İşçi zonanın hava mühitinə nəzarətin təşkili Partlayış təhlükəli buxar və qazların yığılması ehtimalı olan istehsalat otaqlarının, xarici qurğular yerləşən ərazilərin hava mühitinə daimi nəzarət təşkil olunmalıdır.
İşçi zonaların hava mühitinə nəzarət neft sənayesi müəssisələrində hava mühitinə nəzarə-tin aparılmasına dair sahə təlimatlarına əsasən təşkil olunmalıdır.
İstehsalat otaqlarının və xarici qurğular yerləşən işçi zonaların hava mühitinə nazərət etmək üçün qəza ventilyasiya sisteminə bloklanmış avtomatik siqnalizasiya sistemləri nəzərdə tutulmalıdır.
Siqnalizasiya sistemləri işıq və səs xəbərvericiləri ilə təchiz olunmalıdır. İşçi zonanın hava mühitində neft buxarlarının və qaz-hava qarışıqlarının miqdarı yol verilən həddən yüksək olduqda siqnalizasiya sistemi işə düşməlidir.
Qeyd: stasionar siqnalizasiya sistemi ilə yanaşı səyyar siqnalizatorların istifadəsinə icazə verilir.
İşıq və səs siqnalizasiyası xidməti heyətin iş yerlərinə, mərkəzi və yaxud yerli idarəetmə məntəqələrinə verilməlidir.
Partlayış təhlükəli otaqlarda, zonalarda quraşdırılan xəbərvericilər, siqnalizasiya qurğu-ları otaqlarda və xarici qurğular yerləşən zonalarda yarana biləcək partlayış təhlükəli qarışıqların qrupuna və kateqoriyasına uyğun olmalıdır.
Buxar və qazların partlayış həddinə qədər (aşağı partlayış həddini) qatılığını təyin edən stasionar siqnalizasiya vasitələrinin quraşdırılması neft sənayesi müəssisələrinin istehsalat otaqlarında stasionar qaz analizatorlarının və siqnalizatorların quraşdırılma tələblərinə uyğun aparılmalıdır.
Stasionar avtomatik siqnalizatorlar olmadıqda işçi zonanın hava mühitinə nəzarət müəy-yən olunmuş cədvəl üzrə daşınan yarımavtomat siqnalizasiya cihazları ilə, ekspress-analiz üsulu ilə və yaxud fiziki-kimyəvi üsulla həyata keçirilməlidir.
Partlayış təhlükəli qazların, buxarların, tozların yığılma ehtimalı olan yerlərdən hava nümunəsinin götürülməsi sexin nümayəndəsinin iştirakı ilə həyata keçirilməlidir.
İşçi zonaların hava mühitinə vaxtaşırı nəzarəti müəssisənin, sexin sənaye-sanitariya və ya kimyəvi laboratoriyası, həmçinin qaz-qəza xilasetmə xidməti və ya xüsusi yaradılmış qruplar tərəfindən aparılmalıdır.
Ayrı-ayrı hallarda istehsalat zərurəti ilə bağlı, işçi zonanın hava mühitinə nəzarəti aparmaq üçün obyektin xidməti heyəti cəlb oluna bilər. Bu şəxslər mobil (daşınan) siqnalizatorlarla işləmə və hava nümunəsinin götürülməsi qaydalarını bilməli, ixtisasartırma-tarif komisiyyası tərəfindən verilmiş vəsiqələri olmalıdır.