Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə
“Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi
sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.
Konfutsi
İnsan xarakteri mürəkkəb olduğu kimi, həm də ziddiyyətlidir. Axı bəşər
övladının daxilində o, həm ali yaradana bənzədiyindən ilahi ruh, həm də ondan əsaslı
surətdə fərqləndiyindən və öz növünə aid olanların arasında dolaşdığından şeytan
ruhu gizlənir. Bu qütblərin hansının qalib və ya üstün olmasından isə xarakterin və
150
mənəviyyatın əsas cəhətləri və perspektivləri meydana gəlir. Onlar nisbi şəkildə iki
yerə bölünməklə nəcibliyi əks etdirən ləyaqət xüsusiyyətlərini və əsasən şəri təcəssüm
etdirən qüsurları əmələ gətirir. Çox az sayda adamlar sırf nəciblik rəmzlərinə çevrilirlər,
çünki belələri özlərinin həyat prinsiplərində eqoistik başlanğıclardan əsasən
uzaqlaşaraq, daha çox məhz şəxsiyyəti yüksəldən xüsusiyyətlərə üstünlük verirlər.
Onlar təbiət etibarilə əsl möminlik dərəcəsinə yüksəlirlər, özlərini ali hisslərə tabe
etməklə, başqaları üçün xoş olan əməllərə həsr edirlər. Buna nail olmaq üçün
qüsurlardan yayınmağa, onların arası kəsilməyən təzyiqindən azad olmağa çalışırlar.
Altruistlər isə tam yad, özgə adamların xeyrinə təmənnasız qayğı göstərməklə,
başqaları naminə öz şəxsi mənafelərini qurban verməyə hazır olurlar. Təəssüf ki, onları
“ağ qarğa” hesab edənlər də vardır.
Nəciblik səylərini dağıtmağa, azaltmağa çalışan obyektiv təsir qüvvələri heç də
az deyildir. İnsanı əhatə edən sosial mühitin təsiri, həyatın onu sınağa çəkmək
vasitələri, adi məişət qayğıları ləyaqətləri məhv etmək qəsdində olan bu dağıdıcı
qüvvələrə daxildir. Axı insan heç də sırf ruh məxluqu deyildir, bioloji növ kimi o,
yaşamaq, həyatını qoruyub saxlamaq üçün müəyyən qida təminatına möhtacdır,
yaşayış vasitələrinə malik olmalıdır. Ona görə də ölümdən qorxmaq və yaşamaq arzusu
insanın başlıca mənəvi dəyərlərinə çevrilir, əsl aparıcı dəyərlər isə unudulur.
Kamil insanın ən böyük və vacib olan ehtiyaclarından biri başa düşülməsi, ona
məxsus olan mənəvi dünyanın addımbaşı inkar edilməməsidir. Axı qüsurlar okeanının
quduz dalğaları daim nəcibliyi batırıb, məhv etməyə çalışır. Belə dalğalar, böyük şair
Ovidının təşbihindən istifadə etsək, asimana qədər yüksəlir. Ləyaqət daşıyıcılarını
anlamayanlar heç də öz mərhəmətsizliklərinin fərqinə varmırlar, özünə
bənzəməyənlərə bir qayda olaraq yuxarıdan aşağı, həm də ələ salmaq, təhqir etmək
prizmasından baxmaqla, hətta onları dəli hesab etməklə, bəzən hələ möhkəmlənməmiş,
bərkiməmiş iradələrin əyilməsinə, sınıb dağılmasına nail olurlar. Ona görə də ləyaqət
günəşinin altına sığınanlardan bəziləri həyatın və əzici ətraf mühitin irəli sürdüyü
çətinliklərə davam gətirə bilməyib, qüsurları gəzdirənlərin çox saylı və mənfur
ordusunun sıralarına daxil olmaqla, öz həyat kredolarına ağır zərbə vurmuş olurlar. Jan
Jak Russonun dediyi kimi, “Yaradanın əlindən hər şey yaxşı çıxır, insanın əlində isə hər
şey cırlaşır.” Pislər nədənsə güclü təsir gücünə malik olur. Burada, yəqin ki, mühit də
öz işini görür.
İlk dəfə böyük Çin mütəfəkkiri Konfutsi (bizim eradan əvvəl 551-479-cu illər)
ləyaqətə aid olan məsələlər barədə öz mülahizələrini irəli sürmüşdü. O, qarşılıqlı
münasibət, loyallıq, mərdlik, müdriklik və etibara layiq olmaq kimi yaxşı
xüsusiyyətlərlə yanaşı, fövqəl adamın malik olduğu ləyaqətləri yen-in genişlənməsi
kimi qiymətləndirir. Onun konsepsiyasının başlıca açarı çinlinin xarakteri olan yen idi,
bu da müxtəlif qaydada ləyaqət, məhəbbət, alicənablıq və ya insana canıyanma kimi
tərcümə olunur. Konfutsi yen-i, bütün ləyaqətlərdən fərqlənən fövqəl ləyaqət
adlandırırdı. Yen-in nə olduğunu şagirdləri Konfutsidən soruşduqda, filosofun qısa
cavabı belə olmuşdu: “Adamları sev!” Yen adamları sevinc hissi ilə sevməkdir və bu
hissin insan ürəyinin ən dərin guşəsindən gəlməsidir.
Yen bütün adamlarda anadangəlmədir və bu mahiyyət yozumunu
qidalandırmaq və tərbiyə etməklə insanpərvərliyi daha dolğun etmək olar. Inkişaf edən
151
ləyaqət insan həyatının ümumi missiyasıdır. Təsadüfi deyildir ki, çinlilərin təbabət
dinində “iflic”ə bərabər olan ifadə, hərfi mənada “yen-in olmaması və ya çatışmaması”
kimi işlənir. Yen həyatını yaşamaq heç də hansısa bir xüsusi maddi mükafat tələb etmir.
Konfutsi özünün yen konsepsiyasını izah edərkən ləyaqəti (te) və möminliyi (yi)
vurğulayır. Bu keyfiyyətlərin tərbiyə olunması fövqəl adamla aşağı adam arasındakı
fərqli əlamətləri üzə çıxarır. Böyük Çin filosofu deyirdi: “Fövqəl adam ləyaqətlə, aşağı
adam isə torpaqla maraqlanır”. Həmçinin əlavə edir ki, “fövqəl adam nəyin haqq
olduğunu, aşağı adam isə nəyin faydalı olduğunu başa düşür”. Fövqəl adam incəsənət
və təbiət komponentlərini özündə harmoniyalı bir qaydada birləşdirir. “Fövqəl adam
heç vaxt qayğı və qorxu hiss etmir” və “daim sakit və yüngül şəraitdə olur”. Əksinə,
aşağı adam daim təşviş keçirir və onun könlü narahat hisslərlə doludur.
Fövqəl adamın inkişafı Konfutsinin öz şəxsi nümunəsində daha yaxşı gözə
çarpır. Dul qadın olan anasının himayəsi və rəhbərliyi altında Konfutsi özünə təhsil
verən bir adama çevrildi. O, yazırdı: “15 yaşında mənim ürəyim öyrənməyə həsr
olundu,… 70 yaşında isə mən öz könül arzumun arxasınca düz olandan yayınmadan
gedə bilirdim”. Onun təlimləri də öz fərdi xüsusiyyətlərinə oxşar qaydada təbii,
insanpərvər və sadə idi.
Konfutsiçilikdə dünyəvi zövq daha çox nəzərə çarpırdı. Ümumiyyətlə, qədim
Çində insan münasibətlərinə daha çox diqqət verilirdi. İlahi qüvvəyə deyil, daha çox
əcdadlara sitayiş edilirdi. Ərəb mütəfəkkiri Əbdrrəhman ibn Xaldun (1332-1406-cı illər)
da qeyd edirdi ki, insan özünü digər adamlarla ünsiyyətdə realizə edir. İnsana cəmiyyət
çərçivəsində öz əlaqələrini qaydaya salmaqda ağıl kömək edir, onun formalaşması isə
müşahidə, ümumiləşdirmə və təcrübə vasitəsi ilə baş verir. Özünün təbliğ etdiyi
qaydadan kənara çıxmayan Konfutsinin şəxsiyyəti də insanpərvərlikdən
ilhamlanmaqla, bütünlüklə ləyaqət komponentlərinə uyğun gəlirdi.
Bir çin tarixçisi b.e.ə. I əsrdə Konfutsi barədə çox sərrast sözlər söyləmişdi:
“Çoxlu çarlar, imperatorlar və tarixdəki böyük insanlar olmuşdur ki, onlar sağ olanda
şöhrət və şərəf qazanmış, öz ölümlərindən sonra isə heç nəyə çevrilmişlər. Konfutsi isə
pambıq xalatda gəzən adi adam olsa da, sayı on rəqəmindən çox olan nəsillər üçün
alimlərin müəllimi kimi tanınırdı”.
Qədim yunan sofist filosofları da ləyaqətin öyrənilməsini tədqiq edərkən qeyd
edirdilər ki, “ləyaqət” (yunanca “arete”) professional müəllim tərəfindən
öyrədilməlidir.” “Arete”-nin nə məna verdiyini isə ilk dəfə Homer dilə gətirmişdi, lakin
qeyd etmək lazımdır ki, tam əks olan bir mənada. Ənənəvi olaraq deyilirdi ki, ləyaqət
əxlaqa malik olan nümayəndələrdə – insanda olduğu kimi, bir sıra “insan olmayan”
canlı obyektlərə də məxsusdur. Bunlara atları, qoyunları, insan gözlərini aid edirdilər.
Ona görə də bəzi alimlər bu ifadəni “ali” kimi tərcümə edirdilər. Spartalılar bunu
döyüşdəki cəsarət göstərməklə məhdudlaşdırır, yunanlar isə xüsusən atlyot
qabiliyyətini, sifətin və ya bədənin gözəlliyini, var-dövləti, kübar ailəsində doğulmağı,
natiqlik və ya müğənnilik qabiliyyətini buna aid edirdilər. Ləyaqət elə bir qabiliyyət
hesab olunurdu ki, müəyyən qaydada istedadı olan və pulunu ödəyən hər bir şagird
ona yiyələnə bilərdi. İctimai həyat üçün belə uğurlu öyrənmə bütün adamlar üçün
zəruri şərt hesab olunurdu.
152
Təməl xristian etikasında bütpərəst dünyadan götürülmüş dörd təbii ləyaqətlə
yanaşı, bu siyahıya üç ilahiyyat tipli ləyaqət də əlavə olunurdu. Axırıncılar isə Allahın
xüsusi vergisi kimi qiymətləndirilirdi. Ləyaqət “həyatı rahat yaşamaqdan ötəri və əxlaq
prinsipləri ilə davranmaq” kimi nəzərdə tutulurdu. Bunlara isə yeddi dəhşətli günah
əks çıxır, onlar birlikdə insan davranışının bütün dərəcələrini əhatə edir. Kardinal
(latınca “başlıca”, başqa sözlə “mahiyyətcə” deməkdir) ləyaqətlərə ehtiyatlılıq,
mülayimlik (iddiasızlıq), mərdlik və ədalət daxil idi.
Xristianlıq bunlara inanc, ümid və məhəbbət kimi dini ləyaqətləri də əlavə etdi.
Bu təsnifləşdirmə birbaşa apostol Paveldən gəlmişdi. Lakin o, məhəbbəti bu üçlüyün
arasında fərqləndirirdi və onun tacı hesab edirdi. “Beləliklə, bu üçlüyə – inanca, ümidə
və məhəbbətə əməl edilməlidir, lakin onlardan ən böyüyü məhəbbətdir”. Xristian
təliminə müvafiq olaraq, ilahiyyat ləyaqətlərin başlanğıcını heç də təbii insandan
götürmür. Onlar Xristos vasitəsilə Allahdan gəlmiş və sonra insanlar tərəfindən həyata
keçirilmişdir. Xristian etikasında məhəbbət və ya mərhəmətlilik isə bütpərəst
filosoflardan gəlir. Davranışın hər bir məsələsi öz xüsusi şəraitinin işığında həll
edilməlidir və bu elə prinsipdir ki, məhəbbətin arxasınca getməlidir. Bu da bir daha
göstərir ki, məhəbbət yeganə ali ləyaqət olaraq qalır. Xristian etikası bu müddəasında
Konfutsi təlimi ilə birbaşa uzlaşır, axı Çin mütəfəkkiri də adamları sevməyi, onlara
məhəbbət bəsləməyi ön plana çəkirdi.
Qüsurlara gəldikdə, bu məfhum etikaya aid olan kimi, həm də personajı
xarakterizə edir. Qüsur etik anlayış kimi əxlaqi və mənəvi nöqsandır, insanın mənfi
mənəvi keyfiyyətidir. Etika isə mənəviyyatı, əxlaqı öyrənən fəlsəfi fənndir. Etika çox
vaxt insan təbiəti barədə elm kimi başa düşülür. Personaj kimi isə “qüsur” Orta əsrlərin
və Renessans dram əsərlərinin qəhrəmanları olub, insanın nəfsini saxlamamağının
alleqoriyasıdır.
Dostları ilə paylaş: |