Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3.87 Mb.
Pdf просмотр
səhifə1/54
tarix28.12.2016
ölçüsü3.87 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   54

 

 



 

Həyata nüfuz anı 

 

Demokratiyanın ibrətamiz erkən tarixinə baxış 

 

Hamıya yaxşı məlumdur ki, demokratiyanın beşliyi qədim Yunanıstandır, 



daha dəqiq deyilsə, Afinadır. Afinalıların da taleyində tiraniya dövrü mövcud 

olmuşdur. Pisistratın tiran hakimiyyətindən sonra aristokratlar cəhd etdilər ki, 

Afinada özlərinə məxsus oliqarxiya (azlığın hakimiyyəti) quruluşunu 

yaratsınlar. İslahatçı aristokrat Klisfen (ingilis dilli ədəbiyyatda Klisten) həmin 

plana qarşı çıxdı və Afina xalqına arxalanaraq, b.e.ə. 508-ci ildə polisdə (şəhər-

dövlətdə) baş vəzifəni tutmaqla, dövlət quruluşunu islahata uğratdı. Klisfenin 

islahatları bu vaxt Afina demokratiyası üçün bünövrə yaratdı. Afinanın hər bir 

azad vətəndaşı, onun kəndli, sənətkar, tacir və aristokrat olmasından asılı 

olmayaraq, bərabər hüquqlar aldı. 

Klisfen islahatlarının məqsədi ənənəvi yerlərin və regionların 

hakimiyyətini zəiflətmək idi, çünki onlar aristokratik qüvvənin əsası kimi çıxış 

edirdi. O, demosları – Attikanın (Afina şəhər-dövlətinə daxil olan ərazi) 

kəndilərini və şəhər sakinlərini siyasi həyat üçün bünövrə olacaq bir birliyə 

çevirdi. Bu ənənəvi yerlərin və regionların həmin vaxta qədər mövcud olan 

hakimiyyətinə ağır zərbə vurdu. Bundan iki əsr əvvəl, Romuldan sonra Romanın 

ikinci, əfsanəvi çarı olan Numa Pompili başqa buna bənzər bir bəlanı aradan 

götürmək üçün eyni qaydadakı tədbirdən istifadə etmişdi. Romanın sakinləri 

olan yerlilərlə sabinlilər arasında ayrı-seçkilik, traybalizm əsasında baş verən 

münaqişələrin qarşısını almaq üçün o, adamları sənət növləri üzrə yaratdığı çox 

saydakı gildiyalarda birləşdirilmişdi. Bu gildiyalara həm əsl romalılar, həm də 



 

sabinlilər daxil idilər və belə vəziyyət onları tayfaçılığın zərərli hisslərindən 



uzaqlaşdırdı. 

Klisfen demosun bütün vətəndaşlarını on tribaya (bunlar «fil» adlanırdı) 

böldü, onların hər biri Attika kənd mahallarında, sahil zonalarında və Afinanın 

özündə məskunlaşmış sakinlərdən ibarət idi. Yerlə zəkalar siyasi quruluşda 

mühüm rola yiyələndilər. Bu on filin hər biri hər il üçün Beş yüzlər Şurasına 50 

üzv seçirdi. Şura xarici siyasət və maliyyə işlərinin icrasını həyata keçirirdi və 

Məclisə – ecclesia – ya (Xalq yığıncayına) məsələlər hazırlayırdı. Bütün kişi 

vətəndaşların iştirak etdiyi bu Məclis azad və açıq müzakirələrdən sonra 

qanunların qəbul edilməsində son hakimiyyətə malik idi. Beləliklə, Klisfenin 

islahatları Afina siyasi sistemində vətəndaşların Məclisinin (Xalq yığıncayının) 

mərkəzi rolunu gücləndirdi. 

Heredot özünün «Tarix» kitabında Klisfenin Afinadakı demokratik 

dəyişikliklərini xüsusi qeyd edir: «Afina, əlbəttə, əvvəllər də artıq böyük şəhər 

idi, indii isə tiranlardan azad olunduqdan sonra daha qüdrətli olmuşdur. 

Əvvəllər hüquqsuz olan və fil tək tanınan ərazi vahidlərinin adını dəyişdi və 

sayını artırdı». Onu da əlavə edir ki, xalq onu qoruyurdu və ona qarşı olan 

təhlükəni aradan qaldıra bilmişdi. 

Klisfenin islahatları Afina demokratiyasının əsasını qoydu. Sonrakı 

beşinci əsrdə (b.e.ə) çoxlu dəyişikliklər baş verəcəkdi, bu vaxt afinalılar özləri 

sistemi ifadə etmək üçün «demokratiya» sözündən istifadə etməyə başladılar 

(bu, yunan sözü «demos»-dan «xalq» və «kratia»-dan – «hakimiyyət»  əmələ 

gəlmişdi). Beləliklə, həmin ifadə «xalq üçün hakimiyyət» demək idi. B.e.ə. 500-cü 

ildən Afina əvvəllərdə olduğundan daha çox birləşmiş idi və yunanların 

işlərində mühüm rol oynamağı öz üzərinə götürməyə hazırlaşırdı. 

B.e.ə. 500-cü ilin ətrafından Makedoniya çarı II Filippin Yunanıstanı işğal 

etdiyi 338-ci ilə qədər olan dövr yunan tarixinə klassik Yunanıstan adı ilə daxil 

olmuşdur. Həmin əsr yarımdan çox olan illər parlaq hakimiyyət dövrü idi. Onun 

əsas hissəsi isə Afina demokratiyasının Periklin başçılığı altında çiçəklənməsi 

zamanı kimi tanınır. Yunanların sonrakı töhfələrinin çoxu bu dövr ərzində baş 

vermişdir. Bu era yunan dövlətləri ilə nəhəng Persiya imperiyasının ciddi 

qarşıdurması ilə başlamışdı. 

Yunan sivilizasiyası bütün Aralıq dənizi regionunda genişləndiyindən 

labüd olaraq şərqdə Persiya imperiyası ilə qarşılıqlı münasibətdə olmalı idi. 

Böyük yunan dramaturqu Esxil özünün «Persiyalılar» pyesində yunanların 

çoxunun özləri ilə persiyalılar arasında mühüm fərq olduğu barədə gəldikləri 

qənaəti təsvir edir. Pyesdə Persiya çariçası afinalılar haqqında daha çox məlumat 

əldə etməyə maraq göstərdiyindən soruşur: «Onlara kim ağalıq edir?» Ağanın 

çobanı kimdir?» Bu suallara xor cavab verir: «Onlar heç kəsə qul deyillər, onlar 

həm də təbəə deyillər». Beləliklə, yunanların əksəriyyəti görürdü ki, 

persiyalılarla mübarizə, azadlıqla quldarlıq arasındakı rəqabət tək olacaqdır.  

Yunanlara görə hər bir şəxs dövlətin vətəndaşı olmaqla, hansısa hökmdarın 

təbəəsi deyildir. B.e.ə. 490-cı ildəki Marafon döyüşündə afinalıların böyük və 

güclü Persiya ordusu üzərində parlaq qələbəsi həm də azad insanların, azadlığın 


 

nə olduğunu bilməyənlər üzərində necə böyük mənəvi qüdrətə malik olduğunu 



nümayiş etdirdi. 

Perikl b.e.ə. 450-ci ildən mühüm siyasi rol oynamağa başladı. Onun 

rəhbərliyi altında Afina polisində demokratiyanın genişləndirilməsi siyasəti 

aparıldı. Bu vaxt afinalılar Sparta ilə və sərhədlərindən kənardakı öz 

imperiyalarını genişləndirməklə məşğul idilər. Bu dövr Perikl erası adlanır, 

Afina qüdrətinin yüksəlməsi və sivilizasiya kimi onun çiçəklənməsinin 

kulminasiya zamanı hesab olunur. Perikl erası dövründə afinalılar demokratik 

sistemə tam nail olmuşdular. Xalqın hökmranlığı Məclisdə (ecclesia-da) təcəssüm 

olunmuşdu, bura 18 yaşından yuxarı olan bütün kişi cinsindən olan vətəndaşlar 

daxil idi. Məclis bütün qanunları qəbul edir və müharibə barədə, həmçinin xarici 

siyasət üzrə sonuncu qərarları verirdi. 

Məclisə yardımçı nəzarət orqanı kimi Beş yüzlər Şurası fəaliyyət 

göstərirdi. Şura 50 nəfərdən ibarət on kiçik qrupa – pritanilərə bölünmüşdü. 

Pritanilərin hər biri ilin onda biri dövründə (o vaxtkı təqvimdə il 10 aydan ibarət 

idi) Məclisdən keçən qanunların icrasına nəzarət etmək vəzifəsini daşıyırdı. 

Şəhər magistratları (icra üzrə məsul şəxslər) da adətən sinif fərqlərinə məhəl 

qoyulmadan seçilirdi və yalnız bir illik müddətdə fəaliyyət göstərirdi. Bu o 

demək idi ki, kişi cinsindən olan vətəndaşların çoxu ömürlərinin müəyyən 

dövründə hansısa bir ictimai vəzifə tuturdu. Generallar (strateqlər) adlanan və 

on qulluqçudan ibarət olan şura dövlətin işini idarə etmək üçün ictimai səsvermə 

ilə seçilirdi və onların hakimiyyəti məhz qazandıqları nüfuzdan asılı olurdu. 

Generallar adətən varlı aristokratlar olurdu, buna baxmayaraq, başqa qaydada 

seçim etmək məsələsində də xalq tam sərbəst idi. Perikl on beş dəfə strateq 

seçilmişdi. Bu da onun siyasi həyatda mühüm rol oynamaq qabiliyyti ilə 

əlaqədar idi. 

Perikl doğma polisinin dövlət quruluşu barədə deyirdi: «Bizim 

konstitusiya demokratiya adlanır. Çünki hakimiyyət azlığın əlində deyil, bütün 

xalqın əlindədir. Məsələlər özəl debatlarda müzakirə ediləndə hər bir kəs qanun 

qarşısında bərabərdir. Çünki bizim siyasi həyatımız azad və açıqdır. Bizim hər 

günkü həyatımız digər adamlarla, bir-birimizlə münasibətlərdədir. Burada hər 

bir fərd təkcə öz işləri üçün deyil, həm də dövlətin işləri üçün maraqlıdır». Perikl 

dövrünün reallığı, onun dediklərini bütünlüklə təsdiq edir. 

488-ci ildən sonra afinalılar vəzifəli şəxslərin xalq qarşısında məsuliyyət 

hissini yüksəltmək üçün daha yeni bir tədbirdən istifadə etməyə başladılar. 

Məclis üzvləri onların xoşuna gəlməyən, polis üçün daha zərərli hesab etdikləri 

şəxslərin adını qırıq saxsı parçalarında yazmaqla, onun Afinadan sürgün 

edilməsinə – ostrakizmə məruz qoymağa səs verirdilər. Beləliklə, vəzifə sahibləri 

təkcə onlara nüyuz bəxş edən səlahiyyətlərdən deyil, həm də müəyyən müddətə 

Afina vətəndaşlığı hüququndan məhrum olurdular. Çoxluğun neqativ səsini 

(əgər ən azı altı min nəfər səs vermişdisə) alan şəxs on illiyə polisdən sürgün 

edilirdi. Ancaq çox hallarda sürgün olunan adama ehtiyac hiss edildikdə, 

vətəndaşlar onu geri çağırırdılar. Bir sıra görkəmli dövlət xadimləri belə ağır 

cəzalı taleyi yaşamalı olmuşdular. 


 

Periklə gəldikdə o, afinalıların demokratik idarəçiliyə cəlb edilməsini xeyli 



genişləndirdi. Hakimiyyət xalqın əlində idi. Perikl həmçinin vəzifə sahiblərinin 

əvvəlki pulsuz xidmət etmək qaydasını ləğv edib, onlara dövlət maaşı verilməsi 

qaydasını qoydu. Bu qrupun tərkibinə həmçinin məhkəmələrin jüri üzvü vəzifəsi 

də daxil idi. Bu o demək idi ki, hətta kasıb vətəndaşlar da ictimai vəzifə tuta 

bilərdilər və onlar ictimai işlərdə öz iştiraklarına müsbət yanaşacaqdılar. Lakin 

əhalinin çox hissəsinə həmin siyasi hüquqlar verilməmişdi, belə hüquqlardan 

məhrum olunanlara qadınlar, qullar və Afinada yaşayan əcnəbi sakinlər – 

meteklər daxil idi. 

Perikl, dövlətinin idarə olunmasına Afina vətəndaşlarının orta və yoxsul 

təbəqələrini cəlb etməklə, Avropa tarixində ilk dəfə olaraq həqiqi 

demokratiyanın – xalq hakimiyyətinin meydana çıxmasına səbəb oldu. Onun 

dövründə Məclis – Xalq yığıncağı ali qanunverici orqanı olmaqla başlıca rol 

oynayırdı. Burada 315 min nəfər Afina sakinindən 45 min nəfəri iştirak edirdi. 

Qədim Afinanı «bəşəriyyətin uşaqlığı» dövrü adlandırırlar. Bu uşaqlıq isə 

özünün görkəmli nailiyyətləri ilə öyünə bilərdi. Karl Marks qeyd edirdi ki, 

yunanlar normal uşaqlar idilər və yaşlı adam, əgər uşaqlığı normal olmuşdursa, 

daim onu məhəbbətlə yad edəcəkdir. 

Afina demokratik dövlət quruculuğundan yaranan ideyalar ümumiyyətlə 

dövlətin necə olması barədə nəzəriyyələrin yaranmasına səbəb oldu. Böyük 

yunan filosofları Platon və Aristotel siyasi həyatın təşkili barədə orijinal fikirlər 

irəli sürdülər. 

Platon (b.e.ə. 422-348-ci illər) alimlərin çoxu tərəfindən Qərb 

sivilizasiyasının ən böyük filosofu hesab edilir. Öz müəllimi Sokratın mühakimə 

edilməsindən və edamından sonra məyus olan Platon ədalətə əsaslanan dövlət 

quruluşunun layihəsini hazırlamağa cəhd etdi. Siyasi quruluşun utopik idealını 

o, özünün «Respublika» dialoqunda yaradır. Platonun dövlətini filosoflar idarə 

edir, bu dövlət vətəndaşların mənəvi gücündən qalxır, həm də dəqiq silk 

bölgüsünə malik olur. Afinadakı təcrübəsinə əsaslanan Platon fəaliyyət göstərən 

demokratiyaya münasibətdə, ona inam bəsləməmək mövqeyinə gəlib çıxdı. 

Filosofa məlum idi ki, ədalətli və rasional dövlətdə yaşamayan fərdlər etik 

həyata da nail olmurlar. Öz daxili düşüncəsi onu əhalisinin üç əsas qrupa 

bölündüyü ideal bir dövləti virtual qaydada qurmağa gətirib çıxardı. Lap 

yuxarıda yüksək sinif, idarə edən elita, məşhur filosof – çarlar dururdu. O, 

yazırdı ki, əgər filosoflar öz ölkəsində çarlara çevrilmirlərsə və ya indi çar 

adlananlar və hökmdarlar müdriklik barədə kifayət dərəcədə əsl istəklə 

ilhamlanmırlarsa; əgər, necə deyərlər, siyasi hakimiyyət və fəlsəfə bir-birilə 

görüşmürlərsə, burada dövlətlər üçün, həm də bütün bəşəriyyət üçün 

bədbəxtliklərdən heç bir rahatlıq olmayacaqdır. İkinci qrup igidlərdən ibarətdir. 

Onlar döyüşçülər olmalı və cəmiyyəti qorumalıdırlar. Yerdə qalanların hamısı 

kütlə olacaqdır, onlar müdriklik və igidlikdən deyil, yalnız arzu ilə hərəkətə 

gəlirlər. Platonun bu üç qrupu Hindistanda vaxtilə hakim kəsilən kasta sistemini 

xatırladır. 



 

Platonun ideal dövlətində hər bir qrup öz rollarına malik idi, cəmiyyəti 



yaradır və harmoniya qaydasında fəaliyyət göstərirdi. İcmanın ehtiyacları 

Platonu fərdi xoşbəxtlikdən daha çox düşündürürdü. O, hər şeydən əvvəl sərvət 

toplamağa və nüfuz qazanmağa hər hansı bir qayğı göstərməkdən uzaqlaşmağı 

vacib sayırdı ki, beləliklə icma üçün daha yaxşı olan şeylər uğrunda mübarizə 

aparılsın. Platon inanırdı ki, qadınlar da həmçinin hökmdar ola bilərlər. Bu 

məsələdə o, yunan dövlətlərinin mövcud təcrübəsindən əsaslı qaydada 

aralanırdı. 

Platon Afinada Akademiya adlanan məşhur bir məktəb yaratmışdı. 

Aristotel (b.e.ə. 384-322-ci illər) Platonun şagirdi olmaqla, həmin Akademiyada 

12 il təhsil almışdı. Sonralar isə özü Böyük Aleksandrın müəllimi olmuşdu. 

Aristotel də Platon kimi bəşər işlərini düzgün istiqamətləndirən hökumətin 

səmərəli formasını arzu edirdi. Öz müəllimindən fərqli olaraq, o, heç də ideal 

ədalətin təcəssümünə əsaslanan ideal bir dövlət axtarmırdı. O, çalışırdı ki, 

mövcud hökumətləri rasional qaydada yoxlamaqla, ən yaxşı hökumət formasını 

tapsın. Özünün «Siyasət» əsərində Aristotel 158 dövlətin konstitusiyalarını 

nəzərdən keçirir və mütəşəkkil hökumətlərin başlıca kateqoriyalarına gəlib çıxır. 

O, hökumətin üç yaxşı formasını qeyd edir. Bunlar monarxiya, 

aristokratiya və konstitusiyalı hökumətdir. Öz tədqiqatlarına əsaslanaraq o, 

xəbərdarlıq edirdi ki, monarxiya asanlıqla tiraniyaya, aristokratiya oliqarxiyaya, 

konstitusiyalı hökumət isə radikal demokratiyaya və ya anarxiyaya keçə bilər. O, 

xalqın əksəriyyəti üçün ən yaxşı forma kimi konstitusiyalı hökumətə rəğbət 

bəsləyirdi. 

Aristotel demokratiya haqqında belə deyirdi: «Bərabərlik iki cür olur: 

miqdara görə və ləyaqətə görə… Buradan da əsas iki növ dövlət quruluşu 

meydana çıxır - demokratiya və oliqarxiya… Ümumiyyətlə, səhv odur ki, 

bərabərliyin həqiqi və ya digər növünü hər yerdə qurmağa çalışasan. Ondan 

sonra baş verənlər bu səhvin sübutu rolunu oynayır: belə bərabərliyə əaslanan 

dövlət quruluşunun heç bir növü dayanıqlı qalmır… Necə olsa da, demokratik 

quruluş böyük təhlükəsizlik bəxş edir və oliqarxiyada isə iki növ qarışıqlıq 

rüşeymi gizlənir: bir-birilə və xalqla ixtilaf. Demokratiyada isə yalnız oliqarxiya 

ilə ixtilaf meydana gəlir; xalq özü özünə qarşı (bunu qeyd etmək lazımdır) bunt 

qaldırmayacaqdır». («Siyasət», 5-ci kitab) 

 

Yeni tarixdə dövlət quruluşu nəzəriyyəsi 



 

İngilis filosofu Con Lokk (1632-1704-cü illər) və XVIII əsrdəki fransız 

maarifçiliyinin nümayəndələri dövlət quruluşu barədə yeni fikirlər irəli sürərək, 

bu sahədəki təlimi xeyli inkişaf etdirdilər. Onlar həmçinin liberalizmin ideya-

siyasi nəzəriyyəsini yaratdılar. Lokk göstərirdi ki, dövlət hakimiyyəti 

qanunvericilik və içra qollarına bölünməlidir və beləliklə o, hüquqi dövlətin əsas 

konstitusiya prinsiplərinin formulunu verdi. Bu müddəa onun «Dövlətin idarə 

olunması barədə iki traktat» əsərində şərh olunur. Sonralar isə bu ideya fransız 

mütəfəkkiri Şarl Monteskyo tərəfindən xeyli inkişaf etdirilərək, hakimiyyətin 


 

bölünməsi və ayrı-ayrı qanunların bir-birinə nəzarət etməsi barədə tam 



əsaslandırılmış təlim yaradıldı. 

Con Lokkun sələfi Tomas Hobbs (1588-1679-cu illər) dövlətin «Bizim öz 

dincliyimiz və müdafiəmiz üçün borclu olduğumuz böyük Leviafan» (Leviafan – 

Bibliya mifologiyasında nəhəng dəniz əjdahasıdır) adlandırır. Bu dövlətdə 

hökmdar icra, qanunvericilik orqanları və hakim kimi çıxış edir. Mütləq 

hökmdar nəhayətsiz hakimiyyətə malik olur. Hobbsa görə təbəələr üsyan edə 

bilməzlər, bunu etdikdə onlar əzilməlidirlər. 

Con Lokk siyasi hakimiyyətə Hobbsdan tam fərqli qaydada baxırdı və bir 

adamın mütləq hökmranlığına qarşı çıxırdı. O, İngiltərədəki Şanlı inqilab vaxtı 

yazdığı «Dövlətin idarə olunması barədə iki traktat» əsərində özündən əvvəlki 

müəllif kimi insanların sosial cəhətdən təşkil olunmağa başladığı təbiət şəraitini 

yada salır. Lakin Hobbsdan fərqli olaraq bu cəhəti qeyd edirdi ki, insanlar o vaxt 

müharibə şəraitində deyil, bərabərlik və azadlıq şəraitində yaşayırdılar. Təbiət 

qoynunda yaşayan insanlar onların əlindən alına bilinməyən müəyyən təbii 

hüquqlara - həyat, azadlıq və mülkiyyət hüquqlarına malik idilər. Beləliklə, onlar 

qarşılıqlı qaydada müqavilə bağlayırdılar ki, öz hüquqlarının müdafiəsinə 

arxayın olmaq üçün hökumət yaratsınlar. Bu müqavilə qarşılıqlı vəzifələr 

qoyurdu: hökumət xalqın hüquqlarını himayə edəcək, bu vaxt xalq isə hökumətə 

qarşı ağıllı qaydada hərəkət edəcəkdir. Lakin əgər hökumət bu müqaviləni 

pozsa, misal üçün, əgər monarx adamların hüquqlarını qorumaq barədəki 

vəzifəsini yerinə yetirməkdə uğursuzluğa uğrasa və ya mütləq hakimiyyətə 

iddia etsə, icmanın razılığı olmadan qanunlar qəbul etsə – xalq özünə yeni 

hökumət formalaşdırmalıdır. 

Lokka görə xalq iclası, ancaq əvvəlcədən torpaq sahibləri olan və 

parlamentdə təmsil olunan aristokratiya idi, heç də torpaqsız kütlə deyildi. Ona 

görə də Lokk çətinliklə siyasi demokratiyanın tərəfdapı hesab oluna bilərdi, lakin 

onun ideyaları XVIII əsrdə həm Amerika, həm da Fransa inqilabları üçün 

mühüm rol oynadı və onun konstitusional hökumət, qanunun idarəçiliyi, 

hüquqların müdafiəsi barədəki tələbləri dəstəklənərək, tətbiq edilmək üçün 

istifadə edildi. 

Lokk mühüm insan haqları barədə müddəanı birinci olaraq 

əsaslandırmışdır. Bunlara azadlıq, bərabərlirk, şəxsiyyətin və mülkiyyətin 

toxunulmazlığı daxildir. Bu ideyalarla o, liberializmin banilərindən biri oldu. 

Fransız maarifçilərinin işləyib hazırladıqları cəmiyyət anlayışı belə bir  

inama əsaslanırdı ki, hər bir adam öz hüquqlarını bilməli və həyata keçirməlidir. 

Maarifçiliyin fəlsəfi ideyalarının yayılmasının nəticəsi, dövlətin siyasi 

problemlərinin həllində hər bir vətəndaşa bilavasitə iştirak etmək hüququnun 

verilməsi tələbi oldu. 

Onlardan xeyli əvvəl ingilis filosofu Con Lokk artıq hər bir insanın həyat, 

azadlıq və mülkiyyət hüququnun təbii, əbədi və onun əlindən alınmaz olduğunu 

bəyan etmişdi. Hər bir hökmdar idarə etmək hüququnu itirmək istəmirsə, həmin 

hüquqlara hörmət etməyə borcludur. Qeyd olunan təbii hüquqları bu və ya digər 

səbəblər üzündən pozmaq istəyənlərdən qorumaq üçün adamlar könüllülük 


 

əsasında, onların ağlının hökm etdiyi kimi, ictimai müqavilə bağlayırdılar. 



Lokkun ictimai müqavilə barədəki nəzəriyyəsi belə bir prinsipdən irəli gəlirdi ki, 

bu yolla yaradılan nüfuzlu dövlət orqanı vətəndaşların açıq və ya dinməz 

razılığına söykənə bilər. İctimai müqavilə anlayışı maarifçilik xadimlərinin 

hazırladıqları cəmiyyət haqqında olan təlimin ən əsas müddəalarından biri oldu. 

Dövlət, vətəndaşlarının əlindən əsas hüquqlarını – həyat, azadlıq və 

mülkiyyət hüququnu ala bilməz. Əksinə, o, bunları qorumalıdır, çünki təbii 

hüquqlar dövlətin yaranmasından əvvəl meydana gəlmişdir. Con Lokkun bu 

müddəası həqiqətən də insan haqları ideyasının ilkin başlanğıcı olmaqla, 

Amerika Birləşmiş Ştatlarının 1776-cı ildəki İstiqlaliyyət Deklarasiyasında aydın 

şəkildə öz əksini tapmışdır. Təsadüfi deyil ki, Lokk XIX-XX əsrlərin siyasi 

liberalizminin banisi hesab olunur. 

Şarl Lui Monteskyo (1689-1755-ci illər) Böyük Britaniyanın siyasi həyatını 

öyrənməsi əsasında hakimiyyətin bölgüsü və hökumətin parlament qarşısında 

məsuliyyət daşıması təlimini inkişaf etdirdi. Bu, hüquqi dövlətin sonrakı 

inkişafında həlledici rol oynadı. 

Monteskyo belə bir qənaətə gəldi ki, azadlıq o qədər də insanların xüsusi 

əxlaqi keyfiyyətlərinin nəticəsi olmayıb, daha böyük ölçüdə dövlət 

hakimiyyətinin ağıllı şəkildə məhdudlaqdırılmasının nəticəsidir. Ona görə də o, 

dövlət hakimiyyətini qanunvericilik, icra və məhkəmə qollarına bölməyi təklif 

etmişdi. Bunu bir klan və ya oliqarxiya deyil, müxtəlif sosial qrupların 

nümayəndələri həyata keçirməlidir. Beləliklə, qarşılıqlı şəkildə nəzarəti təmin 

etmək və hakimiyyətdən sui-istifadə hallarını bütünlüklə yoxa çıxarmaq 

mümkündür. Belə sui-istifadə isə, Monteskyonun inamına görə, azadlığın 

itirilməsi demək olardı.  

Jan Jak Russo (1712-1778-ci illər) isə qədim Yunanıstanın nümunəsi 

əsasında demokratiya modelini təklif etmişdi. O, azadlıq və bərabərlik 

prinsiplərini, cəmiyyətin bir hissəsi kimi insanın varlığı ilə birləşdirməyi nəzərdə 

tutuldu. Onun mühakimələri birbaşa demokratiya prinsiplərinə əsaslanırdı: 

butun xalq hökmrandır («bütün dövlət hakimiyyəti xalqdan gəlir»), bütün 

vətəndaşlar bərabər hüquqludur və eyni vaxtda həm qanunverici və həm də 

hökumət kimi çıxış edirlər. Çoxluğun iradə və hüququ şəxsiyyətin iradə və 

hüququna ağalıq edir. Qərarlar ümumi iradə ilə qəbul olunur. Ümumi faydaya 

xidmət edən həqiqi ümumi iradə hamının iradəsindən yuxarıda dayanır, 

axırıncını ayrı-ayrı şəxsiyyətlərin maraqları təhrif edə bilər. 

 

ABŞ dövlətinin demokratik əsasları 



 

İki min ildən artıq bir fasilədən sonra bəşəriyyət yenidən demokratik  

dövlət quruluşunun yaranmasının şahidi oldu. Azadlığa və demokratik 

prinsipləri ilk dəfə özünün İstiqlaliyyət Deklarasiyasında bəyan edən Amerika 

Birləşmiş Ştatlarının 1789-cu ildə qəbul etdiyi Konstitusiyada bu ideyalar 

bütünlüklə öz əksini tapdı. Deklarasiyada vəd edildiyi kimi və Əsas Qanunun 

müddəaları əsasında antik dövrün yadigarı olan, Con Lokkun və fransız 


 

maarifçilərinin əsərlərində öz nəzəri əsaslarını tapan yeni bir quruluş tarix 



səhnəsinə gətirildi. Dövləti əmələ gətirən və sonralar ştat adlanan 13 koloniya 

birlikdə təkcə Böyük Britaniya müstəmləkəçiliyinin buxovlarını qırıb atmaqla 

kifayətlənmədi, həm də azad, xalqın hakimiyyəti adlana biləcək bir dövlət 

quruluşunu meydana gətirdi. Beləliklə, 1776-cı ildə ABŞ-ın yaranması bəşəriyyət 

tarixində demokratiya ideyalarının hansısa kiçik bir şəhər-dövlətdə deyil, 3 

milyon nəfər əhalisi olan bütöv bir ölkənin miqyasında reallaşmasına çevrildi. 

Bir müddətdən sonra Böyük Fransa inqilabının qələbəsi ilə həmin ideyalar bu 

ölkədə də həyata keçməyə başladı. Lakin burada acı tale respublika quruluşunun 

ardıcıl və daha çox baş verən təlatümlərsiz ömür sürməsinə imkan vermədi. 

ABŞ-ın reallığı isə avropalıları təəccübləndirməyə bilməzdi. 1831-ci ildə 

ABŞ-a səfər edən fransız mütəfəkkiri Aleksis de Tokvil bu təəccübü daha canlı 

şəkildə təsvir edir. Buradakı şəxsi azadlıqla din, özəl mülkiyyətilə bərabərlik, 

fərdiyyətçiliklə desentralizasiya arasındakı tarazlıq onda dərin təəssürat yaratdı. 

Ölkədə hələ də quldarlığın mövcud olmasına, yerli əhalinin (hinduların) 

rezervasiyalarda saxlanılmasına, qadınların səsvermə hüququndan məhrum 

edilməsinə baxmayaraq, Tokvil bu ölkənin siyasi həyatına bütövlükdə qiymət 

verərək, ABŞ-ı demokratiya adlandırdı. 

Amerika modeli spesifik tarixi-mədəni şəraitdə yaradılmışdı, ona görə də 

üzünü köçürməklə onu təkrar etmək uğur qazanmadı. Burada federal hökumət 

ştatlar (keçmiş koloniyalar) tərəfindən qurulmuşdu, bu koloniyalar isə uzun 

müddətli mövcudluq dövründə yüksək dərəcədə muxtariyyətə malik olmuşdu. 

İdeal çevikliklə yanaşı, burada sərt intizama malik olmayan partiyalar fəaliyyət 

göstərirdi və yerli ehtiyclara istiqamətlənmiş siyasət yeridilirdi. 

Amerikan siyasi sisteminin ideoloqları dövlət hakimiyyətinin 

təmərküzləşməsindən ehtiyat edirdilər. Ona görə də Amerika siyasi sisteminin 

əsasında hakimiyyətin bölgüsü prinsipi dururdu, həm də ali qanunvericilik 

orqanı olan ABŞ Konqressi və ali icra vəzifəsi- ölkə prezidenti seçkili idi. Ölkənin 

tarixində yalnız F.D.Ruzvelt dörd dəfə (1932-1944-cü illərdə) prezident 

seçilmişdi. 1951-ci ildən isə Konstitusiya edilən dəyişiklik əsasında prezidentin 

hakimiyyətdə olması hər biri dörd il olan iki müddətlə məhdudlaşdırılmışdır. 

Məhkəmə, hakimiyyətin digər qollarından yüksək dərəcədə müstəqilliyə 

malikdir, baxmayaraq ki, hakimlərin ideoloji meylləri bəzən qəbul edəlin 

qərarlara öz təsirini göstərir. Ştatlara xeyli dərəcədə hakimiyyət qalmışdır, onlar 

öz konstitusiyalarına və qanunvericilik məclislərinə malikdirlər. Qubernatorlar 

və ştatların əksəriyyətində ali məhkəmələr də vaxtaşırı seçilirlər. Bu qayda həm 

də yerli səviyyələrdə də tətbiq olunur. Bütünlükdə ABŞ-dakı 500 min saydakı 

vəzifəli şəxslərdən 8500-dən azı federal və regional səviyyələrə aiddir, qalanların 

hamısı isə yerli özünüidarəetmə orqanlarında işləyirlər. 

ABŞ prezidentinin seçkisi müstəqil (birbaşa) deyildir. Ancaq Elektorlar 

Kollegiyası prezidenti seçməyə qərar verdikdə heç vaxt ümumi qaydada səs 

verən seçicilərin iradəsi əleyhinə çıxmır. 

Britaniyadan olan ilk məskunlar (puritanlar) 1620-ci ildə «Meyflauer» 

gəmisində Yeni Dünyaya gəlmişdilər ki, dini ibadətlərini azad şəkildə icra etmək 


 

şəraitinə malik olsunlar. 101 nəfərdən ibarət olan bu adamlar Massaçuets 



körfəzində sahilə çıxmamışdan əvvəl gəminin göyərtəsində gələcək koloniyanın 

idarə olunması qaydalarını nəzərdə tutan ilk müqaviləni imzalamışdılar. Bu 

sənəddə başqa cəhətlərlə yanaşı, demokratik prinsiplər öz əksini tapmışdı. Belə 

ki, koloniyanın qubernatoru hər il səsvermə yolu ilə seçilməli idi və bu qaydaya 

sonralar dəqiqliklə əməl olundu. Ona görə də «Mewflauer» gəmisinqdə 

bağlanan müqavilə ABŞ Konstitusiyasının rüşeymi hesab olunur. Lakin yeni 

yaradılan dövlət olan ABŞ-da vicdan azadlığı ön plana çəkilsə də, din dövlətdən 

ayrıdır və Konstitusiya bu və ya digər konfessiyaya üstünlük verməyi və kilsəyə 

dövlət subsidiyası ayırmağı qadağan edir. 

Amerika siyasi sistemi anlayışı vətəndaşlara müxtəlif vasitələrlə təlqin 

edilir, bu onların fəallığına şərait yaradır. Onun əsası isə məktəbdə qoyulur, 

şagirdlər Konstitusiyanı və ölkə ideoloqlarının əsərlərini fənn kimi öyrənirlər. 

Sistemin prinsipləri ondan ibarətdir ki, hökumət dəyişən olmalıdır və 

vətəndaşlar qarşısında hesabat verməlidir. Bütün vətəndaşlar qanun qarşısında 

bərabərdir, həm də ölkədə ideyaların sərbəst rəqabəti mövcüd olmalıdır.  

Bütün bunlar elə təsəvvür yaratmmaalıdır ki, Birləşmiş Ştatlarda 

problemlər yoxdur. Amerika imkanlar məkanı olsa da, o demək deyildir ki, hamı 

bir nəfər kimi hamı bu imkanlardan istifadədən uğur qazanır. Amerikada işsizlər 

ordusu böyükdür, iş qabiliyyətli əhalinin hər on birinci nəfəri işsizdir. 

Yoxsullara, evsiz-eşiksizlərə rast gəlmək da təəccüb doğurmur. Cinayətkarlıq, 

xüsusən odlu silahdan istifadə etməklə qətl hadisələri çoxdur və hökumət hələ 

də həmin problemlərin qaydaya salınmasında böyük uğurlar qazanması ilə 

öyünə bilməz.  

   Aleksis de Tokvil yazırdı ki, “ABŞ-da olduğum müddətdə  diqqətimi 

cəlb edən çox sayda şeylərin və hadisələrin arasında adamların mövcudluq 

şəraitlərinin bərabərliyi məni heyrətə gətirdi. Bərabərlik rəy yaradır, müəyyən 

hisslər əmələ gətirir, adət təlqin edir, onların bilavasitə həyata gətirmədiklərini 

isə modifikasiyaya uğradır». 

Doğrudan da sadə müşahidə də, dərin nəzəri analiz də ABŞ-da dövləti 

xalqın idarə etdiyi düşüncəsini yaradır. Amerikada xalq həm qanunları 

yaradanları, həm də onları icra edənləri seçir. Xalq həmçinin andiçənlər 

məhkəməsini seçir, onlar isə qanunu pozanları cəzalandırır. Abraham Linkolnun 

dediyi «xalqın hökuməti, xalq tərəfindən idarə olunan və xalq üçün mövcud olan 

hökumət” ABŞ reallığında öz əksini tapdı. Bütün dövlət institutları təkcə 

demokratik prsniplərə uyğun olaraq formalaşdırılmır, həm də onlar həmin 

prinsiplərin istiqaməti ilə fəaliyfət göstərirlər. Perikl Afinasanın vətəndaşı ABŞ-ı 

görsəydi, yəqin ki, fransız filosofunun rəyini təsdiq edib, bu ölkədə 

demokratiyanın təntənəsinə öz təəəccübünü gizlətməzdi. 

 

Layiq olanların hakimiyyəti - meritokratiya 



 

Demokratiyadan tam fərqli olan bir dövlət hakimiyyəti – layiq olanların 

hakimiyyəti və ya meritokratiya da bəşəriyyət tarixində öz nümunəsinə 


10 

 

malikdir. Lakin bu nümunə Şərqi Asiyada – Çində yarandığından uzun müddət 



ərzində onun geniş xüsusiyyətləri dünyanın başqa hissələrinə məlum 

olmamışdır. Bu hakimiyyət də özünəməxsus olan üstünlüklərə malikdir. Layiq 

olanların hakimiyyəti mənasını verən meritokratiya termini latın sözü olan 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   54


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə