Sərbəst iş MÖvzu : Elçinin “Mahmud və Məryəm” əsərinin janr xüsusiyyətləri



Yüklə 22,08 Kb.
tarix02.04.2022
ölçüsü22,08 Kb.
#54609
mahmud və məryəm


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Sərbəst iş

MÖVZU : Elçinin “Mahmud və Məryəm” əsərinin janr xüsusiyyətləri


FAKÜLTƏ : Filologiya

İXTİSAS:Azərbaycan dili və ədəbiyyat müəllimliyi

FƏNN:Ən yeni Azərbaycan ədəbiyyatı

QRUP : 1801B

MÜƏLLİM : Kərimov Sakit

TƏLƏBƏ : Piriyev İsmayıl



BAKI 2021

Elçinin “Mahmud və Məryəm” əsərinin janr xüsusiyyətləri

Şifahi xalq ədəbiyyatı ən yüksək bəşəri keyfiyyətləri özündə yaşadan ədəbiyyatdır. Onun yaranma tarixi insan zəkasının, ağıl və təfəkkürünün yaşadığı dünyanın sirlərindən agah olmaq istədiyi dövrləri əhatə edir.


Azərbaycan şifahi xalq ədəbiyyatı ən qədim dövrlərdən-ilk insan icmasının təşəkkülü dövründən üzübəri zəmanəmizə qədər inkişaf etmiş və bu gün də inkişaf etməkdədir. Yazılı ədəbiyyatın meydana gəlməsindən sonra da onunla paralel şəkildə inkişaf etməkdə olan folklor ən zəngin, ən qiymətli mənbələri özündə qoruyub saxlamaqla bərabər onun dayaqları üzərində bu mə'nəvi irsimizi təkmilləşdirir, inkişaf etdirir, yaşadır, uzunömürlülüyünü tə'min edir.Şifahi xalq ədəbiyyatının ən geniş, ən iri həcmli qollarından biri dastanlarımız türk-azəri bədii təfəkkürünün, ən qiymətli incilərindəndir. Bu dastanlarda bəşəri duyğular, ən yüksək insani hisslər tərənnüm olunur. Bu sənət nümunələri içərsində əvvəlcə epos şəklində olan dastanlar çoxəsrlik tarixi olmaqla yanaşı zəngin məzmunu, qayəsi ilə seçilir. İstər qəhrəmanlıq, istərsə də məhəbbət dastanları şifahi xalq ədəbiyyatının qiymətli sənət inciləridir. Lap qədimdən və indi də onlar müxtəlif variantlarla xalq içərsində yaşayır. Böyük sənətkarlarımız onların süjetlərindən, obrazlarından və motivlərindən istifadə etməklə gözəl əsərlər yaratmışlar.

Elçinin qəhrəmanları Mahmud Gəncəli Ziyad xanın oğlu, Məryəm isə Keşişin qızıdır. Hadisələrin mərkəzində duran Mahmudla Məryəmin bir-birinə olan məhəbbətidir və bu iki gəncin bir-birinə qovuşmasına mane olan, hadisələrin faciəvi sonluqla bitməsinə gətirib çıxaran din ayrılığıdır. Əsərdə iki gəncin sevgisinə mane olan mürtəce fikirli Qara Keşişdir. O, Məhəmməd ümməti Mahmudun qızıyla arasında olan məhəbbətinə qarşı çıxaraq gecəylə ailəsini götürüb eldən qaçır və sonrakı hadisələr onların başına gələn faciələrdən bəhs edir. Əsərdə el ədəbiyyatından gələn motivlər güclü olsa da burada sənətkar dəsti-xətti, onun özünəməxsus bədii qələmi diqqəti cəlb edir. Yalnız dastanın süjetindən bəhrələnməklə və bu süjetdən yararlanmaqla onu yeni məzmun, yeni ideyalarla zənginləşdirmiş, dastanda qoyulan problemləri, mövzuları genişləndirmiş, bədii cəhətdən daha qüvvətli, bəşəri ideyaları, milli-mənəvi əxlaqi görüşləri özündə əks etdirən yeni mövzuda bir əsər yaratmışdır.

Elçin əsərdə Mahmudla Məryəmin sevgisindən, onların bir-birinə olan məhəbbətindən söhbət açarkən tez-tez haşiyələrə çıxır. Müqəddəs Məryəm-İsayla bağlı, Qur'andan gətirdiyi ayələrlə əsəri daha rəngarəng, daha gözəl çalarlarla bəzəyir. "Əsli və Kərəm" dastanı da, "Mahmud və Məryəm" əsəri də iki gəncin nakam məhəbbətindən bəhs edir. Onlardakı süjet yaxınlığı özünü onda göstərir ki, dastanımızın qəhrəmanı Kərəm bir çox variantlarda Gəncə xanı Ziyad xanın oğludur, Mahmud da əsərdə Ziyad xanın oğludur və hadisələr Gəncədə baş verir. Hadisələrin belə real səpgidə verilməsi, Mahmud və Məryəm mövzusunun folklorda olduğu kimi bəşəri duyğularla köklənməsi əsərin bədii- estetik dəyərini artırır.
"Əsli və Kərəm" dastanı məhəbbət dastanları içərsində mühüm yer tutur və türk xalqları arasında geniş yayılmışdır. Aparılan tədqiqatlar nəticəsində mə'lum olmuşdur ki, "Əsli və Kərəm" dastanının bir neçə variantı vardır. Bu variantların demək olar ki, hamısında bu iki gəncin başına gələn müsibətlərin səbəbi din ayrılığıdır. M. H. Təhmasib yazır ki, "Dastanın türk variantında oğlanın adı Əhməd Mirzə, özü də İsfahan padşahının oğlu, türkmən variantına görə isə adı Mahmud, özü də Təbriz şahının oğludur, qızın adı isə Zöhrədir".

Yazıçı Azərbaycan xalqının milli dəyərləri üzərində köklənmiş, onun məhəbbət dastanlarının bəzəyi olan Gəncə variantından istifadə etmiş və əsərinin süjetini bu variant üzərində qurmuşdur. Əsli Qara keşişin qızıdır, Məryəm də Baba keşişin qızıdır. Bu iki insan arasında yaxınlıq vardır. Baba Keşiş öz doğma qızının səadətini bir xaçpərəstlə ailə qurmaqda, bir xristian övladının anası olmaqda görür. O, öz dininə sədaqətli bir dindardan çox, qızının xoşbəxtliyini öz şəxsi hisslərinə, daxili eqoizminə qurban verən qəddar insandır. Onun daxilində islam dininə qarşı bir kin vardır. Qulağına gələn səslər körpə ikən qoyub getdiyi Məryəmin anasının səsindən çox onun daxilində Məhəmməd ümmətli insanlara bəslədiyi kin, nifrət duyğularıdır. Müqəddəs Evdən qovulan Baba Keşiş oradan lənətlənərək qovulduqda öz əməllərindən çəkinməli idi. Əgər o doğrudan da Allah göndərən dinə məhəbbət bəsləyirsə, ora pənah gətirmişdirsə və o evin sahibi Müqəddəs Qoca "sən iki haqq aşiqini bir-birindən ayırırsan"- deyərkən ibrət dərsi götürməli, Məryəmlə Mahmudun sevgisinə mane olmamalı idi. Əksinə hərəkət edir ki, bu da insanların öz daxilində bəslədikləri şəxsi kin-küdurətin nəticələri kimi götürülməli və Baba Keşiş elə dəhşətli ölümlə cəzalanmalı idi. Baba Keşiş əməllərində düzgün deyildi. Bütün dini kitablar bir tək olan Allahın varlığını qəbul edir və yer üzündəki bütün canlıların onun tərəfindən yarandığını bildirirsə və dünyaya gələn insan yaşamaq üçün gəlibsə, Baba Keşiş kimi bir dindar onların faciəsini belə səbirsizliklə gözləməkdə haqsız idi. O, öz əməlinin acı nəticəsini "gecənin qaranlığında böyük tut ağacının dibində dayanıb gözlərini Süleyman paşanın sarayında Məryəmgil üçün ayrılmış otağın qaranlıqda güclə seçilən kiçik qoşa pəncərəsinə zilləmişdi və bütün həyatının ən böyük səbirsizliyi ilə gözləyirdi."

Dastanla səsləşən motivlərdən biri odla bağlı olan motivlərdir. Elçinin qəhrəmanı Mahmud uzun ayrılıqdan sonra Süleyman paşanın köməkliyi ilə Məryəmə qovuşmaq imkanı əldə edir.Baba Keşiş qızına geyindirdiyi dörd düyməli toy paltarı isə tilsimlidir. Bu tilsim onun dörd düyməliliyindədir. Dördlük xaçın rəmzi mənasını da özündə əks etdirmiş olur. Mahmud Məryəmin paltarının düymələrini açmaqda aciz qalır və "bu dəli dünyanın əlacsızlığından" nə özünü, nə də Məryəmini qurtara bilməyəcəyini duyub dərindən bir ah çəkir və bu ah oda çevrilib qəhrəmanı ağuşuna alır: "Məryəm əvvəlcə başa düşmədi ki, birdən-birə gözlərinin qabağında bu məş'əl nədi belə, sonra başa düşdü ki, Mahmud alışıb- yanır və özünü bu yanan məş'əlin üstünə atdı". Od motivi məhəbbət dastanlarımızdan gəlmədir. Yazıçı bu motivdən bəhrələnməklə qəhrəmanlarının ağrı-acılarını, könül çırpıntılarını, çəkdikləri iztirabları daha təsirli verməyə nail olur."Əsli və Kərəm" dastanının Gəncə variantında Əslinin geyindiyi toy paltarlarının düymələri də tilsimli olur. Kərəm bu düymələri açmaq istəyir və bir neçə dəfə buna cəhd edir. Nəhayət axırıncı cəhddə tilsimlənmiş son düymədən qalxan od Kərəmi oda qərq edir. "Kərəm bir bənd də oxudu ki, axırıncı düymə açılsın, iş tərsinə oldu. Söz qurtaran kimi yenə düymələr açıldı, bağlandı, axırıncı düymə açılanda bir od çıxıb Kərəmin sinəsinə düşdü. Kərəm başladı yanmağa... Alov təpədən-dırnağa Kərəmi bürüdü".

Sevən aşiqin ağzından çıxan odda ilahilik, müqəddəslik vardır və yazıçı xalq ədəbiyyatından gələn bu motivdən yararlanmaqla real əsərində yaratdığı Mahmud obrazının daxili aləmini, ürək çırpıntılarını, sevgisi yolunda çəkdiyi hicran, həsrət ağrılarını, iztirablarını daha tə'sirli, bədii cəhətdən daha qüvvətli vermişdir.


Əsərdəki simvolik epiloq da xalq ədəbiyyatından gəlmədir. İki sevən aşiqi bir qəbirdə dəfn etmək motivləri dastanlarımızda öz əksini tapmışdır. Məhəbbət dastanları içərsində "Leyli-Məcnun" və "Əsli-Kərəm" dastanlarında uğursuz məhəbbətin faciələrini yaşayan hər iki aşiq bir məzarda dəfn olunur. Onların sevgisinə mane olan şər qüvvələr lə'nətlənir. Bunlar basdırılan qəbirlərdə də bir müqəddəslik vardır. "Mahmud və Məryəm" əsərində də yazıçı bu motivdən bəhrələnərək onların ölümündən doğan ümumxalq kədərini daha təsirli əks etdirə bilmişdir. Mahmudla Məryəmin basdırıldığı "Mücavir dərəsi"ndə" "birdən-birə günün günorta çağı göy qaraldı. Mücavir dərəsində tufan qopdu, göy guruldadı, hər tərəfə qapqara qar yağdı, zəlzələ oldu və Mücavir dərəsinin ortasında bir yarğan əmələ gəldi, yer iki yerə bölündü, sonra yenə birləşdi, tufan dayandı, qara qar əridi, bir azdan gül-çiçək baş qaldırdı." Kərəm kimi bir haqq aşığını tək qoyub Ziyad xandan oğluna miras qalan varidatı götürüb aradan çıxan, sonralar bu əzaba dözməyərək onun yanına qayıdan, Mahmudla Məryəmin məzarı üstündə qurulan məqbərədə ibadətə çəkilən Sofi lələ o yarğanın içinə düşüb qalır.
" Hərdən bu qədim məqbərənin qabağında havadan bir saz peyda olub öz-özünə çalır!"208. Tökülən nahaq qanlara, törədilən günahlara ağlayan bu sazdakı qüdrət də dastanlardan gəlmədir.

Əsərdə dastanlarımızla səsləşən lələ obrazı diqqəti cəlb edir. O da qəhrəmanın uğursuz məhəbbətinin canlı şahididir. "Lələlər tarixdə də olduqları kimi, son dərəcə vəfalı, sədaqətli fədakar verilirlər. Sofi də belə lələ surətlərindəndir".


Yazıçının yaratdığı lələ obrazı da xalq dastanlarında yaşayan motivlər üzərində köklənmişdir. O da Mahmudla Məryəmin arxasınca diyarbadiyar gəzir. Onun çəkdiyi əzablar Sofi lələnin ürəyini göynədir. Xəstələnəndə ana kimi qayğısını çəkir. Kərəmə qarşı insafsızlıq edəndə xalq ədəbiyyatından gəlmə motivlər üstündə yenidən bu obrazı kökləyən yazıçı dastanlarda lələlərə məxsus sədaqət, vəfa kimi yüksək keyfiyyətləri bu obrazda cəmləyir. O da dastandakı lələ kimi öləndən sonra Mahmudla Məryəmin qəbrinin yanında mücavir olur: "Sofi Mahmud ilə Məryəmin qəbrinin yanında mücəvir idi".

"Əsli_Kərəm"dastanında da belədir: "Kərəm ilə Əslinin külünü sandığa yığdılar. Hər ikisini birlikdə dəfn etdilər. Üstündə də bir günbəz tikdilər. Sofi də ölüncə bu günbəzdə mücəvür oldu.Yazıçı Sofi lələ obrazından yararlanmaqla daha bitkin bir obraz yaratmışdır. Bu obraz Mahmudun səadətini istədiyi kimi özünü də düşünür Bu beşgünlük dünyada o da insan kimi yaşamaq istəyir. Bu fani dünyada Mahmudun artıq heç bir şey əldə edə bilməyəcəyini, onun məhvə məhkum olduğunu başa düşdükdə qəlbinin dərinliklərində başqa hisslər baş qaldırır. Ziyad xanın ona tapşırdığı əmanətləri götürüb qaçmaq və yerdə qalan ömrünü eyş-işrət içərsində keçirmək fikrinə düşür. İçində baş qaldıran bu hisslərdən bəzən qurtulmağa can atır və Mahmudun əzablarını görəndə içərsindəki o şeytani hissləri qovmağa çalışır: "Şeytan yoldan çıxarıb səni, Sofi. Tamam yoldan çıxarıb. Qov şeytanı ürəyindən, lənət denən şeytana. Əgər sən bu tifilə xainlik eləsən, deməli öz əllərinlə ona qəbir qazırsan, çünki bu qara dünyada ki, bu cür qara fikirlər sənin ürəyində özünə yuva salır, bu dünyada Mahmudun qisməti qara torpaqdan başqa nə ola bilər?".


Yazıçı Sofinin daxilində baş qaldıran bu istəkləri mifik obraz olan Şeytanla bağlayır. Bu Şeytan obrazından bəhrələnməklə insanların daxilindəki vara-dövlətə, eyş-işrətə olan hərisliyin törətdiyi faciələri, ədalətsizlikləri və bunlardan günahsız insanların necə əzab çəkdiklərini daha təsirli şəkildə verir. Şeytan dünya xalqlarının, eləcə də Azərbaycan folklorunda pislik, fəlakət törədən, insanlar arasına nifaq salan, şər, böhtan xislətli bir obrazdır. Dini mifologiyamızda da o Allahın qoyduğu qanunları pozur və buna görə də dünyada insanlar arasında ancaq nifaq salmaqla məşğul olduğundan Allah tərəfindən də lənətlənir. Sofi də ürəyindən keçirdiyi hissləri Şeytanın əməlləri adlandırır və özündən bu şeytani hissləri qovmaq üçün çalışır və Sofi özü dediyi kimi çox gözəl başa düşür ki, "hamımızın qisməti bir qarış qara torpaqdı, amma sən öz əllərinlə başqasına qəbir qazsan, Sofi, onda qara torpağın da bağrı yarılar və bütün dünya alt-üst olar."

Əslində Elçin burada dastanlarda gedən həqiqətə uyğun olmayan bə'zi hadisələrin gerçək təsvirini verirdi. Əsərdə folklorla səsləşən dinlə bağlı dastanda öz əksini tapan məsələlər bu və ya digər formada yazıçının nəsr əsərində öz əksini tapmışdır və bu motivlərdən istifadə etməklə yazıçı qəhrəmanlarının taleyinə mühüm rol oynayan bir sıra problemlərin daha bədii, daha emosional, daha güclü şəkildə verilməsinə nail olur. Qara keşiş obrazı Baba Keşiş obrazının daxili aləmini açmağa kömək edir. Bu obraz vasitəsilə yazıçı Mahmudla Məryəmin başına gələn müsibətlərin kökünü daha real, daha tə'sirli verir. Əsərdə dastanın süjeti elə bil gözlənilir. Hadisələr bir xətlə inkişaf edir. Xan oğlu Mahmudun xristian qızını sevməsinə qarşı çıxmır və bu işə mülayim yanaşır. Oğlunun xristian dininə mənsub olan bir qızı sevməsində elə bir qəbahət iş görmür və oğlunun onunla izdivacına razılıq verir. Burada da bəlkə də bizim görmədiyimiz, lakin duya bildiyimiz bə'zi məqamlar onu göstərir ki, görünür, Ziyad xan və Baba Keşiş bir elin sakinləridir və onlar arasında din ayrılığı olsa da yə'qin ki, milli varlıqda doğmadırlar.


"Mahmud və Məryəm" əsərində bir çox xalqlar arasında tanınan əfsanəvi, mifik obrazların adı çəkilir və onlarla bağlı xalq ədəbiyyatında yaşayan əfsanə və rəvayətlər xatırlanır. Onlar bu realist povestin bədiiliyini artırır. Bu obrazlar dünya ədəbiyyatında şöhrət qazanmış, insan zəkasının yaratdığı dərin məzmunlu, yüksək sənətkarlıq nümunəsi olan xalq yaradıcılığına rövnəq verən obrazlardır. Əsərdə dünya xalqları arasında tanınan əfsanəvi obrazlar çoxdur və onlar xalq yaradıcılığının əsas mövzularının qəhrəmanlarıdır. Elçinin qəhrəmanı tez-tez bu qəhrəmanları, onların başına gələn hadisələri xatırlayır. Elçin Əfəndiyev isə belə elə bir "reallığı", yaratdığı əsərlər üçün mövcud olan "qanunauyğunluqları gözləmir", qəhrəmanlarının daxili əhval-ruhiyəsinə uyğun olaraq hadisələri təsvir edir və bu hadisələrdə həm real, həm də həqiqətdə inana bilməyəcəyimiz mövzular da öz əksini tapırsa da, bu əsərin mə'nəvi dəyərinə xələl gətirmir, əksinə onun bədii tə'sir gücünü artırır, qüdrət və qüvvət sahiblərinə inamımızı artırmaqla yanaşı onları real yaşayışımıza, həyatımıza daxil edir və oxucu gördüyü haqsızlıqların, törədilən cinayətlərin haqq-ədalət naminə yerdə qalmayacağına inamını itirmir. Baba Keşiş qızı Məryəmin Mahmuda aşiq olduğunu bildikdə gecə ilə ailəsini götürüb kənddən çıxır və Məryəmin sevimli Ağ keçisini - Mahmudla Məryəmin sevgi macərasının şahidi olan Ağ keçisini başsız qalmış həyətə yığışan "cın dırlarından cin ürkən" dilənçilər kəsib kababa çevirirlər. Gördüyü yuxunun təsiri altında Mahmud Məryəm gilə gəlir, dəhşətə gəlir, Ağ Keçinin kəsilmiş başını görür, sinəsində fəryad qoparır. Daməngir İsrail və onun ətrafındakılar bu Ağ Keçinin Mahmudun sevgisindən yeganə şahid qaldığından xəbərsizdirlər. Mahmud onun da bu səfil dilənçilər tərəfindən kəsildiyini gördükdə və Daməngir İsrail keçinin dilini çıxarıb kabab edəcəyini "dil kababının başqa aləm" olduğunu söylədikdə və vəhşicəsinə sevgilisinin yadigarı Ağ Keçinin "ənglərini güc verib qanırmağı başladı"qda sinəsindən bir fəryad qopdu və bu fəryaddan qırx altı illik ömrü boyu az fəryadlar eşitməmiş Sofinin belə tükləri biz-biz oldu; bu fəryad hətta Daməngir İsrailə də tə'sir etdi və onu mat qoydu:

"Sofi!.. Sofi!..

Mahmud başqa bir söz tapa bilmirdi və Mahmudun tərləyib bədəninə yapışmış ağ köynəyi yavaş-yavaş qızarmağa başladı və Sofi dəhşət içində başa düşdü ki, Mahmud qan tərləyir, bədənindən su əvəzinə qan çıxır" və o qan tər içində dəhşətli səhnəni görməmək üçün baş götürüb qaçır və elə bil Ağ keçinin ətinin kababının iyi "Mahmudun qıpqırmızı qızarıb bədəninə yapışmış gecə köynəyinin içinə dolmuşdu, bədəninə hopmuşdu" .

Tanrı istəkli Ağ Keçi onları bir - biriylə yaxınlaşdırır. Bu iki gəncin birləşməsinə mane olan Qara Keşişi məzəmət edən Müqəddəs Qoca da onun günah iş tutduğunu, Allah qarşısında günah sahibi olduğunu söyləyir. Müqəddəs Evin qarşısında Müqəddəs Qoca deyir: "Görürsən o darvaza sənin üzünə açılır. Amma gərək açılmayaydı.... Sən iki haqq aşiqini bir-birindən ayırırsan". Bu sözlərdən, ibrətamiz kəlmələrdən dərs götürməyən Qara Keşiş içində yaşatdığı arzularına çatmaq üçün Müqəddəs Evə girir, o tilsimli paltarı götürür və başa düşmür ki, sitayiş etdiyi dini də, onun övladı Məryəmi də, Mahmudu da bir olan Allah yaratmışdır və onların tale yazısını da o Allah yazmışdı və Müqəddəs Qoca da Tanrının demək istədiyini ona demişdisə də, "Təbiət sənə iki göz verib, amma sən kor yaşayırsan və kor da öləcəksən!" sözündən də nəticə çıxarmır. Müqəddəs Qoca onu Müqəddəs Evdən çıxandan sonra lənətləsə də Keşişin qəlbindəki şeytani hisslər onu iki günahsız aşiqin qatilinə çevirir. Mahmudla Məryəmin dəhşətli faciəsinə dözməyən Keşiş o səhnəni görməmək üçün etdiyi günahlardan baş götürüb qaçarkən dəhşətli bir qorxu keçirir. Əsərdə Nuhun tufanının xatırlanması və qəhrəmanını düşdüyü vəziyyətin həmin tufana bənzədilməsi həm hadisələrin daha tə'sirli verilməsinə xidmət edir, həm də əfsanəvi qəhrəmanların xatırlanması əsərin bədii keyfiyyətini artırmış olur. Dünyanın məhv olacağı xəbərini alan Nuh peyğəmbər bütün canlıların hərəsindən bir nümunə götürüb gəmiyə minəndən sonra dəhşətli tufan qopmuş, bütün dünyanı su basmış və deyilənə görə Tanrısını tanımayanların hamısı məhv olmuşdu. Mahmudla Sofi çölün düzündə yağışa düşürlər. Bu iki günahsız insan daldalanmağa bir yer tapmırdılar və yağış onları tamamilə islatmışdı və "Sofi fikirləşirdi ki, deyəsən Nuhun tufanına düşmüşük". O dəhşətli səhnənin Nuhun tufanına bənzədilməsi əsərin bədii təsir gücünün artırılmasına xidmət edir.


Ziyad xanın Yaquba oxşadılması folklordan gəlmə bu ideyaların yazılı ədəbiyyatla qaynayıb-qarışması və bu oxşarlıq, bənzətmə əsərin bədii tə'sirini artırır. Ziyad xanın daxili sarsıntılarını, hicran və iztirablarını daha qabarıq şəkildə verilməsinə xidmət edir.

İstifadə edilmiş ədəbiyyat:

  1.  Эльчин. Время и слово // Литературный Азербайджан. — 2003. — № IV. — С. 23.

  2. Elmira Axundova. "Dünyada bundan qəmli hekayət yoxdu..." 525-ci qəzet..

  3. Cəbrayıllı, L. Orta əsrlərin dastanı, 35 ilin romanı, III minilliyin kinosu: [Elçinin “Mahmud və Məryəm” əsəri haqqında] //525 -ci qəzet. - 2013.

Yüklə 22,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin