Təbii seçmə ilə təkamül nəzəriyyəsi yuxarıda bildirdiyimiz nəzəri əsassızlıqla bərabər əslində konkret elmi kəşflər qarşısında çıxılmaz vəziyyətə düşmüşdür. Bir nəzəriyyənin elmilik dəyəri müşahidə və təcrübələr qarşısındakı uğuru və ya uğursuzluğu ilə ölçülür. Təbii seçmə ilə təkamül nəzəriyyəsi isə müşahidə və təcrübələr qarşısında tamamilə məğlub olmuşdur.
Darvindən bəri təbii seçmə vasitəsilə canlıların təkamül keçirdiyinə dair tək bir tapıntı belə üzə çıxmamışdır. Məşhur təkamülçü olan ingilis Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Paterson bu həqiqəti belə qəbul edir:
Kimsə təbii seçmə mexanizmlərilə yeni növ əldə edə bilməmişdir. Kimsə belə bir şeyə qismən də olsa, nail ola bilməmişdir. Bu gün neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur.11
Fransanın ən məşhur zooloqlarından olan 35 cildlik “Traité de zoologie” ensiklopediyasının redaktoru və Fransa Elmlər Akademiyasının (Académie des Sciences) keçmiş rəhbəri Pier Pol Qrasse isə “Canlı orqanizmlərin təkamülü” (Evolution of living organisms) adlı kitabının “Təkamül və təbii seçmə” bölməsini belə bitirmişdir:
C.Haksli və digər bioloqların təkamülün təbii seçmə mexanizmi vasitəsilə hazırladığı nəzəriyyəsi demoqrafik həqiqətlərin, genotiplərin regional dalğalanması və coğrafi səpələnmələrin müşahidəsindən başqa şey deyil. Nəzərdən keçirilən növlərin əksəriyyəti on min illər ərzində heç dəyişmədən qalmışdır. Şərtlərlə əlaqədar meydana gələn dalğalanmalar genlərin əvvəlcədən dəyişməsilə bərabər nəzərdən keçirildikdə təkamülə dəlil göstərilə bilməz və bunun ən gözəl dəlili milyonlarla il ərzində heç bir dəyişikliyə uğramadan yaşayan fosillərdir.12
Təkamül nəzəriyyəsini müdafiə edən bioloqların “təbii seçmənın müşahidə edilmiş nümunəsi” kimi göstərdikləri bir neçə nadir hadisəyə baxdıqda isə əslində onların təkamül nəzəriyyəsinə dəlil olmadığını asanlıqla görərik.
Sənaye inqilabı kəpənəklərinin gerçək əhvalatı
Təkamülçü mənbələrə nəzər saldıqda İngiltərədəki sənaye inqilabı dövrü kəpənəklərinin təbii seçmə ilə təkamül keçirmə tezisinə nümunə göstərildiyini görmək olar. Dərsliklərdə, jurnallarda, hətta akademik mənbələrdə bu mövzu təkamülün ən aydın və müşahidə edilmiş nümunəsi kimi təqdim edilir.
Lakin əslində bu nümunənin təkamüllə heç bir əlaqəsi yoxdur. Əvvəlcə, bu nümunəni qısa şəkildə təsvir edək: deyilənə görə, İngiltərədə sənaye inqilabı dövrünün başladığı illərdə Mançester ərazisindəki ağacların qabıqları açıq rəngli idi. Ona görə bu ağacların üstünə qonan tünd rəngli güvə kəpənəklərini quşlar tez görür və yaşama ehtimalları azalırdı. Lakin əlli il sonra sənaye tullantıları nəticəsində ağacların üstündəki açıq rəngli yosunların ölməsi ilə qabıqları tündləşir və buna görə, bu dəfə də açıq rəngli güvələri quşlar daha çox yeməyə başlayır. Nəticədə açıq rəngli kəpənəklər sayca azalır, tünd rənglilər isə nəzərə çarpmadığına görə çoxalır.
Bu hadisə təbii seçmə ilə təkamül nəzəriyyəsinin böyük dəlili hesab edilir, açıq rəngli kəpənəklərin zaman ərzində tünd rəngli kəpənəklərə çevrilib təkamül keçirməsi şəklində səhv dəyərləndirilir.
Lakin bu nümunənin doğru olması fərz edilsə belə, təkamül nəzəriyyəsinə dəlil deyil. Çünki baş verən təbii seçmə daha əvvəl təbiətdə mövcud olmayan yeni növ meydana gətirməmişdir. Sənaye inqilabından əvvəl də kəpənək populyasiyası daxilində qara fərdlər var idi. Lakin mövcud olan kəpənək növlərinin sayı dəyişmişdir. Kəpənəklər “növ dəyişikliyi” istiqamətində yeni orqan və ya xüsusiyyət qazanmamışdılar.14 Lakin bir kəpənəyin başqa canlı növünə, məsələn, bir quşa çevrilməsi üçün kəpənəyin genlərində saysız-hesabsız dəyişiklik, əlavə və əksiltmələr edilməli, başqa sözlə, kəpənəyin geninə quşun fiziki xüsusiyyətlərinə aid məlumatları ehtiva edən tamamilə ayrı genetik proqram yüklənməlidir.
Sənaye kəpənəkləri ilə bağlı təkamülçü hekayəyə verilən ümumi cavab belədir. Ancaq mövzunun daha da maraqlı tərəfi var: hekayənin sadəcə şərhi deyil, özü də səhvdir. Molekulyar bioloq Conatan Uelzin 2000-ci ildə nəşr edilən “Təkamül bütləri” (İcons of evolution) adlı kitabında açıqladığı kimi, demək olar ki, hər təkamül tərəfdarı biologiya kitabında verilən və bu səbəbdən “bütə” çevrilmiş sənaye inqilabı kəpənəkləri hekayəsi həqiqətləri əks etdirmir. Uelz hekayənin “təcrübi dəlili” kimi məlum olan Bernard Ketlvelin elmi fəaliyyətinin əslində elmi qalmaqal olduğunu izah edir. Bu qalmaqalın bəzi təməl ünsürlərini belə sıralamaq olar:
-
Ketlvelin təcrübələrindən daha sonra aparılan bir çox araşdırma sözügedən kəpənəklərin sadəcə bir növünün ağacın gövdəsinə qonduğunu, digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı. 1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda qonduğu hər kəs tərəfindən qəbul edildi. Bu mövzuda 25 il tədqiqat aparan Siril Klark, Rouri Haulet, Maykl Macerus, Toni Libert, Pol Breykfild kimi bir çox elm adamı “Ketlvelin təcrübəsində kəpənəklərin təbii davranışlarından fərqli davranmağa məcbur edildiklərini, təcrübə nəticələrinin buna görə elmi cəhətdən qəbul edilməyəcəyini” bildirdilər.14
-
Ketlvelin təcrübəsini təhlil edən tədqiqatçılar daha da təəccüblü nəticə ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş ərazilərində açıq rəngli kəpənəklərin daha çox olması gözlənilərkən tünd rənglilər açıq rənglilərdən dörd dəfə çox idi. Yəni Ketlvelin iddia etdiyi və dərhal hər təkamülçü mənbədə təkrarlandığı kimi kəpənəklərin sayı ilə ağac qabıqları arasında heç bir əlaqə yox idi.
-
Məsələnin əsli araşdırıldıqca qalmaqal böyüdü: Ketlvel tərəfindən fotoşəkilləri çəkilən “ağac qabığı üzərindəki güvə kəpənəkləri” əslində ölü kəpənəklər idi. Ketlvel bu ölü canlıları iynə və yapışqanla ağaca yapışdırmış və o cür şəkillərini çəkmişdi. Əslində kəpənəklər ağac gövdəsinə deyil, budaqların alt hissəsinə qonduqları üçün belə bir rəsm əldə etmə ehtimalı demək olar ki, yox idi.15
Bu həqiqətlər 90-cı illərin sonlarında elm dünyası tərəfindən üzə çıxarıldı. On illər boyu “təkamülə giriş” dərslərinin ən böyük materialı olan sənaye kəpənəkləri əfsanəsinin bu şəkildə puça çıxması təkamülçülər arasında ümidsizliyə səbəb oldu. Onlardan biri olan Ceri Koyn belə deyirdi:
Həqiqəti (xallı kəpənəklər saxtakarlığını) öyrəndikdə verdiyim reaksiya 6 yaşımda ikən yeni il hədiyyələrimi şaxta babanın deyil, atamın gətirdiyini öyrəndikdə keçirdiyim ümidsizlik hissi oldu.16
Beləliklə, “təbii seçmənın ən məşhur nümunəsi” də bir elm qalmaqalı kimi tarixə düşdü.
Şübhəsiz, bunun nəticəsinin belə olması labüd idi. Çünki təbii seçmə təkamülçülərin iddiasının əksinə olaraq “təkamül mexanizmi” deyil, bir canlıya hər hansı orqan əlavə etmə və ya orqan əksiltmə, bir növü başqa növə çevirmə kimi xüsusiyyətlərə malik deyil. Darvindən dövrümüzə qədər bu mövzuda irəli sürülən ən böyük “dəlil” İngiltərədəki sənaye inqilabı kəpənəkləri hekayəsindən başqa bir şey deyil.
Dostları ilə paylaş: |