105. Təsdiq edilmiş attestasiya vərəqələri attestasiya edilənlərin bilavasitə rəisləri tərəfindən attestasiya vərəqələri hərbi hissəyə daxil olduqdan sonra 10 gün müddətində attestasiya edilənlərə elan edilir. Yalnız ezamiyyətdə, məzuniyyətdə, yaxud müalicədə olan zabitlər barədə istisnaya yol verilir: təsdiq edilmiş attestasiya vərəqələri onlar hərbi hissəyə qayıdan kimi dərhal elan olunur.
Hərbi təhsil müəssisəsini bitirənlərə ilk zabit rütbəsi verilməsi haqqında və digər hallarda attestasiya vərəqələri hərbi qulluqçulara onlara zabit rütbəsi verilməsi haqqında əmr aldıqdan sonra elan edilir.
Attestasiyanı elan edərkən bilavasitə rəis fərdi söhbət aparır, attestasiya edilən attestasiya vərəqəsinin əsl nüsxəsində qol çəkir və onunla tanış olma tarixini göstərir.
Attestasiya qaydasının pozulması və attestasiyanın qeyri-obyektivliyi ilə əlaqədar şikayət müəyyən edilmiş qaydada attestasiyanın elan edildiyi gündən 1 aydan gec olmayan müddətdə verilə bilər. Şikayət üzrə son qərarı attestasiya vərəqəsini təsdiq etmiş rəis qəbul edir. Hərbi qulluqçunun şikayəti əsaslı sayıldıqda, attestasiya vərəqəsinə müvafiq dəyişikliklər edilir, yaxud yeni attestasiya tərtib edilir.
106. Zabit heyətindən olan şəxslər attestasiya vərəqələrində qeyd edilmiş çatışmazlıqları aradan qaldırmalıdırlar. Birbaşa rəislər hərbi qulluqçulardan çatışmazlıqları aradan qaldırmağı tələb etməli və bu işdə onlara kömək etməli, attestasiya edildikdən sonra zabitin praktiki fəaliyyəti nəzərə alınmaqla attestasiya nəticələrinin həyata keçirilməsini təmin etməli, layiqli hərbi qulluqçuların yuxarı vəzifələrə təyin edilməsində və təhsil almağa göndərilməsində əsassız gecikmələrə yol verməməlidirlər.
107. Attestasiya nəticələrinin həyata keçirilməsini təmin etməkdən ötrü hərbi hissənin müvafiq qurumlarının borcudur:
attestasiyaların nəticələrindəki tövsiyələr əsasında attestasiyalararası dövrdə attestasiya nəticələrinin həyata keçirilməsi və xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilməkdən ötrü hazırlanmış namizədlər ehtiyatı yaradılmasının perspektiv planlarını işləyib hazırlamaq;
yüksək vəzifələrə irəli çəkilmək, yaxud təhsil almağa göndərilməkdən ötrü attestasiya edilmiş zabitləri qarşıdakı hər il üçün yuxarı vəzifələrə irəli çəkilmək və təhsil almağa göndərilməkdən ötrü ehtiyata daxil etmək, eləcə də yuxarı instansiyanın müvafiq qurumuna onun təyinat nomenklaturasına daxil olan vəzifələrə irəli çəkilməkdən, yaxud belə vəzifələrdən təhsil almağa göndərilməkdən ötrü ehtiyata tövsiyə edilmiş namizədlər haqqında məlumat vermək;
aşağı vəzifələrə başqa işə keçirilməyə və ehtiyata, yaxud istefaya buraxılmağa attestasiya edilmiş zabitlərin nəzarət siyahılarını tərtib etmək (14 saylı əlavə).
108. Attestasiya dövrü başa çatdıqda komandirlər və rəislər zabit heyətinin attestasiya edilməsi üzrə aparılmış işə yekun vururlar və bu, komanda üzrə təqdim edilən məruzədə aşağıdakı şəkildə əks etdirilir:
müsbət iş təcrübəsi;
attestasiya keçirilərkən baş vermiş çatışmazlıqlar;
zabit heyətinin attestasiya edilməsinin gələcəkdə təkmilləşdirilməsinə yönəldilmiş təkliflər.
Məruzəyə attestasiya keçirmənin nəticələri haqqında məlumatlar əlavə olunur. Həmin məlumatlar bundan başqa attestasiya dövründə hər ay artan yekun kimi təqdim edilir.
109. Attestasiyalararası dövrdə hərbi hissələrdəki xidmət yerində, gəmilərdə və birləşmələrdə zabitlərin peşə hazırlığının fərdi uçotu aparılır, onun nəticələri növbəti attestasiyada nəzərə alınır. Zabitlərin peşə hazırlığının fərdi uçot vərəqələri hər il bu Əsasnaməyə 15 nömrəli əlavədə göstərilən forma üzrə attestasiyalararası dövr üçün işlənilir. Onlar şəxsi işdə saxlanılır, zabitin yeni xidmət yerinə göndərilir və təlim ilinin sonunda zabitlə söhbət və attestasiya keçirmə zamanı nəzərə alınır və attestasiya keçirmə qurtardıqda məhv edilir.
Attestasiyalararası dövrdə xidmət yerinin dəyişdirilməsinə, ehtiyata və ya istefaya təqdim olunan zabit heyətindən olan şəxslər üçün axırıncı attestasiya vərəqəsində əks olunmayan, lakin qərar qəbul edilməsi üçün zəruri olan xarakterik məlumatlar yerdəyişmə (tərxis) təqdimatında göstərilir.
Xidmət müddəti müəyyən edilmiş yerlərdə yerdəyişmə, təhsil almağa göndərmə zamanı, eləcə də digər hallarda əgər sonuncu attestasiya vərəqəsinin təsdiq edildiyi gündən 1 ildən artıq vaxt keçibsə, zabitlərə birbaşa rəislərin tələbi ilə xidməti xasiyyətnamələr yazılır.
110. Gizirlərin və miçmanların attestasiyası dinc dövrdə beş ildə bir dəfə, onların hərbi hissəyə həqiqi hərbi xidmətə könüllü daxil olması barədə öhdəliyin sona çatdığı il keçirilir.
Gizirlərin və miçmanların attestasiya keçirmə qaydaları zabitlər üçün olduğu kimi keçirilir (bu Əsasnamənin 86, 88 — 93, 95 — 108-ci maddələri).
111. Gizirlərin və miçmanların attestasiya vərəqələri dekabr ayında gələn il üçün tərtib edilmiş təqvim planına uyğun olaraq aşağıdakı qaydada aparılır:
attestasiyadan keçənin soyadı, adı və atasının adı, attestasiya müddəti, attestasiya aparanların soyadı, attestasiya komissiyası iclasının protokolunun tarixi və sayı, attestasiya vərəqəsinin hərbi hissənin komandiri tərəfindən təsdiqinin tarixi;
attestasiyanın nəticəsi;
attestasiyanın nəticələrinin icrası barədə qeydlər.
Attestasiya planı hərbi hissə komandiri tərəfindən təsdiq olunur.
112. Gizirlərin və miçmanların attestasiya vərəqəsində bu Əsasnamənin 93-cü maddəsində attestasiyanın nəticələri barədə sadalanan təkliflərdə, həmçinin həqiqi hərbi xidmət müddətinin uzadılmasının məqsədəuyğunluğu göstərilir.
113. Gizirlərin və miçmanların attestasiya vərəqələri hərbi hissə komandiri tərəfindən təsdiq edilir.
Attestasiya nəticələrinin icrasına nəzarəti hərbi hissələrin müvafiq qurumları həyata keçirir.
VIII fəsil
MƏZUNİYYƏTLƏR
114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir:
a) növbəti məzuniyyət;
b) qısa müddətli məzuniyyət;
v) xəstəliyə görə məzuniyyət;
q) tədris-təlimi zamanı məzuniyyət;
d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət;
e) tədris məzuniyyəti;
y) yaradıcılıq məzuniyyəti;
z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər;
i) əlavə məzuniyyət.
115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur.
Komandirlər (rəislər) məzuniyyət verərkən hərbi hissələrin, birləşmələrin və idarəetmə orqanlarının daimi döyüş hazırlığının saxlanılması zərurətini nəzərə almalıdırlar.
Hərbi təhsil müəssisələrinin, elmi-tədqiqat müəssisələrinin, mülki təhsil müəssisələrinin hərbi və hərbi-dəniz kafedralarının (şöbələrinin, bölmələrinin), hərbi qulluqçularına mülki nazirlik, idarə və təşkilatlara ezam olunmuş hərbi qulluqçulara və həmçinin adyunktlara məzuniyyət bütün hərbi qulluqçulara aid olan ümumi əsaslarla verilir. İşi istintaqda və məhkəmədə olan hərbi qulluqçulara hər hansı işə görə, habelə zərər çəkən, şahid, ekspert kimi cəlb olunanlara məzuniyyət yalnız müvafiq istintaq və məhkəmə orqanlarının razılağı ilə verilə bilər.
116. Hərbi qulluqçuların növbəti, qısa müddətli, təhsil, habelə xəstəliyə və hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar məzuniyyətlər verildikdə, müəyyən edilmiş məzuniyyət müddətindən əlavə məzuniyyət yerinə gedib-gəlmək müddəti də 3 gündən çox olmamaq şərti ilə verilir.
Hərbi qulluqçunun məzuniyyəti keçirmə yerinə gedib-gəlməsi üçün əlavə olunan müddət ona hansı nəqliyyat növündə getmək üçün pul verilibsə, həmin nəqliyyat növünün hərəkət cədvəli ilə hesablanır.
Əgər hərbi qulluqçu məzuniyyət yerinə hava nəqliyyatı ilə gedibsə və ona əlavə müddət digər nəqliyyat üçün hesablanıbsa, onda o xidmət yerinə hava nəqliyyatı üçün sərf etdiyi müddət hesabı ilə qayıtmalıdır.
Məzuniyyət yerinə şəxsi nəqliyyatda gedilərsə, onda gedib gəlmək üçün əlavə müddət hərbi qulluqçunun hansı nəqliyyat növündə pul almaq hüququ varsa, həmin nəqliyyat növünün cədvəli ilə verilir.
Dəmir yol nəqliyyatı olduğu halda, məzuniyyət yerinə su nəqliyyatı ilə gedirlərsə, onda gediş-gəliş üçün əlavə müddət dəmir yolunun cədvəli ilə hesablanır.
Məzuniyyət bir neçə məntəqədə keçirilərsə, hərbi qulluqçuya əlavə müddət xidmət yerindən bu məntəqələrdən birinə gedib-gəlmək üçün verilir.
Məzuniyyət turist putyovkaları üzrə keçirilərsə, gediş üçün müddət xidmət yerindən turist marşrutunun başladığı məntəqəyə kimi, geriyə isə turist marşrutunun axırıncı məntəqəsindən xidmət yerinə kimi verilir.
117. Məzuniyyətin keçirildiyi yerə çatan kimi hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizon və qarovul xidmətləri Nizamnaməsində nəzərdə tutulduğu qaydada hərbi uçota durmalı, qayıdanda isə uçotdan çıxmalıdırlar.
Yolda, ya da məzuniyyətin keçirildiyi yerdə hərbi qulluqçu məzuniyyət biletini (vəsiqəsini) itirdiyi halda, bu barədə ən yaxında yerləşən dəmir yolu (su) sahəsi (stansiya, liman, //çıxarılıb//) hərbi komendantına, dəniz limanı idarəsinə, torpaq yolla hərəkət edərsə qarnizon komendantına, hərbi komissarlığa, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, habelə məzuniyyətin keçirildiyi yerdə qarnizon komendantına (hərbi komissara) məlumat verməlidir.
Qarnizon komendantı (hərbi komissar) uçot məlumatı əsasında, məlumatların olmadığı təqdirdə isə hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdiriləndən sonra ona hərbi qulluqçunun məzuniyyətdə olmasının qanuniliyini təsdiq edən arayış verir və bu barədə hərbi qulluqçunun xidmət yeri üzrə hərbi hissə komandirinə xəbər verir, hərbi qulluqçunun xidmət yerinə vaxtında qayıtmasına nəzarət edir.
118. Məzuniyyət aşağıdakı hallarda uzadıla bilər:
a) nəqliyyatın hərəkətində fasilə yaradıldıqda və ya hərbi qulluqçunun xəstəliyinə görə məzuniyyət yerinə gec çatdıqda. Bu zaman dəmir yolu və su nəqliyyatı ilə hərəkət edərkən yaxınlıqdakı dəmir yolu (su) sahəsi (stansiya, liman, //çıxarılıb//) hərbi komendantı, dəniz limanı idarəsi, torpaq yolla gedərkən isə qarnizon komendantı, hərbi komissarlıq, yerli bələdiyyə orqanı tərəfindən faktiki gecikmə müddəti məzuniyyət biletində (vəsiqəsində) qeyd edilməli və ya gecikmənin səbəbi barədə ayrıca arayış verilməlidir;
b) hərbi qulluqçunun ailəsi yanğına və ya təbii fəlakətə məruz qaldıqda, ailə üzvlərinin (ata, ana, arvad, uşaqlar, qardaşlar, bacılar) və tərbiyəsi altında olduğu başqa şəxslərin ölümü və ağır xəstələnməsi ilə bağlı — 7 günə qədər;
v) nəqliyyatın hərəkətində fasilə yarandıqda və ya hərbi qulluqçunun xəstəliyi üzündən məzuniyyət keçirildiyi yerdən geri qayıtmağa maneçilik yarandıqda — həmin maneçiliyin aradan qaldırılmasına lazım olan müddət. Məzuniyyət hərbi qulluqçunun məzuniyyət keçirdiyi yerdə qarnizon komendantı və ya hərbi komissar tərəfindən ləngimənin səbəbləri araşdırıldıqdan sonra uzadıla bilər.
Gecikmənin səbəbləri və müddəti barədə qarnizon komendantı (hərbi komissar) dərhal hərbi qulluqçunun məxsus olduğu hərbi hissənin komandirinə məlumat verir və hərbi qulluqçunun məzuniyyət biletində (vəsiqəsində) bu barədə qeydlər edir.
Müəyyən edilən vaxtda məzuniyyətdən geri qayıtmayan və gecikmənin səbəbləri barədə məlumat verilməyən hərbi qulluqçu barədə hərbi hissə komandiri dərhal hərbi qulluqçunun məzuniyyət keçirdiyi yerin qarnizon komendantına (hərbi komissara) sorğu göndərir.
Hərbi qulluqçu məzuniyyəti keçirəcəyi yerə gəlib çıxmayıb və ya oradan öz hərbi hissəsinə vaxtında yola düşüb cavabı alınarsa, hərbi hissə komandiri müəyyən edilmiş qaydada axtarış təşkil edir.
119. Hərbi vəziyyət, səfərbərlik elan edildikdə, bu Əsasnamənin 114-cü maddəsinin «v» və «z» bəndləri üzrə məzuniyyət almış hərbi qulluqçular istisna olmaqla məzuniyyətdə olan hərbi qulluqçular dərhal öz hərbi hissələrinə qayıtmalıdırlar. Əgər hərbi hissə öz əvvəlki yerini dəyişibsə, hərbi qulluqçular yaxınlıqda yerləşən hərbi komendaturaya və ya hərbi komissarlığa gəlməlidirlər.
Xəstəliyə görə məzuniyyətdə olanlar hərbi komissarlığa gəlib yenidən müayinədən keçməlidirlər, səhhətinə görə gələ bilmədikdə isə müalicə edən həkimin arayışı ilə birlikdə yazılı xəbər göndərməlidirlər.
120. Növbəti məzuniyyət aşağıdakılara verilir:
a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün;
b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün;
v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün;
q) zabitlərə — hər təqvim ili üçün 45 gün.
Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir.
Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər.
Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.
122. Xidməti zərurət olduqda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ümumi müddət çərçivəsində 2 dəfəyə verilə bilər.
Əlavə məzuniyyət almaq hüququ olan hərbi qulluqçuların (bu Əsasnamənin 136-cı maddəsi) bu məzuniyyəti onların növbəti məzuniyyəti ilə cəmlənərək birlikdə verilir. Bu zaman uşağının 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadın hərbi qulluqçulara verilən əlavə məzuniyyət istisna olmaqla məzuniyyətin ümumi müddəti 60 gündən artıq olmamalıdır. Xidmət üzrə yerdəyişmələrə görə əlavə məzuniyyət hüququnu itirən hərbi qulluqçulara növbəti məzuniyyət yerdəyişmə haqqında əmr hərbi hissəyə daxil olandan sonra yeni xidmət yerində (yeni vəzifəsinə görə) ümumi əsaslarla verilir. Bu halda birləşdirilmiş məzuniyyətdən istifadə etməmiş hərbi qulluqçulara ötən il üçün növbəti məzuniyyət xidmət yerini dəyişənə qədər ala biləcəkləri məzuniyyət müddəti qədər verilir.
Üzürsüz səbəblərə görə xidmətə çıxmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət xidmətə çıxmadığı günlərin sayı qədər azaldılır. Belə olduqda növbəti məzuniyyət 15 gündən az olmamalıdır.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına növbəti məzuniyyət 5 gündən artıq olmayaraq onların hauptvaxtda olduqları müddət qədər azaldıla bilər.
Növbəti məzuniyyətin azaldılması barədə qərarı məzuniyyət vermək hüququ olan komandir (rəis) qəbul edir. Bu qərar nizami hissə üzrə əmrlə rəsmiləşdirilir və hərbi qulluqçunun imzası alınmaqla ona elan edilir.
Hərbi qulluqçunun hərbi hissəni dəyişdiyinə görə növbəti məzuniyyətdən istifadə etməməsi haqqında arayış onun şəxsi işi ilə birlikdə hərbi qulluqçunun yeni xidmət yerinə göndərilir.
123. Həqiqi hərbi xidmətə ehtiyatdan könüllü və ya çağırışla qəbul edilmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi xidmətə qəbul edildikləri ildə (həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları ildə) məzuniyyətin müddəti aşağıdakı kimi hesablanır:
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət etdiyi hər tam ay üçün — 2,5 gün;
gizirlərin və miçmanların xidmət etdikləri hər tam ay üçün — 3,0 gün;
zabitlərin xidmət etdikləri hər tam ay üçün — 3, 75 gün.
Bu zaman 10 gün və artıq növbəti məzuniyyətə hüququ olan hərbi qulluqçulara məzuniyyətin keçiriləcəyi yerə gedib-gəlmək üçün yol xərci verilir və yola sərf olunacaq müddət məzuniyyətə əlavə olunur. 10 gündən az olan məzuniyyət hərbi qulluqçunun arzusu ilə növbəti ildə növbəti məzuniyyətlə birlikdə verilə bilər.
124. Ştatlı vəzifə tutmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət verilərkən növbəti məzuniyyətin müddəti hərbi qulluqçuların müvafiq komandirlərin (rəislərin) sərəncamında olduğu ümumi müddətdən çıxılır.
Buraxılma zamanı növbəti məzuniyyət verilən hərbi qulluqçuların (həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata, yaxud istefaya göndərilməklə əlaqədar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması növbəti məzuniyyət bitdikdən sonra işlərin və vəzifənin təhvil-təsliminə zəruri olan müddət hesaba alınmaqla həyata keçirilir.
125. Hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi aşağıdakılar tərəfindən müəyyən edilir:
Müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxslərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
Müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxslərinə Silahlı Qüvvələr növlərinin, Qoşun növlərinin komandanlarına (rəislərinə), Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarə, müstəqil şöbə, xidmət rəislərinə, korpus, diviziya komandirlərinə, həmçinin onların müavinlərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
Silahlı Qüvvələr növlərinin, qoşun növlərinin əlahiddə bölmələrinin, hissə və birləşmələrinin komandirlərinə — Silahlı Qüvvələr növlərinin, Qoşun növlərinin komandanları;
Mərkəzi tabelikdə olan əlahiddə hissələrin və bölmələrin komandirlərinə, həmçinin onların müavinlərinə — onların tabe olduqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Qoşun növlərinin, idarə, müstəqil şöbə, xidmət komandanları (rəisləri);
alay (briqada) komandirlərinə və onların müavinlərinə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə diviziya (korpus) komandirləri;
qalan hərbi qulluqçulara — hərbi hissələrin komandirlərindən başlayaraq birbaşa rəislər, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar.
126. Hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətləri planı tutulur və hərbi qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir.
Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay hərbi hissə hərbi qulluqçularının 10 — 12 faizinin məzuniyyətdə olması hesabı ilə verilir.
Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin) gərgin dövründə məzuniyyətlərin aylıq normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin aylıq norması təhsil müəssisələrinin rəisləri tərəfindən müəyyən edilir.
Döyüş əməliyyatlarında, habelə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətin digər vəzifələrini yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) almış və ya şikəst olmuş hərbi qulluqçulara növbəti məzuniyyətdən ilin istənilən münasib vaxtında istifadə etmək hüququ verilir.
Müvafiq qurumlar təsdiq olunmuş plan əsasında hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinə daimi nəzarət etməli və bu barədə müvafiq komandirə (rəisə) məlumat verməlidirlər. İlin əvvəlində korpus (diviziya), Silahlı Qüvvələr növünün müvafiq qurumu keçən ildə növbəti məzuniyyətə getməyənlər və onların səbəbləri barədə məlumatları ümumiləşdirir və yanvarın 10-na kimi korpus (diviziya) komandirinə, qoşun növü komandanına yeni ilin birinci rübündə həmin hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi barədə öz təkliflərini verir. Korpus (diviziya), Silahlı Qüvvələr növü komandanının qərarı hərbi qulluqçuları növbəti məzuniyyətə getməmiş hərbi hissələrin komandirlərinə çatdırılır.
127. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ərzində xəstələnərlərsə, onlar sağaldıqdan sonra məzuniyyətin müddəti istifadə edilməmiş günlərin sayı qədər artırılır. Bu halda məzuniyyətin müddəti onu verən rəis tərəfindən uzadılır.
128. Hərbi qulluqçunun növbəti məzuniyyətdən geri çağırılmasına xüsusi əhəmiyyətli xidməti zərurət yarandıqda, korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəisin icazəsi ilə yol verilə bilər. Növbəti məzuniyyətdən geri çağırılanda onun istifadə olunmamış hissəsi adətən cari ildə verilir. Bu vaxt əgər məzuniyyətin istifadə olunmamış hissəsi 10 gün və artıq olarsa, onda geri çağırıldığı məntəqədən uzaq olmamaq şərti ilə məzuniyyət yerinə getməyə və qayıtmağa pul verilir və yola sərf olunan günlər məzuniyyətə əlavə edilir.
129. 10 günədək qısa müddətli məzuniyyətlər dinc və müharibə dövründə hərbi qulluqçulara həvəsləndirmə qaydasında (dinc dövrdə yalnız müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) və ailə vəziyyətinə görə verilir.
Qısa müddətli məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir.
Dinc dövrdə qısa müddətli məzuniyyətlər həvəsləndirmə qaydasında müddətli həqiqi hərbi xidmət zamanı əsgər, matros və çavuşlara bir dəfə verilə bilər.
Müharibə dövründə qısa müddətli məzuniyyət bu Əsasnamənin 194-cü maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuların bütün kateqoriyalarına verilə bilər.
Dinc və müharibə dövründə ailə vəziyyətinə görə qısa müddətli məzuniyyət aşağıdakı hallarda verilə bilər:
a) hərbi qulluqçuların ailə üzvlərinin (atası, anası, arvadı, əri, uşaqları, qardaşları, bacıları) və himayəsində olduğu digər şəxslər ağır xəstələndikdə və vəfat etdikdə;
b) hərbi qulluqçunun ailəsi yanğın və ya təbii fəlakət hallarına məruz qaldıqda;
v) hərbi hissə komandirinin rəyinə görə hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olduğu digər xüsusi hallarda.
Ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə hərbi komissarlıq və ya yerli bələdiyyə orqanı, ya da müalicə müəssisəsi tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir.
Sənədlər məzuniyyət barədə vəsatət qaldırıldığı zaman və ya heç olmasa məzuniyyətdən qayıtdıqdan sonra təqdim olunmalıdır.
130. Dinc və müharibə dövründə xəstəliyə görə məzuniyyət hərbi qulluqçuya hərbi-həkim komissiyasının rəyinə görə verilir.
Xəstəliyə görə məzuniyyətin müddəti xəstəliyin xarakterinə görə müəyyənləşdirilir. Qüvvədə olan qanunvericiliyə görə bəzi xəstəliklərlə bağlı daha uzun müddətli müalicələrin nəzərdə tutulması halları istisna olmaqla dinc dövrdə fasiləsiz olaraq müalicə müəssisələrində və xəstəliyə görə məzuniyyətdə olmaq bütünlükdə 6 aydan artıq olmamalıdır. Bu müddət müalicə müəssisəsinin rəyi əsasında korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəislərin qərarı ilə uzadıla bilər. Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq müddəti bitəndən sonra hərbi qulluqçunun hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək üçün o, hərbi-həkim komissiyasında yenidən müayinədən keçməlidir.
