Hacıyeva Həyat Hafiz qızı
İxtisas: Azərbaycan ədəbiyyatı
E-mail: heyat.haciyeva9@gmail.com
fil.e.d., prof. L.M.İmaməliyeva
TOFİQ HACIYEVİN REDAKTORLUĞU İLƏ HAZIRLANMIŞ “DƏDƏ QORQUD KİTABI” ENSİKLOPEDİK LÜĞƏTİ
Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, folkloru olur. Bu sadalananların hamısı xalqın bugünü ilə keçmişi arasında mənəvi bağ yaratmaqdadır. “Kitabi-Dədə Qorqud” eposu da Azərbaycan xalqının milli-etnik bütövlüyünü və ictimai-fikir tarixini öyrənmək üçün misilsiz mənbədir. Dastanda türk kökünə mənsubluğumuz, dövlət quruculuğu, ordu quruluşu haqqında məlumatları görməkdəyik. Eposda oğuzların ailə münasibətləri, əxlaq normaları, dini inancları və təlim-tərbiyələrindən də söz açılır. Abidənin araştırılması zamanı bu məsələlərə qorqudşünaslar geniş yer ayırmışdırlar.
AMEA-nın həqiqi üzvü, akademik Tofiq Hacıyev "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın 2-ci cildi əsasında hazırladığı "Dədə Qorqud kitabı"nda dastanın mətnində rast gəlinən anlayışların izahları elmi şəkildə verilmişdir. Bu izahlara nəzər yetirdikdə abidənin milli-mədəni tariximizin ayrılmaz parçası olduğunu görməkdəyik. T.Hacıyev bu ensiklopediyanın nəşrə hazırlayan və elmi redaktoru olaraq kitabın həm lüğət, həm də elmi məlumat verdiyi barəsində məlumat vermişdir. Bununla da oxuculara eposun müxtəlif və maraqlı elmi cəhətlərini göstərir.
"Dədə Qorqud kitabı"nda T.Hacıyev oğuzlarda ailə nümasibətlərinə toxunmuşdur. Dastanda ailə qurulduğu zaman bəylə gəlinin bir-birlərini görüb, bəyənməsi və ailə böyüklərinin bu evliliyə xeyir-dua verməsini göstərir. Alim, dastanda qarşımıza çıxan ər ilə arvad münasibətlərinin çox güclü olduğunu qeyd edir. Oğuzlarda təkarvadlılıq norması vardır. Bunun müsbət təsiri isə sevgi münasibətlərinin qırılmazlığına, övladların tərbiyəsi və dövlət quruculuğunda özünü büruzə verir. Çünki, sağlam ailə cəmiyyətin və dövlətin təməlidir. Akademik Hacıyev ailə içində övladlar arasında fərq qoyulmadığını, qız və oğlan övladlarlara oğul deyilməsini vurğulayır. Buradan da, türklərin qızlara, qadınlara nə dərəcədə böyük önəm verdikləri görünməkdədir. Alim, Uruzun dili ilə söylənilən "Ana haqqı – Tanrı haqqı" ifadəsini göstərərək oğuzlarda ananın ululuğunu, müqəddəsliyini oxuculara çatdırır. Digər bir misalda isə Qazan xanın var-dövləti Şöklü Məlik tərəfindən yağmalanmış, xanımı, oğlu əsir götürülmüşdür. Lakin, Qazan xan hər şeyi kənarə qoyub, savaşmadan yalnız anasını geri istəyir. T.Hacıyev oğuz elində namusun da gözlənilməsini qeyd edir. Qadın və oğul ərinin namusunu qorumaq üçün gözünü belə qırpmadan ölümə getməli bacarmalıdır. Şöklü Məlik Qazan xanı alçaltmaq məqsədiylə Burla xatuna şərab paylatmaq istəyəndə, qırx bəy qız birdən "mənəm" deyərək cavab verir. Buradan da görünür ki, namus sadəcə bir şəxsin deyil, bütün elin-obanın namusudur. Qazan xan ailəsi içərisində sayılır və bu da digər insanlara da təsir edir.
T.Hacıyev "Dədə Qorqud kitabı"nda qədim oğuz cəmiyyətində olan demokratiyanı da göstərmişdir. Alim, insanlar arasında təbəqələşməni kəskin şəkildə olmadığını bildirir. Məsələn, boylarda işlədilən qul sözü tam olaraq quldarlıqla bağlı deyildir. Burada qul sözünün insan, qulluqçu, nökər, əsir kimi müxtəlif mənalarda istifadə olunduğuna rast gəlirik. Hətta qullar oğuzlar üçün əvəzolunmaz təbiət qüvvəsi olan ata da sahibdirlər. Atı olan qul isə döyüşcü olaraq bilinir. Görünür ki, oğuzlarda qul anlayışı indiki dövrdə olan mənasında işlədilmirdi. Demokratiya nümunəsi olaraq yarışlarda mahal hakimi qalibi öz vəzifəsi ilə mükafatlarıdırır. Alim bunu Bamsı Beyrəyin Banıçiçəyin toy məclisinə gəlib, ozan libasında yarışda udması ilə göstərir. Bu zaman Qazan xan qalibiyyət hədiyyəsi olaraq ona bir müddətlik hakimiyyəti verir. Dastanda "Dəlü ozan, dövlətin dəpdi" şəklində göstərilmişdir. Alimin qənaətinə görə bu tərz mükafatlar həm də oğuz gəncləri arasında igidliyin geniş vüsət alması üçün bir vasitədir. Burada diqqəti çəkən digər bir məqam da qalib olmuş şəxsin yetkin düşüncəyə sahib olmasıdır. Ona verilən hakimiyyətin ağırlığını və ciddiliyini dərk edib, səlahiyyətlərindən doğru şəkildə istifadə etməyi bacarmalıdır.
Alim kitabda dastanın hansı türk xalqına aid olmasına da toxunmuşdur. Bir çox ədəbiyyatşünas və qorqudşünaslar öz tətqiqatınlarında bu məsələ haqqında fikirlərini bildirmişdirlər. T.Hacıyev bir zamanlar qorqudçu ozanların olduğunu qeyd edir. Həmin ozanlar dastanı xalq arasında ifa edib, yayırmışlar. Sadəcə zaman keçdiyi üçün ozanların sayı azalmışdır. Buna görə də, dastanın xalq arasında söylənməsi dayanıb. Ancaq bu o demək deyil ki, "Kitabi-Dədə Qorqud" Azərbaycan türklərinə aid deyil. Akamedik Hacıyev Qırğızların "Manas"ı ilə maraqlı bir müqayisə aparır. 1989-cu ildə Qırğızıstanda 3 nəfər manasçı var idi. Dastanı ifa edənlərin sayının az olması "Manas" dastanının Qırğız türklərinə aid olmasına heç bir maneə yaratmır. T.Hacıyevin izahı "Dədə Qorqud" üçün də keçərlidir. Dastan el arasında söylənməsə belə boylarda söylənən ifadələr, göstərilən yer adları, adətlər və b. nüanslar dastanın Azərbaycan xalqına məxsusluğunu təsdiqləyir.
T.Hacıyev "Kitabi-Dədə Qorqud" dastanının tarixi məzmunu ilə yanaşı, onun sənət abidəsi olduğunu da qeyd edir. Bədii əsər olaraq obrazların daxili aləmlərinin təzahürü, insanların bir-birlərinə qarşı olan münasibətləri dastanın dilinə özünəməxsus şəkildə yer tapmışdır. Burada təşbehlərdən istifadə olunmuşdur ki, onlar öz tarixi kontekstinə uyğun olaraq təhlil edilməlidir. Alim, qəhrəmanın andında "torpaq kimi parçalanım" ifadəsini oğuzların torpağa olan münasibətindən iləri gəlir. T.Hacıyev torpağı-əkin biçməyən insan onun qədrini bilməz olaraq qeyd etmişdir. Bundan başqa dastanda "...üstimizdə Tanrı görkli" ifadəsi ilə Tanrı Allaha bənzədilir. Alimin fikrinə görə tanrıçılıq inancı ilə yazılmış dastana islam təfəkkürü təsir etmişdir. Digər bir misala nəzər yetirəndə “yonma ağac tanrılu” dedikdə bütpərəstliyin nəzərdə tutulduğunu görürük. Lakin, Qazan xan əsirlikdə bütpərəstlərin deyil, xristianların əlindədir. Alimə görə bu ifadənin işlənməsinin iki səbəbi ola bilər. Birincisi dastanın daha qədim variantından gəlməsi, ikincisi ilə islam dininə görə bütpərəstlərin xristianlardan daha kəskin, qəddar olmasıdır.
Beləliklə, Akademik Tofiq Hacıyev bu dəyərli araşdırmalarını "Dədə Qorqud kitabı"nda oxuculara çatdırmışdır. Onun redaktorluğu ilə hazırlanmış bu ensiklopedik lüğət milli-mənəvi sərvətimiz olan "Kitabi-Dədə Qorqud" dastanını daha yaxşı anlamağımıza və araşdırmağımız kömək etdiyi üçün dəyərli olmağa davam edəcəkdir.
13. Ədəbiyyaşünaslıq
Dostları ilə paylaş: |