Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


İmperializmə xalqların cavabı



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə50/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   46   47   48   49   50   51   52   53   ...   105
 

11. İmperiyaların dağılmasına gedən yol 

 

1875-1877-ci illərdə davam edən Balkan böhranı Fransa-Prussiya 



müharibəsindən sonra Avropada stabilliyin pozulması üçün detonator rolunu oynadı. 

Böyük dövlətlər Osmanlı imperiyasını parçalamaq üçün istənilən imkandan istifadə 

etməyə çalışırdılar. 1876-cı ilin mayında üç imperatorun – Rusiya çarı II Alenksandrın, 

Avstriya imperatoru I Frants-İosifin və Almaniya kayzeri I Vilhelmin imzaladıqları 

memorandumda belə bir şey də var idi ki, ona görə Osmanlı imperiyasında «xristianlar 

da müsəlmanlar kimi silah saxlayacaqlar». Memorandum əslində Balkanlarda qeyri-

stabil vəziyyəti daha da gərginləşdirirdi.  

Böyük Britaniya baş naziri Bencamin Dizraeli Balkan torpaqlarının azad 

olunmasını və Balkanlarda rusların təsirinin güclənməsini istəmirdi. Rusiya isə 

Balkanlarla Türkiyə paytaxtına təhlükə törədə bilərdi, Türkiyə və bütün Şərqdə 

Britaniyanın aparıcı təsirini əvəz etməyə iddia etməklə onun rəqibi rolunda çıxış edə 

bilərdi. Dizraeli həm də rusların Orta Asiyada irəliləməsindən qorxurdu və ona görə də 




270 

 

türklərin və avstriyalıların əli ilə Balkanlarda müharibə başlanılması vasitəsilə onları 



dayandırmaq istəyirdi. Dizraelidən əvvəl və sonra növbələşməklə, bütövlükdə dörd 

dəfə və ondan daha uzun müddətə baş nazir olmuş Uilyam Qladston isə türk dövlətini 

barbarlıqda ittiham edirdi və Rusiya ilə mübarizə aparmaq istəmirdi. Qladston 

«Bolqarıstan dəhşətləri və Şərq məsələsi» adlı məşhur pamfletini dərc etdirdi. Orada 

tələb edilirdi ki, türk qaydasızlığı özünü yarımadadan «birdəfəlik və həmişəlik» 

kənarlaşdıracaqdır. Lakin London cəmiyyəti onun mövqeyinin əleyhinə idi.  

Dizraeli isə deyirdi ki, «Konstantinopol müvafiq rayonları ilə birlikdə 

neytrallaşdırılmalı və İon dənizi adaları İngiltərənin müdafiəsi və himayəsi altında 

olmalıdır». Bu, əslində faktiki olaraq Türkiyənin parçalanması idi, həm də belə bir 

rəvayət də mövcud idi ki, Dizraeli onun ərazi bütövlüyünün axırıncı mühafizəçisidir. 

Dizraeli bircə şeyə – İngiltərənin Yaxın Şərqdə ağalığını qorumağa çalışırdı. O, öz sələfi 

Lord Palmerstonun Britaniyanın yalnız daimi mənafelərinin olması barədəki prinsipinə 

ciddi riayət edirdi və Qara dənizdə hərbi baza əldə etmək məsələsi barədə düşünürdü.  

Rus çarı II Aleksandr «vicdanla söz» vermişdi ki, onun Konstintinopola sahib 

olmaq niyyəti yoxdur: «Rusiyanın adına gələcəkdə Hindistanı işğal etmək və 

Konstintinopola yiyələnmək istəkləri yazılır. Bunlardan birincisi qətiyyən həyata 

keçirilən deyil, ikincisinə gəldikdə isə, mən bir daha ən təntənəli qaydada təsdiq edirəm 

ki, bu barədə mənim nə həvəsim, nə də istəyim vardır».  

1876-cı ilin oktyabrında Dizraeli Avropada sülhü müdafiə etmək barədə 

İngiltərənin cəhdlərinə toxunaraq qeyd etdi ki, «bu sülhün əsasında müqavilələrə 

hörmət, Türkiyənin müstəqilliyinə və ərazi bütövlüyünə riayət olunması durur. Sülh 

İngiltərənin siyasətinin mahiyyətini təşkil edir və əgər İngiltərə müharibəyə girişsə, 

bunu yalnız haqq işinə görə edəcəkdir və əlbəttə ki, haqq zəfər çalmayana qədər onu 

dayandırmayacaqdır».  

1877-ci ilin aprelində çar II Aleksandr Türkiyəyə müharibə elan etmək barədə 

manifest imzaladı. Həmin ili Rusiyanın Türkiyə ərazisinə müdaxiləsi, paytaxt İstanbula 

xeyli yaxınlaşması İngiltərənin maraqlarına toxunurdu. Bu maraqlara Süveyş kanalı, 

Misir, İstanbulun Bosfor və Dardanel boğazları, Persiya körfəzi daxil idi. İngiltərənin 

xarici işlər naziri lord Derbi Rusiya kansleri Qorçakova, Rusiyanın hərəkətlərini kəskin 

tənqid edən nota göndərdi. Qorçakov depeşaya cavab verməyəndə lord Derbi öz 

notasına müsbət cavab verilməsini tələb etdi. Qorçakov ciddi surətdə qorxuya düşdü. 

Rus-ingilis müharibəsi başlasaydı, Almaniya gecikmədən Fransaya hücum edərdi və 

Bismark Avropanın ağasına çevrilərdi, bundan isə İngiltərə hər şeydən çox qorxurdu.  

Qorçakov lord Derbiyə cavabında bildirdi ki, ruslar Süveyş kanalını nə 

bağlamaq, nə mühafizəyə götürmək, nə də hansısa bir yolla kanala təhlükə törətmək 

fikrində deyildir, kanalın ümumdünya ticarəti üçün mühüm əhəmiyyət daşıyan qurğu 

olduğunu tanıyır. İstanbul (məktubda Konstantinopol kimi göstərilir – müəllif) 

məsələsi isə yalnız ümumi razılıq əsasında həll edilə bilər, ona görə də Avropa 

dövlətlərindən heç birinə məxsus ola bilməz. Boğazlar və onların hər iki sahilləri bir 

dövlətə məxsus olsa da, iki geniş dəniz üçün çıxış yolları olmaqla, onlar bütün dövlətlər 

üçün maraq kəsb edir. Rusiya hökuməti nə Persiya körfəzinə, nə də Hindistana gedən 

hansısa bir yola qorxu törədə bilməz. Misir Osmanlı imperiyasının ağalığı altında olsa 

da, orada həmçinin İngiltərə hökumətinin mənafeləri də vardır.  



271 

 

Aralıq dənizi sahillərindəki türk şəhərlərinin bombardman edilməsi Türkiyədə 



panika yaradardı və əzilən xalqların, məsələn, Kiprdə yunanların və Ərəbistanda 

ərəblərin üsyana qalxmasına səbəb olardı. Atlantik okeanında və Aralıq dənizində rus 

hərbi gəmilərinə əmr verildi ki, Kronştadt (Sankt-Peterburq yaxınlığında) hərbi 

bazasına geri qayıtsınlar.  

Bu vaxt İngiltərənin özü də izolyasiya olunduğundan, Avropadakı müharibəyə 

təsir göstərməkdə gücsüz idi.  

Türklərin Hüseyn paşanın komandanlığı altında olan hərbi gəmiləri rus 

gəmilərini tuturdular. Lakin türk donanması zəif idi, yalnız 14 zirehli gəmiyə malik idi. 

1571-ci ildə Lepanto döyüşündəki ağır məğlubiyyətdən, darmadağın edildikdən sonra 

Osmanlı donanması dirçəlib, əvvəlki döyüş qabiliyyəti səviyyəsinə yüksələ bilməmişdi.  

1877-ci ilin sonuna yaxın türk ordusunun darmadağın edilməsi artıq meydana 

çıxan bir fakt idi. 29 dekabrda türklər Bolqarıstandakı Şipka döyüşündə təslim oldular. 

Türklər İngiltərədən sülh vasitəçiliyini xahiş etdilər. Lakin Rusiya onun vasitəçilik 

missiyasını rədd etdi, İstanbula təklif etdi ki, özü, türk leksikonunda işlənən aman 

barədə, yəni ona aman verilməsini xahişi ilə müraciət etsin. 2-3 yanvar 1878-ci ildə 

ruslar Maritsa çayını keçdilər və yanvarın 5-də iki türk diviziyası məhv edildi. Ruslar 

Vessel paşanın ordusunu darmadağın etdilər və əsir götürdülər. Rus generalı Skobelev 

Adrinapola tərəf hərəkət etdi. Üç gün sonra Adrianapolun güclü istehkamları döyüşsüz 

tutuldu. Sultan II Əbdül Həmid çar II Aleksandra teleqram göndərib, bütün müharibə 

teatrlarında hərbi əməliyyatları dayandırmağı xahiş etdi. Lakin II Aleksandr buna 

razılıq vermədi.  

Britaniya Rusiyadan tələb etdi ki, Qallipoli yarımadasını (başqa sözlə, Dardanel 

boğazını) tutmasın. Rusiya isə öz növbəsində Türkiyədən tələb etdi ki, 13 maddədən 

ibarət olan sülh şərtini qəbul etsin. Buna görə Asiyadakı Ərdahan qalası, Kars, Bayazit 

və öz mahalları ilə birlikdə Batum Rusiyaya keçməli idi, həm də Moldaviyaya keçən 

Bessarabiyanın hissələri ona verilməli idi. Türkiyənin səfirləri bu şərtlərlə tanış olduqda 

dəhşət hissi ilə qışqırdılar: «Bu, Türkiyənin sonudur». Sabahısı gün rusların 

tələbələrinin əksər hissəsi rədd edildi.  

Lakin rus qoşunlarının baş komandanı cavab verdi ki, türklər bu şərtlərə ya «hə», 

ya da «yox» deməlidirlər. Bu şərtlər, xüsusilə Bolqarıstanın müstəqilliyi Türkiyənin 

məhvi əlaməti ola bilərdi, onun Avropadakı torpaqlarda ağalığına son qoyardı və 

bundan sonra isə türklərin Asiyaya geri qayıtmaqdan başqa heç bir yolu qalmırdı.  

Türklər bu vaxt panikaya düşmüşdülər. Çar II Aleksandr İstanbula hücum vaxtı 

ucadan demişdi: «Əgər bu bir qismətdirsə, qoy Müqəddəs Sofiyanın (Aya Sofiyanın – 

müəllif) üzərinə xaç sancsınlar». Həm də çar göstəriş verdi ki, britaniyalılara görə 

Qallipoli yarımadasını tutmasınlar, ingilislərin özləri də bunu etməyəcəklərini vəd 

etdilər.  

Sultan Əbdül Həmid çara göndərdiyi teleqramla bildirdi ki, artıq 6 gündür ki, 

Porta (Avropa sənədlərində və ədəbiyyatında Osmanlı hökumətinin qəbul edilmiş adı) 

Rusiyanın bütün tələblərini qəbul etmişdir. Lakin rusların hücumu davam edirdi. Çar 

göstəriş verdi ki, barışığın bağlanılması sürətləndirilsin və Porta bizim şərtlərimizi 

qəbul etdiyinə görə Konstantinopola yaxınlaşmasın.  




272 

 

Rusiyanın Türkiyədəki hücumu britaniyalıların ciddi narazılığına səbəb olurdu. 



Kraliça Viktoriya öz baş naziri Bencamin Dizraeliyə yazıb, onu inandırmağa çalışırdı ki, 

«əgər o, kişi olsaydı, ləngimədən rusları məğlub etməyə yollanardı».  

Əbdül Həmid isə rusları sakitləşdirmək üçün bunu bir əsas kimi gətirirdi ki, 

ingilis gəmilərinin boğazlara gəlməsini xahiş etməmişdir, bunu etməyi isə Dizraeli çox 

istəyirdi. Lakin türklər artıq rusların şərtlərini qəbul etmişdilər.  

Rus qoşunlarının mütləq onun paytaxtına müdaxiləsi barədə xəbər sultanı 

dəhşətə gətirirdi, buna görə də ingilis gəmiləri Portanın razılığı olmadan Dardanelə 

girdi. Sultan iki od arasında qalmışdı. Lakin müqayisədə İngiltərəyə nisbətən 

Rusiyadan daha çox qorxurdu.  

23 yanvar 1878-ci ildə Avstriya xarici işlər naziri Andraşi Rusiya xarici işlər 

naziri Qorçakova təklif etdi ki, Vyanada Balkanlara dair ümumavropa konfransı 

çağırılsın. Lakin Bismark təşəbbüsü öz əlinə aldı və Berlində keçirilən Konqressdə 

Rusiya-Türkiyə münasibətləri müzakirə edildi.  

19 fevral 1878-ci ildə San-Stefanoda bağlanan sülh müqaviləsi Balkan 

yarımadasının mənzərəsini bütünlüklə dəyişmişdi. Avropada İstanbul, Adrianapol, 

Epir, Fessaliya, Albaniya, Bosniya və Hersoqovina Türkiyəyə qaldı. Türkiyəyə vassal 

olan bütün digər dövlətlər müstəqil dövlətlərə çevrildilər.  

Bismark təklif etdi ki, Konqress Berlində keçirilsin. Böyük Britaniya tələb etdi ki, 

böyük dövlətlərin razılığı olmadan, əvvəlki traktatlar qüvvəyə minməyəcəkdir. Bu, 

Rusiya üçün təhqiramiz xarakter daşıyırdı, onda Konqressdə o müttəhim qismində 

iştirak edəcəkdi. Avstriya-Macarıstan da həmçinin San-Stefano müqaviləsinin əleyhinə 

çıxış etdi.  

Əbdül Həmid Rusiya ilə Böyük Britaniya arasında özünün vəziyyətini çəkiclə 

zindan arasındakı vəziyyətlə müqayisə etdi. İngilislərin Bosfora çıxması barədəki fikir 

onu dəhşətə salırdı, belə olan halda o nə edəcəkdir sualı elə bir suala bərabərdir ki, 

soruşasan ki, «onun başına o dünyada nə gələcəkdir?» 

10 martda II Aleksandr Böyük knyaz Nikolay Nikolayeviçə yazdığı məktubda 

giley qaydasında soruşurdu ki, «Rusiya və bizim rəşadətli ordu sənin Konstantinopolu 

tutmamağın barədə nə deyəcəkdir?» Nikolay Nikolayeviç türklərin məğlub olmayacağı 

və həm də britaniyalılar desant çıxaracağı bir halda, özünün məsuliyyət daşıyacağından 

qorxurdu. Zaman türklərin xeyrinə işləyirdi və sultan artıq rusların şərtlərini yerinə 

yetirməkdən imtina etdi.  

Bismark 1878-ci ildə keçirilən Berlin Konqressində Rusiya ilə İngiltərə arasında 

öz vasitəçiliyini təklif etdikdə, onlar buna razılıq verdilər. Berlin Konqressinin uğurlu 

nəticəsi müharibə təhlükəsini aradan qaldırdı.  

Bismark Rusiyanın diplomatik hücumunu dayandırmaq qayğısına qalaraq 

demişdi: «Lakin mən Qorçakova imkan vermərəm ki, çiynimə çıxsın və məni öz 

pyedestalına çevirsin». 

Böyük dövlətlərin nümayəndələri Berlinə 1 iyulda yığışdılar. Bismark xristian 

yaşayan bütün yerlərdən müsəlman qoşunlarının çıxarılmasını zəruri hesab edirdi. 

Konqress həm də Türkiyəyə qarşı Rusiyanın qazandığı bütün uğurların üstündən, xırda 

istisnalarla birlikdə qalın xətt çəkdi. Konqresdən qayıdan Qorçakov çarla görüşdükdə 




273 

 

kədərli şəkildə demişdi: «Berlin Konqressi mənim xidmət karyeramda ən qara 



səhifədir». II Aleksandr isə ona cavab vermişdi ki, «Mənimkində də həmçinin».  

«Qurama yorğan» şəklindəki Avstriya-Macarıstan imperiyası həmin vaxt 

müharibədə dağıla bilərdi, lakin bu baş vermədi, ancaq 1918-ci ildə isə həmin 

fəlakətdən artıq qaça bilmədi.  

Berlin sülhü Rusiya üçün biabırçı idi, iki min ildən sonra az qala təhqiramiz 

Karfagen sülhünü yada salırdı. Rusiya bu vaxt II Puniya müharibəsinin sonundakı 

Karfagen rolunda çıxış edirdi, bircə fərq onda idi ki, Rusiya hərbi məğlubiyyətə 

uğramadan belə sülh şərtlərinə təslim olmuşdu. Bəlkə də bu, Rusiyanı daha böyük 

bəlalardan qorudu. Çünki əgər hətta xəyalən İstanbul və boğazlar işğal edilsəydi, 

vaxtilə kardinal Rişilyenin köməyi ilə Fransanın ələ keçirdiyi Elzas və Lotaringiya kimi 

daim Rusiyaya başağrısı gətirəcək və onu müəyyən fasilələrlə müharibəyə cəlb etməklə, 

bəlkə də Fransadan da pis günə salacaqdı.  

Axı Boğazlara sahib olmağa təkcə Rusiya can atmırdı, müxtəlif bəhanələr altında 

böyük dövlətlər bu strateji zonanı ələ keçirmək cəhdi edirdilər. 1895-ci ildə İstanbulda 

ermənilər öldürüldüyünə görə Britaniya eskadrası Mərmərə dənizinə çıxarılmışdı. 

Admirallığın birinci lordu Qoşen baş nazir lord Solsberinin bu qərarının əleyhinə idi, 

bəyan etmişdi ki, Mərmərə dənizinə daxil olan donanma siçan tələsindəki kimi fransız 

və rus eskadralarının arasında qalacaqdır. Baş nazir isə buna istehza qaydasında cavab 

vermişdi ki, əgər gəmilər şüşədən düzəlmişdirlərsə, aydındır ki, siyasəti dəyişmək 

lazım gələcəkdir. Baş nazirin istehzasına baxmayaraq, iyirmi il sonra Qoşenin 

xəbərdarlığı müəyyən qədər öz təsdiqini tapdı, fransız və rus eskadraları deyil, 

qəhrəman türk ordusu elə oradakı Qalliopoli yarımadasında nəhəng ingilis desantını 

biabırçı məğlubiyyətə uğratdı. İmperiya öz aqoniyasını keçirsə də, türk əsgərləri öz 

vətənpərvərliklərini bir daha bariz şəkildə nümayiş etdirdilər, sonrakı məğlubiyyətlər 

isə sıravi əsgərlərdən və onların döyüş qabiliyyətindən az asılı idi, onlar yalnız ağır 

itkilər verməyə sövq edilirdilər. Viktor Hüqonun təbirincə deyilsə, qar və səhraların 

qumu onların cəsədlərini kəfən kimi örtürdü.  

1896-cı ildə ingilislər yenidən boğaza müdaxilə etməyə hazırlaşdı, bunun üçün 

yunanlara və ermənilərə divan tutulması barədə onların şikayətlərindən istifadə edildi. 

Keçmiş baş nazir, 86 yaşlı Qladston Liverpulda türklərə qarşı bəyanatla çıxış edib 

bildirdi ki, «qeyri-müəyyən xarakter daşıyan türk imperiyası «sivilizasiyanın 

biabırçılığı və bəşəriyyətin lənəti kimi» dünyanın xəritəsindən silinməyə layiqdir». O, 

sultanı «Böyük Qatil Əbdül» kimi qələmə verdi. Ölümündən iki il əvvəl dediyi bu 

sözlər imperialist xadimin «qu nəğməsi» sayıla bilərdi. Məgər digər imperiyalar 

bəşəriyyətin lənəti deyil, şərəf simvoludurlarmı?  

1896-cı ildə İngiltərəyə səfər edən çar II Nikolay Türkiyənin hansısa bir ərazisini 

tutmadan Boğazlar üzərində nəzarət əldə etmək barədə arzusunu bildirdi. Britaniya baş 

naziri Solsberi cavab verdi ki, bu yalnız «Türk imperiyasının yoxa çıxmasından sonra» 

həyata keçirilə bilər.  

Rusiya 1896-cı ilin sonunda Bosfora desant çıxarmağa hazırlaşsa da, son anda II 

Nikolay desant qərarlarını ləğv etdi. Çünki ingilislər bu vaxt Dardaneli tuta bilərdilər 

və rus donanması Qara dənizdə qapanıb qala bilərdi. İngilis donanması həm də Krım 




274 

 

müharibəsində olduğu kimi, Rusiya sahillərini hədələyə bilərdi. İkinci arqument isə 



ondan ibarət idi ki, Rusiyanın beynəlxalq izolyasiyası baş verərdi.  

Rusiya Osmanlı imperiyasına öz əzələlərinin nümayiş etdirən vaxt Sakit okeanda 

Yaponiya ilə müharibə yetişirdi. Türkiyənin özündə də vəziyyət yaxşı deyildi. 1908-ci 

ilin martından 1909-cu ilin aprelinədək faktiki olaraq ölkədə iki hökumət var idi: 

İstanbuldakı Nazirlər Kabineti və Salonikidəki inqilab komitəsi. İstanbulda gənc türklər 

üzərinə hücum təşkil edilmiş, qəsdçilərin öldürdüklərinin dəfni Sultan qoşunları ilə 

qanlı toqquşmaya çevrilmişdi. İstanbula Salonikidən Mahmud Şevket paşanın və Ənvər 

paşanın komandanlığı altında ordu hissələri göndərildi, onların arasında gənc qərargah 

rəisi Mustafa Kamal da var idi. 1909-cu ilin aprelində Gənc Türklərin qoşunları 

İstanbula girdilər. Bir neçə gündən sonra Milli Məclis II Əbdül Həmidi devirdi və onun 

qardaşını V Mehmet adı altında sultan elan etdi. Devrilən qoca sultan isə özünün yeddi 

ən yaxşı arvadı ilə Salonikiyə ev düstaqlığına göndərildi. Türkiyədə vəziyyət 

stabilləşdi. Ona görə Bosforun tutulması ideyasına rus komandanlığı bir daha yalnız 

1915-ci ildə qayıtdı.  

1877-1878-ci illərin müharibəsinin gedişində Persiya rusların Qafqaz ordusuna 

müəyyən köməklik göstərmişdi. Persiya 1914-cü ilə kimi avropalıların düşüncəsində 

nizami orduya malik deyildi. Yalnız bir neçə yüz nəfərdən ibarət olan mühafizə dəstəsi 

var idi. Müharibə zamanı kənd icmaları könüllülər dəstəsi verməli idi. Köçəri tayfalar 

isə 200 minlik süvari dəstəsi verməli idilər. Rusiya ilə bağlanmış Gülüstan müqaviləsinə 

(1813-cü il) görə, Persiya Xəzər dənizində hərbi gəmilər saxlamaq hüququna malik 

deyildi. Persiya körfəzindəki onun donanması bir buxar gəmisindən ibarət idi, onu da 

Persiya 1855-ci ildə satın almışdı. Bu həm də şahın yaxtası idi.  

Britaniya hökumət dairələrində çoxdan Persiyanın Rusiya və İngiltərə arasında 

bölünməsi ideyası irəli sürülürdü. 1892-ci ildə lord Kerzonun «Persiya və pers 

məsələsi» kitabı çapdan çıxmışdı. Bu kitab Britaniya müstəmləkəçiləri üçün Persiya 

məsələləri barədə bir Bibliya kimi qəbul olunurdu. Bu monoqrafiyada müəllif  Rusiya 

və rus xalqı haqqında istehzalı qaydada rəyini bildirirdi. Həmin Corc Nataniel Kerzon 

(1859-1925-ci illər) 1923-cü ilin mayında Sovet respublikasına özünün məşhur 

ultimatumunu vermişdi. Öz kitabında isə Kerzon Persiyanın Rusiya imperiyası ilə 

bölünməsi ideyasını irəli sürməklə, bəyan edirdi ki, Rusiya lap elə bu yaxınlarda 

Persiyanın şimal əyalətlərini tutacaqdır.  

İngilislər ölkənin daxilində cənub tayfalarının – bəxtiyarilər, kaşqaylılar, 

belucilər və sairələrin feodallarının şəxsində mərkəzdənqaçma qüvvələrini 

həvəsləndirirdilər. 1905-ci ildə başlanan, altı il davam edən Persiya inqilabı dövründə 

mübarizə müxtəlif qüvvələrə qarşı başqa sözlə, təkcə şaha deyil, həm də cənubun 

separatistlərinə qarşı yönəlirdi.  

Persiya inqilabının birinci mərhələsində (1908-ci ilin əvvəlinədək) Persiya kazak 

briqadasının rus zabitlərinə Peterburqdan ciddi göstəriş verilmişdi ki, perslərin daxili 

işlərinə qarışmasınlar. Lakin inqilab inkişaf etdikcə, kazakların davranışı dəyişilirdi. 

Polkovnik Lyaxovun komandanlığı altında olan kazak briqadası şahın başlıca silahlı 

qüvvəsinə çevrildi. 1908-ci ilin iyununda şah Məclisi buraxdı. Persiyadakı rus kazak 

zabitləri rəsmi olaraq şaha xidmət edirdilər, briqadanın özü də Persiya qoşun hissəsi 




275 

 

idi. İnqilabın yatırılması Rusiya hökumətinin razılığı ilə kazaklar tərəfindən həyata 



keçirildi.  

1909-cu ilin aprelində Qafqazdakı rus qoşunları Persiyaya girdi və xalq üsyanını 

yatırtdı. İki ay sonra rus qoşunları döyüşlə Rəşti və Qəzvini tutdular. Türklər isə 

Persiya Azərbaycanının xeyli hissəsini tutdular. Ruslar Tehranı işğal etmək istəyirdilər.  

Rusiya Uzaq Şərqdə də öz ekspansiya siyasətini aparmağa çalışırdı. Onun üçün 

Çinin ən dadlı tikələrindən biri Port-Artur idi, onun tutulması zəruri vəzifə sayılırdı. 

Bu, rusların Sakit okeanda yeganə hərbi-dəniz bazası olmalı idi. Vladivostokda qışda 

dəniz donurdu, ona görə də gəmilər Yaponiya və Çinin limanlarında qonaq kimi 

qalmağa gedirdilər. Bir qayda olaraq, rus admiralları Yaponiyada qonaq olmağı 

xoşlayırdılar, axı Naqasakidə çox sevimli geyşalar var idi. Baza məsələsində isə 

dənizçilər Port-Artura üstünlük verirdilər. Baza isə strateji Tsusima boğazına nəzarətə, 

Koreyanın Yaponiya müdaxiləsindən müdafiəsinə imkan verəcəkdi, həm də 

Vladivostokdan bura nisbətən yaxın idi, onların arasındakı məsafə 800 mil idi.  

Dəniz nazirliyinin idarə rəisi qraf Muravyov bəyan etdi ki, «ruslar Port-Artura 

Çinin mənafelərini müdafiə etmək üçün gəlmişdilər». Rus gəmilərinin Port-Artura gəlib 

çıxması İngiltərənin və Yaponiyanın həyəcanına səbəb oldu. İngiltərə kimi, Yaponiya 

da fəal etiraz nümayiş etdirməyə cəsarət etmədi. Simonoseki Çin-Yaponiya müqaviləsi 

(1895-ci il) dövründə «Üçtərəfli ittifaq» dağılmadı, yaşamaqda davam etdi. Alman 

imperatoru II Vilhelm ingilislərə və yaponlara qarşı özünün rusları dəstəkləməsi barədə 

bəyanat verdi. Yaponiya baş naziri İto 1901-ci ilin noyabrında Peterburqa gəldi. Buraya 

çox nümayişkaranə şəkildə ingilis-yapon müqaviləsinin layihəsi gətirildi. 1902-ci ilin 

yanvarında isə bu müqavilənin bağlanması xəbəri gəldi. Onlar Çində və Koreyada öz 

mənafelərinin qorunması üçün birinin digərinə görə də eyni hüquqa yiyələndiyi qeyd 

edildi. Onlar Rusiyanı xəbərdar etdilər ki, Şərqi Asiyanın bu iki dövlətində onların 

maraqlarına təhlükə törətməsin. Bu ingilis-yapon müttəfiqlik müqaviləsi Yaponiya 

diplomatiyasının böyük qələbəsi idi. Bu müqavilə Yaponiyaya imkan verdi ki, Rusiyaya 

qarşı müharibə başlasın, bu vaxt o qorxmurdu ki, Rusiyaya kimsə hərbi yardım 

göstərəcəkdir.  

Rusiyada sayıqlığın itirilməsinə görə bu müqaviləyə lazımi əhəmiyyət verilmədi. 

İngiltərə Uzaq Şərqdə müttəfiq qazanmağa ehtiyac duyurdu, belə bir müttəfiqi isə 

məhz yaxşı təşkil edilmiş və nisbətən güclü ordusu olan Yaponiyanın timsalında tapdı. 

İngiltərə qorxurdu ki, Rusiya Koreyanı tuta bilər. 

Bu vaxt fransız-rus ittifaqı İngiltərəyə qarşı çevrildi, baxmayaraq ki, Almaniya 

başlıca düşmən hesab olunurdu. İngiltərə XIX əsrin 80-ci illərindən Yaponiyaya öz 

donanmasını yaratmaqda kömək etmişdi. Yaponiya bir adalar ölkəsi kimi buna çox 

möhtac idi. Onun ada-dövlətinin bir mənfi xüsusiyyəti də ondan ibarət idi ki, hərbi 

cəhətdən qudrətli dövlət sürətli bir müharibə ilə onu məğlub edə bilərdi. Lakin 

müharibə heç də asan bir iş deyildir. Çünki o, heç bir qaydaya malik deyildir. 

Müharibədə özünü məhdudlaşdırmaq səfehlikdir. İkincisi, müharibənin mahiyyəti 

zorakılıqdır. Üçüncüsü, müharibənin vacib prinsipi birinci olaraq zərbə endirməkdir, 

güclü zərbə və fasiləsiz zərbə vurmaqdır.  

Rusiya Yaponiyaya qarşı sürətli bir müharibə həyata keçirməyə cəhd etsə də, bu 

cəhd biabırçı qaydada uğursuz oldu. Rusiya donanması Tsusima boğazında ağır zərbə 



276 

 

aldı və Rusiya müharibənin başlandığından sonrakı, 1905-ci ildə məğlubiyyət acısını 



dadmalı oldu. İngilislər ancaq Yaponiya tərəfdən heç də müharibəyə girmədi. Bir ingilis 

dənizçi zabiti yazırdı ki, «Bu (Port-Artur ətrafındakı) böyük qələbə Yapon dənizini 

Tokionun divarları altındakı sadə xəndəyə çevirir».  

Yaponiya ilə müharibədə Rusiyanın məğlubiyyəti ölkənin daxilində də vəziyyəti 

xeyli gərginləşdirdi və 1905-1907-ci illərin I Rus inqilabının meydana gəlməsinin ən 

mühüm səbəblərindən biri idi.  

Rusiya çarı II Nikolay həyata qvardiya zabiti prizmasından baxmağı öyrənmişdi. 

Rus qvardiyasının isə 1825-ci ildən başlayaraq uzun onilliklər ərzində maraqları kart 

oyunları ilə, atlarla və qadınlarla məhdudlaşırdı. Əyləncə hərbçilərin hazırlığına da ağır 

zərbə vururdu.  

 

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin