UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
6.2. Qısqanclıq
Qısqanclıq sevilən bir insanın itiriləcəyi qorxusu nəticəsində ortaya çıxan bir hissdir. Bu hal ictimai həyatımızda tez‐tez rast gəlinən hisslərdən biridir. Bu ictimai hadisənin içində, ən azı, üç insan vardır. Uşağın özü,
sevdiyi insan və son olaraq sevdiyini əlindən alacağına inandığı insan. Bu prizmadan baxdıqda, ümumiyyətlə, uşaq üçün sevilən insan ana və anasını əlindən alacağına inandığı üçüncü insan – yeni doğulan qardaş‐bacısıdır. Ancaq yeni doğulan uşağın yaşı artdıqca, o da böyük qardaş‐bacısını qısqanacaq və ikitərəfli qısqanclıq yaşanacaqdır. Uşaq hələ müstəqilliyini qazanmadığına görə qayğıya, nəvazişə və sevgiyə möhtacdır. Öz işini özü görə bilmir və ictimai əhatəsi də geniş deyil. Bütün bunlar uşağın ananın qayğı və sevgisinə möhtac olduğunu göstərir və uşağı anaya bağlayır. Ananın itirilməsi ehtiyacların görülməməsi mənasına gəldiyi üçün, uşaq sahib olduqlarını itirəcəyi qorxunun təhriki ilə qısqanclıq hissini yaşayır. Azyaşlı uşaqlarda görünən qısqanclıq, ümumiyyətlə, iki – beş yaş arasında ailəyə yeni gələn körpə ilə ortaya çıxır. Yeni uşaq əvvəlcə ona ayrılan zamanın və sevginin bölünməsini, alışdığı ailə həyatının dəyişilməsini qəbul edə bilmir. Uşağın anlayışıyla zamansız və lazımsız gələn bu yeni uşaq onu qısqanclığa aparır. Uşaq ailəyə gələn yeni uşaqla rəqabətə girir. Uşağın yeni körpəylə quracağı əlaqə, uşağın valideynləriylə, valideynlərin bir‐birilə, valideynlərin ailədəki digər uşaqlarla əlaqəsindən təsirlənir. Yeni körpə dünyaya gəlməzdən əvvəl uşağın anası ilə olan münasibəti də uşaqlar arasında yaşanan qısqanclığa səbəb olur. Yeni körpə gəlməzdən əvvəl ananın uşağa ayırdığı vaxt çoxdursa, uşağın qısqanclığı düşmənçiliyə çevrilə bilər. Bunun səbəbi, əvvəl də dediyimiz kimi, uşağa ayrılan zamanın azaldılmasıdır.
Uşaqların münasibəti çox zaman da valideynlərin ayrı‐seçkilikləriylə əlaqəlidir. Valideynlərdən biri, ya da hər ikisi bəzən uşaqlardan birini özlərinə daha yaxın hiss edirlər və ya birinin daha ağıllı, daha qabiliyyətli olduğunu düşünürlər. Bu düşüncələr bilərək, ya da bilmədən uşaqlarla olan münasibətlərdə öz əksini tapa bilər. Bu hallarda uşaq bacı və ya qardaşının daha çox sevildiyi hissinə qapılacaq və bu düşüncə bəzən təcavüzlə nəticələnəcəkdir. Bu ayrı‐seçkiliyin uşaqlar tərəfindən başa düşülməsinə səbəb olan hərəkətlərdən biri də uşaqların bir‐birilə müqayisə edilməsidir. Ola bilsin ki, valideyn uşaqların “yaşlarına görə” davranmalarını və ya daha çox çalışmalarını istədiyi üçün bu üsula müraciət edir. Ancaq məqsəd nə olursa‐olsun, uşaq bu qarşılaşdırılmanı digər uşağın daha çox sevildiyi, seçildiyi mənasında başa düşəcək. Bu da uşaqlar arasında qısqanclığın yaranmasına və getdikcə böyüməsinə səbəb olacaq. Valideynlər arasındakı münasibət və yaşanan problemlər də uşaqların münasibətinə təsir edir. Belə ki, valideynlərdən birinə xarakter, ya da görünüş cəhətdən oxşayan uşaq qısqanclıq səbəbkarı kimi görünə bilər. Valideynlər arasında baş verən problemlər zamanı sui‐istifadə olunan “onsuz da uşaq bu xasiyyətini səndən götürdü”, “uşağı da özünə oxşatdın” kimi ifadələr uşağa sevilmədiyi, istənilmədiyi mesajını çatdıraraq, digər uşağın qısqanılmasına səbəb ola bilər. Digər mənada, valideynlərdən onu rədd etməkdə olanın sevgi göstərdiyi o biri uşaq onun üçün rəqib halını alar.
Uşaqlar arasındakı münasibəti valideynlərin, ya da elə uşaqların özlərinin xarakterləri də müəyyənləşdirə bilər. Həssas bir ana, uşağını qorumaq üçün onun üstündə çox titrəyərsə, yeni uşağın doğulmasıyla bu əlaqə kəsiləcək və uşaq, bunda yeni körpəni günahlandıracaq. Əvvəllər hər ehtiyacı anası tərəfindən qarşılanan uşaq yeni körpə dünyaya gələndə ehtiyaclarını qarşılamaqda aciz qalacaq və qardaş‐bacısına nifrət bəsləyəcək. Valideynlər qədər uşaqların xarakterləri də münasibətə təsir göstərir. Zidd xarakterlərə malik uşaqlar arasında dalaşmalar çox ola bilər. Bu da qısqanclığa yol aça bilər. Uşaqlar arasındakı yaş fərqi qısqanclığa səbəb olan amillərdəndir. Böyük uşaq balacaya görə, daha çox imtiyaz sahibi olmaq istədiyi halda, balaca da böyüyün sahib olduqlarına yiyələnmək istəyir. Bu da onların aralarında qısqanclığa yol aça bilər. Valideynlərin müdaxiləsi burada vacib olsa da, uşaqlar arasında bu ədavət böyüdükdə yoxa çıxar. Məktəb yaşına çatan uşaq üçün yeni bir qısqanclıq səbəbi ortaya çıxır. Hər gün məktəbə gedən uşaq, anası ilə yeni körpəni evdə tək buraxır. Bu hal, uşağın anası ilə evdəki körpənin daha çox bir yerdə olacağı və aralarında daha çox sevgi yaranacağı qorxusuna qapılmasına yol açır. Bu düşüncələr uşağın hirslənməsinə və təcavüzkar olmasına səbəb ola bilər. Bu düşüncəni uşaq məktəbə də daşıyaraq təcavüzkarlığını yoldaşları və müəllimlərinin üstünə tökər, amma vaxt keçdikcə bunun doğru olmadığını anlasa da, bu dəfə yoldaşlarını və müəllimlərini qısqanmağa başlayar. Həsəd, uşağı qısqanclığa aparan səbəblərdəndir. Uşaq özünün sahib olduğu imkanlardan daha çox imkanlara və ya daha böyük, daha gözəl oyuncaqlara, əşyalara sahib olan yoldaşlarını və qardaş‐bacısını qısqana bilər.
Qısqanclıq təzyiq ilə daha da böyüyər. Bunun əsasında duran hiss isə özünü təhlükədə hiss etməsidir. Göstərilən reaksiyaların əsası özünü və haqlarını qorumaqdır. Qısqanclıq fərqli zamanlarda yüngül narahatlıqdan başqalarına zərər verməyə qədər fərqli şəkillərdə ortaya çıxa bilər. Bununla yanaşı, eyni insanlar və eyni hadisələr qarşısında reaksiyalar fərqli ola bilər. Reaksiyalar zamanı vurmaq, təpikləmək, qardaş‐bacısını sevmədiyini söyləmək, valideyn və körpəyə sözlü (söz gəzdirmək, lağ eləmək) və fiziki təcavüzlər kimi birbaşa yollardan istifadə edə biləcəyi kimi, öncədən qorxmadığı əşya və hadisələrdən qorxmaq, altını islatmaq, duru olmayan yeməkləri yeməyi rədd etmək, barmağını əmmək kimi, əvvəlcə elədiyi hərəkətlər kimi bilvasitə yollardan da istifadə edə bilər. Davranışlar rəqib kimi görülən insana, ya da sevgisinə ehtiyac duyulan insana qarşı da yönəldilə bilər. Bu davranışların arxasında gizlənən məqsəd sevginin itirilməsinə səbəb olan insandan bunları geri almaq və ya diqqət çəkməyə çalışmaqdır. Uşaq əvvəl reaksiyalarını birbaşa göstərsə də, anasından gələn reaksiyalardan sonra hədəfinə çata bilməyəcəyini zənn edərək bilvasitə başqa yollara əl ata bilər. Həsəd zamanı baş vurduğu yollar isə bir az fərqlidir. Əvvəl gördüyü və daha yaxşı olduğuna inandığı əşya və ya imkanlara sahib olmağı tələb edər. İstəyi həyata keçmədiyi zaman isə köçürmək, oğurlamaq kimi yollara baş vurar. Ancaq ictimai olaraq bunların yaxşı qarşılanmadığını görəcək və müəyyən müddətdən sonra reaksiyalarını dəyişərək əslində istifadə etdiyi bu üsulların çox da yaxşı olmadığını düşünüb özünü sakitləşdirməyə çalışacaq.
Qısqanclığı tam olaraq ortadan qaldırmaq mümkün deyil. Ancaq şiddətini azaltmaq və ailə içində buna şərait yaradan mənfi halları ortadan qaldırmaq üçün valideynlər bəzi yollara baş vura bilərlər. Ailədə baş verən dəyişikliklər xüsusilə uşaqlara təsir edir. Yeni gələn uşağın səbəb olacağı dəyişikliklər uşağa çox az bir şəkildə təsir etməlidir. Bunun üçün istifadə ediləcək çıxış yollarından biri uşağı bu hala əvvəlcədən hazırlamaqdır. Ancaq uşağın gözündə çox xoşbəxt bir ailə mənzərəsi yaratmaqdansa, ona anlaya biləcəyi bir şəkildə düzünü başa salmaq lazımdır. Doğulacaq olan uşağın sadəcə bir oyun yoldaşı olacağını başa salmaqdansa, həm mənfi, həm də müsbət cəhətləri başa salınmalıdır. Doğuşdan sonra isə, uşağa mühafizəkar və yerində davranmaq, düşüncəli olmaq, yeni uşağın gəlməsi ilə ona qarşı olan sevgisinin heç də azalmadığını hiss etdirmək lazımdır. 56