Biblioqrafiya. Alim, Qurucu, Şair
“Hər gün, hər saat
mükəmməlliyə doğru ”
Hamlet İsaxanlı
Hamlet Abdulla oğlu İsaxanlı (İsayev)
Hamlet Abdulla oğlu İsaxanlı (İsayev) 1948-ci il mart ayının 1-də Gürcüstan Respublikasında, Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur.
İsaxanlı soyadı onun poetik yaradıcılığında və humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətdiyi soyaddır. Onun bütün riyazi əsərləri İsayev soyadı ilə çap olunmuşdur. Hal-hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.
Hamlet İsaxanlı çox geniş və müxtəlif sahələrdə fəaliyyət göstərir; onları tam olmasa da sadalayaq – Riyaziyyat, humanitar və sosial elmlərin bir çox sahələrində görülmüş elmi-tədqiqat işləri, poetik və digər bədii-publisistik yaradıcılıq, tərcüməçi, maarifçi, universitə təsisçisi, məktəb (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim...
Riyaziyyat
Hamlet İsaxanlı 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib, Azərbaycan (İndiki Bakı) Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. Həmin il o, (1970-73-cü illərdə) Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə “Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi (PhD) alimlik dərəcəsi aldı.
1973-1983-cü illər ərzində Hamlet İsaxanlı Moskva və Bakıda, Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışdı, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu. Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Dövlət Neft Akademiyası) və Leninqrad (indiki Sankt Peterburq) Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərdi.
Onun Hamlet İsayev imzası ilə Sovet İttifaqı, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada və Almaniya kimi ölkələrin riyaziyyat üzrə nüfuzlu elmi jurnallarda və məcmuələrdə dərc olunan elmi-tədqiqat əsərləri müəllifinə geniş şöhrət gətirdi. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda “Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görüldü.
Hamlet İsayev yüksək tədqiqatçı gücünə, dərin və geniş riyazi mədəniyyətə malik alim kimi tanındı və hörmət qazandı. O, riyaziyyat və tətbiqi elmlərin öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsi, çoxparametrli spektral nəzəriyyə, birgə spektrlər nəzəriyyəsi, diferensial tənliklər, ədədi oblastlar, iqtisadiyyatın riyazi modelləri kimi müxtəlif sahələrində dərin nəticələr almış alimdir. Hamlet İsayev müasir çoxparametrli spektral nəzəriyyənin yaradıcılarından biri hesab olunur. O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mühüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı idi.
Hamlet İsayev Moskva riyaziyat məktəbinin nümayəndəsi olmaqla yanaşı Birləşmiş Ştatlar, Böyük Britaniya, Almaniya, Kanada,... elmi məktəblərin də uğurlarından bəhrələndi. Hələ Sovet “Dəmir Pərdə” dövründə o, çətinliklərə baxmayaraq, qərb ölkələri yalnız məsafədən, qiyabi olaraq deyil, dəvətli professor kimi çalışaraq da kəşf edir, öyrənirdi. Sonralar da Avropa, Amerika və Asiyada yerləşən müxtəlif elmi mərkəzlər, akademiya və universitələr onu mühazirələr oxumağa, birgə tədqiqatlar aparmağa, nüfuzlu elmi konfranslarda çıxışa dəvət etdilər. O da, öz növbəsində xarici həmkarlarını mühazirələr oxumaq və əlaqələri daha da inkişaf etdirmək üçün Moskva və Bakıya dəvət etdi. Göründüyü kimi, artıq Sovet dövründə, o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdu.
Hamlet İsayevin riyaziyyat üzrə tədqiqatlarını Sovet Elmlər Akademiyası üzvləri N.N. Boqolyubov, V.S. Vladimirov, S.M. Nikolskiy, Lenin mükafatı laureatları B.M. Levitan, V.B. Lidskiy, eləcə də A.Q. Kostyuçenko, A.A. Dezin, V.A. Sadovniçiy (hal-hazırda Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru), professor F. Atkinson (Toronto University), professor P.J. Browne (University of Calgary) və digər görkəmli riyaziyyatçılar yüksək qiymətləndirdilər.
Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən “ilin ən yaxşı elmi işləri” siyahısına daxil edildi.
Humanitar və sosial elmlər
üzrə tədqiqatları. Poetik və bədii-publisistik yaradıcılığı
Hamlet İsaxanlı geniş sahələrdə tədqiqat aparan və sanballı əsərlər yazan elm və sənət adamıdır; riyaziyyat xaricində də o, öz tədqiqat üfüqlərinin genişliyi ilə diqqət çəkir. Elm, təhsil və mədəniyyət tarixi, təhsil siyasəti, tərcümə nəzəriyyəsi və tarixi, dil və ədəbiyyat, və digər sahələrdə yüzlərlə məqalə, monoqrafiya və dərsliklərin müəllifidir.
Hamlet İsaxanlının “Xəzərin sorağında” əsəri həm Azərbaycan daxilində, həm də beynəlxalq aləmdə çox tanındı və oxundu. Çox maraqlı nəql yazı üslubu, yeni ali məktəbin yaradılması dövrünə xas olan siyasi və mədəni mühitin, şəxsi və psixoloji məqamların orijinal təsviri, hadisələrin və dövrün sənədləşdirilmiş təhlili bu kitabı dəyər-qiymətini çox artırır. Kitabın girişində müəllif qeyd edir – “Xəzər universitəsinin yaradılması və inkişafı ilə bağlı gerçəklər xatirimdə silinməz izlər buraxmışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam”.
Hamlet İsaxanlının tərcümə məsələləri dil, siyasət və lüğətçilik işinin təşkili sahəsində xidmətləri xüsusi qeyd edilməyə layiqdir. “Poetik tərcümə və mədəniyyətlərarası ünsiyyət. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı” adlı irihəcmli məqaləsi (çox güman ki, hazırlanmaqda olan kitabın bir variantı) geniş tərcümə yolunda baş verən Şərq-Qərb ünsiyyətinin tarixi və təhlilinə, Azərbaycan türkcəsinə və Azərbaycan türkcəsindən tərcümələrə, poetik tərcümə məsələlərinə həsr olunmuş bu əsər yaradıcı tərcümə ilə məşğul olanlar üçün mütəxəssislərdən birinin qeyd etdiyi kimi “əvəzedilməzdir, stolüstü kitabdır, istinad qaynağıdır”.
Hamlet İsaxanlı 6 cildli “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət”in müəlliflərindən biri və həm redaktorudur. Bu iş əsasən başa çatdırılmış, onun üç cildi çap olunmuş, digərləri çapa hazırlanmaqdadır. Bu lüğət, heç şübhəsiz, Azərbaycan elmi və mədəniyyətinin ən sanballı uğurlarından biridir.
Hamlet İsaxanlının iki həmkarı ilə bərabər yazdığı və ünsiyyət metoduna söykənən «Xaricilər üçün Azərbaycan dili» dərsliyi əcnəbilərin və müəllimlərin çox müraciət etdikləri bir qaynaqdır.
Hamlet İsaxanlı təhsilin çox müxtəlif məsələləri, təhsil siyasəti, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət göstərən ən nüfuzlu alim, maarifçi, yazıçı-publisisit və ictimai xadimlər sırasındadır. Onun “On Education System in Transition Ecenomy. A View From Azerbaijan” (“Keçid iqtisadiyyatındakı təhsil sistemi. Azərbaycandan baxış”) və “Müasir dünyada ali təhsil sistemində nələr baş verir” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” necə olsa yaxşıdır?” adlı kitabları və çoxsaylı məqalələri, hesabatları və müsahibələri bir qayda olaraq mütəxəssislərin, qərarverənlərin və ümumiyyətlə, ictimaiyyətin diqqət mərkəzindədir.
Çox geniş maraq dairəsinə sahib olan Hamlet İsaxanlı öz yazılarında həmçinin poeziya və fəlsəfə, beynəlxalq münasibətlər, tarix, jurnalistika və digər sahələrin problemlərini də araşdırır.
Böyük həvəs və ehtirasla, güc və enerji ilə elmi araşdırmalar aparan və quruculuq işləri ilə məşğul olan Hamlet İsaxanlı, eyni zamanda istedadlı, görkəmli şair kimi də həm Azərbaycanda, həm onun hüdudlarından çox-çox kənarda çox tanınır və sevilir. Azərbaycanda, Rusiyada, İranda, Gürcüstanda şeir kitabları nəşr olunmuş və böyük rəğbət görmüşdür, Çində və Türkiyədə şeir kitabları çapa hazırlanmışdır. Üstəlik, o özü də məşhur şairlərin əsərlərini ruscadan, ingiliscədən və fransızcadan Azərbaycan dilinə ustalıqla tərcümə etmiş, oxucu və mütəxəssislərin rəğbətini qazanmışdır; V.A. Jukovskiy, F. Baratınskiy, F.İ. Tyutçev, A.Fet, S. Yesenin, N.S. Qumilev, A. Axmatova, A. Axundova, G. Bayron, Ü.Bleyk, R. Herrik, G. De Nerval kimi şairlər bu sıradandır.
Hamlet İsaxanlının şeirləri musiqi ilə dolu, ürəyəyatan və könülləri ehtizaza gətirəndir. Məhz buna görə də onun şeirləri Azərbaycan bəstəkarlarının diqqətini cəlb edib. Çoxsaylı lirik və epik şeirləri və poemaları əsasında gözəl mahnılar yazılmış və musiqili tamaşalar hazırlanmışdır. Şairin “Xəzər Universitəm” şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Mustafayev və Vasif Adıgözəlov musiqi-himn yazmış, «Xəzərimin sorağında» şeirinə Ramiz Mustafayev, «Hicran» şerinə Vagif Gərayzadə, “Yaşamağa nə var ki?!” şeirinə Lütfiyar İmanov, «Səni sevdim çox sadəcə», «Gözəldir», «Lalə», «İnciçiçəyi», «Külək və qız», «Tək qalmaq istəyirəm», «Tez gəlin», «Dünyam» şeirlərinə Nailəxanım İsayeva, «Baş açmadım bu dünyadan» və «Bakı» şeirlərinə Elza Seyidcahan, «Görüş yerimiz» şeirinə Cahangir Zülfüqarov, «Qədim sual», «Möcüzə gecə», «Uşaqlıqda qalan buludlar» və digər şeirlərin, həmçinin şairin fəlsəfi şeirlər silsiləsi əsasında qurulmuş “Ömür yolu bircə andır” adlı tamaşaya Dilarə Qulamova könülaçan musiqi bəstələiyblər. Hamlet İsaxanlının “Ziyarət” poemasına bütövlükdə musiqi bəstələyən Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir. Bu və başqa mahnılar və musiqili tamaşalar Brilliant Dadaşova, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Rəşidə Behbudova, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfərov, Fədayə Laçın, Azərbaycan Dövlət simfonik orkestri və xoru, “Savalan”, «Şaron» və “Kristal” qrupları və b. tərəfindən ustalıqla ifa olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır. Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nəbizadə kimi muğam ustaları da Hamlet İsaxanlı yaradıcılığına müraciət etmişlər.
Hamlet İsaxanlının bədii yaradıcılığı zəngin və çoxşaxəlidir.
Təhsil islahatları
Qərb ölkələrində tək elmi-tədqiqatla deyil, elm və təhsilin təşkili ilə, Qərb təhsil ocaqlarının müxtəlif cəhətləri ilə də ciddi maraqlanan Hamlet İsaxanlı 1980-ci illərin ortalarından Sovet, xüsusi halda Azərbaycan ali təhsil sisteminin böhran keçirdiyini, onun məna və səbəblərini izah etməyə geniş ictimaiyyətə və hökumətə çatdırmağa çalışdı. O, Azərbaycan və rusdilli qəzetlərdə təhsil sisteminin dərin islahatlara ehtiyacı olduğunu, böhrandan çıxmaq və işlahatların hansı istiqamətdə getməsi yollarını göstərən məqalələr yazdı, radio və televiziyada çıxışlar etdi.
Siyasi və iqtisadi böhran içində qovrulan, müharibə şəraitində olan ölkədə yeni ideyalar yaranır və həyata keçirilirdi! Bu işdə çox mühüm rol oynayanlardan biri də Hamlet İsaxanlı oldu.
Hamlet İsaxanlı bütöv təhsil sistemində addım-addım islahat aparılmasının vacibliyini qeyd etməklə bərabər, yeni dünyaya, sürətlə dəyişməkdə olan, qloballaşan dünyaya uyğun yeni növ ali məktəblərin qurulmasının vacibliyini önə çəkdi. O, yeni yaradılacaq ali məktəblərin təhsil plan-proqramları; idarəetmə; keyfiyyətli tədris və tədqiqat; universitet-sənaye-iş dünyası münasibətləri; bilik iqtisadiyyatı və innovasiya; kredit qazanma və interaktiv tədrisə əsaslanan tələbə mərkəzli təhsil sistemi; bakalavr, magistr və doktor (PhD) dərəcələri verən proqramlar və s. cəhətdən daha çox Birləşmiş Ştatlar universitə modelindən bəhrələnməsini düzgün saydı. Bu fəaliyyətin cəmiyyətin fəallaşması və demokratikləşməsi yolunda da mühüm rol oynayacağını qeyd etdi.
Xəzər Universitəsi (təsis və prinsiplər)
Azərbaycanda təhsil islahatı aparılması yolları üzərində düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali məktəb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu fəaliyyət nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1990-cı il 20 dekabr tarixli sərəncamı ilə hazırlıq işləri aparıldı və 1991-ci il 18 mart tarixli qərarla Xəzər Universitəsi (o zamankı adı ilə “İngilisdilli Azərbaycan Universiteti”) yaradıldı. 19 tələbə və 7 müəllimlə fəaliyyətə başlayan Xəzər Universitəsi Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı keçmiş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən biri idi.
Hamlet İsaxanlı daha bir mühüm fikri vurğuladı, dürüst ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cümlədən təhsil sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz işləyən keyfiyyətli təhsil verən ali məktəbin qurulması həyati vacibdir və mümkün işdir. O, öz get-gedə artan və güclənən fəaliyyəti ilə keçid iqtisadiyyatına malik ölkələrin təhsil sistemi sahəsində həm nəzəri məsələlərdə, həm quruculuq işlərində bir lider olaraq tanındı.
Hamlet İsaxanlının yaratdığı təhsil ocağında onun bilavasitə rəhbərliyi ilə tədris proqram-planları Qərb standartlarına uyğunlaşdırıldı, tədris modeli olaraq tələbənin fərdi yolla inkişafını təmin edən “tələbə mərkəzli” çevik kredit yığma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox geniş və səmərəli beynəlxalq əlaqələr quruldu, ən səviyyəli yerli və xarici mütəxəssislər işə cəlb edildi, tapşırıq-rüşvət virusunun əmələ gəlməməsi üçün böyük iş aparıldı, ümumiyyətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipinə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəblərdən birinə çevrildi.
Hamlet İsaxanlı əsas tədris dili olaraq ingiliscəni seçdi; bu qərar tələbə və müəllimlərin Qərb ölkələrində nəşr olunmuş kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsini, tələbə mübadiləsi proqramlarını və xarici professorların gəlməsini mühüm dərəcədə asanlaşdırmaq, ümumiyyətlə ətalətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün güclü amil və vasitə oldu.
Azərbaycan ali təhsilində ikipilləli bakalavr-magistr sisteminin bərqərar olmasında, biliyin müasir qiymətləndirilməsi üsullarının hazırlanması və tətbiqində şəxsən Hamlet İsaxanlının və Xəzər Universitəsinin təcrübəsi mühüm rol oynadı. Öz yenilikçi çalışmaları ilə Hamlet İsaxanlı sonralar Bologna (Bolonya) Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının (European Higher Education Area) yaradılması ideyasını da qabaqladı; O, Azərbaycanın 2005-ci ildə bu prosesə qoşulmasını hazırlayan əsas şəxslərdən biri oldu.
Xəzər Universitəsi (inkişaf)
Hamlet İsaxanlı Xəzər Universitetində humanitar və sosial sahələrlə yanaşı təbiət elmləri, mühəndislik və tətbiqi elmlər, o cümlədən informasiya texnologiyası və kompüter mühəndisliyi, neft mühəndisliyi, iqtisadiyyat və menecment, həyat haqqında elmlər üzrə departamentlərin təşkil olunması kimi ağır işə də böyük həvəslə girişdi.
Hələ Xəzər Universiteti yaradıldığı dövrdə Hamlet İsaxanlı “qloballaşan dünyada əyalət təhsili və əyalət elmi yoxdur, yalnız beynəlxalq əməkdaşlıq vasitəsi ilə irəli getmək, uğur qazanmaq olar” deyirdi. O, bu fikrini uğurla həyata keçirməyə başladı. Əvvəlcə UCLA (University of California at Los-Angeles), sonra Harvard, Princeton, Columbia University, Purdue University (İndiana), Georgia State University (Atlanta), George Mason University, South Connecticut State University, California State University, East Carolina University, American University (washington D.C.) və s. Birləşmiş Ştatlar və Kanada universitetləri ilə əməkdaşlıq proqramları qurdu, elmi araşdırmaları, müəllim - tədqiqatçıların gedib-gəlməsini, tələbə mübadiləsini, akademik və yardımçı sahələr üzrə mərkəzlərin qurulmasını, universitənin idarəolunma sistemini inkişaf etdirdi. Qərbi Avropa universitələri ilə geniş əməkdaşlıq programları da faydalı oldu, xüsusilə Böyük Britaniya, Niderland, İtaliya, Fransa, İspaniya, Norveç, İsveç, Yunanıstan, Portəgiz, Macarıstan, Bolqarıstan, Türkiyə,... təhsil ocaqları ilə məhsuldar əlaqələr quruldu; bu programların çoxunda əməkdaşlığa cəlb olunan ölkə universitələrinin sayı üçdən başlayıb yeddiyə çatırdı. Dünyanın üçüncü güc mərkəzi – Uzaq Şərq də unudulmadı, yeni 21-ci yüzillikdə Yaponiya, Çin, Koreya, Malayzia və Hindistan kimi ölkələrlə əlaqələr, birgə tədqiqat layihələri və tələbə mübadiləsi inkişaf etdirildi.
Dünyanın çox-çox ölkəsindən, o cümlədən də Asiyadan, Afrikadan, Avropa və Amerikadan gələn tələbələr, gənc və təcrübəli alimlər uyğun olaraq oxuyur, tədqiqat aparır və dərs deyir, Xəzər Universitəsinin xoş və işgüzar mühitinin üzvi hissəsinə çevrilirlər. Müxtəlifliyə, fərqliliyə hörmət, qayğı və dostluq Xəzər universitəsinə xas olan dərindən işlənmiş təhsil-təlim-tərbiyə modelinin və təşkilati mədəniyyətin tərkib hissəsidirlər; burada milli və bəşəri dəyərlər bir-birinə qovuşur.
Хəzər Universitetinin məzunları ölkəmizdə və bütün qitələrdə yüksək maaşlı nüfuzlu vəzifələrdə çalışır, yüzlərlə tələbəsi dünyanın müxtəlif qabaqcıl ali məktəblərində təhsillərini davam etdirir. Nəinki məzunlar, hətta yuxarı kurs tələbələrinin də böyük əksəriyyəti işləyir. Ali məktəbin əsl gücü və nüfuzu bu deyilmi?
Hamlet İsaxanlının işləyib həyata keçirdiyi yeni beynəlxalq üçbucaq əməkdaşlıq modeli universitetlə iş dünyasının əlaqələri baxımından irəliyə atılmış çox mühüm addım oldu. Üçbucağın bir təpəsində Xəzər Universiteti, ikinci təpəsində sənaye-iş dünyasında fəaliyyət göstərən şirkət, korporasiya (BP Exploration, StatoilHydro kimi), üçüncü təpədə isə inkişaf etmiş ölkələrdən (məsələn, Böyük Britaniya və ya Norveçdən) bir ali təhsil, elm ocağı yerləşir. Bu model üçtərəfli qaynaqlardan səmərəli istifadə etməklə tədris və elmi araşdırmaların təşkilinə və kadr hazırlığı məsələlərinin vaxtında və keyfiyyətli həllinə kömək edir, ümumiyyətlə götürdükdə isə, bütün iştirakçılar üçün fayda gətirə bilən əməkdaşlıq proqramlarına örnək göstərilməyə layiqdir.
Xəzər Universitəsinin ildən-ilə böyüyən, genişlənən və güclənən kampus-binalarında tələbə, elmi işçi-müəllim və idarəetmə-xidmət heyəti effektiv fəaliyyət göstərir; tələbənin oxuması üçün burada hər cür şərait mövcuddur. Özəl universitə kitabxanalarının ən böyüyü olmaqla bərabər öz fondunun rəngbərəngliyi və ingilisdilli qaynaqlarının vacibliyi və həcminə görə ölkədə ən seçilmiş kitabxanalardandır. Xarici mütəxəssislərin rəyinə əsasən bu kitabxana öz kompüterləşmiş kataloqu, internetə bağlı məlumat bazasına çıxışı (access to online databases), xüsusi xidmətləri, ölkədə ilk elektron arxiv sistemi, xidmət mədəniyyəti və s. baxımından Azərbaycan üçün model kitabxanadır.
Müxtəlif laboratoriyalar, muzeylər, elmi-tədqiqat mərkəzləri, həmçinin çox gözəl tamaşalar, konsertlər, görüşlər və konfransların keçirildiyi “Dünya” konsert-konfrans salonu Xəzər Universitəsinin elmi-mədəni mühitini zənginləşdirir. Klassiklərimizin və müasir elm, siyasət və sənət adamlarımızın həyat və yaradıcılıqlarına həsr olunmuş yaddaqalan təqdimatlar və elmi toplantılar, görkəmli alimlər, ədəbiyyat və incəsənət xadimlərimizin iştirakı ilə keçirilmiş unudulmaz görüşlər, milli və beynəlxalq rəqslər, muğam və klassik musiqi gecələri və Hamlet İsaxanlının fəal iştirakı ilə təşkil olunan bənzər tədbirlər bu ali təhsil ocağını, sözün həqiqi mənasında, ziyalıların, gənclərin və ümumiyyətlə ictimaiyyətin böyük həvəslə üz tutduğu ziyarətgaha çevirmişdir.
Fakültə və akademik departmentlərlə (kafedralarla) yanaşı Xəzər Universitəsi nəzdində fəaliyyət göstərən Təhsil Siyasəti İnstitutu, Siyasət İnstitutu, Tərcümə Araşdırmalar Mərkəzi, Lüğət və Ensiklopediya Mərkəzi, İqtisadi və Biznes Araşdırmalar və Treyninq Mərkəzi və digər mərkəzlər bir sıra beynəlxalq layihələr və bölgə ilə bağlı proqramlar həyata keçirir, ölkəmizin və geniş bölgənin elmi-iqtisadi-siyasi-mədəni inkişafı üçün zəruri olan məsələlər ətrafında tədqiqatlar aparırlar.
Hamlet İsaxanlı Xəzər Universitəsi nəzdində nəşriyyat və mətbəə də qurmuş, dərslik, elmi və bədii ədəbiyyatın nəşri sahəsində də uğurlu fəaliyyət görtərməkdədir. Üç elmi jurnal (“Journal of Azerbaijani Studies” - “Azərbaycan Araşdırmaları Jurnalı”, “Khazar Journal of Mathematics” – “Xəzər Riyaziyyat Jurnalı”, “Azərbaycan Arxeologiyası” və üç dilli (Azərbaycanca, ingiliscə və rusca) elmi-populyar “Xəzər-Xəbər” dərgisi də bu nəşriyyatda çap olunur. Xəzər Universitəsi nəşriyyatı həmçinin Azərbaycan Respublikasında İSBN və İSMN kimi beynəlxalq kitab və musiqi əsərlərinin standartlaşdırma-kodlaşdırma mərkəzidir.
Gəncliyin cazibə mərkəzi olan Xəzər Universitəsi yarandığı gündən həm də mədəniyyət, incəsənət və idman ocağıdır. Tələbələrin idmana olan təbii marağını təmin etmək üçün Hamlet İsaxanlı Xəzər Universitəsi idman klubunu təsis etmiş, futbol, basketbol, şahmat və digər sahələrdə uğur qazanan, yüksək liqada və beynəlxalq yarışlarda çıxış edən komandalar yaratmışdır.
Xəzər universitəsinin Mahnı və Rəqs ansamblı öz peşəkarlığı və məlahəti ilə Azərbaycanda və xaricdə - Qafqazda, Avropada, Yaxın Şərqdə səhnəyə çıxmalarından asılı olmadan ürəkləri fəth edirlər.
1998-ci ildə Hamlet İsaxanlı Xəzər Universiteti nəzdində “Dünya” məktəbini yaratdı. Üç yaşdan başlayaraq orta məktəbi bitirənə qədər uşaq və gənclərin təlim-təhsil-tərbiyəsi ilə məşğul olan bu məktəb ciddi uğurlar qazanmış, ölkədə ən sevilən, arzu olunan təhsil ocağı kimi tanınmışdır. Bu müasir və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sahəsində deyil, orta təhsil sistemində də öz beynəlxalq yarışa girə bilən ikidilli - azərbaycanca və ingiliscə təhsil verə bilən təhsil ocağı modelini formalaşdırmağa çalışır. O, ən kiçik yaşdan doktor və professor olana qədər bir təhsil şəbəkəsi qurmaqla ömürboyu təhsil düşüncəsini də həyata keçirir.
İctimai və elmi-təşkilati iş
Hamlet İsaxanlı riyaziyyat və təbiət elmləri ilə humanitar və sosial elmlər mədəniyyətininin hər ikisini özündə ehtiva etmiş qeyri-adi, az rast gəlinən çoxbilgin insanlardandır.
Görkəmli alim, yaradıcı insan və cazibədar, xarizmatik lider kimi geniş tanınan və qəbul edilən Hamlet İsaxanlı bir alim və ictimai xadimin ifadəsinə görə Azərbaycanda “oazis yaradıcısı”dır, zəka sahiblərini, ziyalıları, elm və incəsənət adamlarını, həmçinin beynəlxalq ictimaiyyəti cəzb edən şəxsdir. Hamlet İsaxanlı öz fəaliyyəti, alimliyi, yaradıcılığı və liderliyi ilə böyük beynəlxalq əməkdaşlığa nail olmuş, insan potensialının açılması və davamlı inkişaf problemlərinə öz töfhəsini vermişdir.
Onun rəhbərliyi altında dissertasiya müdafiə etmiş alimlər indi Birləşmiş Ştatlarda, Avropada, Rusiyada, İsraildə, Türkiyədə, İranda və digər ölkələrdə işləyirlər.
Hamlet İsaxanlının gərgin işi sayəsində inkişaf etmiş xarici ölkələrdə təhsil tədqiqat aparmaq və təcrübə keçmək üçün xeyli alim və müəllim göndəbrilib. Eyni zamanda xarici ölkələrdən Azərbaycana müxtəlif sahələr üzrə alim və müəllimlər dəvət edilib. Bununla yanaşı o, yüzlərlər azərbaycanlı tələbələri nüfuzlu xarici ölkə ali məktəblərində təhsil almağa göndərib. O, xarici ölkələrdən Azərbaycana humanitar yardımlar edilməsi, xarici ölkələrdə Azərbaycan lobbisinin yaradılması sahəsində də xeyli işlər görüb və bu sahədə uğurla çalışmaqdadır. Onun xarici mütəxəssislərin diqqətini Azərbaycan problemləri ilə bağlı məsələlərə cəlb etmək istiqamətində xeyli uğurları vardır.
Hamlet İsaxanlı bir sıra nüfuzlu beynəlxalq təşkilatların, assosiasiyaların, akademiyaların üzvü və ya idarə heyətinin üzvü olmuş, müxtəlif qitələrdə, cürbəcür ölkələrdə beynəlxalq layihələr və toplantıların iştirakçısı və təşkilatçısı kimi fəaliyyət göstərmişdir. O, UNESCO, NATO, UNDP, Avropa Şurası kimi beynəlxalq qurumların keçirdiyi konfranslarda aparığı məruzələrlə çıxış etmiş, layihələrdə çalışmışdır. Elmi-tədqiqat, təhsil və mədəniyyətə verdiyi töhfələrə görə fəxri adlara və mükafatlara layiq görülmüşdür. O, Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasının üzvü kimi də elm və təhsil sahəsində gedən islahatların hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edir.
Onun rəhbərlik etdiyi “Elm və Sənət Məclisi” Azərbaycan ziyalılarının, çox müxtəlif sahələrdə fəaliyyət göstərən elm və sənət adamlarının, yaradıcı gənclərin sevə-sevə bir yerə toplaşdığı, canlı və qızğın müzakirələr apardığı bir zəka mərkəzidir; bu toplantılarda Azərbaycanlılarla yanaşı müxtəlif ölkələrdən dəvət edilmiş alimlər və sənət adamları da çıxış edirlər. Bütün bu çıxış və müzakirələr əvvəlcə hər biri ayrı-ayrılıqda “XəzərXəbər” dərgisində, sonra isə Xəzər Universitəsi nəşriyyatı tərəfindən kitab şəklində çap olunur.
Hamlet İsaxanlı çox məhsuldar və zəhmətkeş redaktordur, o, təbiət elmləri və humanitar-sosial sahələr üzrə bir sıra elmi-tədqiqat jurnallarının, populyar dərgilərin, konfrans materiallarının, dərslik və monoqrafiyaların, ensiklopediya və lüğətlərin, tarix, kütləvi infomasiya vasitələri, poeziya, bədii nəsr əsərləri və s. sahələr üzrə müxtəlif dillərdən azərbaycan türkcəsinə və tərsinə tərcümələrin redaktorudur.
Hamlet İsaxanlı elmi-tədqiqat işi aparan tələbələrinə qarşı qayğıkeş elmi rəhbərdir, onların dünyagörüşünü və sezgi-intuisiya gücünü artırmağa, ağır zəhmət çəkə bilənləri elmi tədqiqatın ön xəttinə aparmağa çalışır. Onun rəhbərliyi altında elmi iş görən və dissertasiya müdafiə etmiş olanlar indi ABŞ, Avropa, Rusiya, İsrail, Türkiyə, İran və başqa ölkələrdə çalışmaqdadırlar.
«Hər gün, hər saat mükəmməlliyə doğru!» - Xəzər Universitəsinin fəaliyyəti barədə bir çıxışından götürülmüş bu qısa cümlə, böyük ehtimalla Hamlet İsaxanlının həyat devizi, əsas iş qayəsi kimi öz əksini tapmışdır.
Şəxsiyyət
Hamlet İsaxanlı kəskin və nəhəng zəkası, zəngin ensiklopedik biliyi, geniş dünyagörüşü, iti elmi düşüncəsi, zərif sənət duyğusu və poetik hissi, möhkəm iradəsi və xeyrxahlıq, nikbinlik və insanpərvərliyi ilə seçilən, güclü liderlik qabiliyyətinə və təşkilati istedada malik nadir bir şəxsdir. Başqalarının uğurlarına sevinmək qabiliyyəti, dərdlərinə və qayğılarına şərikolma xüsusiyyəti göz qabağındadır.
Onun riyaziyyat, fizika, astronomiya, tarix, beynəlxalq münasibətlər, dilçilik, ədəbiyyat, mədəniyyət və təhsilə aid bilikləri, orijinal düşüncə tərzi və mülahizələri bu sahələrin mütəxəssisləri də daxil olmaqla onunla təmasda olan hər kəsi heyran edir.
O, ciddi və eyni zamanda mehriban, çox sadə, təvazökar, dürüst və səmimidir. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün düzgün, doğru yol seçir və yolundan dönmür. Səbirlə, ötəri işlərə baş qoşmadan, düşünə-düşünə, addım-addım, eyni zamanda inadla, inamla irəliləyir.
Ona hörmət edirlər, onu lider kimi qəbul edirlər, onu sevirlər.
Nəsil və ailə
Hamlet İsaxanlı məşhur Hacıbayramlılar nəslindəndir. Babası İsaxan Hacıbayramlı – Qaçaq İsaxan (1897-1930) 20-ci illərin sonu və 30-cu ildə Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyan edib. Stalin və Beriyanın İsaxan hərəkatından çəkindikləri və ona qarşı gizli casus şəbəkəsi qurub güclü ordu göndərdikləri dərc olunmuş elmi mənbələrdən və arxiv materiallarından yaxşı məlumdur. Sovet ordusunu ciddi itkilərə uğratmış İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.
Əfsanələşmiş Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmışlar, Azərbaycan və Gürcüstanda onun 100 illiyi böyük təntənə ilə keçirilmişdir.
Hamletin nənəsi Zeynəb uşaqları və qohum-əqrabaları ilə 2 il Qazaxıstan və Qırğızıstana sürgün edilmişdir.
Atası Abdulla İsaxan oğlu Isayev (1926-1972) məktəbdə riyaziyyat müəllimi işləmiş, anası Pərixanım Aslan qızı İsayeva evdar qadındır.
Qardaşları Gürcüstanda doğma evlərində, digərləri Azərbaycanda – Bakıda yaşayırlar.
Həyat yoldaşı Nailə xanım İsayeva Qubada anadan olub, Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib, həmçinin musiqi təhsili var, mahnılar bəstələyir. Hazırda Xəzər universitəsi nəzdindəki “Dünya” məktəbinin direktordur.
Dörd övladı var. Böyük qızı Aygün orta məktəbi qızıl medalla bitirib, riyaziyyat üzrə ali təhsil, menecment və biznes idarəçiliyi üzrə magistr təhsili alıb. O, öz həyat yoldaşı və iki oğlu ilə İngiltərədə yaşayır.
İkinci qızı Zeynəb orta məktəbi gümüş medalla bitirib, ali tibb və ixtisaslaşmış dermatoloq həkim təhsili alıb. Türkiyədə, İstanbluda işləyir.
Üçüncu qizı Aytən biznes idarəçiliyi üzrə magistr təhsili alıb, mühasibət və audit üzrə ali peşəkar (CPA – certified public accountant) mütəxəssisdir. Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü olub. Hal-harızda Londonda işləyir.
Kiçik qızı Ülkər psixoloqdur, koqnitiv neyroelm üzrə magistatura bitirib. Hal-hazırda Xəzər universitəsində işləyir.
Hamlet İsaxanlının həyat və fəaliyyəti haqqında əsərlər
Hamlet İsaxanlının çoxcəhətli fəaliyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, məqalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır.
Fuad Tanrıverdiyevin 1997-cu ildə nəşr olunmuş «Hamlet İsaxanlı: alim və qurucu ömrü» kitabında alimin həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və və Vahid Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olunmuş “Bu dünyaya nə gətirdim?” kitabında Hamlet İsaxanlının elmi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla yanaşı Azərbaycanda, ABŞ, Kanada, Rusiya, Türkiyə, Gürcüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çox saylı məqalələr yazıb dərc etdirmişlər.
Bir çox monoqrafiya və elmi məqalələrdə Hamlet İsaxanlının (İsayevin) əsərlərinə istinad edilmiş, onun elmi fəaliyyəti layiqincə qiymətləndirilmişdir, bu əsərlərin bir qismi onun yaradıcılığına dayanaraq yazılmışdır. Qərbdə və Şərqdə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə çoxsaylı radio və televiziya verilişlərinin, qəzet və jurnalların qonağı olmuş, müsahibələr vermişdir...
Şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsaxanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun bədii yaradıcılığı haqqında Azərbaycanda Camal Mustafayev, Manaf Süleymanov, Mövlud Süleymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Kamran Nəzirli, Xəlil Məcidoğlu, Aydınxan və digər müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada Lyudmila Lovrova, İran, Gürcüstan və digər ölkələrdə müxtəlif elm və sənət adamları dəyərli məqalələr yazıb dərc etdirmişlər.
Bunlarla yanaşı rəssamlıq, xalçaçılıq və mozaikaya dair sənət nümunələrində Hamlet İsaxanlının obrazı yaradılmışdır.
Dostları ilə paylaş: |