Səhər erkən o, gözlərini açcaq Müşfiqə sakit addımlarla çarpayısına yaxınlaşdı. Mehriban, mülayim bir səslə:
-
Gecəni necə yatmısan, Seyfi? – soruşdu.
Kişi dikəldi.Yalın ayaqlarını başmaqlarına keçirib təbəssümlə dedi:
-
Uşaq kimi qaçırdım yuxuda, Müşfiqə! Həkimlər sağ olsunlar, məni təzədən dirçəltdilər.
Müşfiqə aldığı cavabdan məmnun halda mətbəxə keçdi. Çay dəmləyib yenə ərinin yanına qayıtdı:
-
Fidanın əl-ayağı ağırlaşıb... Sabahdan daha işə çıxmayacaq, istəyirəm gətirək onu bizimlə bağda qalsın... – dedi.
-
Lap yaxşı.
Bayırda Kəblağanın xoruzu boğazını yırtaraq ucadan banlayırdı. Seyfəl gecədən böyründəki stulun söykənəcəyindən asdığı paltarını götürüb geyinməyə başdadı.
-
Əlbəttə, Fidan burda qalmalıdır, – dedi və eyvana çıxdı.
Ətrafı xoş yonca ətri bürümüşdü.
O, addımları ilə şəbnəmli qumda dərin izlər sala-sala evin dalına keçdi.
Bağlar yaşıllıq içində şellənirdi. Meynələr, pişraz üzüm salxımları ilə yüklənmişdi. Ağaclarda yarpaq sanı əncir vardı. Heyva, nar, alma çoxdan yetişmişdi. Bu meyvələrin əsl yeməli vaxtı idi.
Payızda Seyfəlin xəndək atıb saldığı bostan yaxşı bəhər gətirmişdi. Qızmar qum üstdə sərinləmiş tağlardakı Corat qovunu, Zirə qarpızı onun soraqlaşıb çətinliklə tapdığı nadir tumlardan göyərmişdi. Buna o hər şeydən çox sevinirdi. Əgər köhnə çeşid təzə yerdə öz keyfiyyətini tamam saxlamışdısa... Seyfəl yengidə həmin qovunun, qarpızın tumunu bütün Abşerona yayacaqdı. Torpağın qədrini, qiymətini bilən bağçılar üçün bu onun ən böyük xeyirxahlığı olacaqdı!
Kudu, balqabaq hələ kal idi. Onların yetişməyini bağ mövsümünün axırınadək gözləmək lazımdı.
Ləklərdə kollardan asılmış pomidoru, badımcanı isə Müşfiqə çoxdan yığırdı...
Seyfəl bostana girdi. Dadını, tamını yoxlamaq məqsədilə bir qovun, bir qarpız dərdi; həyətdə toyuqlara su, dən verən arvadının yanına gəldi. Qadın fürsət gözləyirmiş kimi, neçə gündən bəri ürəyində gəzdirdiyi sevincini gizlədə bilmədi. Astadan ərinə eşitdirdi:
-
Şəfiq deyib, oğlum olsa, adını Əziz qoyacam...
Seyfəl zarafata keçdi:
-
Onda çalışmaq lazımdır oğlan olsun!
Səhər-səhər ər-arvad qəhqəhə çəkərək ləzzətlə güldülər.
Xəzərin üstündə günəşdən od tutub yanan qızılı üfüqlər göz qamaşdırırdı. Seyfəlin bugünkü xoş əhvalı Müşfiqəyə də siraət etmişdi. Bunu onun baxışlarından oxumaq çətin deyildi. Həm də Abşeron bağlarının ab-havası çoxlarının könlünü açır, canına yüngüllük gətirirdi, üstəlik bu sabah Seyfəlin həyətində qəribə, səs-küylü bir mənzərə yaranmışdı: hində xoruz banlayırdı... toyuqlar qaqqıldaşırdı... Tövlədəki qoyunların mələməsi atların fınxırtısına, kişnərtisinə qarışmışdı. Hərdən “Qaraboz” da yerində atılıb düşərək hürürdü. Heyvanların yemlənmək vaxtı idi...
Seyfəl arzusunda çoxdan olduğu bu səsləri eşitməkdən nəşələnirdi. Burada ikinci, yeni bir həyat yaranmışdı. Elə bil keçmişə – ata-anasının sağlığında yaşadığı gənclik illərinə qayıtmışdı. Seyfəl cavanlaşmışdı!
-
Göyərçinlər hanı, Seyfi? – deyə qadın maraqlandı. – Görmürəm onları...
Seyfəl səmaya baxdı:
Nahardan sonra atları çölə çıxarıb faytonu qoşanda o, Müşfiqəyə dedi:
-
Geyin, hazırlaş. Mən də qanaqlanmışam.Bu gün Fidanın dalınca səninlə şəhərə uçmaq istəyirəm.
Qadın gülümsünərək sakit-sakit onu süzdü.
-
Bəs ev-eşiyi, həyət-bacanı kimə tapşırırsan?
-
Qaraboza.
Müşfiqə nə fikirləşdisə, dinməzcə yataq otağına keçdi. Üzünü görmədiyi qayınanasının elə bu fayton üçün toxumuş olduğu pəyandazı və balaca xalçaları camaxatandakı yorğan-döşəyin arasından çıxarıb həyətdə çırpmağa başladı. Ətrafı kəsif naftalin iyi bürüdü. Seyfəl qadının niyyətini başa düşdü...
Allı-güllü döşəklər faytonun görkəmini tamam dəyişdi.
...Bir azdan ər-arvad yüngül yay paltarında yola düşməyə hazır idi. Müşfiqə qoltuğunda sovqatı qalxıb dal oturacaqda, küncdə əyləşdi. Seyfəl zəncirini açıb Qarabozu həyətə buraxdı. Sonra atların başını çəkərək faytonu darvazadan çıxardı. Dəmir qapını arxadan kilidlədi. Arvadının yanında öz çevikliyini nümayiş etdirirmiş kimi uşaq cəldliyi ilə qozlaya qalxdı. Əlini tərpədincə “tərlanlar” yerindən oynadı. Sərin meh Müşfiqənin arxaya daranmış gümüşü saçlarına ehmalca sığal çəkdi və qadının qəlbini qəribə, xoş hisslər çulğadı.
-
O qoltuğundakı nədir, aparırsan, – deyə Seyfəl qadının sovqatına işarə etdi.
-
Bir qutu şokoladdır. Gəlini təbrik edəcəm.
Bağlarından ayrılıb kənd yoluna burulanda qarşıda iki çadralı arvad atqulağı gedirdi. Fayton yaxınlaşanda onlar çevrilərək geri baxdılar. Çətir altda oturmuş geyimli-kecimli Müşfiqəni görüb əda ilə göz-qaşlarını oynatdılar. Yanlarından ötən minik maşını seyrəlcək onların dediklərini Seyfəlin qulağı aldı.
-
Görürsən də... xalxın arvadları “AU” faytonda gəzir!..
-
Bəxtəvər! Sağ əli bizim başımıza!..
Atlar çapdıqca nallardan qopan səslər darısqal döngələrin daş-divarlarına əks-səda verirdi. Bazar yanından ötəndə köhnə bir “Moskviç” ləngiyib faytonun bərabərində dayandı.
-
Salam, emyoğlu! – deyən Kəblağanın sifəti açıq pəncərədən göründü. – Şəhərə gedirsüz?
Seyfəl gülümsəyib başını tərpətdi:
-
Bəli.
-
Namxuda-maşallah, bu gün yaman maya qoymusan faytonuva, əla bəzəmisən ey!.. Yaxşı, xoruz neyləyir a?..
-
Banlayır...
-
Dedim sənə də... Unnan olmaz! Əjdaha xoruzdur! Yaxşı yol, emyoğlu, yubanma...
Sonra qarşılarına səliqə ilə geyinmiş qaraşın bir cavan çıxdı. O, əllərindən tutduğu balaca uşaqlarını parkın kölgəliyində gəzdirirdi.
Seyfəl arvadına tanışlıq verdi:
-
Bu bizə yaxın qohum olan Məhəmməd kişinin fərzəndi Baladayı müəllimdir. Çox zəhmətkeş adamdır. Oğlunun adı Mahirdir, qızının adı Fəridə... Yaxşı da rəssamlığı var.
-
Salam bibioğlu! – deyə Baladayı elə uzaqdan əl eləyib, xəbər aldı: – Tutum tutub?
Seyfəl başını tərpədərək ona razılığını bildirdi:
-
Bəli... Əlin yüngülmüş, müəllim!..
-
Qoy iş-gücdən başım ayılsın, gəlib sənin faytonda yaxşı bir şəklini çəkəcəyəm, bibioğlu – deyə Baladayı xəbərdarlıq elədi.
Ayrıldılar. Fayton şəhərə yollandı.
Atlarda kef vardı! Seyfəl qozlada oturanda həmişə onları müşahidə etməkdən həzz alardı. Bu ağ “tərlanlar” faytona qoşulub yola çıxcaq ərköyün böyümüş övladlar kimi dinc durmurdular.Gah bir-birinə dişləm atır, gah başlarını aşağı-yuxarı yırğalayaraq yallarını yelləndirir, gah da uzun quyruqlarını oynadırdılar. Bəzən də bu hərəkətlərdən bezikərək xamutdan hərə boynunu bir tərəf dartır, fınxıra-fınxıra dördnala çapırdılar.
Müşfiqənin heç gözləmədiyi halda Seyfəl birdən özündən çıxdı. Qozlada dikələrək qayış yüyənləri havada, atların başı üstündə bir neçə dəfə qaldırıb-endirdi:
-
Hə!.. Tərpənin mənim qoçaqlarım! – deyə bərkdən çığırdı. Fayton yerdən götürüldü. Müşfiqə qorxdu:
-
Seyfi, neyləyirsən?!. Cavanlığın yadına düşüb yoxsa?!. Heyvanları niyə qovursan?..
Kişinin dala baxmadan verdiyi cavabı yel ağzından qapdı:
-
Ata dost kimi bax, düşmən kimi çap! – deyiblər.
“Tərlanlar” qulaqlarını çatıb buğlana-buğlana elə sürətlə yorturdular ki, görənlər heyran qalırdılar. “Taksi” sürücülərinin bəzisi qozladakı bu ağ köynəkli, başıaçıq faytonçunu həmkarlarından kiməsə oxşatdıqlarından maşınlarını yavaşıdıb zənlə ona baxırdılar.
Şəhərə girəndə motosikletin böyründə şalban sayağı dikəlib dayanmış avtomobil müfəttişi Ərəbzəngi kimi Seyfəlin qabağını kəsdi. Əl qaldırıb onu saxladı. Atlar köpüklənmişdilər.
-
Nə oldu ki, ay Seyfi? – deyə Müşfiqə təşvişlə xəbər aldı...
-
Heç nə.
Seyfəl faytondan enib müfəttişə tərəf getdi. Leytenant rütbəli bu şəxs əvvəlcə rəsmi qaydada sağ əlini furajkasının günlüyünə qaldıraraq ona salam verdi. Sonra nəzərləri ilə kişini ayaqdan başa süzdü:
-
Nə xəbərdir? – deyə haçandan-haçana leytenant qəzəblə qarşısındakından soruşdu. Seyfəl halını pozmadı; işin axırını gözlədi.
-
Niyə qovurdunuz maş... faytonu?
-
Saatda neçə ilə gedirdim ki?..
-
Onu siz bilərsiz!..
-
Mənim spidometrim yoxdur... İki at gücündə olan faytonun nə sürəti...
Leytenant fikrə getdi, ayrı söz tapmadı:
-
O yanındakı qadın kimdir?
-
Adamişkəm!
-
Nə?!
Seyfəl avtomobil müfəttişlərinin sürücülərlə insafsızlıq elədiyini çox görmüşdü. Ancaq indi öz kefinin kök vaxtında başqasının qanını qaraltmaqdan vaz keçdi. Ancaq kor tutduğunu buraxmayan kimi leytenant da əl çəkmək istəmədi:
Seyfəl köynəyinin döş cibindən çıxardığı bir dəstə vəsiqəni, arayışı ona uzatdı:
O tərəfdə atların asfalta peyinlədiyi müfəttişin gözündən yayınmadı.
-
Bəs sizlər necə? Texniki baxışdan-zaddan keçmirsiniz?.. – soruşdu.
Seyfəlin çal bığları titrədi.
-
Bil, yadında saxla: Bütün Abşeronda təbərrik üçün bir dənə fayton var – o da məndədir. Bu nəqliyyat növünün texniki sazlığına Seyfəl Əziz oğlu cavabdehdir!
Leytenant gözlərini döydü:
Daş qayaya rast gəlmişdi.
-
Yaxşı bəs... onunçün neyləyək?.. – deyə müfəttiş küçənin ortasındakı peyinə işarə elədi. Hirsindən Seyfəlin dişi bağırsaqlarını kəsdi. Sözün açığını deməkdən dilini saxlaya bilmədi:
-
Belə görürəm sənin qarnının ağrısı var!
Müfəttiş özünü eşitməməzliyə qoydu.
-
Vətəndaş, şəhərin mərkəz küçələrində sürəti altmışdan yuxarı qaldırmaq qadağandır! – deyib sənədləri sahibinə qaytardı.
Elə bu vaxt əlində məktəb çantası olan balaca bir oğlan onlara yaxınlaşdı.
Seyfələ üz tutub yalvarıcı tərzdə xəbər aldı:
-
Əmi, icazə verərsiz o peyini yığıb aparım? Biz məktəbimizin botanika guşəsində cürbəcür güllər yetişdiririk... Onların dibinə tökəcəm...
Qolundan yapışaraq, Seyfəl uşağı atların yanına gətirdi. Faytonda oturub bayaqdan onu gözləyən Müşfiqədən dinməzcə şokolad qutusunu aldı.
-
Nə olub, ay Seyfi? – deyə qadın nigarançılıqla dilləndi.
-
Heç... tanışdı, söhbət edirik... – o, uşağa sarı döndü: – Əziz bala, portfelini mənə ver.
Heç bir şey anlamayan oğlan tez əlindəki çantanı ona uzatdı.
Müşfiqə də boylanıb ərinin nə edəcəyi ilə maraqlanırdı.
Seyfəl qutunun içindəki şokoladları uşağın çantasına boşaltdı.
-
Al. Bunları sinifdəki yoldaşlarına paylarsan. Özün də yeyərsən... – dedi. Sonra atların altına əyilərək həmin qutuya peyini yığıb qapağını örtdü:
-
Bunu da apar, tök əkdiklərinin dibinə, yaxşı güllər açsın səninçün...
Uşaq qutunu aldı. Təşəkkür edib sevincək uzaqlaşmaq istəyəndə Seyfəl onu saxladı:
-
İndi hara gedirsən, əziz bala?
-
Məktəbə.
-
Otur faytona, aparım səni.
-
Yox, əmi, məktəbimiz o yanda, uzaqda olur. Mən trolleybusa minəcəm...
Seyfəl ikiəlli onun belindən tutub qozlaya qaldırdı. Sonra özü də qalxıb yanında əyləşdi.
Fayton yerindən tərpənəndə oğlan sevindiyindən mehribanlıqla Seyfəlin böyrünə qısılıb soruşdu:
-
Əmi, siz nədən bildiniz mənim adım Əzizdir?
Arxadan Müşfiqə də bu sualı eşitdi. Seyfəl qımışdı, gözlərinin ətrafını xırda qırışlar bürüdü. Sonra uşaq dilində oğlana cavab verdi:
-
Bunu bilməyə nə var ki!.. Çünki mən babayam... Sən də mənim nəvəmsən... Nəvələrin isə hamısı əziz olur, babaları üçün...
İnanmırsan, o nənədən xəbər al.
Müşfiqə köks ötürüb, fərəhlə güldü:
...Axşam üstü fayton öz doğma sərnişinləri ilə yenə Abşerona qayıdırdı...
1983 dekabr – 1984 may
Dostları ilə paylaş: |