Xəstəliyə görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir.
Hərbi qulluqçuların müalicə müəssisələrində müalicə olunduğu və xəstəliyə görə məzuniyyətdə olduğu (6 aydan artıq olmamaq şərti ilə) zaman ehtiyata və ya istefaya buraxılması həyata keçirilmir.
Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət bitdikdən sonra hərbi qulluqçuların hərbi-həkim komissiyasında yenidən müayinədən keçməsi barədə qərar qəbul edilibsə və onlar dinc dövrdə hərbi xidmətə yararsız və ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılıblarsa, onları ehtiyata və ya istefaya buraxmaq olar.
Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin başqa tapşırıqlarının icrası zaman xəsarət (yaralanma, travma, kontuziya) almış və ya şikəst olmuş, ya da Azərbaycan Respublikasının müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların hərbi xidmətə yararlılığı barədə hərbi-həkim komissiyasının müayinəsi yalnız müalicə müəssisəsində müalicə başa çatdıqdan sonra həyata keçirilir.
Dinc dövrdə vərəm xəstəliyinə tutulduqda hərbi qulluqçunun müalicədə və xəstəliyə görə məzuniyyətdə olma müddəti 12 aydan artıq ola bilməz.
Hərbi qulluqçunun hər hansı səbəb üzündən xəstəliyə görə məzuniyyəti hərbi hissədən kənarda keçirə bilmədiyi hallarda o, məzuniyyət dövründə bütün məşğələlərdən və xidmət naryadlarından azad edilmək şərti ilə hərbi hissədə saxlanıla bilər.
Gəmilərin hərbi qulluqçuları (yalnız müddətli və müddətdən artıq həqiqi hərbi xidmətin hərbi qulluqçuları) belə hallarda əlahiddə donanma komandasının, ekipajının, yarım ekipajının dəyişən heyətinin siyahısına salınır (gəminin siyahısından çıxarılmamaq şərti ilə). Onların olmadığı yerlərdə isə hərbi dəniz qüvvələri komandanının sərəncamı ilə sahil hissələrindən birinə yerləşdirilir və bütün təminatlarla təmin edilirlər.
Hərbi qulluqçular həqiqi hərbi xidmətdən buraxılarkən onlara xəstəliyə görə məzuniyyət verilmir (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətinin başa çatmasına iki aydan az qalıbsa onlar ehtiyata buraxılırlar).
Müharibə dövründə xəstəliyə görə məzuniyyət bu Əsasnamənin 195-ci maddəsinin tələblərinə uyğun olaraq verilir.
131. Hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçulara tədris məşğələlərində fasilə zamanı tədris planı ilə müəyyən edilmiş müddətə tətil məzuniyyətləri verilir.
Tədris tətil məzuniyyətləri növbəti məzuniyyətin hesabına daxil edilmir.
132. Hərbi təhsil müəssisəsini bitirdiyinə görə ilk zabit rütbəsi verilmiş şəxslərə xidmət yerinə göndərilməzdən əvvəl 30 gün müddətinə məzuniyyət verilir (ali hərbi təhsil müəssisəsini, hərbi akademiyanı bitirmiş zabitlərə — 45 gün).
Mülki ali və orta ixtisas təhsili müəssisəsini bilavasitə bitirdikdən sonra həqiqi hərbi xidmətə qəbul edilmiş zabitlərə məzuniyyət bu maddənin tələbləri əsasında hərbi təhsil müəssisələrini bitirib ilk zabit rütbəsi almış zabitlərə olduğu kimi ümumi əsaslarla verilir. Bu məzuniyyətlər, habelə mülki ali və orta ixtisas təhsili müəssisələrini bitirəndən sonra həqiqi hərbi xidmətə qəbul edilən zabitlərə verilən məzuniyyət cari il üçün verilən növbəti məzuniyyətin hesabına daxil edilir.
Dostları ilə paylaş: |