Əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinətin hesablanması
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın faktiki qazancından hesablanır. Bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında əmək şikəstliyinə, peşə xəstəliyinə, hamiləliyə və doğuma görə məzuniyyətdən başqa qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əmək haqqı alanlar üçün vaxtamuzd, işəmuzd əmək haqqı alanlar üçün isə işəmuzd əmək haqqı) məbləğindən artıq olmamaq şərtilə faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə, qanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə) nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əmək haqqı, səlahiyyətli orqanların göstərişi üzrə (Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmkarlar təşkilatları orqanları) müvafiq peşə və ixtisasa malik işçinin əmək haqqına uyğun olaraq nəzərə alınır.
Müavinət hesablanarkən həqiqi qazanca, qüvvədə olan qaydalara əsasən, məcburi dövlət sosial sığorta haqlarının tutulduğu bütün növ əmək haqqı, müəyyən peşələri (vəzifələri) əvəz etmək üçün, o cümlədən qanunvericilikdə müəyyən olunmuş iş günü (iş növbəsi) ərzində müvəqqəti olaraq işdə olmayan işçinin vəzifəsinin yerinə yetirilməsi üçün, xidmət edilən sahənin genişləndirilməsi üçün və ya işin həcminin artırıldığına görə, həmçinin briqadaya və ya istehsalatda şagirdlərin öyrədilməsi üçün istehsalat praktikasına başçılıq edilməsi üçün verilən əlavə ödənişlər daxil edilir. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir. Müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir. Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. Mükafatların ümumi məbləği bölünən aylarda işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə tam işləmədiyi aylar, hamiləliyə və doğuma görə verilən məzuniyyət, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət, hərbi təlim toplanışlarında olan, yaxud başqa müəssisəyə işə göndərilən müddət nəzərə alınmır. Əgər hesablama üçün 3 aydan az müddət götürülürsə, onda hər ayda rüblük mükafatın üçdə bir hissəsindən çox olmayan məbləğ hesaba alınır.
Müəssisənin illik fəaliyyətinin yekununa görə əməyin ödənilməsi fondundan mükafatlar və uzun müddət işləməyə görə verilən birdəfəlik mükafatların bütün hallarda on ikidə bir hissəsi aylıq əmək haqqına əlavə olunur. Əgər işçi əvvəlki təqvim ilinin çox hissəsini və ya bütün ili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 30-cu bəndinin üçüncü abzasında göstərilmiş səbəblərdən işləməmişdirsə, onda həmin işçi üçün mükafatın orta aylıq məbləği keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilər üçün nəzərdə tutulmuş qaydada müəyyən edilir.
Keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilərə mükafat əmək qabiliyyətinin itirildiyi günədək və ya hamiləliyə və doğuma görə məzuniyyət başladığı günədək işlədiyi müddətə görə verilir, bu zaman mükafatın miqdarı əvvəlki 12 aydan çox olmamalıdır və onun məbləği bu ayların sayına bölünür.
Əgər işçi tərəfindən alınan əmək haqqı əmək haqqına əlavələrlə və orta aylıq mükafatın miqdarı ilə iki aylıq vəzifə maaşından (ikiqat günlük və ya saatlıq tarif dərəcəsi) artıq olarsa, onda əmək şikəstliyi, peşə xəstəliyindən başqa bütün digər hallarda müavinət iki aylıq vəzifə maaşı (ikiqat gündəlik və ya saathesabı tarif dərəcəsi) məbləğindən hesablanır. Əmək şikəstliyi, peşə xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iki vəzifə maaşı ilə məhdudlaşdırılmadan faktiki qazancdan hesablanır.
Vaxt hesabı ilə əmək haqqı (aylıq maaşı gündəlik və ya saat tarif dərəcəsi) alan işçilərə müavinət hesablanarkən onların əmək qabiliyyətinin itirildiyi, hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günədək aylıq maaşı (vəzifə maaşı) daimi əlavə vəsait və əmək haqqına əlavələr nəzərə alınmaqla gündəlik və ya saat tarif dərəcəsi və hesablanmış mükafatların orta aylıq (orta gündəlik, orta saatlıq) məbləği əsas götürülür. Əgər işçi natamam vəzifə maaşı alırsa, bu zaman müavinət işçinin aldığı həqiqi maaş hissəsindən hesablanır.
Aylıq əmək haqqı verildikdə müavinət hesablanması üçün orta gündəlik qazancın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 33-cü bəndində göstərilən qazancın əmək qabiliyyəti itirilmiş aydakı bütün iş günlərinin (cədvəl üzrə) sayına bölmək yolu ilə müəyyən edilir. Orta gündəlik qazanc nəzərə alınmaqla və təyin olunmuş müavinətin qazanca faiz nisbətindən asılı olaraq gündəlik müavinət hesablanır.
Müavinətin ümumi məbləği, gündəlik müavinətin miqdarının əmək qabiliyyətinin müvəqqəti itirmə nəticəsində həmin ayda (hamiləliyə və doğuma görə məzuniyyətin) buraxılmış iş günlərinin sayına vurmaq yolu ilə müəyyən edilir.
Əməyin işəmuzd ödənilməsi formasında çalışan işçilərə verilən müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi ayın birindən etibarən qabaqkı 2 son tam təqvim ayında işçinin aldığı orta qazancından hesablanır. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 30 və 31-ci bəndlərinə müvafiq olaraq, hesablanmış mükafatın orta aylıq məbləği hər ayın qazancına əlavə olunmalıdır.
İşçi həmin iki ayın bütün günlərini (cədvəl üzrə) işləməmişsə, bu zaman müavinət, onun bu iki ayın hər birində işlədiyi həqiqi günlərin qazancından hesablanır. Göstərilən 2 ayda işçinin qazancı olmamışdırsa (məsələn, əmək qabiliyyətini müvəqqəti itirməyə görə, işçinin təqsiri olmayan boşdayanma vaxtı) bu zaman müavinət əmək qabiliyyətinin itirildiyi ayda işlənmiş həqiqi günlər üçün alınmış qazanc əsasında hesablanır. Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq nəzərə alınır.
Müavinətin hesablanması üçün qazancın nəzərə alındığı müddət ərzində işçi başqa işə keçirilmişsə, yaxud onun tarif dərəcəsinin miqdarı və ya da əmək haqqı sistemi (vaxt hesabı ilə ödəmə işəmuzd ödəmə ilə əvəz olunduqda və s.) dəyişdirilmişdirsə, belə hallarda müavinət müvafiq olaraq işçinin yeni işə keçirildiyi, onun tarif dərəcəsinin və yaxud da əmək haqqının ödənilməsi sisteminin dəyişdiyi günlərdən işlədiyi müddətin qazancına əsasən hesablanır. Müəssisədə iş dayanmadığı halda işçinin üzrlü səbəblərdən qazancı olmayıbsa, onda müavinət tarif dərəcəsindən (vəzifə maaşı) və orta aylıq mükafatın məbləğindən hesablanır. Bu zaman tarif dərəcəsi rayon əmsalının və ya əlavələrin müəyyən edildiyi yerlərdə işləməklə əlaqədar aldıqları həmin rayon əmsallarını və əlavələri götürməklə nəzərə alınır. Əməyin işəmuzd ödənilməsi formasında çalışan işçilərə müavinətin hesablanması üçün orta günlük qazanc, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 35-ci və 37-ci bəndlərində göstərilmiş qazancın, cədvəl üzrə əmək haqqı aldıqları müddətdə olan bütün iş günlərinin sayına bölməklə hesablanır. Bu zaman, qazancın bölündüyü iş günlərinin sayına əmək qabiliyyətinin müvəqqəti itirdiyi günlər, hamiləliyə və doğuma görə məzuniyyət, növbəti və əlavə məzuniyyət, habelə qüvvədə olan qanunvericilikdə nəzərə alınan başqa hallarda işdən azadolunma günləri daxil edilmir.
