu tarixi-siyasi hərəkat azərbaycan türklərinin mədəni-kültürəl həyatında silinməz izlər qoyaraq milli-ədəbi hadisəyə çevrildi. Ana dili uğrunda, milli kimlik uğrunda mücadilə nəticəsiz qalmadı, 2006-cı ildən sonra yaranan ədəbiyyat çox fərqli oldu. Farsca yazan yazarlar ana dillərinə qayıdaraq yeni əsərlər yaratdılar.
Bundan sonra yeni fikirli, gənc nəsil meydana gəldi. Həmin nəsil çağdaş ədəbiyyatın əsasını qoydular. Ədəbi meydana çıxan bu gənc şair və yazıçılar özlərindən öncəki nəsillərdən fərqli, oldu.Bir qismi milli ruh, milli kimliyə söykənən, o biri qismi isə Qərb təmayüllü, avanqard şeir yazmağa meylləndilər.Mövzu bolluğu,fikr sərbəstliyi, üslub çox çeşidliliyi ilk sırada nəzəri cəlb edir.
Meydanlarda,səngərlərdə yaranan döyüş ruhlu poeziya daha çox şüar,xitab xarakteri daşıyırdı.Folklora tapınan şairlər də yeni,fərqli bir söz deyə bilmirdilər.
90-cı illərdə ədəbiyyata gələn avanqard nəsil sənət prinsiplərini şüar, tələb, bəyanatlarla irəli sürən daşlaşmış, kirəcləşmiş mövqeləri birdəfəlik, kökündən qoparmağa çalışırdı. Çağdaş modern şeirə körpü salanların önündə gedənlərdən biri Səhər xanım Rəiszadədir. Bu poetik hərəkatı açıq şəkildə ilk öncə Süleymanoğlu, Nigar Xiyavi, Nasir Merqatı, Nadir Əzhəri, Əziz Səlami, Məhəmmədrza Ləvayi, Atilla Maralanlı, Lalə Cavanşir, Kiyan Xiyav, Hadi Qaraçay, Səid Muğanlı, Heydər Bayat, Saleh Ətayi, bir qədər sonra İlqar Müəzzinzadə, Məliha Əzizpur, Xosrov Barışan, Elşən Böyükvənd, Ramin Cahangirzadə, Aydın Araz, Rəsul Yunan, Solmaz Məmmədrizayi, Türkan Urmulu, Ramin Cabbarlı, Məsud Haray, Ülkər Ucqar, Şəlalə Cavanşir, Ərsan Ərel, Duman Ərdəm, Aydın Araz, Məhəmməd Rza Çalğın, Zaman Paşazadə, Ziba Kərbasi yaratmağa səy göstərir və adını çəkə bilmədiyim digərləri bu yolda yeni cığırla irəliləyirlər.
Bu gün Güney Azərbaycanda müqavimət, “dirəniş ədəbiyyatı” ön plandadır. Əsərlərin əsas motivi ana dili və vətəndir. Bundan sonra kimlik axtarışı, azadlıq, eləcə də narazılıqlardan doğan daxili üsyan hissi kimi mövzular yer alır.
Güney Azərbaycanda yeni ədəbi nəsil çətinliklə də olsa, formalaşıb. Artıq özəlliklə son on ildə, internetin də yayğınlaşmağa başlamasından sonra gənclər arasından ədəbi yaradıcılığa meyl göstərən və sözün əsl mənasında modern üslubda əsərlər yaradan gənc nəsil yetişib. Çox sayda ədəbiyyat portalları və bloqlar yayınlanmaqdadır. Avropada və Amerikada yaşayan və çox dəyərli əsərlər yaradan yazarlar vardır.
Gənc yazarlar modernizmin devizindən irəli gələn “qlobal düşünüb, lokal yanaşmaq” üsulundan yararlanırlar. Yeni nəsil anadilli yeni ədəbiyyat yaratmağa israrlıdırlar. Gənc yazarlar dünya ədəbiyyatını mənimsəməyə, onun ən gözəl nümunələrini ana dilinə çevirməyə və yeni üslublu şeirlər yazmağa səy göstərir, bir sözlə, çağdaş fikir və düşüncələrə yiyələnib, dünya bədii-estetik sənətinin qazandığı uğurlardan faydalanırlar.
Poeziyanın xalqın danışan dili olması az qala bütün Güney şairlərinin əsərlərində yekdilliklə təsdiqlənir. “Elinin dərdini farsca söyləyən” ölməz Şəhriyar ötən əsrin 50- ci illərində ana dilində yazdığı əsərləri ilə uzun illər yasaqlanmış Azərbaycan türkcəsinə sanki yenidən can verib yaşatdı. Şəhriyarın “Heydərbabaya salam”ı və doğma dildə yazdığı digər şeirləri Cənubda milli ədəbiyyatın, milli düşüncənin intibahına səbəb oldu. Şəhriyar bu poeması, ümumiyyətlə doğma dildə yazdığı əsərlərilə Azərbaycanda yeni ədəbi cərəyan, məktəb yaratdı.
Vaxtilə tanınmış ziyalı,türkoloq doktor Cavad Heyət müsahibələrindən birində söyləmişdi ki, “Heç bir millətin ədəbiyyatında mövcud olmayan həsrət ədəbiyyatımız var. Həsrət ədəbiyyatı bizim üçün də dərdlərimizi bölüşmək, mənən birləşmək vasitəsidir”.Və ötən əsrin 40-cı illərindən başlayaraq daim zirvədə olan həsrət ədəbiyyatının yerini yarım əsrdən sonra özündə kimlik axtarışını ehtiva edən dirəniş,müqavimət ədəbiyyatı tutdu.
Bu gün Güney Azərbaycanda dirəniş ədəbiyyatı ön plandadır. Əsərlərin əsas motivi ana dili və vətəndir. Kimlik axtarışı, azadlıq, eləcə də real cəmiyyətdən doğan daxili etiraz,mövcud durumdan narazılıq hisslərinin ifadəsi qabarıqdır.
Güney Azərbaycanda yeni ədəbi nəsil çətinliklə də olsa, formalaşıb. Artıq özəlliklə son on ildə, internetin də yayınlanmağa başlamasından sonra gənclər arasından ədəbi yaradıcılığa meyl göstərən və sözün əsl mənasında modern üslubda əsərlər yaradan gənc nəsil yetişib. Çox sayda ədəbiyyat portalları və bloqlar yayınlanmaqdadır. Avropada və Amerikada yaşayan və çox dəyərli əsərlər yaradan yazarlar vardır.
Gənc yazarlar modernizmin devizindən irəli gələn “qlobal düşünüb, lokal yanaşmaq” üsulundan yararlanırlar. Yeni nəsil anadilli yeni ədəbiyyat yaratmağa israrlıdırlar. Gənc yazarlar dünya ədəbiyyatını mənimsəməyə, onun ən gözəl nümunələrini ana dilinə çevirməyə və yeni üslublu şeirlər yazmağa səy göstərir, bir sözlə, çağdaş fikir və düşüncələrə yiyələnib, dünya bədii-estetik sənətinin qazandığı uğurlardan faydalanırlar.
Bu gün Cənubda bütün çağlara məxsus “atalar və övladlar” problemi – yeni ədəbi nəsillə yaşlı nəslin dartışması yaşanır.İnqilabdan sonra folklora,milli poetik ənənələrə qayıdış,xüsusən “Heydərbabaya salam” poemasından sonra,klassik şeir,xüsusən divan ədəbiyyatından irəli gələn ənənələri səngitdi. İllərcə poetik dilə hakim kəsilmiş kanonları xalqın həyat tərzinin,milli düşüncəsinin əksi olan bədii təsvir elementləri əvəz etdı. Quzey Azərbaycan poeziyası ilə yaxın ünsiyyət şeir dilini sxematizmdən, yersiz bellestrizmdən uzaqlaşmağa təkan verdi. Bunlarla yanaşı Cənub ziyalılarının Avropaya mühacirəti,eləcə də müasir informasiya mübadiləsi Cənub poeziyasında modern şeir axtarışlarını əsas istiqamətlərindən birinə çevirdi.
Gənclər ədəbi klişe və şablonları sındırmaq iddiasında bulunub, əvvəlkiləri inkar edirlər. Sonuncular özlərini postmodernist cərəyanın nümayəndəsi adlandırırlar.
Güneydə modern şeirin qurucularından olan dr.Həmid Nitqi yazırdı ki, modern ədəbiyyatı yaratmaq üçün modern bir dil olmalıdır. Dr.Həmid Nitqi bunu dillə bağlı çalışmalarında, şeirlərində təsdiq etdi.
Ədəbi prosesin hazırkı durumuna və bu durumun əsas cəhətlərinə nəzər salsaq, belə bir mənzərə ilə qarşılaşmalı olarıq: ədəbiyyatın əsas vəzifəsi ana dilində yazmaq və onu işlək ədəbi dilə çevirməkdir. Almaniyada yaşayan tanınmış şair Süleymanoğlunun belə bir fikri var: “Dil varlığın evidirsə, Güneydə azərbaycanlılar uçurulmuş bir evdə yaşamaq zorunda qalıblar”. O, çıxış yolunu bu evi – varlığı yenidən tikməkdə görür. Bunun da şair və yazarların görəvi olduğunu söyləyir.
Bu gün Güneydə ədəbi dil problemi var. Hərə bir ləhcədə, şivədə yazır. Bəzən kim hansı ləhcədə danışırsa, elə də onu kağıza köçürür. Ləhcələrin çoxluğu və şifahi nitqdə onlardan istifadə təbii haldır. Lakin vahid ədəbi dil formlaşmalıdır.
Güneydə son illərdəki yazılar Anadolu və ya İstanbul türkcəsində, Quzey Azərbaycan türkcəsində və ortaq türkcədə yazmağa cəhd edirlər (mərhum dilçi-professor Həmid Nitqi də 32 il öncə ortaq türkcəni təklif etmiş və doktor Cavad Heyətlə birgə “Varlıq” dərgisinin timsalında buna nail olduğunu göstərmişdi. – P.M.). Son illər gənc yazarlar arasında Anadolu və ya İstanbul türkcəsində yazmaq ənənəsi daha çox yayılıb.
90-cı illərdə ədəbiyyata gələn avanqard nəsil sənət prinsiplərini şüar, tələb, bəyanatlarla irəli sürən daşlaşmış, kirəcləşmiş mövqeləri birdəfəlik, kökündən qoparmağa çalışırdı. Çağdaş modern şeirə körpü salanların önündə gedənlərdən biri Səhər xanım Rəiszadədir. Bu poetik hərəkatı açıq şəkildə ilk öncə Süleymanoğlu, Nigar Xiyavi, Nasir Merqatı, Nadir Əzhəri, Əziz Səlami, Məmmədrza Ləvayi, Atilla Maralanlı, Lalə Cavanşir, Kiyan Xiyav, Hadi Qaraçay, Səid Muğanlı, Heydər Bayat, Saleh Ətayi, bir qədər sonra İlqar Müəzzinzadə, Məliha Əzizpur, Xosrov Barışan, Elşən Böyükvənd, Ramin Cahangirzadə, Rəsul Yunan, Solmaz Məmmədrizayi, Türkan Urmulu, Ramin Cabbarlı, Məsud Haray, Ülkər Ucqar, Şəlalə Cavanşir, Ərsan Ərel, Duman Ərdəm, Aydın Araz, Zaman Paşazadə, Ziba Kərbasi yaratmağa səy göstərir və adını çəkə bilmədiyim digərləri bu yolda irəliləyirlər.
Adətən ilin ədəbi mənzərəsini yazarların həmin ildə çıxan kitabları,ədəbi-bədii jurnallarda nəşr olunan bədii yazıları ilə bəlirtləmək olur. Güneydə son sürəclər sinirsiz internet şəbəkəsindən yetərincə yararlanır, nəşr və mətbuatın görəcəyi iş sosial şəbəkə aracılığı ilə çözülür. Artıq bir neçə tanınmış yazarın yüksək tələblərə cavab verən elektron dərgiləri ədəbi fəzadakı boşluğu doldurmaq üçün çaba göstərir və geniş oxucu auditoriyası qazana bilir. (Məs. “İşıq”, ”Düşərgə”, “ Maral” və s.). Ölkədə Azərbaycan türkcəsində çıxan əsərlərə qoyulan məhdudiyyətlər(senzura), eləcə də azsaylı və qısa kəpənək ömrünə məhkum olan qəzet və jurnallar bu işin öhdəsindən gələ bilmir. Bu üzdən də daha çox internet şəbəkəsində yayınlanan eləcə də yazarlarla şəxsi əlaqə qurub məktublaşma zamanı əldə etdiyimiz materiallardan bəhs etmək məcburiyyətindəyik.Güneydə yazarın 1-2 kitabı işıq üzü görürsə, bir o qədər çox sayda da kitabı nəşriyyatda çap olunmaq iznini gözləyir.
2014-cü ildə çap olunmuş kitabların içində şeir topluları çoxluq təşkil edir. İsmayıl Mədədi Ülkərin “Urmu gölü” nə həsr olunmuş şeir antologiyası kitabı, Mustafa Şeyxpurun “Dünya durduğum yerdə qurtarır”, Fəruba Mürtəzainin “Dilim ağzımda quruyur”, Məlihə Əzizpurun “Göy gözlü tanrı”, Fəranək Fərid İpəyin “Yuxuda ayılmaq”, Aydın Arazın “Axşamlar gedir,yoxsa qayıdır”, Nəsim Köhnəsalın “Yarım açıq çamadanlar”, Xosrov Barışanın ”İçdim Təbrizin küçələrini”, Həsən İldırımın “Üşütmə içində istədiklərim “, Babək Qocazadənin “Təbrizimə yana-yana baxaydım” şeir topluları, N.Sübhinin “Soyuq gecə” hekayə toplusu kitabı və başqalarıdır.
Ekoloji fəlakət olan Urmu gölünün quruması və bunun rəsmilər tərəfindən qarşısının alınmaması uğrunda tək siyasi fəallar mücadilə aparmır. Bu artıq ədəbiyyatda da gündəmdən düşməyən mövzulardan birinə çevrilib. Tanınmış şair İsmayıl Ülkər 500 səhifə həcmində “Urmu gölü” nə həsr olunmuş şeir antologiya kitabını hazırlyıb.Kitabda ötən əsrdə Urmu gölünü vəsf edən söz ustadlarıTağı Rüfət,Məhəmməd Biriya, Məmməhüseyn Şəhriyardan tutmuş,çağdaş şeirin önündə gedən Hadi Qaraçay,İsmayıl Ülkər, Rüqəyyə Kəbiri,Kiyan Xiyav,Nigar Xiyavi kimi şairlərin şeirləri çap olunub .Əvvəlki nəslin yaradıcılığında bu gölün əsrarəngiz gözəllikləri mədh olunursa,sonrakı nəslin əsərlərində gölün mənzərə-portreti tam fərqli olaraq ağrı ilə yüklənmiş ağılarda verilir. Təbrizdə 40-cı illərdə "Şairlər məclisi"nin qurucularından və son təmsilşilərindən biri, qocaman şair və yazıçı Haçım Tərlan ötən il ömrünün 90-çı ilində həyatla vidalaşarkən də yaşadığı ölkədə Urmu gölünün qurudulmasından rahatsız idi. Şair son şeirilərindən birində yazırdı;
Qürbət eldə qəribsədim, elimi qaytarın mənə
Dərələrim köz bağlıyıb, selimi qaytarın mənə.
Axtarıram həzin həzin itirdiyim gölün izin
Dünyada hər nə var sizin, Gölümü qaytarın mənə.
Çox kədərlidir ki,Urmu gölü artıq Aral gölünün taleyini yaşayır.Kitabda Ülkər Ucqarın səssiz fəryadı da buna işarədir.
Sənin iki qurtumluq qumral gözünə
necə inanım?
O yekəlikdə
mavilikdə
Urmu gölü ilğım imiş
əlimi atanda duza çıxdı!
Dalıram inanmıram
cumuram inanmıram
boğuluram inanmıram.
Güney poeziyasının gənc nəslini birləşdirən ümumi amil onların vətən,milli dil haqqında eyni mövqedən çıxış etmələridir. Bu poeziyanın məzmunca hüdudları da genişdir. Azərbaycançılıq.turançılıq düşüncəsi yeni Cənub şeirinin ideya zirvəsinə vüsət verməklə yanaşı,onun poetik ifadə imkanlarını,üslub çalarlarını da zənginləşdirir. Quzey Azərbaycan şeirinin üslubi təmayülləri Səməd Vurğun, R.Rza, B.Vahabzadə, M.Araz timsalında Cənub şerinin yeni istiqamətlə formalaşmasında xüsusi yeri olduğu kimi,çağdaş türk şeirinin də mövqeyi hiss olunur.Özəlliklə,Nazim Hikmət şeirinin intonasiyası dərhal duyulur.Digər tərəfdən şairlər Avropa poeziyasını da mənimsəyir, hətta bu gün dəbdə olan postmodernizmin təmsilçilərinin adlarını şeirlərinə gətirirlər.
Muzisiyənlərdən
Bethoveni,
rəssamlardan
Pikasonu,
fəlsəfəçilərdən
Haydegeri
və
şairlərdən özümü
çooox sevirəm
mən post modern birisiyəm.(Elyad Musəvi)
Əlbəttə,şairlə mübahisə də etmək olar.Burda modern hardadır,postmodern harda başlayır?.Əsas odur ki, poetik fikir öz mərhələsini, həm də ictimai düşüncənin masştabı etibarı ilə genişləndirir:
Bayatılar
“Stay with me”i
söyləyirdi.
Artıq arzular gecikmişdi!
Səttarxanın tüfəngini oğurlayıb,
Qarabağ dağlarında
31-ci yüzillikdə etiraz edəcəyik!!!(Solmaz Məmmədrzayi)
Səid Muğanlının şeirlərindəki Bütöv Azərbaycan dərdi, vahid Azərbaycan dili ideyası onun poetik sintaksisini bəlirtləyir. O, Güney Azərbaycan ədəbiyyat və kültürünü ləyaqətlə təbliğ edən “Yaşmaq” yeni ədəbiyat dərgisinin redaktorudur. Dərgi Quzey Azərbaycan yeni ədəbiyyatının İranda tanıtdırılması sahəsində də cox iş görüb. Dərginin əlavəsi olaraq onun təşəbbüsü ilə bu günə qədər 40-a yaxın kitab işıq üzü görüb yayınlanıb. S. Muğanlının sevgi ilə bağlı fərqli fikirləri var:
Sevmək bir intihardir
Qar çiçəgi günəşə baxib öldü...
Sevmək bir ittihamdir.
Sevmək təkcə sevmək deyiil ki.
Sənin....mənim....onun arasinda
Sevmək bir inqilabdir
mən sevirəm
və...
zindandayam...
Məsud Harayın “Urmu gölü” şeiri ekoloji faciəni insanlığın faciəsi kimi ümumiləşdirir,özü də bənzərsiz bir intonasiya, daxili bağlılığı ayrılmaz təsvir çalarları ilə.Günəş də qocalarmış,Urmunun duza, ağ çalmaya dönmüş sahillərinin “tumarında” nəvazişində. Bizcə, aşağıdakı misralar Güney şeirinin yeni obrazlara, yeni poetik sistemə keçidinin uğurlu nümunəsidir.
Günəş batarkən
Saçlarını darayırdı torpaq.
Sürtülürkən saçları
Yarpaqlara budaqlara
Sürünürdüm mən də.
O qızıl saçlı peşində
Bir an saçları ağardı,
“Qocaldı” sandım günəşi
Amma o qocalmamışdı,
Yalnız saçlarını
Urmu dənizi tumarlamışdı.
Heydər Bayatın dil, yaşadığı ölkə haqqında poetik düşüncəsi 80-90-cı illərdə Cənub şeirindəki poetik üslubdan tamam fərqlidir. Onun şeirlərindəki ənənəvi sarsıntı, məyusluq və iztirab ovqatının alt qatında kin,nifrət və ironiya var.
Boynumu qucaqlamağa
Bilirəm,
Boyun çatmaz –
Bu ölkənin dar ağacları
Ucadır
Belə ki, darları uca qururlar
Son görüşdə
Boynumu qucaqlamağa
Bilirəm,
Boyun çatmaz.
Başqa bir şair //Biz,bütün tutsaq ulduzlarla// //Üzləşəcəyik tilisim qaranlıqla,//Və Güllələrin tuşu ilə//Keçəcəyik Şəhidlik keçidindən...//söyləyən Məlihə Əzizpurun isə dar ağacına nikbin notlara köklənən özəl baxışı var:
Sabah;
Əkilən dar ağaclarından
GUNƏŞ dərəcək
Uşaqlar...
Ramin Cahangirzadənin şeirlərində gözlənilməz poetik keçidlər “daş” məfhumuna verilmiş onlarca poeziya nümunələri içərisində seçilməyə,yadda qalmağa imkan verir.
Daşların çartlağından çıxan çiçəklər
Daş olmasınlar deyə
Baş qaldırırlar.
Və ya
Bir gün daşa dönsəm
Bütün sirlərimi
Daşlara deyəcəm!
Məhsa Mehdilinin şeirlərindəki həzinlik,kövrəklik,Təbriz sevgisindən,Qarabağ dərdindən gəlir,dünyaya etirazını bəzən vərdişə çevrilmiş hayqırtı ilə yox,təmkinli bir ovqatla ifadə edir.Ümimiyyətlə formalaşmaqda olan Güney şeirindəki bu üslubun, bu poetik təhkiyənin bədii uğurları göz önündədir.
Təbrizsizləyən hər boğazda
lallığını yaşayır
insanlığın uzun dili
Urmuda
Qarabağda
Urumçuda
və Təbrizdə,
Ramin Cabbarlının şeirlərində metoforik ifadə imkanları daha genişdir.Onun “Nifrət etdiyim” şeiri həm poetik bir hekayədir,şərin,böhtanın,cinayətin mahiyyətinə “ağ yalan söyləyən” yağış tanrısına verilən dəyərdir.
Nifrət etdiyim tanrı,
Yağış tanrısıdır.
Dar küçələr qana boyanarkən
Ağ yağış göndərir,
Bütün cinayət izləri silinsin deyə.
Ülkər Ucqarın “Ovsun” şeirində nağıl təhkiyəsi,nağıl intonasiyası bənzərsiz abzaslarla zəngindir.Cənub şeirində uzun illər mövcud olan ənənəvi poetik forma və obrazlar sistemindəki gözlənilməz məqamlar onu deməyə əsas verir ki,bu poeziya inadla dilin poetik leksikonuna arxalanmaqla yeni bir bədii sistemə sahib olur. Aşağıdakı misralardakı sözlərin,ifadələrin tamamilə yeni poetik qatını görürük. Bu da öz növbəsində şeirə güclü məzmun,məna tutumu aşılayır.
Uzaqdan gələn səslərə uyma xəstəliyim var. . .
İlanlar yatağı-canım gecələr
Öpdüyün yerlərdən ilanlar bitib. . .
İlanlar yatağı-canım gecələr
Canımı saç kimi yolmağım gəlir.
İranda türkçülüyün ideoloqlarından biri olan Əli Təbrizli Pəhləvi rejiminin türklərə qarşı apardığı ayırıcılıq siyasətini lənətləyir, soydaşlarını da ana dili yasaq edilən “dilsiz başa” bənzədirdi. Huşəng Cəfəri Ə.Təbrizlinin tutduğu yolun davamçısıdır və bu gün xalqın dərin rəğbətini qazanmış şairlərdəndir. Elinin səsinə çevrilmiş şair həm də rəssamdır. “Şəkil” şeiri onun xalq arasında ən yayğın olan və uğurlu poetik əsəridir
Neyləyim dilsiz bir baş cəkəmmirəm,
Sinəmdə urək var, daş cəkəmmirəm,
Elimin gozundə yaş cəkəmmirəm
Bu elin mahnısın tarda cəkəcəm.
Tikili bir ağız cəkəcəm buma,
Bir dərin baxış ki fikrində Cuma
Yollayam şəklini Tehrana, Quma
Bir elin yoxluğun varda cəkəcəm
Yeni nəsil yazarlarının hər birinin öz özəllikləri var. Kiyan Xiyav dünya ədəbiyyatında qəbul olunmuş poetik prinsiplərdən yararlanıb, ana dilində bənzərsiz şeirlər yazmağa nail olur.
Bir dib otaq var içimdə
Pəncərəsindən baxaram Savalan ətəklərinə;
Dörd bir yanı küncüt,qara tut,və ümid.
Bir dib otaq var içimdə
Jan Pol Sartrın "Böyük faciə"si qədər macəralı.
Bir dib otaq var içimdə
Bir sinema filmi kimi
Hər planında kitab oxuyan mən
Və kamfa toxuyan sən.
Əziz Səlami siyasi mühacir ömrü yaşayan yazarlardandır.Yaşadığı ölkədə alman dilini də mükəmməl mənimsəyən şair bu dildə yazılmış eləcə çin, yapon, yəhudi, ispan, alman, və qırmızıdərililərin ədəbiyyatından olan şeir nümunələrini dilimizə çevirmişdir. Şairin «Qərib külək» adlı şerində qəriblik hissi çox qabarıqdır.
Bu külək hardan gəlir görəsən?!
Qərib-qərib dəyir saçlarıma
Ürkək-ürkək toxunur üzümə
Oynayır kövrək barmaqları havada
Toxunmayır alnıma
Qəlbimdə gözləyən bu sazın
Həsrətli tellərinə.
Bu külək hardan gəlir görəsən?!
Nadir Paşazadə İran-İraq müharibəsində 26 ay İraqda əsirlikdə qalıb. Müharibənin sərt üzü və yaşadığı əsirlik N.Paşazadənin həyatında və ruhunda silinməz izlər buraxdığından ədəbiyyata tapınıb.
Yoldaşum Uranusdan gəlmiş,
Tanışlarımın çoxu Marsdan.
Onlar günəş ardıncadırlar,
Mənsə, gecə.
Bir saat uyumaq
Və hər şeyi unutmağın
Müşahidə edilir ki, inqilabi hərəkat dövründə özünü yenidən tapan xalq ədəbi-bədii dil mövcudluğunun bütün formalarından maksimum istifadə etməyə çalışır, köhnə formanın yeni imkanlarını üzə çıxarır. Bugünkü gənc nəsil güldən-bülbüldən uzaqlaşıb, həsrət, ayrılıq, göz yaşı mövzularının vaxtının keçmiş olduğunu anlayıb. Urbanistik mövzular, postmodern estetik təmayül onların əsərlərində aparıcı yer tutur. Bir sözlə, Güneydə ədəbiyyat bütün gücü ilə inkişafdadır.
Güneydə orta yaşlı nəslin gənc şairlərin yeni ədəbiyyat yaratmaq meyllərinə münasibəti fonunda Rza Bərahəni, Nadir Əzhəri və Nasir Davəran kimi güneyli tənqidçilərin bir-birindən fərqli fikirləri ilə bölüşmək istərdik.
Nasir Davəranın yazır ki, dünya postmodern şeiri düşüncəsi insanların mərüz qaldığı çətinliklərə laqeyd olmağa, ictmai-ədəbi prinsiplərə etnasızlıqla yanaşmağa sövq edir. Bu üslubda yazanlar da bir para yaman, yaramaz sözləri şerimizə aşılayaraq, ədəbi dilimizi pozurlar. Bəlkə də bilməməzlikdən gələn ədəbi dilimizi bayağılığa yönəldirlər. Onlar bir gün Təbriz danışığının keşiyində durur,o biri gün Zəncan deymini qoruyur, ta biri gün də İstanbul türkəcəsinə meyllənir.N. Davəran yazısının sonunu nikbin bir notla bitirib bundan yan keçən başqa şairlər haqda yazır ki, “gənc şairlərin çoxu hər bir şeydə yenilık vurğunudurlar. Elə baxışların təfavütlı olması da yaxşı haldır. Sevindiricidir ki, insanların fərqli təbiətlərını yamsılayan bunca müxətilf janrlı şeir topluları, bəlkə də həyatın özəllıklərinə güzgü tutur. Bir bir birimizi eşitəməyi bacara bilsək avangard şeirimizin parlaq gələcəyı də, həmin rəngarənglıklərdən doğacaq”. (Nasir Davəran Şeirimiz bu gün Kültür jurnalı.1 s.50)
Postmodernizm cərəyanı ilə bağlı «Dismemberment» (Kəsik-kəsik etmək)əsərinin müəllifi Kanadada “Pen klub”un sabiq başqanı mühacir yazar Rza Bərahəninin postmodernlə bağlı maraqlı düşüncələri var. O yazır ki, Postmodernzm İkinci Dünya müharibəsi başa çatdıqdan və üçüncü dünya ölkələri adlandırdığımız ölkələrin yaranması ilə meydana gəlib. Bu cərəyan dünyanı kamil surətdə görür. Bizim zehnimiz Qərbin təsiri altında parçalanıb və bu fonda Qərbin də zehni tikə-tikə olub. Bunun da içindən kəsk-kəsik yazmaq meydana çıxıb. Zehin parçalayır, sonra yazır. Məsələn,bir çox şairlərin yazdıqları şeirlərdə bir məzmun var: həmin məzmun struktur kimi qurulub və bilirsiniz ki, şair nə demək istəyir. Bu, əvvəlcədən müəyyən edilmiş bir struktura bənzəyir. Amma mən romanı və şeiri parça-parça olmuş formada yazıram.”
Tanınmış şair və tənqidşi Nadir Əzhəri yeni ədəbi cərəyan və ədəbi dillə bağlı yazır ki, son illər güneyli gənc yazarlar Quzey Azərbaycan, Türkiyə eləcə də Qərb ədəbiyyatı nümunələri ilə tanışlığı yaxşı haldır. Lakin gənc yazarlar postmodernin üsütörtülü ifadə, sitat və təsadüflərinin arxasınada saxlanan xəyali manipulyasiya özəlliklərindən faydalanaraq yazmağa başlayırlar.Daha sonra o bu polemikanı davam etdirərək bildirir ki, şarirlərimizin bəzisi Azərbaycan ya Türkiyə meyar dilində gücsüzlüklərini modernizm altında gizlətmək istəyiblər Tənqidçi yazının sonunda ana dilini dərindən mənimsəməyi tövsiyə edir.
Rəsul Yunanın timsalında Güneyli yazarlar üçün xarakterik olan yaradıcılıq səriştəsini,tərzini göstərmək istərdik. Rəsul Yunan sərbəst vəznli modern şeirlə bərabər hekayə və roman müəllifidir.Hekayələrini farsca, şeirlərini isə türkcə yazır. Eləcə də Məhəmməd Rza Ləvayi. Onun modern şeir sahəsində əldə etdiyi uğurları nəsrdə də keçərlidir.Onun “Arbatan” romanı çağdaş Güney Azərbaycan romanının incilərindəndir.Demək şeirl ər ana dilində yazılır, nəsr əsərlərinin çoxu isə farsca olur.
Güneydə yazarların ən çox üzləşdiyi problemdən birinə toxununan Kiyan Xiyav yazır ki,“Yaşadığım ölkədə danışdığım və yazdığım dilin rəsmən tanınmamasından çox əziyyət çəkirik. Kitablarımı da istədiyim kimi çap etdirə bilmirəm. Elə bu iki səbəbdən hər zaman dözülməz bir sıxıntı içindəyəm.” Meyar bir dilə sahib olmaq üçün çaba göstərən güneyli yazar Quzey Azərbaycanda da dil sahəsində boşluqlar olduğu fikrindədir.O nigarançılığını söyləyib,quzeyli soydaşlarına bir mesaj ünvanvanlayır: “Bakıdan çox önəmli olan bir şeyi də umuram. O da dil məsələsidir. Azərbaycan türkcəsi. Məncə, Bakı günbəgün Azərbaycan türkcəsini zavala doğru aparır. Inanın, bizdə Bakıda olduğundan da çox dilçi var. Bu dil yerində istifadə edilməyən, qabarıq farscadan, ruscadan, ərəbcədən alınma sözlərdən və heç də Azərbaycan türkcəsinə bənzəməyən dil quruluşundan arıtlanmalıdır. Iran, Türkiyə bu işi yüz ildir görür. Təkcə İranda, keçən iyirmi-otuz ildə farslar əlli minə yaxın söz düzəltməklə, xalqın ağzından alınma sözləri toplayıb yığışdırıblar. Bakı bu böyük problemə əsaslı yanaşmalıdır”. Zənnimizcə söylənən iradın üzərində düşünməyə dəyər.
Peşəkar ədəbiyyatın yaranmaması tək dil problemi ilə deyil, həm də tənqidçilərin olmaması ilə bağlıdır. Son illərin əlamətdar yaradıcılıq hadisələrindən biri də ədəbi tənqidə marağın artmasıdır. Hümmət Şahbazi, Cəfər Bozorgəmin, Əhməd Alov,Həsən İldırım, Eyvaz Taha, Nadir Əzhəri, Məliha Əzizpur, eləcə də Eldar Muğanlı, Hadi Qaraçay, Kərim Qurbanzadə, Bulud Muradi, Həmid Arğış kimi tənqidçi ordusunun yetişməsi, yəqin ki, əsl ədəbiyyatın yaranmasına meydan verəcək.
Bəzi güneyli yazarların roman, memuar, oçerk və digər janrlarda ara-sıra dərc etdiyi ədəbi-bədii yazılar istisna edilərsə, çox zaman hekayə janrına üstünlük verilir. Bunun da başlıca səbəbi hər şeydən əvvəl, yazıçıların hekayə janrı vasitəsilə həyat hadisələrinədaha çevik reaksiya vermələri ilə bağlıdır.
Müəllifləri təxminən eyni mətləblər düşündürür: dünya, yaşam, ölüm və olum fəlsəfəsi, ana dili, milli mənəvi keçmiş, sosial problemlər, sevgi və s. Problemlərin bədii həlli isə müxtəlif səviyyədədir. Peşəkar yazıçılıq vərdişini bəzən emosional təsvirlər, birbaşa çağırış üslubu əvəz etsə də, bu nümunələr böyük ədəbi-tarixi əhəmiyyətə malikdir. Nəsr dilinin cilalanması mənasında ədəbi prosesdə hər bir əsərin özünəməxsus yeri vardır.
Dostları ilə paylaş: |