Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da



Yüklə 2,46 Mb.
səhifə1/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
  1   2   3   4   5   6   7   8   9   ...   63

ÖN SÖZ


Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salamı olsun peyğəmbərlərin sonuncusu, nəbi və əmin olan həzrət Məhəmmədə (s), tahir olan Əhli-beytinə (s) və xüsusilə də, əmisi oğlu və vəsisi Əmirəl-mö᾽minin həzrəti Əliyə (ə).

Allahın verdiyi bəşəri, risalət xanədanının xüsusi diqqəti və elm və ədəb sahiblərinin istəyi sayəsində, bu dəyərli kitabın ΙV nəşri də sona çatdığı üçün dəyərli oxuculara bu dörd önəmli xüsusu xatırlatmaq istəyirəm:



  1. Batil əhlinin etdiyi pisliklərdən biri də, alimlərin kitablarına xəyanət əlini uzatmaları, söylədiklərini təhrif və bə᾽zi bölümlərini məhv etmələridir.

Təəssüflər olsun ki, bu pis iş Misir və digər ölkələrdəki əhli-sünnət mətbəələrində açıq-aydın görülmədədir. Onlar bir çox təhriflər və bə᾽zi mövzuları məhv etməklə, əslində bilavasitə öz yazıçı və alimlərinin ruhunu incidirlər. Bə᾽zi ifratçı alimlərin fikir və nəzərlərinin əsiri olan mürtəcilərin bu cür çirkin üsullara əl atmaqla haqq və həqiqətin ortadan qaldırılamayacağından qəflət etmələri, doğurdan da təəssüfdoğurucudur.

Halbuki, Allah-təala bilavasitə haqqı qorumağı öz qüdrət və iradəsi altına almışdır. Ön sözdə bir o qədər izah verməyə yer olmadığı üçün məsələni isbatedici bir misal olsun deyə, sadəcə bir məsələyə işarə etmək istəyirəm:

Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da1 Carullah Zəmaxşərinin söylədiyi şe᾽r və bəyan etdiyi görüşlər, açıq-aydın bir şəkildə qeyd edilmişdir. Lakin təəssüflər olsun ki, hicri-qəməri tarixi ilə 1373-cü ildə Qahirədə, «Əl-İstiqamə» mətbəəsində çap edilən kitabın yeni nəşrində, sözügedən şe᾽rlər çıxarılmışdır. Əlbəttə, bu, əhli-sünnət qardaşların etdiyi bu cür hərəkətlərindən sadəcə bir misaldır. Daha doğrusu, bizim kitabın mətnində işarə etdiyimiz bə᾽zi qaynaqlar və mə᾽lumatlar, əgər yeni kitabların yeni nəşrlərində görülməzsə, səbəbi, haqqında söhbət açdığımız təhriflərdir. Yerdə qalanını isə, özünüz müqayisə edin.


  1. Kitabın naşiri və mətbəənin göstərdiyi bütün diqqət və sə᾽ylərə baxmayaraq, təəssüflər olsun ki, kitab çap olunduqdan sonra yenə də bir qrup xətalar araşdırılıb-tapılmış, mümkün olduğu qədər bu xətaların aradan aparılması üçün cəhd göstərilmişdir.

  2. Pakistan, Bağdad və Kuveytdən bə᾽zi dostlar bu kitabın öz dillərinə tərcümə edilməsi xüsusunda icazə istəmişdilər. Mən də burada, «Pişəvər gecələri» və «Səd məqalə» («Yüz məqalə») kitablarının tərcümə edilə biləcəyinə əmin olduğum üçün izn verdiyimi qeyd etmək istərdim. Sadəcə mütərcimlərin bu kitabları kəlmə-kəlmə tərcümə etmələrini, heç bir təhrifə yol verməmələrini və mə᾽na baxımından bütünlüklə tərcümə etmələrini istəyirəm.

  3. Əvvəl də söylədiyim kimi, bu kitabın nəşrini ticarət, mənfəət məqsədilə etmirəm. Bu mövzuda heç bir umacağım yoxdur, heç kəsdən də maddi və mə᾽nəvi yardım almamışam. Dediklərimə bilavasitə kitab satışı ilə məşğul olan müəssisələr də şahiddir. Məqsədim, sadəcə vilayət maarifinin təbliğidir. Lakin buna baxmayaraq, bə᾽ziləri bu kitaba böyük bir maraq olmasından sui-istifadə edərək, satış qiymətini artırırlar. Bu səbəbdən, dindar kitab evlərini xəbərdarlıq edirəm: Bu iş vilayət məqamına xəyanət və pis bir işdir! Mən bundan razı deyiləm, daha doğrusu, Allah, Peyğəmbər və vilayət məqamının sahibi də bu pis əməldən razı olmayacaqdır!2

Bu kitabı sadəcə vilayətin həqiqətləri və imamət məqamının gözəlliklərini aşkara çıxarmaq və düşmənlərin illərcə əhli-sünnət qardaşların zehnində icad etdikləri batil şübhə və ilqaları ortadan qaldırmaq üçün yayılmasını istəyirəm. Zəhmətimin hədər getməyəcəyinə ümid bəsləyirəm. Çünki Allah-təala Qur᾽ani-kərimdə belə buyurur: «Şübhəsiz mən, istər kişi olsun, istərsə qadın, heç bir əməl sahibinin əməlini zay etmərəm»3.

Ayənin də misdaq olduğu, vilayət nurunun da təcəlli etdiyi bu kitab, dost, düşmən və bütün müsəlmanların marağına səbəb olmuşdur.

Əlbəttə, bu kitab çap olduqda, hər tərəfdən hücuma, təzyiqə mə᾽ruz qala bilərik. Çünki bizdən əvvəlkilər də bu cür təzyiqlərə mə᾽ruz qalmışlar. Hesab edirəm ki, dardüşüncəli və inadkar insanların bizi də qınayacağı, e᾽tiraz edəcəkləri əvvəlcədən mə᾽lumdur. Müəyyən təzyiqlərə mə᾽ruz qalacağımız böyük ehtimaldır.

Bə᾽zi alimlər bu kitabın uca anlamına, zahiri ibarələrinə e᾽tirazlarını bildirərək, nə səbəbdən bu kitabın ədəbi incəliklər, uca fəlsəfi və elmi anlamlarla, həmahəng olmadığını ifadə edə bilərlər.

Əvvəlcədən də bəyan etdiyim kimi, ömrüm boyu etdiyim işlər öz təşəbüsümlə oldu, əsla göstərişlərə baxmadım. Həqiqi mə᾽nada yaradılış aləminin kiçik bir zərrəsi olduğum üçün öz düşüncəmlə hərəkət etdim. Bundan əlavə, fikrimcə, natiqlər və yazarlar, eləcə də rəsmi elmi məclislərə qatılan alimlər, adi xalq üçün danışmalı və yazmalıdır. Şübhəsiz, bu cür mövzularda elm və fəlsəfə alimləri bir çox kitablar yazmışlar. Daha doğrusu, alimlər üçün bu cür yazıları qələmə almaq, əbəs və nöqsandır. Adi xalqa elmi və fəlsəfi mövzuları yazmaq və ya bəyan etmək, bütünlüklə səhv, faydasız və ömrü hədər etmək deməkdir. Uca mövzular olduqca sadə bir bəyanla ifadə edilməlidir.

Bundan əlavə deməliyəm ki, mən bu kitabı, elmi və zehni gücümlə gözəl bir kitab yazmaq məqsədilə də qələmə almadım. İnsafla desək, hökmlərdə müsəlmanları aldadanların hiylələrinə, tələlərinə düşməmələri üçün sadə bir dillə ifadə edərək, mətbuatda da yer alan bu uca mövzuları, ölkə müsəlmanlarına təqdim etmək istədim.

Bu kitab, sür᾽ətlə yaza bilən Hindistanlı mətbuat mənsublarının hüzurunda bir neçə əhli-sünnət alimiylə etdiyim bəhslərdən ibarətdir. Burada bəhs olunan mövzular, ilk öncə mətbuat işçiləri tərəfindən qələmə alınaraq, qəzet və jurnallarda dərc olunmuşdur. Daha sonra isə, mən bu məqalələri toplayaraq, kitab şəklinə salmışam.

Hər nə qədər mümkünsə, dəlil və məntiqlə söylənmiş, düşmənin fitnə salmasına yol aça biləcək cümlələr nəql edilməmiş, qaynaq və mənbələr, həmçinin ifadələr gözdən keçirilərək, sağlam şəkildə oxuyuculara təqdim edilmişdir.

Elm, fəzilət və ədəb əhli olan şəxslərin bu kitaba sadə və təmiz bir niyyətlə yanaşacağına ümid edirəm. Müşahidə etdikləri səhvlərə görə əfv etmələrini və bu iradları bizlərə bildirmələrini istəyirəm. Nəzərə alınmalıdır ki, insan unutqandır, mə᾽sum peyğəmbərlər və dəyərli vəsilərdən başqa, heç kəs unutqanlıqdan uzaq deyildir.

Bə᾽ziləri bu kitabda yazılanların yeni bir şey olmadığını, 1300 il söylənilənlərin təkrarından ibarət olduğunu ifadə edə bilərlər. Buna cavab olaraq demək olar ki, dini mövzular, elmi fərziyə, riyazi düstur və fəlsəfi mövzular kimi deyildir; zaman axınında itməz və yenidən kəşf edilməzlər. Qur᾽ani-kərim, mö᾽təbər hədislər və tarixi həqiqətlər əsla dəyişməz! Əlbəttə, hər kəs sahib olduğu inancın mənbələrindən faydalanar. Mən də, Qur᾽ani-kərim, mö᾽təbər hədislər, tarixi həqiqətlər və elm əhlinin dəyərli araşdırmalarından istifadə edərək, faydalanmışam.

Bə᾽zi sadə şəxslərin fikrincə, bu cür kitablar fitnə və ayrılığa səbəb olur. Buna görə də, yazılmamasının lüzumlu olduğu iddiasını irəli sürürlər. Buna da cavab olaraq söyləmək olar ki, biz də dini təqvaya sahibik. Elm, məntiq və ədəbdən kənarlaşaraq, qələm sahiblərinin iftiralar yazması qəbahətli, səhv bir iş və qəbulu da mümkünsüzdür.

Əlbəttə, biz bə᾽ziləri narahat olmasın deyə, elmi və məntiqi bəhsləri bir kənara qoyub, irəli sürülən ittham və iftiralara qarşı susmağı da doğru bilmirik. Bunun şiə aləminə böyük bir zərər verəcəyi qənaətindəyik. Çünki tarixdə müşahidə olunduğu kimi, biz nə qədər susmağa üstünlük verərək həqiqətləri dilə gətirməmişiksə, bə᾽zi kəslər də bir o qədər cəsarətlənərək elm, ədəb, din və mədəniyyəti bir kənara qoymuş, xəyanətkar dil və qələmləri ilə şiə müsəlmanlarını təhqir etmişlər. Onlarla hər nə qədər dost olduqsa da, düşüncələrini, şəriətdən kənar davranışlarını, bə᾽zi yazarlarının müqəddəslərimizə qarşı etdikləri küfr, təkfir və iftiralarını görməməzliyə qoyduqsa belə, yenə də onlar zərrə qədər də dəyişmədilər, hətta daha da arsızlaşdılar. Fürsət tapdıqca hücuma keçərək, xalqa bizləri kafir və müşrik kimi tanıtdırdılar.

Bütün bunlara baxmayaraq, dostluq və nəzakət kölgəsinə sığınaraq cavab verməmək, insanın vəzifəsini yerinə yetirməmək mə᾽nasındadır. Elə başa düşülməsin ki, mən müsəlmanlar arasında fitnə yaratmaq istəyirəm. Mən Qur᾽an ayələri, Peyğəmbərin (s) əmrləri və mə᾽sum Əhli-beytin (ə) tövsiyələri baxımından müsəlmanların birlik və bərabərliyini istəyirəm. Çünki İslam ümmətinin səadəti, əzəməti müsəlmanların birliyindədir. Əlbəttə, sözügedən birliyin reallaşması, müsəlmanlar arasında dostluq və qardaşlıq münasibətlərinin tə᾽min olunması üçün hər iki tərəfin buna riayət etməsi lazımdır.

Birlik və bərabərlik üçün həqiqətlərə göz yummaq və anlaşılmamazlıqlara qarşı səssiz dayanmaq, susmaq olmaz; bu cür görməməzlik, bizim əleyhimizə tamamlanır.

Mən qət᾽i olaraq əhli-sünnət qardaşlar ilə dostluq və səmimiyyət münasibətlərinin, eləcə də İslam firqələri arasında gözəl əlaqələrin qurulması və anlayışın hakim olmasını istəyirəm. İslam və müsəlmanların islahı bundadır. Lakin əhli-sünnət qardaş və alimləri də bu dostluğa inanmalı, birlik və bərabərlik üçün hərəkət etməlidirlər. Əks təqdirdə, birtərəfli dostluq davamlı və uzun müddətli olmayacaqdır. Bu birtərəfli dostluq riya səbəbiylədir. Hər zaman, xüsusilə də günümüzdə bə᾽zi həyasız yazarlar, sünni adı altında bir qrup kitab və məqalələr qələmə almış, inanclarımıza hücum etmiş və insanları bu mövzuda aldatmağa çalışmışlar. Maraqlısı da budur ki, bütün bu söyüş, xəyanət və iftiralara baxmayaraq, özlərini haqq sahibi görürlər. Onlara qarşı şiələrdən biri öz haqqlarını qorumaq məqsədilə cavab verməyə mübarizəyə qalxdıqda isə, ona hücum edərək, iftira və yalanlarla ləkələməyə çalışırlar. Halbuki, söyüş acizlərin işidir. Onlar buna riayət edərkən, şübhəsiz biz də susur və xətalarını göməməzliyə vururuq. Əhməd Əmin, Qasım, Məhəmməd Sabit, Kürd Əli və Musa Carullah kimi şiə məzhəbinin müqəddəslərinə hücum edən kəslər, Misirdəki «Əl-Əzhər» Universiteti, Dəməşq, Bağdad və digər yerlərdəki elmi mərkəzlər tərəfindən rədd edilir. Əslində, yandırılması zəruri olan kitab və məqalələr dərc olunmazsa, biz də böyük bir dostluq şəraitində onlara qardaşlıq əlimizi uzadar, aradan gedən əzəmətimizi yenidən qazanmaq üçün böyük bir vəhdət əldə edə bilərik.

Lakin həyasız yazarlar və gizli əllər, davamlı şəkildə özlərini sünni olaraq tanıtdırır, bu birlik və səmimiyyətin bərpa olunmasına mane olur, öz zəhərli qələmləriylə müsəlmanların qəlbinə nifaq toxumları səpirlər. Bizə qarşı edilən bu qədər küfr, təkfir və xəyanətlər müqabilində susmağımız və cavab verməməyimiz necə tələb oluna bilər?!

İnsanlar arasında təxribat salanların pis bir əməl sahibi olduğunu söyləyənlər, cılız yazarların məqalə və kitablarına baxmışlarmı? Əgər bir anlıq belə bu məqalə və kitablara nəzər yetirsələr, bu satılmış qələm sahiblərinin, təxribatçıların, əslində kim olduğunu açıq-aydın bir şəkildə müşahidə edə bilərlər.

Son zamanlarda yazılan şiə kitablarına baxsanız, yazılanların yalnız özünümüdafiə xarakterli mövzular olduğunu aydın şəkildə görə bilərsiniz. Heç bir ağıl sahibi bu qədər iftira və küfrlər qarşısında səssiz qalmağı tövsiyyə etməz. Mən də təbliğ məqamına gəldiyim andan e᾽tibarən, İslam müqəddəslərini müdafiə etməyə və düşmənlərin hər növ hücumlarına qarşı mübarizə aparmağa çalışdım. Çünki xurafat və nəfsani arzularla mübarizənin çox çətin olduğunu bilirəm. Adətlər ilə aparılan mübarizə düşmənçilik yaradır. Bu səbəbdən, böyük hidayətçilər də azğın ümmətləri ifrat və təfritdən qorumağa çalışdıqda, davamlı olaraq cahillərin hücum və təzyiqlərinə mə᾽ruz qalmış və müxalif qüvvələrlə qarşılaşmışlar.

Peyğəmbərlərin və dəyərli vəsilərinin həyatları, insanın ağlını heyrətə gətirəcək düşmənçiliklərlə doludur. Onların düşmənləri hər cür çirkin davranışlara, iftirlara əl atmışlar. Biz də peyğəmbərlərin ardıcıllarıyıq. Daha doğrusu, şiddətli hücumlara mə᾽ruz qalacağımız əvvəlcədən bəllidir. Hər cür çətinliklər qarşısında səbr etməliyik ki, tabe olduğumuz ilahi insanlar ilə məhşur ola bilib, böyük bir savaba nail olaq. İnşallah.

Allaha şükürlər olsun ki, indiyə qədər bu yolda böyük fədakarlıqlar göstərdim. Daxili və xarici düşmənlər mənə qarşı çıxaraq, bir çox iftiralara əl atdılar, töhmət vurdular, müxtəlif yollarla məni təhdit etdilər. Mən isə, bu hücumlar qarşısında özümü müdafiə də etmədim. Bu mövzuda səbr etdim, məcbur qaldım, imanım daha da artdı. Davamlı olaraq böyük dini şəxsiyyətlərin tarixini, həyatını göz önümdə canlandırdım və yeganə hökmün Allahın hökmü olduğunu söylədim.


Ayrıla bilmərəm haqqın hökmlərindən,

Ensə də başıma qılıncı düşmənin!
Bütün bu iftira və yalanlara qarşı məni qoruyan, insanlar arasındakı məhəbbət və hörmətimi artıran Allaha şükürlər olsun. Həqiqətən də kim Allah üçün olarsa, Allah da onun üçün olar. İnsanlar heç bir zaman haqq və həqiqəti ortadan qaldırmaz!
O zaman yəhudilər onlara yalan və iftira atdılar

O, pakizə İsa bin Məryəmə .

Mən kiməm ki, bu dünyada mənə yalan qoşulmasınlar?

Nə günəşəm, nə də ki, ayam.
Həzrət İsanın (ə) əziz anası həzrət Məryəmi zina etməkdə, onlarla peyğəmbərləri sehirbazlıq və divanəlikdə (ruhi xəstəlik) ittiham etdilər. Onlar bütün bunlara baxmayaraq, süsləşmədilər, ümidsizliyə qapılmadılar və nəticədə, həyatları bizlər üçün ibrət dərsi oldu. Beləliklə, bizim də iftira və küfr qarşısından qaçmamağımızı, inanclarımızda daha da sabit və güclü olmağımızı tə᾽min etdilər.

Din düşmənlərinin bütün bu çirkin sə᾽ylərinə baxmayaraq, böyük dini şəxsiyyətlərin adına ləkə gətirə və onların məhəbbətini xalqın qəlbindən çıxara bilmədilər. Müaviyə kimi bir insan bütün var gücüylə həzrət Əlinin (ə) adını pisə çıxarmaq məqsədilə hansı iftiralara əl atmadı? həzrət Əlinin (ə) namaz qılmadığını, məqam düşkünü olduğunu, Mədinədə fitnə saldığını, Osmanın qətlinə səbəbkar olduğunu iddia etdi. İnsanları imam Əliyə (ə) lə᾽nət etməyə təşviq etdi. 80 il ərzində ardıcıl olaraq minbərlərdə həzrət Əliyə (ə) lə᾽nət edildi. Xaricilər və nasibilər bu çirkin əməli günümüzə qədər də davam etdirirlər. Onlar hər nə qədər imam Əlinin (ə) adını pisləməyə çalışdılarsa da, bunun tam əksi gerçəkləşdi. Öz adları tarixdən silindi və tarixdə sadəcə nifrət edilən adlar qaldı. Haqq və batilin göstəricisi də budur!



Batil az bir müddət gəzər, durar,

Haqq isə sabit və qalıcıdır.
Belə ki, hal-hazırda Şama gedənlər böyük bir təəccüb hissi keçirirlər. Çünki Şam əhli onları o qədər sevdikləri halda, Üməyyə oğullarından heç birinin qəbri belə qalmamış, bütün izləri silinib getmişdir. Lakin həzrət Əli (ə) və övladlarının qəbirləri hər yerdə günəş kimi parlayır. Onların mübarək məzarları dünyanın dörd bir tərəfindən gələn insanların ziyarətgahına çevrilmişdir. Hətta Şamda belə Müaviyədən əsər olmadığı bir halda, Haşim oğullarının qəbirləri, xüsusilə də Haşim, Səkinə, Fatimə, Əbdullah, Cəfəri-Təyyar və hətta Bilali-Həbəşinin məzarı belə bütün əzəmətiylə qalmaqdadır. Xüsusilə də, Şamın bir fərsəx uzaqlığındakı həzrət Zeynəbin (ə) məzarı hər kəsin axın etdiyi bir ziyarətgah halına çevrilmişdir. Əməvi məscidinin yanında isə, imam Hüseynin (ə) qızı Rüqəyyənin məzarı vardır. Deyilənlərə görə, Rüqəyyə əsirlik anında Şam xarabasında dünyadan köçdü və elə orada da dəfn olundu. Oradan keçən şiə və sünni hər bir müsəlman o həzrətə sevgi və ehtiram göstərir, Peyğəmbərin (s) nəvəsi olan Rüqəyyənin əzəmətli ruhuna təvəssül edirlər.

Hal-hazırda da o qövmün ardıcılları bütün bunlardan ibrət almaq əvəzinə, əcnəbilərin himayədarlığı ilə İslam düşmənlərinə alət olurlar.

Bə᾽zən həzrət Əli (ə) və Əhli-beytə hücum edir, bə᾽zən də Peyğəmbər (s) kimi Əhli-beyti müdafiə etdiyi üçün şiə alimlərinə iftira yağdırırlar. Tənə vuraraq, kimini əmanətsizlik, dinsizlik, kimini də əxlaqsızlıqda ittiham edirlər. Beləcə, cəmiyyətin onlara inanmasına, e᾽tibar etməsinə mane olmağa və sözlərinin qəlblərə tə᾽sir etməsinin qarşısını almağa çalışırlar. Xalqı cahilliyə sürükləyərək, düşmənlərin hakimiyyətini tə᾽min etmək istəyirlər. Halbuki, peyğəmbərlərə və vəsilərinə atdıqları iftiralar da tə᾽sirsiz olmuşdur. Şahidi olduğumuz kimi, o həzrətlərin cəmiyyətdəki sevgisi günbəgün artmaqdadır.

İslam düşmənləri bunu bilməlidirlər ki, bir insan Allah üçün oldusa, Allah da onun üçün olur. Bu səbəbdən, Allah-təala «Tövbə» surəsinin 32-ci ayəsində belə buyurur: «Allahın nurunu ağızlarıyla söndürmək istəyərlər. Kafirlər istəməsə , Allah nurunu mütləq tamamlayacaqdır».


Allahın yandırdığı atəşi

Cahil üfürərsə, saqqalı yanar.
Xülasə, küfr və iftira, inadkar və sərmayəsiz insanların adətidir. Əgər bu iftira və yalanlar şəxsi olarsa, səbr edilə və görülməməzliyə qoyula bilinər. Lakin burada susmaq, süstlük və acizlikdir.

Bu iş eynən döyüşən iki nəfərdən birinin əlinə qılıncı verib, digərinə də səbr etməyi tövsiyə etmək kimidir. Burada susmaq acizlik əlamətidir ki, başqalarının da haqdan azmasına səbəb olur. Daha doğrusu, haramdır. Bu səbəbdən bir hədisdə Peyğəmbər (s) belə buyurmuşdur: «Ümmətimin içərisində bid᾽ətlər meydana çıxdıqda, alim elmini ortaya qoymalıdır; kim bunu etməzsə, Allahın lə᾽nəti olsun ona»1.

Əlbəttə, şəxsi xüsuslarda səbr etmək lazımdır; lakin ümumi xüsuslarda susmaq caiz deyildir. Əhli-beytdə (ə) Yezid və Müaviyə kimi əsil-nəcabətsizlərə təslim olmamış, zülm və təzyiqləri qarşısında müqavimət göstərərək, belə buyurmuşlar: «İzzətli ölüm, zillətli yaşamaqdan daha üstündür».

İnsanın, özünümüdafiə gücünə sahib olduğu halda və bu mövzuda heç bir maneə yox ikən susması, zalıma yardım etməsi deməkdir. Əlbəttə, burada belə sual edilə bilər: Bundan otuz il əvvəl əhli-sünnət ilə etdiyiniz bir mübahisəni bu gün dərc etdirməyə nə ehtiyac vardır?

Əvvəla deməliyəm ki, mən şöhrət düşkünü deyiləm; şöhrətin yıxıcı afətlərindən bütünlüklə xəbərdaram. İndiyə qədər fərqli mövzularda otuzdan artıq kitab yazdım və əsla özümü nümayiş etdirməyə çalışmadım. Lakin hal-hazırda bir qrup səbəblər üzündən bu kitabı nəşr etmək istədim. Fasiq, xain və satılmış qələmlər meydanı boş gördükdə, istədiyi hər şeyi yazdılar və söylədilər:

Parlaqə nurlu günəş gizlənincə

Yarasalar çıxar, oyun səhnəsinə.

Xüsusən də, Misirdə gizli əllər bir qrup kitab və məqalələr ilə mə᾽lumatsız, elmsiz insanları çaşqınlığa salmış, şiələrin kafir və rafizi olduğunu ifadə etmişlər. Xain olduğunu söyləyə bilməyəcəyim bir qrup qələm əhli keçmişlərinə bağlanaraq, açıq-aydın iftira dolu kitablar yazmış («Əs-sünnə vəş-şiə»), əsərlər nəşr etdirmiş və şiə aləminə zərbə vurmuşlar…

Burada söyləniləcək bir çox şeylər vardır. Əgər qələmi sərbəst buraxıb, İslamın elmi, əməli və ictimai mövzularına baş vursam, bu ön söz də İbni Xəldunun ön sözü kimi uzanar və başdan-başa bir kitab olar.

Son olaraq, hörmətli gənclərə bunları tövsiyə edirəm: özünüzü şəxslərə qul, kölə etməyin, hər sözə inanmayın, hər çağırışa yönəlməyin, haqq şiə məzhəbi haqqında bir şübhə ortaya atıldıqda, həmin an elm əhli olan insanlarla yaxınlaşıb, zəlalətə düşməkdən qurtulmağa çalışın. Din satıcıları sizi aldatmasın. Onlar azadlığınızı qəsb etməklə, sizdən faydalanmaq istəyirlər. Bu səbəbdən, batil sözləri haqq kimi göstərir, sizləri dindar insanlara qarşı pis rəftara yönəltməyə və aranıza fitnə-fəsad salmağa çalışırlar. Dində islahat və xurafatlara mane olmaq adı altında, sizi dindən uzaqlaşdırmaq istəyirlər. Sizi bir-birinizə qarşı qoyaraq, düşmənlərinizin hakimiyyətini tə᾽min edirlər. Çünki bizi birləşdirən yeganə güc, dindir. İslam düşmənləri də bu yoldan daxil olaraq, müsəlmanları bir-birindən ayırmağa və onları imperialistlərə təslim etməyə çalışırlar.



İnsan üzlü bir sürü İblis vardır,

Bu halda, hər əli sıxmamaq lazımdır.

Batil əhli davamlı surətdə haqq görünməyə çalışır və bu yolla xalqı aldatmaq üçün sə᾽y göstərirlər. Ayıq və mə᾽lumatlı insanlar ağıl, elm və məntiq silahıyla batil pərdələri yırtmalı, özlərini zəlalət çuxurundan xilas etməlidirlər.



Mən sadəcə təbliğ edirəm,

İstər ibrət al, istər üz çevir.

Peyğəmbərin (s) «Qullara təşəkkür etməyən, Yaradana şükr etməz» buyurduğu kimi, bu kitabın hasil olmasında əməyi olanlara təşəkkür etməyi özümə borc bilirəm. Bilavasitə özləri məndən adlarının yazılmamasını istədikləri üçün mən də adlarını zikr etmirəm. Onlar həqiqətdə vilayət məqamıyla mübadilə etmiş və Allahdan savab diləmişlər. Uca Allahdan onlara əbədi səadət verməsini, dünyada bərəkətli həyat sürmələrini, axirətdə də Əhli-beyt ilə məhşur olmalarını diləyirəm. Allah onların bu əməlini qəbul və uxrəvi sərmayələrindən etsin.

Bəndəniz fani qul - Məhəmməd Musəvi (Sultanul-Vaizin Şirazi).


Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin