Müəssisənin fəhlə və mühəndis-texniki işçilərinin yanğın təhlükəsizliyi məsələləri üzrə öyrədilməsi və təlimatlandırılması
Fəhlə və mühəndis-texniki işçilərin (MTİ) yanğın təhlükəsizliyi məsələləri üzrə öyrədilməsi və təlimatlandırılması müəssisənin rəhbərliyi tərəfindən verilən əmrlə, qüvvədə olan qaydaların tələblərinə uyğun təşkil olunmalıdır.
Müəssisələrdə bütün fəhlə, qulluqçu və MTİ-ləri ilə yanğın təhlükəsizliyi üzrə giriş və təkrar təlimat, əlavə olaraq yanğın texniki minimumu üzrə proqrama uyğun olaraq məşğələlər keçirilməlidir. İşçilərin iş yerində təlimatlandırma proqramına uyğun olaraq əməyin təhlükəsizliyi üzrə təlimatlandırma ilə birlikdə aparıla bilər .
Müəssisə rəhbəri öz əmri ilə təyin edir:
-yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularının istismarı və saxlanılması üzrə cavabdeh şəxsi;
-yanğın-texniki minimum proqramı üzrə işçilərin təlim keçəcək sex və ya peşələrin siyahısını;
-yanğına qarşı təlimatlandırmanı və yanğın-texniki minimum üzrə məşğələləri aparacaq işçilərin siyahısını;
-yanğın təhlükəsizliyinə dair təlimatlandırmanı və yanğın-texniki minimum üzrə məşğələlərin keçirilmə yerlərini;
-yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmış və yanğın-texniki minimum proqramı üzrə öyrə-dilmiş şəxslərin qeydiyyatının aparılma qaydasını;
Müəssisəyə işə qəbul edilən bütün işçilər, həmçinin təcrübəyə göndərilmiş, ezam edilmiş və müvəqqəti işə qəbul edilmiş bütün şəxslər yanğın təhlükəsizliyi üzrə giriş və ilkin təlimat keçməlidirlər. Təlimatlandırma 5 saylı Əlavədə göstərilən forma üzrə rəsmiləşdirilməlidir.
Yanğın təhlükəsizliyi üzrə ilkin təlimatlandırma bu məqsədlə xüsusi otaqlarda keçirilməli, təlimatlandırılan işçilər aşağıdakı məsələlərlə tanış olmalıdırlar:
- ümumi təhlükə və yanğınların baş vermə səbəbləri ilə;
- müəssisənin ərazisində və obyektlərində həyata keçiriləcək yanğından mühafizə tədbirləri ilə;
- müəssisədə olan yanğınsöndürmə vasitələrinin istifadə qaydaları ilə;
- yanğın baş verən hallarda hansı vacib olan əməli hərəkətlərin həyata keçirilməsi ilə.
Giriş təlimatlandırmanı müəssisənin əməyin mühafizəsi xidməti və yerli yanğından mühafizə hissələri, ilkin təlimatlandırılma isə müəssisənin istehsalat bölmə, sex, sahə və xidmət rəisi və ya müavinləri tərəfindən keçirməlidir.
İşçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılarkən və onlara məşğələlər aparılarkən elmi-texniki vasitələrdən, kompüter öyrətmə proqramlarından, videofilmlərdən geniş istifadə edilməlidir.
İş yerində ilkin təlimat işçilər sərbəst işə buraxılmazdan əvvəl, bir işdən başqa işə və yaxud digər xassəli iş sqahələrinə keçirilən hallarda, sahənin, sexin, qurğunun, şöbənin, laboratiyanın, emalatxananın rəisi (rəis müavini) tərəfindən aparılmalı və rəsmiləşdirilməlidir.
İlkin təlimatlandırmanın sonunda sərbəst işə buraxılmazdan əvvəl təlimatlandırılan şəxsin bilikləri yoxlanılmalıdır. Bilikləri qeyri-kafi qiymətləndirilən şəxslər təkrar təlimatlandırılaraq 2 həftədən sonra yenidən imtahan verməlidirlər. (Yenidən imtahan verənə qədər həmin şəxslər sərbəst işə buraxılmamalıdır). Əgər təkrar imtahan zamanı işçinin biliyi qeyri-kafi qiymət-ləndirilərsə, həmin şəxsin işə buraxılması barədə məsələ həll edilməlidir. İşçilərin yanğın təhlükəsizliyi üzrə biliklərinin yoxlanılması onların əməyin mühafizə və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılması suallarına bu sahə üzrə suallar daxil etməklə eyni vaxtda keçirilə və bir protokolda rəsmiləşdirilə bilər..
İş yerlərində təkrar təlimatlandırmanı obyektin yanğın təhlükəsizliyinə cavabdeh şəxs aparmalıdır. İşçilər bir obyektdən digərinə keçirildikdə həmin obyektin yanğın təhlükəsizliyi xüsusiyyətləri nəzərə alınmaqla onlar təkrar təlimatlandırılmalıdırlar.
Yüksək yanğın təhlükəli sahələrdə işləyən fəhlə, qulluqçu və MTİ-lərin yanğın təhlükəsizliyi üzrə biliklərini təkmilləşdirmək, istehsalatın texnolojı prosesinin xüsusiyyətindən aslı olaraq, yanğın təhlükəsizliyi qaydalarını öyrətmək, mövcud yanğınsöndürmə vasitələri ilə tanış etmək və yanğın zamanı əməli hərəkət qaydalarını öyrətmək məqsədi ilə onlarla yanğın-texniki minimum (YTM) məşğələləri keçirilməlidir.
Yanğın-texniki minimum proqramı üzrə məşğələlər bilavasitə sexlərdə, qurğularda, istehsalat sahələrində, lobaratoriyalarda və s. yerlərdə aparılmalıdır. Məşğələlər ixtisas kateqoriyaları üzrə qruplarla (elektrik qaz-qaynaqçıları, elektriklər, yanacaq anbarları təsərrüfatının fəhlələri və s.) ildə bir dəfədən az olmayaraq keçirilməlidir.
Məşğələlərin proqramı və keçirilmə qaydaları müəssisəyə xidmət edən yanğından mühafizə xidmətinin və müəssisənin əməyin mühafizəsi və təhlükəsizlik xidməti tərəfindən birlikdə işlənib hazirlanmalıdır (təsdiq edilmiş təxliyyə planı üzrə).
Yanğın-texniki minimum üzrə məşğələlərin təşkil edilməsi və keçirilməsi yanğın-texniki minimum proqramına əsasən aparılmalıdır.
YTM proqramı üzrə məşğələlər keçirildikdən sonra işçilərin bilikləri yoxlanılmalıdır. İmtahanın keçirilməsi müvafiq sənədlərlə rəsmiləşdirilməlidir.