Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №4 2010 9 Cahanın hüzuruna daxil olub məktubu onun özünə təqdim etməsinə icazə vermədilər. Səfir Moğol
sarayına II Şah Abbasın sifarişlərini çatdırdıqdan sonra qarovulla geri göndərildi. II Şah Abbasın
ondan xeyli qabaq Bəstamdan göndərdiyi Məhəmmədqulu bəy adlı elçisini də eynilə qarşılayıb yola
salmışdılar (5, 174-175; 4, 47). “Abbasnamə”də göstərilir ki, Qəndəhar tutulub şəhərdə nizam-intizam
yaradıldıqdan sonra II Şah Abbas 13 rəbioləvvəl 1058-ci ildə buradan Herat istiqamətində geri qayıtdı.
Şah Herata qayıtdıqdan sonra Qəndəhar bəylərbəyi Mehrab xanla Şah Hüseyin sultan Abdal arasında
narazılıq baş verir. Bəylərbəyidən inciyən Şah Hüseyin sultan Abdal Hindistan padşahının yanına
qaçıb onu Qəndəharı tutmağa təşviq edir. O, Şah Cahana məlumatında göstərirdi ki, Şah Abbas
Qəndəharı tərk etdikdən sonra burada o qədər qoşun qalmamışdır və hər kim istəsə, o vilayətə sahib
ola bilər. Onun yalanları Hind Şahına təsir elədi. Qəndəharı tutmaq ümidi ilə oğlu Ourəngzeybi vəzir
Sədullah xan və sipahsalar Bahadur xan, Rüstəm xan Dəkəni, Qılıc xan və bir dəstə sərdarı böyük
qoşunla Qəndəhara göndərdi. Özü də böyük oğlu və vəlihədi Daraşokuhla Kabilə daxil oldu.
Ourəngzeyb və Sədulla xan Qəndəhara çatıb, şəhəri mühasirəyə aldılar. Qılıc xan Özbəyi, Xəncər xan,
Qubad xan və (4, 48) Allahqulu xanı Bost qalasını mühasirəyə almağa yola saldılar. II Şah Abbas
Heratda ikən Mehrab xandan hindlilərin təcavüzü barədə məktub aldı. O, Ərdəbil hakim və
mütəvəllisi Əli xan, əmiraxurbaşı Nəcəfqulu bəy Zənginəyə fərman verdi ki, əsas qoşun gələnə qədər
hərəkət edib Qılıc xanın şərindən Bost əhalisini uzaqlaşdırsınlar və hind mühasirəçilərini dağıtsınlar.
Sipahsalar Murtuzaqulu xan, qullarağası Siyavuş xan (Kuhgiluyə bəylərbəyi), Kirman hakimi və
qorçubaşı Murtuzaqulu xana fərman verdi ki, sərdarlığı öhdələrinə götürsünlər. Mehrab xanın qardaşı
Hacı Mənuçöhr xan Şahdan xahiş etdi ki, bir dəstə Şah fədaisi ilə onu ordudan əvvəl həmin bölgəyə
savaşa göndərsin. Ona icazə verildi və o, 50 nəfər döyüşkən fədai ilə sürətlə savaşmağa yola düşdü. O,
Zəmindavərə çatdıqda Xəncər xanın qardaşı oğlu Qılıc xan, Qubad xan, Allahqulu xan 3000 nəfərlə
bu nahiyəni çapıb–talamağa göndərilmişdilər. Xəncər xan və onunla birlikdə olanlar Hacı Mənuçöhrlə
savaş əvəzinə Zəmindavərə yürüş edib, geri döndükdə Hacı Mənüçöhr xanla savaşmağı qərara alırlar
(4, 49). Nəcəfqulu bəy Zəngİnə qərara aldı ki, əvvəlcə 1000 süvari ilə Nəzərəli xandan əvvəl hərəkət
edib Hacı Mənuçöhr xanla birləşib Xəncər xan, Qubad xanla savaşa girib onları məğlub etsinlər. Şah
bu xəbəri eşidib (4, 49) xoşhal oldu. Bu zaman Qılıc xan çarəsiz qalıb Qəndəhardan geri çəkildi. Şah
Nəzərəli xana göstəriş verdi ki, əmiraxurbaşı ilə birlikdə təhlükəsiz yerdən hərəkət edib Səfəvi
əmirlərinə çatsınlar. Səfəvi-Hind qoşunları arasındakı kiçik savaşlarda bir çox Səfəvi əmirləri, o
cümlədən Azərbaycan bəylərbəyi Pirbudaq xan Qacar, Astra hakimi Sarı xan, ümumiyyətlə, bütün
Qızılbaş döyüşçüləri çox böyük qəhrəmanlıq göstərdilər. Ourəngzeyb, onun sərdarları, əsgərləri
Səfəvi sərdarlarının şücaətindən qorxuya düşmüşdülər. Elə buna görə gecə ikən qaçmağa üz
qoydular. Şahın göstərişi ilə qullarağası Siyavuş bəy onları təqib etdi, ancaq Ourəngzeybi tapa
bilmədi. H.1058-ci ilin ramazan ayının 7-də Qəndəhar bəylərbəyi Mehrab xan vəfat etdi və onun
yerinə xassə qulamlarından Otar xan təyin edildi (4, 50; 3, 112).
“Abbasnamə”nin verdiyi məlumata görə hindlilərin Qəndəhara ikinci yürüşü II Şah Abbasın
Şiraz yaylağından İsfana döndüyü zaman, yəni h.1063(1653)-cü ildə baş verir. Şah Cahan oğlu
Ourəngzeybi, vəziri Sədulla xanı, bir dəstə əmir, güclü qoşun, çoxlu fil, hərb topları ilə Qəndəharı
tutmağa göndərdi. Qəndəhar bəylərbəyi Otar xan hindlilərin yürüşü barədə xəbəri II Şah Abbasa
çatdırdı. Şah dərhal ordunun səfərbər edilməsi haqqında fərman verdi. Sipahsalar Əliqulu xan
başqalarından əvvəl Qəndəhar tərəfə hərəkət etdi. Şah bu zaman İsfahanı tərk edib Abbasabad adlı
bağa gedir. Hindlilər 71 gün Qəndəharı mühasirədə saxladılar. Səfəvi qoşuni yaxınlaşdıqda geri
çəkilməkdən savayı çarələri qalmadı. İkinci dəfə də məğlub olub Qəndəhardan qaçdılar. Halbuki hələ
Səfəvilərin əsas ordusu Abbasabaddan çıxmamışdı (4, 53, 54).
Moğolların Qəndəhara yeni hücumundan istifadə edən Türküstanın yeni hakimi Əbdüləziz
xanın göstərişi ilə Buxara özbəkləri Maruçax bölgəsini qarət etmişdilər. II Şah Abbas iki cəbhədə
müharibənin çətin olacağını nəzərə alaraq Əbdüləziz xanın sarayına elçi göndərib onunla müqavilə
bağlamağa nail olur. Bu müqaviləyə görə özbəklər də Moğollara qarşı müharibəyə başlamalı idilər.
Nəticədə II Şah Abbasın uğurlu siyasəti ilə özbəklərin Hind sərhəddini pozması (3, 117, 123)
Səfəvilərin Moğollarla Qəndəhar üstündəki çəkişmələrdə üstünlüyünü təmin etdi.