Müavinətin ümumi məbləği, gündəlik müavinətin miqdarını əmək qabiliyyəti itirilən müddətdə, yaxud hamiləliyə və doğuma görə məzuniyyət zamanı buraxılmış iş günlərinin sayına vurma yolu ilə müəyyən edilir.
Kolxoz və ailə kəndli (fermer) təsərrüfatının üzvlərinə, digər kiçik müəssisələrin işçilərinə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, yalnız istehsal şəraitindən asılı olaraq həqiqi işə cəlb olunacaqları günlərin sayına görə verilir. Belə hallarda xəstəlik vərəqəsi üzrə müavinət verilməsində, iş günlərinin sayı kolxozun idarə heyəti, ailə kəndli təsərrüfatının başçısı və ya kənd təsərrüfatı müəssisələrinin müdiriyyəti ilə birlikdə müəyyən edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.
Əgər uşağa qulluq edilməsinə görə məzuniyyət zamanı (o cümlədən əmək haqqı saxlanılmadan məzuniyyət zamanı) qadın hamiliyə və doğuma görə məzuniyyətə çıxarsa, onda bu halda da müavinət vəzifə maaşlarının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.
Əmək qabiliyyətini itirmə, həmin şəxs əmək intizamını pozduğuna görə cəzalandırılıb aşağı maaşlı işə keçirilməsi barəsindəki əmrdən (sərəncam, qərar) sonra, lakin işə başlamalı olduğu gündən qabaq baş vermişsə, onda bu işdə olmalı günlər üçün müavinət həmin işin tarif dərəcəsindən (vəzifə maaşı) hesablanır. İşçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə ödənilir. Əmək qabiliyyətini müvəqqəti itirmə və ya hamiləliyə və doğuma görə məzuniyyət müvəqqəti olaraq işdə olmayan işçinin əvəz olunduğu zaman baş verərsə və bununla əlaqədar olaraq əvəzçiyə yüksək vəzifə maaşı (stavka) təyin olunmuşsa, bu zaman müavinət həmin yüksək vəzifə maaşı (stavka) üzrə hesablanır, bu halda əvəzçilik müddəti müəyyən edilmiş müddətdən artıq olmamalı, müddət müəyyən edilmədikdə isə əvəz olunan adam işə çıxan günə qədər olmalıdır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya hamiləliyə və doğuma görə məzuniyyət iş zamanı baş vermişsə və müəssisə, sex, şöbə dayandığı vaxtda da davam edirsə, bu zaman müavinət həmin peşə və ixtisas işçilərinə bu müddət üçün verilən qazancın miqdarından verilir, bu halda müavinət, həmin işçinin ümumi qaydalar üzrə ala biləcəyi müavinətdən artıq olmamalıdır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisədə iş dayandığı müddətdə baş vermişsə, onda işçiyə müavinət verilmir.
Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi (baş verdiyi vaxtdan asılı olmayaraq), müəssisə, şöbə işə salındıqdan və ya müəssisə ləğv edildikdən sonra da davam edərsə, bu zaman müavinət müəssisənin işə salındığı və ləğv edildiyi gündən, işçinin işin dayandırıldığından əvvəlki qazancına müvafiq hesablanır. İşçi əmək haqqında əlavənin müəyyən edildiyi rayonlarda və yerlərdə işlədiyi müddət ərzində xəstəlik vərəqəsi almışdırsa, onda bu rayonlarda və yerlərdə olmadığı vaxt üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əlavə haqqı nəzərə alınmadan hesablanır. Bu qayda hamiləliyə və doğuma görə, habelə əmək şikəstliyi və peşə xəstəliyi zamanı tətbiq olunmur.
Əmək haqqına əlavə vəsait alan və yaxud müvəqqəti olaraq başqa yerdə olduğuna görə əmək haqqına yüksəldilmiş əmsal alan işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə və ya hamiləliyə və doğuma görə müavinət onun əlavə vəsaiti yaxud da yüksəldilmiş əmsalı almalı olduğu günə kimi və yaxud da müvəqqəti olduğu yerdən qayıtmalı olduğu günə kimi həmin əlavə vəsaiti və yaxud da yüksəldilmiş əmsalı nəzərə alınmaqla hesablanır.
Məktəblərdə, orta ixtisas, texniki peşə təhsili məktəblərində və işçiləri əmək haqqı üzrə onlara bərabər tutulan digər təhsil müəssisələrində (istər bir, istərsə də bir neçə) çalışan müəllimlərə və tərbiyəçilərə müavinət, pedaqoji iş üçün verilən həqiqi qazancdan hesablanır. Bu zaman faktiki qazanca əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günədək tariflə müəyyən olunmuş pedaqoji iş saatları üçün verilən haqq, pedaqoji iş üçün verilən əlavə haqq (sinif rəhbəri vəzifəsini yerinə yetirmək üçün, şagirdlərin yazı işlərini yoxlamaq üçün, kabinə, laboratoriya və şöbə müdirliyi üçün, təcrübə işlərinə rəhbərlik etmək üçün və s. üçün), habelə müəyyən edilmiş qaydada təsdiq olunmuş və dərs cədvəlində nəzərdə tutulmuş saat hesabı üçün haqq daxil edilir. Məktəbəqədər, məktəbdənkənar və digər uşaq müəssisələrində (istər bir, istərsə də bir neçəsində) çalışan pedaqoji işçilərə müavinət hesablanarkən bütün iş yerlərindəki həqiqi pedaqoji iş saatları üçün əmək haqqı, pedaqoji iş üçün əlavə haqq nəzərə alınır. Bu bənddə göstərilən təhsil müəssisələrində, məktəbdənkənar və digər uşaq müəssisələrində, eyni zamanda müəssisədə (idarədə) müəllimlik edən və ya digər pedaqoji işi aparan rəhbər və başqa işçilərə müavinət pedaqoji iş (müəllimlik) saatlarının haqqı da daxil olmaqla bütün qazancdan hesablanır.
Səhiyyənin müalicə-profilaktika və sanatoriya-epidemiologiya idarələrində, uşaq evlərində, yetim uşaqlar üçün, əqli və fiziki inkişaf çatışmamazlığı olan internat-məktəblərində, tibbi-sosial ekspert komissiyalarında, məhkəmə tibb ekspertizasında işləyən tibb və əczaxana işçilərinə, habelə Qızıl Aypara cəmiyyətlərində çalışan şəfqət bacılarına müavinət bütün iş yerləri üzrə həqiqi iş qazancından hesablanır.
Bu bənddə göstərilən şəxslərə müavinətin hesablanmasında nəzərə alınan qazancın ümumi məbləği əmək şikəstliyi, peşə xəstəliyi, hamiləliyə və doğuma görə məzuniyyətdən başqa, ikiqat maaş və ya ikiqat tarif dərəcəsindən artıq olmamalıdır.
Ali təhsil məktəblərinin rektorlarına, prorektorlarına, kafedra müdirlərinə, tədris hissəsi şöbəsinin müdirlərinə, bu məktəblərin rəhbər və təlim-tərbiyə işlərində çalışan digər işçilərə müavinət pedaqoji iş üçün qazancları nəzərə alınmadan vəzifə maaşlarından hesablanır. Ali təhsil məktəblərinin professor-müəllim heyətinə müavinət, hər hansı bir inzibati-təsərrüfat vəzifələrini və başqa vəzifələri yerinə yetirdikləri üçün aldıqları əlavə əmək haqqı nəzərə alınmadan, vəzifə maaşından hesablanır.
Müəlliflik qonorarı (tamaşaya qoyulma üçün verilən mükafat) əsasında əmək haqqı və yaxud stavka (qiymət qoyulma) üzrə, müəllifə (tamaşaya qoyulma üçün verilən) mükafat (qonorar) üzrə əmək haqqı alan qəzetlərin, jurnalların, respublika teleqraf agentliklərinin, informasiya agentliklərinin, radio-televiziyanın və digər idarələrin yaradıcılıq işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, əmək şikəstliyi və peşə xəstəliyi zamanı hamiləliyə və doğuma görə müavinət həmin müəssisədə, təşkilatda və ya idarədə verilən və məcburi sosial sığorta haqlarının tutduğu müəllif (tamaşaya qoyulma üçün verilən) mükafatı nəzərə almaqla həqiqi qazancdan hesablanır. Bu zaman müavinətin hesablanması üçün nəzərə alınan faktiki qazanc göstərilən mükafatla birlikdə ikiqat vəzifə (aylıq) maaşından (əmək şikəstliyi, peşə xəstəliyi, hamiləliyə və doğuma görə məzuniyyətdən başqa) artıq olmamalıdır. Maaşı olmayan işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə nəzərdə tutulmuş müavinətlərin hesablanması üçün əmək haqqı müvafiq peşə və ixtisas olan işçinin əmək haqqına uyğun nəzərə alınır. Müəllif (tamaşaya qoyulma üçün verilən) mükafatı (qonorar) orta aylıq qazancda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 33-cü bəndində göstərilən qayda üzrə nəzərə alınır.
Müəyyən normanı yerinə yetirərkən vəzifə maaşı (stavka) alan işçilərə (artistlərə və s.) müavinət, o cümlədən əmək şikəstliyi, peşə xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirmənin baş verdiyi ayın birindən etibarən qabaqkı 2 son təqvim ayının orta qazancından hesablanır. Müavinətin ayda bir dəfə, eyni zamanda aylıq əmək haqqının ikinci hissəsi ilə əmək qabiliyyətinin itirildiyi günlərinə görə, müavinət və qazancın ümumi məbləği iki vəzifə maaşından (stavka) artıq olmamaqla verilir.
İşin şəraitinə görə ilin müxtəlif fəsillərində (dəniz, çay donanması və balıq sənayesindən başqa) əməyin ödənilməsi qaydası müxtəlif müəyyən edilmişdirsə, onda müavinət işçinin işdə qalaraq alacağı qazancı ilə müəyyən edilir. Əgər əmək qabiliyyətini müvəqqəti itirmə, bir dövrdə başlayaraq, o biri dövrdə də davam edərsə, ikinci dövr üçün verilən qazanca görə müavinət işləyənlərin əmək haqqının dəyişdiyi dövrdən başlayaraq verilir. İşəmuzd əmək haqqı alanlara ikinci dövr üçün müavinət, göstərilən hallarda işəmuzd çalışan işçinin tarif dərəcəsi hesabı ilə verilir. Dəniz, çay donanması və balıqçılıq sənayesi donanması gəmilərinin heyəti üzvlərinə müavinət əmək qabiliyyətini müvəqqəti itirmənin hamiləliyə və doğuma görə məzuniyyətin baş verdiyi təqvim ilindən əvvəlki ilin həqiqi qazancından hesablanır. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi ildə işə daxil olan, habelə tam təqvim ilindən az işləmiş şəxslərə müavinət hesablanarkən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi günə qədər işlənilmiş vaxtın qazancı nəzərə alınır. Orta gündəlik qazanc, əvvəlki ilin qazancını həmin ildəki təqvim günlərinə bölməklə müəyyən edilir. Bu zaman illik qazancın bölündüyü günlərdən iş günü hesab edilməyən bayram və istirahət günləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə, növbəti və əlavə məzuniyyət günləri əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə, növbəti və əlavə məzuniyyət günləri, habelə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş başqa hallarda işdən azadolunma günləri çıxılır. Əgər orta günlük qazanc ikiqat orta günlük maaşdan (ikiqat gündəlik tarif stavkasından) yüksəkdirsə, onda müavinət əmək şikəstliyi, peşə xəstəliyi, hamiləliyə və doğuma görə məzuniyyətdən başqa qalan hallarda ikiqat vəzifə maaşından (stavkadan) hesablanmalıdır.
Cəmləşdirilmiş digər istirahət günləri (otqul) üçün müavinət vəzifə maaşı (tarif dərəcəsi) hesabı ilə verilir.
Əmək qabiliyyətinin itirilməsi (hamiləliyə və doğuma görə məzuniyyət) günləri dəniz, çay donanması və balıq sənayesi donanması gəmi heyətlərinin əmək haqqı verilməyən ehtiyat dövrünə təsadüf edərsə, müavinət verilmir.
İş vaxtının uçota alınması mümkün olmayan məcburi dövlət sosial sığorta haqqını minimum aylıq əmək haqqı göstəricisinə nisbətdə hesablamaqla ödəyən sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət minimum aylıq əmək haqqı göstəricisinə əsasən hesablanır. Həmin şəxslərə müavinət əmək qabiliyyətin müvəqqəti itirilməsinə və ya hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günə qədər qüvvədə olan minimum aylıq əmək haqqı üzrə orta günlük qazancından hesablanır. Orta günlük qazanc yuxarıda göstərilmiş müddətdə hesablanmış həqiqi qazancın, bölündüyü günlərə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə əsas və əlavə məzuniyyət, həmçinin qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş başqa hallarda işdən azadolunma günləri daxil edilmir.
Müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əmək şikəstliyi, peşə xəstəliyi zamanı və ya hamiləliyə və doğuma görə məzuniyyət müddətinin bütün təqvim günləri üçün verilir. Ştatdankənar işçilər, bu iş onların əsas iş yeri sayılırsa və əgər onlar əmək müqaviləsi üzrə işləyirlərsə, bu zaman həmin işçilər məcburi dövlət sosial sığorta üzrə müavinətlərlə təmin edilirlər. Ştatdankənar işçilərə müavinət bütün hallarda onların həqiqi qazancından hesablanır, lakin bu, həmin vəzifəyə və ixtisasa müvafiq ştatlı işçinin ikiqat maaşından (ikiqat stavkadan) və ayrı-ayrı kateqoriyalı (müəllif hüquqlarının mühafizəsi üzrə ştatdankənar müvəkkilləri) işçilər üçün müəyyən edilmiş ikiqat maksimal (son hədd) əmək haqqından (ikiqat mükafatdan) artıq olmamalıdır.
Göstərilən işçilərə müavinət, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 35, 37-ci bəndlərində əməyin işəmuzd ödənilməsi formasında çalışan işçilər üçün müəyyən edilmiş qaydada hesablanır. İşə çıxma cədvəli müəyyən edilməmiş ştatdankənar işçilərə müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 51-ci bəndinin birinci, ikinci və üçüncü abzaslarında müəyyən edildiyi qaydada ödənilir. Müavinət o hesabla verilir ki, əmək qabiliyyətinin itirildiyi ayın qazancı ilə müavinətin ümumi məbləği müvafiq ştatlı işçinin ikiqat maaşından (ikiqat stavkadan) və yaxud da müəyyən edilmiş maksimal (son hədd) əmək haqqından (ikiqat mükafatdan) artıq olmasın. Saat hesabı ilə haqq alan ştatdankənar işçilərə (təhsil məktəblərinin, kursların müəllimləri, dərnək rəhbərləri və s.) müavinət saat hesabı ilə hesablanır və əmək qabiliyyətinin itirilməsi və hamiləliyə və doğuma görə məzuniyyətlə əlaqədar qrafik (cədvəl) üzrə buraxılmış saatların ümumi sayına əsasən hesablanır. Əmək qabiliyyətinin itirildiyi ayın qazancı ilə müavinətin ümumi məbləği bütün hallarda müvafiq peşə və ixtisasın ştatlı işçisinin stavkasından (ikiqat maaşdan) artıq olmamalıdır.
Vəkillər kollegiyasının üzvü olan vəkillərə, xüsusi notariuslara, sərbəst auditorlara və sərbəst mühasiblərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, habelə hamiləliyə və doğuma görə müavinət, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 35-ci bəndində əməyin işəmuzd ödənilməsi formasında çalışan işçilər üçün müəyyən edilmiş qaydalara əsasən hesablanır. Bu zaman, müavinətin hesablanması üçün götürülən qazanc, əvvəlki ildə vəkilin, xüsusi notariusun, sərbəst auditorun və sərbəst mühasibin orta gündəlik qazancından artıq olmamalıdır. Kolxoz və kənd təsərrüfatının başqa müəssisələrində akkordmükafat sistemi ilə kənd təsərrüfatı bitkiləri becərilən zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət, yalnız əməyin və əmək haqqının uçotunun aparıldığı işçilərə verilir. Belə işçilərə müavinət bütün hallarda, o cümlədən əmək şikəstliyinə, peşə xəstəliyinə, habelə hamiləliyə və doğuma görə müavinət ikiqat tarif dərəcəsindən çox olmamaqla onların həqiqi qazancından hesablanır.
Müavinətin hesablanması üçün orta gündəlik qazanc müavinəti hesablamaq üçün (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 39-cu bəndi) götürülmüş qazancın miqdarını həmin müddətdəki təqvim günlərinin sayına bölməklə müəyyən edilir. Bu zaman qazanca bölünən günlərin sayından yalnız əmək qabiliyyətinin müvəqqəti itirildiyi günlər çıxarılır. Müavinət təqvim günləri üçün verilir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi kənd təsərrüfatı bitkilərini becərmə dövründə baş vermişsə və bu dövr qurtarandan sonra da davam edirsə, bu zaman göstərilən dövr üçün müavinət işçinin bu dövrün sonunadək görməli olduğu işin tarif dərəcəsinə görə hesablanır. Əgər kənd təsərrüfatı bitkilərinin becərilməsi dövrü qurtardıqdan sonra işçi işləməli deyilsə, bu zaman müavinətin verilməsi dayandırılır. Qızılaxtaranlar müəssisəsinin üzvlərinə müavinət hesablanarkən yuyulma mövsümü üçün verilmiş əmək haqqı əsas götürülür və o, bu dövrdəki təqvim günlərinin sayına bölünür. Müavinət bütün mövsüm müddətindəki qazancla birlikdə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrün bütün təqvim günləri üçün verilir. Bu zaman faktiki qazanc, həmçinin əmək şikəstliyi, peşə xəstəliyi, hamiləliyə və doğuma görə məzuniyyət zamanı da işləyən, peşə və ixtisası uyğun gələn işçinin ikiqat vəzifə maaşından və ya tarif dərəcəsindən artıq olmamaqla nəzərə alınır.
Bağlanmış əmək müqavilələri üzrə ev təsərrüfatında muzdlu işçilərə (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda müavinət həqiqi qazancdan hesablanır.
Əsas iş yerlərində əmək haqqı tamamilə və ya qismən saxlanılmaqla kənd təsərrüfatı işlərinə, yaxud da başqa müəssisədə işlərin yerinə yetirilməsinə göndərilən işçilərə bu dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, həmin işlərə göndərilməmişdən qabaq aldıqları qazancdan hesablanır və ümumi qaydalara əsasən iş yerlərindən ödənilir. Məktəblərdə, kurslarda (ixtisası artırmaq, yeni ixtisasa yiyələnmək, kadr hazırlığı təhsil-kurs kombinatları, habelə ixtisası artırmaq institut və fakültələrində təhsil alanlara və dinləyicilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət, ümumi əsaslar üzrə verilir. Bu şərtlə ki, əgər onlar kurslara, məktəblərə (institut və fakültələrə) müəssisə tərəfindən göndərilsinlər və təhsil aldıqları müddət ərzində onların maaşları tamamilə və ya qismən saxlanılsın. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət təqaüdü nəzərə alınmadan oxuduqları müddət ərzində saxlanılan əmək haqqından hesablanır.
İstehsalat təcrübəsi dövründə əmək haqqı ödənilən işçi yerinə və yaxud da vəzifəyə götürülmüş ali təhsil məktəblərinin tələblərinə və orta ixtisas məktəblərində təhsil alanlara istehsalat təcrübəsi dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, yaxud da hamiləliyə və doğuma görə müavinət ümumi qaydalar əsasında təcrübənin keçdiyi yer üzrə istehsalat təcrübəsi qurtaran günə qədər verilir. Тikinti obyektlərində və xalq təsərrüfatının başqa sahələrində işləmək üçün təşkil olunmuş tələbə dəstələrinin üzvlərinə dəstədə işlədikləri dövrdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət aldıqları qazancdan hesablanır və bu işlərin yerinə yetirildiyi yerdə təyin edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxslərə müavinət ümumi qaydalar üzrə verilir. Bu zaman həmin cəzanı əvvəlki iş yerində çəkən şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirməyə görə müavinət bu cəzanı çəkməyə başlayanadək olan ümumi staja görə müəyyən edilən miqdarda verilir. Göstərilən şəxslərə əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinət məhkəmənin hökmü ilə təyin olunmuş məbləğ çıxıldıqdan sonra qazancdan hesablanır. Sərxoşluq nəticəsində və yaxud da sərxoşluqla əlaqədar olan xəstəliklər zamanı müavinət əmək qabiliyyəti itirilməsinin 11-ci günündən, xroniki alkoqolizmi olan xəstələrin stasionar müalicəsi zamanı isə ümumi əsaslar üzrə əmək qabiliyyətinin itirilməsinin birinci günündən verilir.
Əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət qazancın 100 faizi miqdarında verilir.
Əmək şikəstliyi və ya peşə xəstəliyindən başqa, əmək qabiliyyətinin müvəqqəti itirilməsi
hallarında müavinət aşağıdakı miqdarlarda verilir:
qazancın 150 faizi miqdarında:
• əlillərə;
qazancın 100 faizi miqdarında:
• 8 il və daha çox ümumi iş stajına malik olan işçilərə;
• öhdəsində 16 yaşa çatmamış 3 (təhsil alırsa 18) və daha artıq uşağı olan işçilərə;
• Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanmış, kontuziya və zədə almış şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun
müdafiəsi zamanı zərər çəkənlərə;
• Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına;
• Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına;
• 1986-1990-cı illərdə Çernobıl AeS-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AeS-nin istismarında və ya digər işlərdə iştirak etmiş ( o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətinə;
• qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvarı vəzinin (adenoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;
• 14 yaşınadək uşaqların Çernobıl AeS-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş valideynlərdən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə;
• fasiləsiz iş stajından asılı olmayaraq, əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;
• iş stajından asılı olmayaraq, hemofiliya və talassemiya irsi qan xəstəliyi olan şəxslərə;
• iş stajından asılı olmayaraq, qan və qan komponentlərinin donorluğu funksiyasının yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə;
• iş stajından asılı olmayaraq hərbi qulluqçularının arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə;
• iş stajından asılı olmayaraq onkoloji xəstələrə;
qazancın 80 faizi miqdarında:
• 5 ildən 8 ilə qədər ümumi iş stajı olan işçilərə;
• 21 yaşına çatmamış və 5 ilədək ümumi iş stajı olan ata-anasız yetim uşaqlara;
qazancın 60 faizi miqdarında:
• 5 ilədək ümumi iş stajı olan işçilərə;
• 14 yaşa çatmamış uşaqlara qulluq edilməsinə görə müavinət ümumi əsaslar üzrə verilir;
yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada əlillik qrupu verilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə fasiləsiz iş stajından asılı olmayaraq orta əmək haqqının 100 faizi miqdarında müavinət verilir; hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin miqdarı həmkarlar ittifaqı üzvlüyündən asılı deyildir.
Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin Azərbaycanda işləyən və məcburi dövlət sosial sığorta haqqı ödəyən işçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ümumi əsaslar üzrə verilir.
Müavinətin məbləği təyin edilərkən ümumi iş stajı pensiya qanunvericiliyinə müvafiq olaraq əmək qabiliyyətinin itirildiyi günədək hesablanır.
Dostları ilə paylaş: |