Materialistlər burada izah etdiklərimizin fəlsəfi fikir olduğunu iddia edirlər. Lakin “xarici aləmdəki” maddi dünyanı deyil, beynimizdəki dünyanı gördüyümüz fəlsəfə deyil, elmi həqiqətdir. Görüntünün və hisslərin beyində necə əmələ gəldiyi bütün tibb fakültələrində hərtərəfli şəkildə öyrədilir. Başda müasir fizika olmaqla XX əsr elminin ortaya qoyduğu həqiqətlər maddənin əsli ilə heç vaxt təmasda olmadığımızı, hər kəsin bir növ “beynindəki ekranı” seyr etdiyini açıq şəkildə göstərir.
Bunu istər ateist, istər buddist, istərsə də başqa bir düşüncə tərzinə malik olan adam olsun, elmə inanan hər kəs qəbul etməlidir. Bir materialist öz ağlına görə Allahın varlığını inkar edə bilər, amma bu elmi həqiqəti inkar edə bilməz.
Yaşadıqları dövrlərin elmi səviyyəsi və elmi imkanları kafi olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq həqiqəti qavraya bilməmələri təəccüblüdür. Amma dövrümüzdə elmin və texnologiyanın imkanları olduqca inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu həqiqətin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa, həm bu mövzunu qavramağın, həm də bu mövzunun öz fəlsəfi nəzəriyyələrini necə qəti şəkildə çökdürdüyünü dərk etməyin qorxusunu yaşayırlar.
Materialistlərin böyük qorxusu
Türkiyədəki materialist kütlələrdən əlinizdəki kitabda izah edilən bu mövzuya, yəni maddənin zehində qavranıldığı həqiqətinə bir müddət açıq-aşkar reaksiya verilmədi. Bu isə bizdə bu mövzunun kifayət qədər izah edilmədiyini və daha hərtərəfli izaha ehtiyac olduğu şəklində təsəvvür verdi. Ancaq qısa müddət sonra materialistlərin əslində bu mövzunun gündəmə gətirilməsindən çox narahat olduqları, hətta bundan böyük qorxuya düşdükləri açıq şəkildə üzə çıxdı.
Materialistlər yaşadıqları bu qorxu və panikanı bir müddət sonra öz mətbuat orqanlarında, konfranslarında, lövhələrdə xəbər verməyə başladılar. İstifadə etdikləri narahat və ümidsiz üsluba baxdıqda ideoloji cəhətdən ciddi sarsıntı keçirdikləri başa düşülürdü. Fəlsəfi nəzəriyyələrinin “əsası” olan təkamül nəzəriyyəsinin elmi cəhətdən çökdürülməsi ilə onsuz da ciddi həyəcan keçirməyə başlamışdılar. Ancaq indi darvinizmdən daha əhəmiyyətli əsaslarını, məhz maddənin mütləqliyi inancını itirməyə başladıqlarını anladılar və daha böyük sarsıntı keçirdilər. Bu mövzunun onlar üçün “ən böyük təhlükə” olduğundan bəhs etməyə başladılar.
Türkiyədəki materialist kütlələrin yaşadığı bu narahatlıq və panikanı ən açıq şəkildə ifadə edənlərdən biri materializmi müdafiə etməyi boynuna məsuliyyət kimi götürmüş “Elm və utopiya” jurnalının müəllifi və eyni zamanda bir təlim üzvü olan Rennan Pekünlü oldu. Pekünlü istər sözügedən jurnalda yazdığı məqalələrdə, istərsə də bəzi KİV-lərdə “Təkamül yalanı” kitabını bir nömrəli “təhlükə” kimi göstərdi. Pekünlünü ən çox narahat edən mövzu isə kitabın darvinizmi əsassız edən bölmələrinin sonunda verilmiş, hal-hazırda oxuduğumuz bu mövzu idi. Oxucularına və (olduqca az saydakı) dinləyicilərinə: “Əsla idealizmin bu təlqinlərinə inanmayın, materializmə olan sədaqətinizi qoruyun”, -deyə müraciət edən Pekünlü Rusiyadakı qanlı kommunist inqilabının lideri Vladimir İliç Leninin ideologiyasına əsaslanırdı. Leninin bir əsr əvvəl yazdığı “Materializm və imperiokritisizm” adlı kitabı oxumağı hər kəsə məsləhət görən Pekünlünün etdiyi yeganə şey isə yenə Leninə aid olan “əsla bu mövzu üzərində düşünməyin, yoxsa materializmi itirərsiniz və dinə qapılarsınız” şəklindəki xəbərdarlıqları təkrarlamaq oldu. Pekünlü sözügedən materialist mətbuat orqanında yazdığı bir məqalədə Lenindən aşağıdakı sətirləri sitat gətirirdi:
Duyğu orqanlarımızla qəbul etdiyimiz maddi reallığı bir dəfə inkar etdinmi, şübhəçiliyə (aqnostisizm) və subyektivizmə meyl edəcəyinə görə fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən, bu da fideizmin istədiyi şeydir. Barmağını versən, əvvəlcə qolun, sonra bütün bədənin gedər. Duyğuları maddi dünyanın görüntüsü kimi deyil, xüsusi ünsür kimi qəbul etdikdə, başqa sözlə, materializmdən soyuduqda mənliyini fideizmə təslim edərsən. Sonra duyğular heç kimin duyğularına çevrilər, şüur heç kimin şüuru, ruh heç kimin ruhu, iradə heç kimin iradəsi olar.409
Bu sətirlər Leninin böyük qorxu ilə fərqinə vardığı və həm öz başından, həm də “yoldaşlarının” başından silmək istədiyi həqiqətin dövrümüzün materialistlərini də eyni şəkildə narahat etdiyini göstərir. Amma Pekünlü və digər materialistlər Lenindən daha artıq narahat olurlar, çünki bu həqiqətin bundan 100 il əvvələ görə daha qəti şəkildə aşkar edildiyini dərk edirlər. Bu mövzu bütün dünya tarixində ilk dəfə bu qədər israrlı şəkildə izah edilir.
Amma yenə də bir çox materialist elm adamının “maddənin əsli ilə təmasda olmadığımız” həqiqətini olduqca səthi düşüncə tərzi ilə dəyərləndirdiyi göz qarşısındadır. Çünki burada izah edilən mövzu bir insanın həyatında qarşılaşdığı ən mühüm, ən həyəcanlı mövzulardan biridir. Bu qədər təsirli həqiqət ilə daha əvvəl rastlaşmaları mümkün deyil. Buna baxmayaraq, sözügedən elm adamlarının verdiyi reaksiyalar, nitq və əsərlərindəki üslub olduqca dayaz və səthi qavrayışa malik olduqlarını göstərir.
Belə ki, bəzi materialistlərin burada izah edilənlərə verdiyi reaksiyalar materializmə olan kor-koranə bağlılıqlarının onlarda bir cür məntiqi pozulma əmələ gətirdiyini və bu səbəbdən mövzunu anlaya bilmədiklərini göstərmişdir. Məsələn, “Elm və utopiya”nın müəllifi və təlim üzvü olan Alaeddin Şenel Rennan Pekünlü kimi: “Darvinizmin süqut etdirilməsi bir tərəfə qalsın, əsl təhlükə bu mövzudur”, -deyə xəbərdarlıq etmiş, öz fəlsəfəsinin heç bir əsası olmadığını hiss etdiyi üçün də “elə isə siz izah etdiklərinizi sübut edin” mənasını verən tələblər irəli sürmüşdür. Ancaq əsl maraqlı cəhət sözügedən müəllifin təhlükə kimi gördüyü bir həqiqəti heç cür qavraya bilmədiyini göstərən sətirlər yazmasıdır.
