UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
Məhəmməd Bozdağ1
Dünyaya insan gƏlir
Hər bir valideynin ən böyük arzusu vətənimiz Azərbaycana layiqli övlad yetişdirmək və onu şəxsiyyət kimi formalaşmış görməkdir. Bunun üçün sağlam mühitin yaranması, sağlam tərbiyənin formalaşması vacib şərtlərdəndir. Ana və ata arasında olan qarşılıqlı hörmət, uşağa münasibətdə diqqətli və nəzakətli, səbrli və şəfqətli olmaq düzgün tərbiyənin əsas amillərindən biridir. Eləcə də, uşaqların geniş potensiala malik şəxsiyyət kimi yetişməsi üçün onların dünyagörüşünü zənginləşdirmək və real həyatın qanunauyğunluqlarına hazırlamaq və düzgün istiqamətləndirmək lazımdır. Uşaq dünyası bağlı bir sandığa bənzəyir. Sandığı açarkən görürsən ki, bənzərsiz gözəl rənglərlə boyanmış aləm vardır. Uşaqlar bu aləmin işıqlı gələcəyidir.
Tövsiyələr. Ailə sevgi, məhəbbət nuru ilə dolmuş bir ocaqdır. Ailənin dayağı və davamı övladdır. Övladlarının düzgün tərbiyə alması hər bir valideynin arzusu və xoşbəxtliyidir. İlk tərbiyə ana bətnindən başlayır. Ana övladını bətnə düşdüyü gündən işıqlı həyata hazırlamalıdır. Bu hazırlıq prosesi sağlam mühitdə keçirilməlidir. Doğumdan əvvəl analıq duyğusunun yaratdığı inam hissi valideyn və doğulacaq övlad arasında müsbət münasibətlərin qurulmasına yönələn hərəkətlərin ən vacibidir. Yəni ana olacaq qadının özünə “mən kiməm” sualını verməsi yerinə düşər. Mən ana olacağam, mənim övladım olacaq və mənim ailəmin xoşbəxtliyi möhkəmlənəcək. Hamilə qadın analıqla bağlı davranışlarını əhatəsindəki körpələrlə münasibət quraraq sınaqdan keçirməli, əhatəsində olan uşaqları əzizləməli, xoş sözlər deyərək gələcəkdə əldə edəcəyi ana‐övlad münasibətlərində təcrübə qazanmalıdır2.
Hamiləlik dövründə qadın düşünülmüş bir təlim forması keçməlidir. O, özü üçün psixoloji bir sistem yaratmalı və təlimi planlı şəkildə həyata keçirməyə çalışmalıdır. Məsələn, insan mənəviyyatını saflaşdıran kitabları mütaliə etməli, intellektual oyunlarla məşğul olmalı, istirahət edərkən musiqi dinləməli və ətrafındakı pozitiv insanlarla ünsiyyət qurmağa çalışmalıdır. Gərginlik, əsəbilik, stres, həyəcan və qorxu kimi hisslər yaradan mühitdən çəkinməlidir. Daha çox açıq havada olmalı, həyat yoldaşı ilə xoş münasibətlər qurmağa çalışmalıdır. Eyni zamanda, qadın ailə içində baş vermiş neqativ hallara qarşı həssas yanaşmamalıdır. Qadın əhvalında bədbinlik və ruh düşkünlüyü kimi halları pozitiv düşüncə ilə aradan götürməlidir. Elə bu nöqtədə gələcəkdə hər baxımdan sağlam bir övlad böyütmək mövzusunda hansı yolu seçməyin lazım gəldiyinin əhəmiyyətinə gəlmiş oluruq. Daha vacibi isə uşağın tərbiyəsi ilə məhz hansı vaxtdan məşğul olunmağa başlamağı bilməkdir. Uşağın tərbiyəsinə körpənin dünyaya gəldiyi andan etibarən, hətta, ana bətnində belə olarkən başlamaq vacibdir desək, heç də yanılmarıq. Bəlkə də, ilk əvvəl tərbiyə deyərkən nəyin nəzərdə tutulduğunu qeyd etmək lazımdır.
Bir gün bir nəfər, müdrik bir ağsaqqalın yanına gəlib dərdini ona söylədi: “Mənim üç övladım var. Övladlarımın ikisi qabiliyyətlidir, üçüncüsü isə bütün kəndi cana gətirib. Birinin toyuğunu, o birisinin keçisini oğurlayır. Heç kimlə yola getmir. Bilmirəm nə edim?” Ağsaqqal deyir: “İcazə verin, uşağın anası yanıma gəlsin”.
Ana ağsaqqalın yanına gəlib hadisənin cavabını öyrənmək istədikdə ağsaqqal deyir: “Sizin böyük bir səhviniz olub”. Ana etdiyi səhvi yadına sala bilmir. Bir qədər düşündükdən sonra yadına düşür ki, o, üçüncü uşağına hamilə olan zaman könlündən nar keçib. Evdə nar olmadığından qonşunun ağacının onların həyətinə düşən budağından icazəsiz nar dərib.
Qonşuya isə bu haqda heç nə deməmişdir.
“Hər bir şeyin halallığını almaq vacibdir,” – deyə ağsaqqal dilləndi.
Yuxarıda verilən rəvayətdə əsas məqsəd odur ki, ana hərəkət və davranışlarına diqqətlə və məsuliyyətlə yanaşmalı, atdığı hər bir addımını yüz ölçüb, bir biçməlidir. Alimlərin tədqiqatlarına görə, körpə ana bətnində olduğu zaman, onlar arasında psixo‐fizioloji proses keçir. Yəni körpə ana
Dünyaya insan gəlir... bətnində yalnız bioloji olaraq inkişaf etmir, eyni zamanda, ruhi olaraq ana ilə əlaqə yaradır.
Yuxarıda ifadə edildiyi kimi, ana‐atanın əsas vəzifəsi fiziki, psixoloji və zehni baxımdan da sağlam bir övlad böyütməkdir. Eyni zamanda da, ana yaşadığı cəmiyyətin mədəni dəyərlərini və qayda‐qanunlarını körpəyə öyrətməklə gələcəkdə yaşayacağı cəmiyyətin qaydalarına uyğun sosial münasibətlər qurmanın yollarını öyrədəcəkdir. Uşaqböyütmə, tərbiyəetmə yolları cəmiyyətdən‐cəmiyyətə, mədəniyyətdən‐mədəniyyətə fərqli olduğundan eyni cəmiyyətdəki ailələr arasında da fərqlər yarana bilər. Məsələn, Amerikalı və Yapon ailələr uşaqlarını fərqli şüurla böyüdürlər. Amerikalı uşaqların olduqca müstəqil və rəqabətə dözümlü böyüdülmələrinin əksinə olaraq, Yapon uşaqları ümumilikdə əhatəsində olduqları qrupların mənafelərini diqqətə alaraq və daha asılı olaraq böyüdülürlər. Ruslar isə uşaqlarını həyata individual olaraq yetişdirməyi seçirlər və onların sosial cəmiyyətə qatılmasına daha çox üstünlük verirlər. Ümumiyyətlə, misal çəkilən xalqlarda uşaqlara itaətkarlıq şüuru meyar olaraq aşılanmır və uşaqlar da gənclik yaş dövrünə gəldikdə valideynlərinə itaətetmə prinsiplərindən yan keçirlər. Yəni şəfqət, fədakarlıq və itaətkarlıq kimi hisslər uşaqlara az təbliğ olunur.