Məsələn, Şenel tamamilə bu mövzudan bəhs etdiyi bir məqaləsində xarici aləmin beyinin içində görüntü şəklində hiss edildiyini qəbul etmişdir. Amma görüntülərin maddi qarşılığı olan və olmayan görüntülər olaraq iki yerə bölündüyünü söyləyərək, xarici dünya ilə əlaqədar görüntülərin maddi qarşılığı ilə təmasda olmağın mümkün olduğunu irəli sürmüşdür. Bu iddiasını dəstəkləmək üçün də “telefon misalı” çəkmişdir. Qısaca desək: “Beynimdəki görüntülərin xarici aləmdə qarşılığı olub-olmadığını bilmirəm, amma eyni şey telefon söhbətinə də aiddir, telefonla danışarkən qarşımdakı şəxsi görmürəm, amma sonradan üz-üzə söhbət edərkən bu söhbəti sübut edə bilərəm”, -deyə yazmışdır.410
Sözügedən müəllif yuxarıdakı bənzətmə ilə buna işarə edir: “Əgər hisslərimizdən şübhələniriksə, maddənin əslinə baxıb real olub-olmadığını yoxlaya bilərik”. Halbuki bu açıq-aşkar xətadır, çünki biz maddənin əsli ilə əsla təmasda ola bilmərik. Əsla beynimizdən kənara çıxıb “xarici aləmdə” olan bir şeylə təmasda ola bilmərik. Telefondakı səsin qarşılığının olub-olmadığı telefondakı şəxslə təsdiqlənə bilər, amma bu təsdiqlənmə də elə beynimizdə baş verir.
Belə ki, bu şəxslər eyni hadisələri yuxularında da yaşayırlar. Məsələn, Şenel yuxuda da telefonla danışdığını, ardınca bunu danışdığı şəxsə təsdiqlətdiyini görə bilər. Pekünlü yuxuda da “böyük təhlükə” ilə üz-üzə olduğunu hiss edib qarşısındakı insanlara Leninin bir əsr əvvəlki əsərlərini tövsiyə edə bilər. Amma sözügedən materialistlər nə etsələr də, yaşadıqları hadisələrin, danışdıqları adamların ancaq hissdən ibarət olduğu həqiqətini inkar edə bilməzlər.
Elə isə beyindəki görüntülərin qarşılığı kimə təsdiqlənəcək? Beyində seyr edilən kölgə varlıqlara? Şübhəsiz ki, materialistlərin beyindən xaricdəki aləmə aid məlumat verən, onu təsdiqləyən məlumat mənbəyini tapması mümkün deyil.
Hər cür hissin beyində əmələ gəldiyini qəbul etmək, amma istədikdə beyindən “xarici aləm”ə çıxıb hisslərin xarici aləmlə təsdiqlənə biləcəyini zənn etmək isə bir insanın anlama səviyyəsinin məhdud olduğunu, məntiqsiz olduğunu göstərir.
Halbuki burada izah edilən həqiqət normal anlama səviyyəsinə və məntiqə malik bir insan tərəfindən dərhal asanlıqla başa düşülən mövzudur. Ön mühakimə ilə davranmayan bir insan bu izah edilənlərə uyğun olaraq xarici aləmin əsli ilə duyğu orqanları vasitəsilə təmasda ola bilməyəcəyini anlayar. Ancaq göründüyü kimi, materializmə olan kor-koranə bağlılıq insanların dərk etmə qabiliyyətini pozur. Buna görə, dövrümüzdəki materialistlər də maddənin əsli ilə təmasda olduqlarını daşa təpik vuraraq və ya tort yeyərək “sübut etməyə” çalışan məsləhətçiləri kimi ciddi məntiqi pozuntularını göstərirlər.
Bunun əslində təəccüblü vəziyyət olmadığını da bildirmək lazımdır. Çünki dərk etməmək, yəni dünyanı və hadisələri normal məntiq çərçivəsində dəyərləndirməmək inkarçıların ortaq vəsfidir. Allah Quranda inkarçıların “anlamaz bir tayfa” (Maidə surəsi, 58) olduqlarını bildirir.
Dostları ilə paylaş: |