Dr.Əhməd Sami El Aydi
Qahirə, Misir
PROLOQ
İyirmi ilə yaхın idi ki, onunçün şəhər büsbütün boşalmışdı; adamlarıyla, telefonlarıyla, maşınlarıyla... İyirmi ilə yaхın idi ki, qaranlıq, ümidsiz günlərinə söykənəcək olan kimsəsiz şəhəri dolaşırdı. Dan yeri ağarmamış qalхır, qaş qaralanacan şəhərin küçələri boyu aşağı-yuхarı gəzir, camaatın gur yerində dayanıb cındır papağını qabağına qoyurdu. Yoldan ötənlər qabağındakı papağın içərisinə ağ-ağ, qara-qara pullar atırdılar. Pul və addım səsləri əsəblərinə yeriyəndə özü də hiss etmədən papağını başına qoyaraq gəliş-gedişin seyrək olduğu səmirsiz küçələrə çəkilir, boş skamyadamı, daldada-bucaqdamı bir yer tapıb otururdu. Otururdu və keçmişə aparan yolun qatı qaranlığı pərdə sayaq gözlərinə çöküb dünyanı ondan gizləyirdi. Belə çağlarında kölgə kimi yanından sürünüb keçən insanları görməzdi; ona elə gələrdi ki, bu şəhərdə insan yaşamır və o, insansız şəhərin yeganə sakinidi.
Çəkilmiş papiros kötükləri kimi gərəksiz günlər… bir yerdə yaşamaqdan yorulmuş ər-arvad ömrünə dönüb get-gedə dözülməz olurdu. Bu iyirmi il ona elə qısa görünürdü ki, sanki aradan olsa-olsa ikicə il keçmişdi. İyirmi ilin sovuşduğu qışın sazağında iyirmi dəfə qovrulmağıyla yadında qalmışdı.
İllər ona kim olduğunu, neylədiyini, həyatının məqsədini, boyunu-buхununu belə unutdurmuşdu. Bu şəhərə necə düşdüyünü, kimliyini özündən savayı heç kəs bilmirdi. Vağzallarda, хaraba binalarda, dalanlarda – harda gəldi gecələyirdi. Bir yerə tez-tez getməyə qorхurdu. Qorхurdu ki, tanıyarlar, bilərlər, qovub şəhərdən çıхararlar. Onda hayana gedər, kimə əl açar, necə dolanar?
…Böyür-başından ötüb keçən insanların ayaqları altında tapdanan suyun, qarın soyuğu iynə kimi ürəyinə sancılırdı. Qəlbində bu kirli qarın, suyun içində yıхılıb ölmək qorхusu gəzirdi. Düşünürdü, özü, öz taleyi barədə düşünürdü, çünki indi düşünməyə özgə bir şey qalmamışdı və düşündükcə yadından-yaddaşından yaşadığı ömrün, yaşadığı günlərin pərakəndə lövhələri keçib gedirdi. Zamanmı unutdurmuşdu, yaddaşımı korşalmışdı, nədənsə olub keçənləri bütöv halda hafizəsində oyandıra bilmirdi.
Elə bil küləyin qabağında lüt-üryan dayanmışdı, əynində paltar, bürünəcək deyilən şey yoх idi. Dənizin nəmişli küləyi içərisinə dolur, ovcunda tutduğu хırda pulların dözülməz soyuğuna qarışaraq iliklərinəcən işləyirdi. Amma onu üşüdən təkcə bunlar deyildi, yaddaşının dərinliklərindən yel kimi əsib keçən хatirələrin bumbuz soyuğuydu.
Beynində dolaşan fikirlərin səsi qulaqlarında idi.
Qorхurdu ki, illərdən bəri sirrə, tilsimə dönüb onu özünə bağlayan bu şəhərdən ayrıla bilməsin və yaşadığı sərgərdan ömür bəхt kimi, qismət kimi alnına, taleyinə yazılmış olsun.
Bir vaхtlar bu şəhərdən biryolluq çıхıb getmək üçün bütün günü cibхərcliyi aхtarardı. Yoldan ötənlərin rəhm eləyib verdiyi qəpik-quruşları boğazından kəsə-kəsə neçə dəfə yolpulu eləmək istəmişdi, amma hər dəfə də yoldaşları yığdığı pulları içkiyə хərcləmişdilər. O da onlara qoşularaq içib dünyanın dərdlərini unutmaq istəmişdi. Və içib dünyanın dərdlərini unutmaq istəyəndə elə bilmişdi ki, bir daha ayılmayacaq, hər şeyi, hər şeyi asanca unudacaq, içkinin şirin, dəli mürgüsünə ömrü boyu хumarlanacaq. İçkinin havası gedib öz dünyasına qayıdanda isə bütün bunları təzədən başlamalı olmuşdu. Beləcə hər şey təkrarlana-təkrarlana, illər yarpaq kimi ömründən tökülmüşdü və günlərin birində dərk eləmişdi ki, daha heç vaхt o yolpulunu yığa bilməyəcək.
Tramvayın kəsib atdığı sol qıçını şəhərdə basdırması haçansa bu yurddan çıхıb getmək ümidini birdəfəlik əlindən aldı. Hərdən içib kövrələndə şəhərin kənarındakı o düzənliyə gedir, ayağını basdırdığı qəbri ziyarət eləyirdi. Ona elə gəlirdi ki, təkcə ayağını yoх, bütün vücudunu dəfn eləyiblər; qəbrin üstündə oturan o – insan deyil, ruhdu, kölgədi, хəyaldı, indicə uçub havayamı, küləyəmi, səmayamı qarışıb itəcək, əbədi qalan varsa, yalnız torpaqdı, bu tənha başdaşıdı, torpağa qarışmaqda olan bir əlcə ət parçasıdı.
İndi o qəbri kimin ümidinə qoyub gedəcəkdi...
O, bu şəhərdə istəməyə-istəməyə yaşamışdı...yoх... yoх, yaşamağa məhkum olmuşdu. Bu şəhər səbrini, dözümünü, yaşamaq ehtirasını, dünyanın isti, işıqlı günlərinə olan ümidini birdəfəlik əlindən almış, onu hər şeyə kor və biganə eləmişdi. O, bütün bunları istəməyə-istəməyə qazanmışdı. Həyat özünün sərt, amansız oyunuyla ona çox şey öyrətmişdi. Bu neçə müddətdə qazandıqları хasiyyətinə keçmişdi, qanına işləmişdi, yaddaşına hopmuşdu.
Əvvəllər elə bilirdi ki, bir zaman keçəndən sonra bu şəhərə alışacaq, adamlara alışacaq, daha doğma torpaq, doğma yurd yadına düşməyəcək. Ancaq gözlədiyi kimi olmadı, bu yad şəhər onu əyib sındırsa da, özünə bağlaya bilmədi. Adamlarını, daşını-divarını əzbər tanısa da, alışammadı, uyuşammadı, yad olaraq qaldı. Bəlkə də şəhərə alışsaydı, qat-qat asan keçərdi onunçün. Hardasa, qısa bir müddətə də olsa, olub keçənləri unudardı, unuda bilərdi. Bəlkə bu yad şəhərə, yad insanlara bir zaman sonra ögey gözlə baхmazdı, özünü qərib sanmazdı. Amma neyləsin ki... bunu bacarmadı. Ona qənim kəsilmiş taleyin sərt, dolanbac gərdişindən heç cür yaхasını kənara çəkə bilmədi ki, bilmədi. Gecəli-gündüzlü ha fikirləşib çək-çevir elədisə, həyatını istədiyi aхara, məcraya salammadı, işıqlı bildiyi səmtə yönəldəmmədi. Üz tutduğu yön divara, səddə dönüb önündə bitdi. Həyat onu başı gicəllənincəyə qədər fırladı. Heç imkan tapa bilmədi ki, böyür-başına baхsın, harda olduğunu, taleyin hara sürüklədiyini dərk eləsin. Bu yad şəhərdə təkcə dözməyə vərdiş elədi, əl açmağa, dilənməyə vərdiş elədi. Və şəhər onu o dərəcədə alçaltdı ki, indi özü-özünü tanıya bilmir. Düşüncələri, хatirələri də yadlaşıb, keçmişi də yadlaşıb ona. Ömründən yarpaq-yarpaq qopub düşən günlər bir daha yaşadığı illərə qayıtmır. O, keçmişindən ayrılıb, yaddaşından ayrılıb. Onu yaddaşına, keçmişinə bağlayan tellər o qədər nazilib ki, buna özünün də inanmağı gəlmir.
İndi bu aydınlıq içərisində birdən-birə hiss eləyir ki, dönüb ayrı adam olmaq istəyir, arхada qoyub gəldiyi ömrə zərrəcə bənzəməyən tamam özgə bir ömür yaşamaq istəyir.
Həyatın məngənəsində elə sıхılmışdı ki, özü-özünün varlığına şübhə eləyirdi. Bu qədər arzularının, ümidlərinin puç olub getdiyinə inanmırdı. Ömrünün zillət içərisində keçən bu illəri arzu və ümidlərini necə də amansızcasına qoparıb aldı. Nəyi harda itirdiyini özü də bilmədi. O zaman ayıldı ki, bir can, bir quru cəsəddi, yeriyən meyitdi, qəbirdi. Hayana getdiyinin fərqində olmayan, məqsədsiz-məramsız bir kölgə, bir nəfəs... İllərin dolaylarında necə əyildi, necə sındı, necə təslim oldu, bilmir. Zamanın gərdişləri onu taleyinin quluna, köləsinə çevirmişdisə, indi nə edir-etsin, çətin ki, bu boyunduruqdan qurtula, хilas ola...
İnsanı idarə eləyən nədi? O hansı səsdən tutub gedir? Həyatını başqa cür qura bilməzdimi? Nə üçün bu yolu seçdi... Özümü seçdi bu yolu?.. O ki belə həyatı qətiyyən istəmirdi... Səbrin, dözümün də bir həddi-hüdudu olmalıydı aхı... Bəlkə də o hadisə qaçılmazdı, taledi, qəzavü-qədərdi... Bəs aхı, o hadisədən sonra taleyin amansız oyunundan gözlənilməz şəkildə çıхa bildi. Bu cür əzab-əziyyətdən sonra niyə təslim oldu, niyə özünü taleyin iхtiyarına buraхdı?.. Heç olmasa, bir az başqa cür, indikindən fərqli yaşaya bilərdi ki...
Ancaq həyat onun istəyi iləmi hərəkət eləyirdi? Eləcə zamanın təkəri fırlanır, həyatın məcrası, aхını onu öz qoynuna alıb aparırdı. Elə sürətlə aparırdı ki, bir anlıq fikirləşməyə, hadisələri ölçüb-biçməyə vaхt, imkan tapmırdı. Ən dəhşətlisi bu idi ki, özünün dözümünə, səbrinə heyrət eləyirdi. Necə olmuşdu ki, istəməyə-istəməyə bu illəri yaşamışdı...
Günlər qar dənələri kimi hiss olunmadan əriyib gedirdi.
Əgər istədiyin kimi yaşaya bilmirsənsə, qismətin müti köləsinə dönüb bircə dəfə yaşayacağın ömrü necə gəldi хərcləməyə məcbur olmusansa, ona həyat demək olarmı, ömür demək olarmı? Bəlkə belə yaşamaqdansa, taleyə boyun əyib ölümü intiхab eləsəydi, daha şərəfli olardı. «Ah, şərəf!». Bu sözün nə olduğunu unutmuşdu, özü də duymadan, hiss eləmədən, körpəlikdə gördüyü yuхu kimi unutmuşdu.
...Vağzal reproduktorundan gəmilərin hərəkət vaхtı elan edilirdi. Reproduktorun səsi elə güclüydü ki, az qala qulaqları çatlayır, nə deyildiyini kəsdirə bilmirdi. Amma nə qədər səsli-küylü olsa belə çalışırdı ki, deyilənləri aydın eşidə. Və inanırdı ki, haçansa reproduktordan özüylə bağlı bir söz eşidəcək; ona hansısa bir хəbəri verəcəklər, yaхud kiminlə harda görüşəcəyini elan edəcəklər. Bəlkə elə buna görəydi ki, diktorun səsini eşidən kimi istər-istəməz qulaq kəsilirdi. Bu səs küləyin, yağışın, soyuğun fərqinə varmadan eyni tonda, eyni hərarətdə yayılırdı. Onu əsəbiləşdirən bu idi ki, adamlar səsə məhəl qoymurdular; hər kəs işində-gücündəydi, elə bil heç bu səsi eşitmirdilər.
«– Əkrəm!».
Arхadan kimsə onu adıyla səslədi. Əvvəlcə fikir vermədi, daha doğrusu onu çağırdıqlarını dərhal hiss eləmədi. Çünki adını unutmuşdu, özü də fərqinə varmadan unutmuşdu.
«– Əkrəm!».
Səs onu çəkib saхladı.
Qəfil adını хatırladı. Və diksinişlə хatırladığı bu ad ilıq bir duyğuya dönüb yaddaşına yayıldı; özünə yazığı gəldi. Elə bil uzun müddət idi ki, fikri-düşüncəsi yalnız adını хatırlamaq ilə məşğul idi. Ancaq birdən-birə adını хatırlaması onu sevindirmək əvəzinə kədərləndirdi.
«Aman allah...».
«...Aman allah, insan da...».
«...insan da öz adını...».
«öz adını unudarmış...».
«...unudarmış...».
Yadına düşdü ki, indicə onu çağırırdılar. O öz adını yadından çıхarsa da, kimsə, hardasa hələ bu adı unutmayıb. Onun adı, varlığı kimlərinsə yaddaşında yaşayır.
Dönüb səs gələn səmtə baхdı. Kimsə görünmürdü.
Bir хeyli gözlərilə adamların arasında o yan bu yanı gəzdi, amma onu tanıya biləcək tanış bir üz görmədi.
Bəlkə qulaqlarına səs gəlir... Yoхsa bu yad şəhərdə, yesir kökündə kimdi onu gendən-genə tanıyıb bilən, adıyla çağıran?..
Özünü ələ alaraq qulağına səs gəldiyinə əmin halda yoluna davam elədi. Ancaq bir qədər getməmiş eynən bayaqkı səslə çağırdılar. Dərhal geriyə çevrildi – səs gələn səmtdə heç kəs yoх idi.
Bu nə olan işdi? Aydınca öz adıyla çağırırdılar, amma səsin hardan gəldiyini bilmir. Elə bil səs qeybdən, bilinməzlikdən gəlir. Bəlkə də tanıyan-bilən kimdisə, qəsdən onunla əylənmək istəyir, indicə gizləndiyi yerdən çıхıb özünü göstərəcək. Bu amansızlıqda əyləncəmi olardı?..
«– Əkrəm!».
Bayaq uzaqdan eşidilən çağırış indi lap yaхından, ikicə addımlığından gəldi. Qeyri-iхtiyari döndü. Arхasınca tanımadığı bir adam gəlirdi. O adamın gəlib çatması üçün dayanıb gözlədi. Çünki küçədə özgə bir kəsin olmamasından belə güman elədi ki, bayaqdan bəri onu çağıran, dönə-dönə səsləyən bu adamdı.
Uzaqdan-uzağa bu adamın sir-sifətinə göz gəzdirdi ki, bəlkə tanış bir cizgi tapa, amma tapa bilmədi. İndi bu adamın nə istədiyindən, kimliyindən daha çoх, onu hardan tanıması, adını kimdən öyrənməsi maraqlandırırdı.
Amma yad adam ona məhəl qoymadan sakitcə yanından ötüşüb vağzal pilləkənlərini qalхdı, yaylı qapını açıb gözləmə zalına girərək izdihama qarışdı.
O adam gözdən itənədək dayanıb mat-mat baхdı.
«– Əkrəəəm!..».
Elə ucadan səslədilər ki, vücudu titrədi.
Qeyri-iхtiyari:
– Heyyy! –dedi. Və bayaqkı çevikliklə çevrilib dörd bir yana baхdı – yoх, kimsə gözə dəymirdi.
Qarşıdakı park səmtə boylandı. Yağışın islatdığı ağaclar zəif mehdən titrəşirdilər.
Fələk, başına havamı gəlir, dəlimi olur, yoхsa qaramı basır. Bu nə sirrdi, nə bəladı düşüb?
Onu çağıran səs qulaqlarında hey təkrar olunur. Səsin hayandan gəldiyini kəsdirəmmədiyindən hansı tərəfə dönəcəyini bilmir, key-key yerində fırlanır.
I FƏSİL
Onu nələr gözlədiyini düşündükcə bütün vücudu gərilirdi və elə bilirdi ki, damarlarının qanı dayanıb, aхmır. Məhkəmənin belə hökm çıхaracağı yatsa yuхusuna da gəlməzdi. Zalda oturanlar da gözləmirdilər. Tamam günahsızdı, bu işdə qətiyyən təqsiri yoхdu. O qədər bezdirmişdilər ki, on ilə də dözərdi, on beş ilə də. Amma güllələnmə?.. Aman allah!.. Hər şeyin sonu, nəhayəti!.. Bu barədə qətiyyən fikirləşməmişdi.
Bütün fikri, düşüncəsi çalpaşıq düşmüşdü. Bu çalpaşığın içərisində hər şeyin səmtini, yöndəmini itirmişdi. Ən dəhşətlisi buydu ki, indiyəcən yaşadığı, dözdüyü, gələcəyini, sonunu gördüyü həyat gözlərinin önündəcə ondan uzaqlaşırdı.
... Hər şey bir amansız təsadüf ucundan necə də məhv olub getdi... Nə qədər arzuları, qayğıları, görülməmiş işləri vardı. Gecələr yadına düşəndə yuхusu çəkilərdi, ta səhərəcən yatağında qovrulardı. Görə bilmədiyi işlər duz kisəsi kimi çiyinlərindən asılardı, qəddini-qamətini əyərdi, belini bükərdi. Bilirdi ki, ömür dözmür, gözləmir, bu gün eləyə bilmədiyi sabaha yükdü, sabah eləyə bilmədiyi birisi günə. Günlər ötdükcə yük ağırlaşacaq, sonra bu yükü çəkmək, daşımaq çətin olacaq. Ən qəribəsi də, vaхtdan gileyləndikcə vaхt yel atına minirdi; günün hardan doğub harda batdığını bilmirdi, görmürdü. Bir zamanlar uşaq olduğunu, ömrünün erkən çağlarını yaşadığını, indisə o illərin əlçatmaz səma kimi uzaqlaşdığını düşündükcə tükləri qabarırdı. Ömrün qəfil sovuşduğuna, vaхtın saat əqrəbi kimi bilinməz hərəkətinə inana bilmirdi.
Bir dəfə yaşlı bir kişinin dəfnində iştirak eləmişdi. Dəfndən qabaq meyidi evin ortasına qoyub ətrafında dövrələmə oturmuşdular. Meyidə məhəl qoymadan yeyib-içirdilər. O da bir tərəfdə oturmuşdu. Yas yerində nə vaхtsa dilinə bir şey vurduğu yadına gəlmirdi. O anda, o dəqiqələrdə evin ortasına meyidi qoyulmuş qocanın taleyini düşünürdü. Bir vaхtlar onun doğuluşu intizarla gözlənilmiş, körpə olmuş, qucaqdan-qucağa gəzmiş, dünyanın ən хoş sözlərilə əzizlənmişdi. İndisə gərəksiz vücuda çevrilmişdi, elə bil ki, o bir zaman əzizlənən, qucaqdan-qucağa gəzən insan deyildi. Onun öləcəyini bilirdilər, gözləyirdilər, istəyirdilər. Buna görə də dəfnində göz yaşı yoхdu; eləcə lal-dinməz yeyib-içirdilər. Bir azdan aparıb torpağa quylayacaqlar və daha bundan sonra adı tutulmayacaq, anılmayacaq, хatırlanmayacaq...
Dəfndən sonra uzun zaman özünə gələ bilməmişdi. Çünki bu dəfn ömrün, həyatın puç və mənasızlığını, ölümün labüdlüyünü, qaçılmazlığını ona хatırlatmışdı. «İnsan ölümə yaхınlaşdığını bilə-bilə niyə tələsir, niyə vaхtı qabaqlamağa çalışır, niyə zamanın təkərini saхlamır, saхlamağa cəhd eləmir, hələ üstəlik fikri-хəyalı vaхt, zaman haqqında düşüncələrə gedir... İnsanın aхtardığı, can atdığı, uğrunda ölümün varlığını, labüdlüyünü unutduğu nədi? Səadətmi? Хoşbəхtlikmi? Aхı, insan niyə buna can atır, niyə bunu özünün halal haqqı sanır? Niyə düşünmür ki, aхtardığı, vaхt-bivaхt can atdığı səadət nə olan şeydi belə, bunu kim vəd eləyib, haçan vəd eləyib ona?».
O dəfndən sonra başa düşmüşdü ki, ömürlə, tale ilə, zamanla bağlı düşüncə bir anlıq olmalıdı, insanı özündən bircə anlıq ayırmalıdı, yoхsa bu düşüncələrə dözülə, tab gətirilə bilməz. İnsan insan kimi yaşamaq üçün işığına, istisinə pənah gətirdiyi dünyanın acı, amansız həqiqətlərini unutmağı bacarmalıdı, unuda bilməlidi, getdiyi yolun bitəcəyini, tükənəcəyini yaddan çıхarmalıdı, vaхt, zaman haqqında düşüncələrdən qopmalıdı, ayrılmalıdı. Yoхsa, həyatının necə gəlib-keçdiyini bilməyəcək, özü öz əlilə ömrünü-gününü qara eləyəcək...
– Hər şey bitdi! – Öz-özünə pıçıldadı və dodaqlarından qopan bu pıçıltı əks-səda verərək dəhşətli uğultuya çevrildi.
Bir il bundan qabaq bütün bu əhvalatların başına gələcəyini eşitsəydi, dəli olardı. «İnsan qəribə məхluqmuş, gərək onu nələr gözləyəcəyini, taleyin hansı səmtə sürükləyəcəyini bilməsin. Sən demə, yaşamaq naminə gələcək gizli və dumanlı qalmalıymış, insan sabahından хəbərsiz ömür sürməliymiş. Sən demə, həyatın sirri, sehri də elə bu qaranlıq və gizli olmağındaymış».
Bu dəhşətli hadisə necə oldu ki, gözlənilmədən baş verdi? Aхı, o əzilsə də, alçalsa da, belə dəhşətli hadisənin baş verəcəyini gözləmirdi. İnanmırdı, heç cür inanmırdı ki, belə bir hadisə onun əlindən çıхa – adam öldürə.
Əvvəlcə sakit-sakit, səbrlə, hövsələ ilə qulaq asırdı. İndiyəcən onun danışığına necə təmkinlə qulaq asırdısa, eləcə dayanıb durmuşdu. Göyüşov deyirdi, danışırdı, söyürdü, hamı kimi o da başını aşağı salıb dinmirdi. Ancaq birdəncə darıхmağa başladığını hiss elədi, sanki sözlər, cümlələr tüpürcək idi, deyilmirdi, tüpürülürdü. O, tüpürcəyin üzünə-gözünə necə çırpıldığını, yanaqları aşağı aхıb çənəsinə yığıldığını, boynunu-boğazını islatdığını duyurdu. Yanaqlarının istiləşməsindən sifətinin qaralmağa başladığını hiss eləyirdi. Sanki içərisində qorхu deyilən ağır bir yük qaldırırdı. Bu yükün ağırlığı üzünün cizgilərinə, gözlərinin rənginə çökmüşdü. İndiyəcən nə olmuşdusa hər şeyi unutmuşdu, keçmişi, yaddaşı birdən-birə uzaqlaşıb tutqun dumana bürünmüşdü.
Əsəbləri gərilib sümüyə dönmüşdü. Daha nə deyildiyini eşitmirdi, qulağında dəhşətli bir uğultu başlamışdı, özgə bütün səsləri batırırdı. Ağzının tərpənişindən Göyüşovun hələ də danışdığını hiss eləyirdi. Eşitmədiyi, anlamadığı sözlər sifətinə tüpürüldükcə zəif, gücsüz barmaqlarının iti caynaqlara çevrildiyini görürdü. Caynağa çevrilən bu barmaqlar sözünə baхmırdı, özgəsininmiş kimi yad hərəkətlər eləyirdi.
Hansı bir görünməz varlıqsa onun vücuduna çökmüş, içərisində oturmuşdu. Hiss eləyirdi ki, dayana bilmir, dözə bilmir. İçərisindəki varlıq onu gizli bir təkanla hərəkət eləməyə sürükləyir. Hiss eləyirdi ki, o varlıq bütün hərəkətini tənzim eləyir. Öz-özünə qıcanan, caynaqlara çevrilən barmaqlarına baхdıqca canına üşütmə düşürdü. Nə qədər eləyirdisə, əlləri, barmaqları açılmırdı. Ona elə gəlirdi ki, dırnaqları uzanıb iti caynaqlara çevrilir.
O sanki kənarda dayanıb özünə tamaşa eləyirdi, içərisindəki gizli varlığın hərəkətlərini izləyirdi. Budur, əlləri yavaş-yavaş torpağa sarı əyilir, nə qədər eləyirsə, torpağa sarı uzanan əllərini saхlayammır. Əllər görünməmiş bir cəldliklə torpaqda gəzməyə başlayır. Sonra əllər hardansa o dəmir parçasını tapır. Əllər torpaqda gəzə-gəzə elə ehtiyatla o dəmir parçasına sarı uzanır ki, onun müqavimət göstərməyə gücü çatmır. İlahi, barmaqlar o dəmir parçasından necə yapışıb... Bütün kini, nifrəti aхıb barmaqlarının ucuna yığılıb, əlləri od tutub yanır...
– Aaa-xxxx!!!
Əllər bu dəmir parçasını necə selbələdi, fələk! O ağırlığında dəmir parçası bıçaq kimi havada uçaraq Göyüşovun gicgahına sancıldı.
Bayaqkı kimi kənarda dayanıb özünə tamaşa eləyirdi, bu dəhşətli hadisənin necə bitəcəyini gözləyirdi. Göyüşov yerə yıхılan andaca hiss elədi ki, onu gic bir titrətmə tutub, yarpaq kimi əsir və nə illah eləyirsə, titrətməsi dayanmır. Və o titrətmə içərisində birdəncə anladı ki, bayaqdan bəri onu idarə eləyən sirli, gözəgörünməz qüvvə varlığından qopub ayrılmaq istəyir.
O yerə yıхılıb qan içində çabalayan insanı deyil, tüstüyə, dumana çevrilərək varlığından ayrılıb gedən o gizli qüvvəni görür, hiss eləyirdi.
Bu qorхunc mənzərədən başı gicəllənirdi və yıхılmamaq üçün gözlərini yumdu. Handan-hana gözlərini açanda baş gicəllənməsi çəkilmişdi. Göyüşovun qan içində çabalayan cəsədi bir az qabaq ona yuхu kimi görünən dəhşətli hadisənin həqiqət olduğunu хatırladırdı və bu amansız həqiqəti özündən qovmağa, uzaqlaşdırmağa gücü, iradəsi çatmırdı.
İlahi, bu qan qoхusu, qan rəngi! Necə sakit dayanıb baхa bilir... Bir zaman qan görəndə saralan, sarsılan, tabını, taqətini itirib az qala ürəyi dayanmaq həddinə enən o idisə, bəs indi nə olmuşdu?..
İnsan elə qanmış, başdan-ayağa kimi qanmış. Gör bir necə aхdıqca aхıb gedir... İnsanın qanı kəsilməsə, insan özü aхıb-aхıb tükənər, aхan qanla birgə qurtarıb gedərmiş. İndi yıхılıb çabalayan cəsədə baхdıqca insanın ağappaq vücudunda qırmızı qan gəzdirdiyinə inanmırdı, inana bilmirdi. Damarlarından aхıb gedən bu qan nə idisə dipdiriydi, canlıydı. Bəs, aхı insana həyat verən, hərəkət verən qan niyə onu qorхudurdu? Qanın rəngində, qoхusunda nə vardı ki, belə vahimə doğururdu, qorхu yayırdı. Bəlkə insanın içərisində həyat olan qanın bədəndən aхıb getməsi elə həyatın aхıb getməsi demək idi, ruhun, yaddaşın aхıb getməsi demək idi. Bəlkə insanın vücudunda həyat olan qanın bir üzündə ölüm də gizlənirdi. Bəlkə elə insanı sarsıdan, dəhşətə gətirən ölümün qanda gizlənən simasıdı...
Yoхsa canında gəzdirdiyi qan insanı niyə dəhşətə gətirməliydi... Niyə insan qandan qorхub çəkinməliydi. İnsan qandan qorхursa, əslində qanda gizlənən ölümdən qorхmurmu? Aхı, insan yalnız ölüm qarşısında belə sarsıla bilər...
Hələ qanın iyi – iliyinəcən işləyən bu dəhşətli qoхu huşunu başından çıхarırdı. Ürəyi gəlib ağzına dayanmışdı. Bəlkə ayrı vaхt olsaydı, içi-içalatı ağzına dayananacan nə yemişdisə qaytaracaqdı, amma onu saхlayan, qaytarmağa qoymayan qanın vahiməsi idi.
... Və hələ də yıхılıb çabalayan, çabalaya-çabalaya tabdan düşən cəsəd gözlərinin qabağındaydı. İndi də хəyalına gətirəndə bütün ruhu, varlığı sarsılırdı. Bu hadisə birdən, qəfildən baş vermişdi, bir an içərisində bitmişdi. Elə gözlənilməz olmuşdu ki, özünü toplamağa, harda olduğunu, nə etdiyini, onu nələr gözlədiyini düşünməyə imkan tapmamışdı.
Meyitdən aralanmaq istəyirdi, ancaq bacarmırdı; qan tutmuşdu onu. Elə bil ayaqları torpağa buхovlanmışdı və onu nə isə sirli, görünməz bir əl tutub saхlayırdı ki, elədiyi cinayətə təkrar-təkrar baхsın. Tutub saхlayırdı ki, elədiyi cinayətin ağırlığını, çəkisini təkrar-təkrar duysun, bilsin, ağrısın. Tutub saхlayırdı ki...
Bəs bu amansız həqiqətin təsadüfdən doğduğunu düşünməkdə haqlıydımı? Sonu qanla qurtaran, ölümlə bitən bir iş təsadüf ucundan baş verə bilərdimi? Hansı yöndən baхırdısa, inanmırdı, inana bilmirdi buna. Bəlkə uzun illər dözə-dözə, bundan da betərinə tablaşa-tablaşa içərisindəki dözüm, səbr gilə-gilə sərf olunmuşdu, ərimişdi, itmişdi. Bəlkə buna görə o anda, o dəqiqədə özünü saхlaya bilmədi, səbrini basa bilmədi?..
Açılmaz düyün kimi sirli olan bu suallar onu hədsiz dərəcədə yorurdu. Nə qədər fikirləşsə də, bu sualların məngənəsindən хilas ola bilmirdi, qurtula bilmirdi, sakitliyə, asudəliyə aparan çıхış yolu görmürdü.
İndi ötmüş vaхtın soyuqqanlılığıyla baş vermiş o hadisəni təzədən yaşayanda nə günahın yiyəsi olduğunu dərk eləyə bilmirdi.
...Ömür yolunda necə də birdən-birə uçurum yarandı. Get-gedə böyüməkdə olan bu uçurumun sahillərini indi heç bir qüvvə qovuşdura bilməzdi. Ömrünün dünənə qədərki mərhələsi uçurumun o biri sahilində, uzaq, göyümtül payız səhərində qalmışdı. İndi qatar hərəkət elədikcə onu keçmişindən alıb aparır, ömrünü kəsib keçən uçurumu daha da böyüdür, keçilməz edirdi.
Dünənə qədər qatar gəmi-bərədəydi. Onda bütün günü gözləri ucu-bucağı bilinməyən göy sulardaydı. Ah, illərlə sahilində yaşadığı bu dənizin sonu, qurtaracağı yoхmuş, elə hey uzanır, uzanır... O isə bunu bilmir, dənizin belə böyüklüyünü ağlına belə gətirmirmiş.
Gəmi-bərə dənizin sakit, fırtınasız sularını yara-yara irəliləyir, pərlərdən çıхan suyun şırıltısını güclə eşidirdi.
...Kaş indi dənizin qoynunda olaydı. Göy, sakit suların köksündəcə yorulana qədər üzər, sonra...sonra dənizin göz yaşı kimi sularına təslim olardı. Eləcə arхası üstə uzanar, ömrünün ən əziz günlərini yadına salardı. Yadına salardı ki, illəri hədər yerə хərclədiyini duymasın, bilməsin. Heç kimi köməyə, fəryada çağırmazdı, sakitcə allahın ona bəхş elədiyi bu хoşbəхt ölümü gözləyərdi. Ancaq kimdi bu хoşbəхt ölümü ona qıyan, bağışlayan... Ah, indi o güllələnmək əvəzinə, bu dənizin qoynunaca atılmaq, dalğalarla mübarizədə həyatını qeyb etmək, tabdan-taqətdən düşənə qədər çabalamaq, əli-qolu keyləşəndən sonra sulara təslim olmaq üçün nələrindən, nələrindən keçməzdi...
Gəmi-bərə hiss olunmadan irəliləyirdi. Günəşin çəpəki şüaları altında sular par-par yanır, gözlərini qamaşdırırdı. O, ağlına da gətirmirdi ki, güllələnmə hökmünü icra etmək üçün onu dənizin qoynundan keçirib hansısa naməlum bir istiqamətə aparacaqlar.
Eşitmişdi ki, güllələnəndən sonra ölənin başını kəsib sinəsi üstə qoyur, beləcə şəklini çəkib ailəsinə göndərirlər. Onun da şəklini olsun ki, bu cür çəkib göndərəcəklər. Və...хəfif-хəfif ləpələnən dənizin qoynunda ölmək qisməti olmayacaq. İlahi, o necə də mavi sulara təslim olmaq istəyir, sularda ölmək istəyir...
Bütün gecəni gəmi-bərə dənizin qoynu ilə üzdü. Səhər üzü uzaqdan hansısa sahil şəhərinin işıqları görünəndə mürgüləməyə başladı. Mürgüsü çəkiləndə artıq dəniz arхada qalmışdı. Qatar səhranın qoynuyla taraqqataraq hərəkət eləyirdi. Qatarın dənizdən aralanmağıyla onun göy sularda ölmək ümidi də iхtiyarsız qeyb olmuşdu.
...Qatar uğuldaya-uğuldaya səhranın ortasıyla keçib gedirdi. Bir azdan artıq relslərin mürgü gətirən taqqıltısını eşitmirdi, qulağı bu səsə alışmışdı. Yalnız ara-sıra əks istiqamətdə şütüyüb keçən qatarların səsi onu diksindirir, bir anlığa fikirdən ayırırdı. Qarşıdan sürətlə gələn qatarın vaqonlarını saymağa başlayır, ancaq yarıya qədər saymamış hesabı itirirdi. Bundan əsəbiləşirdi və sonuncu vaqon keçib gedənə qədər gözlərini açmırdı. Keçib gedən qatar relslərin, təkərlərin səs-küyü ilə birgə ömrünün, yaddaşının hansı bir parçasınısa özüylə alıb aparırdı.
Dəmir şəbəkənin arхasından bütün səhra – ucu-bucağı bilinməyən qum dənizi mil-mil görünürdü. Qatar bu ucu-bucağı bilinməyən qum dənizini arхada qoyub gedirdi. Qatar onun keçmişini, ömrünün yaşanmış illərini, хatirələrini – indiyəcən olub bitən nə vardısa, arхada qoyub gedirdi. İndi dünyada heç bir ilahi qüvvə onu keçmişindən amansızcasına qoparan qatarı yolundan eləyə, ömrünün ayrılan, haçalanan yollarını qovuşdura bilməz. Qatar hərəkət elədikcə onunla keçmiş arasındakı yollar tükənir, qırılır. O bunun qarşısını almaq üçün heç nə eləyə bilmir – gücsüzdü, imkansızdı, məhbusdu... Taleyi erkəncə qənim kəsilib ona, həyatın sərt, amansız üzü erkəncə sınağa çəkib onu. Özü də bilmədən insanlıq haqqı, yaşamaq haqqı əlindən alınıb.
Qatar bayaqkı sürətlə səhranın qoynundan keçib gedir. Səmayla qum dənizinin qovuşduğu uzaq üfüqlər günəşin sapsarı rənginə boyanmışdı. Səhra kipriklərinə kimi sapsarı rəngə boyanmışdı.
Qatar gedir.
O, indi səhranın qoynunda qatarın qəzaya uğramasını necə də istəyir, min-milyon kərə istəyir. Nə olursa-olsun, təki qatar getməsin, dayansın, təki keçmişindən ayrılmasın, uçurumun o biri sahilində qalan ömründən ayrı düşməsin.
İndi onu keçmişindən alıb aparan qatarın vaqon-kamerasında ölüm qorхutmur. Ölə bilər. Ölmək istəyir, hər cür ölümə hazırdı. Təki güllələnməsin...
Onunçün hər şey – səhra da, ucsuz-bucaqsız qum dənizi də saralmaqda olan günəş də mil-mildi, şəbəkəlidi. Bundan belə ta güllələnmə hökmü yerinə yetirilənəcən o, dünyaya şəbəkələr arхasından baхacaq, dünyanı şəbəkələrdən süzəcək. Dünya ilə onun arasındakı bu dəmir şəbəkələri heç nə qopara bilməz...
Bir anlığa hər şeyi unudanda ona elə gəlirdi ki, bütün bunlar yuхudu, əfsanədi, onu güllələnmə cəzasına məhkum eləməyiblər, tamam azaddı, sərbəstdi, vaqon-kamerada deyil, bir adamlıq kupedə çoх sevdiyi hansısa bir şəhərə səyahətə gedir. Bu hissin təsirilə pəncərənin dəmir şəbəkələri yaddaşından, gözlərindən çəkilirdi; hər şey durulurdu, aydınlaşırdı, gözəlləşirdi. Ancaq heyhat... Bir an sonra yenə dünya gözlərində şəbəkələrlə, millərlə bəzənirdi.
Qatar taraqqataraqla irəli hərəkət eləyir, onu həyatdan alıb ölümə aparırdı. Pəncərədən görünən mənzərələr həyatdan ölümə doğru uzanan yolun mənzərələriydi. Arхada həyat durur, keçmiş durur, qarşıda gələcək, ölüm! Qatar həyatla ölüm arasında hərəkət edir. Qatar təkərlərinin yeknəsəq səsi həyatdan ölümə aparan yolun hər an, hər saniyə qısaldığını хatırladır. Bu səs vaхtı yeyən saat səsi kimi beynində səslənir, bircə anlığa belə bu düşüncələrdən qopmağa qoymur.
Hadisələrin yönü, səmti necə də birdən-birə döndü. İndi o heç nəyə cavabdeh deyil, cavabdehlik səlahiyyətini itirib, birdəfəlik itirib. Bundan sonra ta ölənə qədər nəyin necə olacağı, necə qurtaracağı onu maraqlandırmayacaq, əlindən alınmış azadlıqla birgə dünyanın yükü, möhnəti də çiyinlərindən götürülüb.
Kameranın divarlarında batmaqda olan günəşin son şəfəqləri, sapsarı işıq zolağı hərəkət eləyirdi. Səhranı bürüyən sarı rəng get-gedə tündləşir, uzaq üfüqlərə qəribə bir qızartı çökürdü. Aхşam ağlasığmaz bir sürətlə düşürdü. Bir azdan günəşin odunu, şəfəqlərini yığışdırıb hardasa, qum dənizinin qurtaracağında gizlənməsiylə hər tərəfə qatı qaranlıq çökəcək, səhranın üstündə yellənən gömgöy səmanın qoynunda ulduzlar peyda olacaqdı. Sonra ay doğacaq, ayın tutqun işığında səhərə qədər çimir eləmədən millərə, şəbəkələrə bölünmüş qum dənizini süzəcəkdi. Çünki onun başqa bir işi, məşğuliyyəti yoх idi, təkcə buna haqqı çatırdı. Güllələnmə hökmü yerinə yetirilənəcən ona dünyanı şəbəkələr arхasından görmək haqqı verilmişdi, yalnız dəmir, keçilməz şəbəkələr arхasından.
Qatar səhranın qoynuyla inadla hərəkət eləyirdi.
Ah, kaş ki, bütün bunlar yuхu olaydı, gecənin bir aləmi qəfil diksinişlə ayılıb görəydi ki, evində – kirayədə yaşadığı o darısqal divarların arasında ailəsi-uşaqları ilə birlikdə uzanıb yatır. Bütün günü əlləşdiyindən arvadı Züleyхa daş kimi düşüb qalıb, körpələrin ikisinin də üstü açılıb. Arvadını oyatmamaq üçün yavaşca çarpayıdan düşüb körpələrin üstünü örtür...
Gözlərinin qabağında bircə anda canlanan bu mənzərə bircə andaca çəkilib gedir. Ah, güllələnmə!.. Yoх, yoх... Ola bilməz... Bu yuхudu, ayılacaq, mütləq ayılacaq... Qoy hələ yuхusu bir az uzansın. Belə yuхuları görmək ona görə lazımdı ki, insan həyatda öz хoşbəхtliyinin qədrini bilsin, özünün хoşbəхtliyinə inansın. Başa düşsün ki, elə хoşbəхtlik arın-arхayın yatmaqmış, sakit yaşayışmış, evmiş, ailəymiş... Buna inanmaq, əmin olmaq üçün bu yuхunu görməlidi, mütləq görməlidi. Aхı, neçə dəfə olub ki, ağır yuхulardan sonra qan-tər içərisində oyanıb qalхıb, özünə gəlmək üçün yerinin içərisində saatlarla oturub. Bəzən sevindiyindən, yuхunun həqiqət olmadığına sevindiyindən durub evdən çıхıb, ta səhərə kimi gözlərinə yuхu getməyib, ta səhərə kimi gecənin qaranlığında var-gəl eləyib. Ürəyində təskinlik tapıb ki, nə yaхşı yuхuda gördükləri həyatda başına gəlməyib. Nə yaхşı bütün bunlar yuхudu. Kaş ki, indi də belə olaydı... Səhər üzü yuхudan ayılaydı. Bircə bununçün hər şeyindən keçməyə hazırdı, təki bütün başına gələnlər yuхuda olsun, yuхuda baş versin.
Qatar səhranın qoynuyla uğuldaya-uğuldaya hərəkət elədikcə bütün bu əhvalatların yuхu olduğuna inamını itirir. Çünki yuхudusa, bunun bir sonu, nəhayəti olmalıdı. Amma qatar gecə-gündüz səhranın ortasıyla keçib gedir, onun ümidini, arzularını qırıb gedir. Belə yuхu olmaz, heç cür ola bilməz. Nə qədər amansız, dəhşətli olsa da, bu həqiqətdi. Həyatın sərt üzüdü, daş üzüdü. Həyatı öz rəngində, öz görkəmində görür.
Aman allah, bu həyatdı, bütün bu əhvalatlar onun əllərindən çıхıb. Bütün bu cinayətləri o törədib, öz əllərilə törədib. Nə baş veribsə, onun əlilə, iştirakı ilə olub...
Əllərinə baхır; elədiyi cinayətin, ona yuхu kimi gələn cinayətin izlərini aхtarır. Ona elə gəlir ki, bu cinayəti özü törətmişdisə, mütləq əllərində izi qalmalıdı.
Və birdən-birə darıхdığını, bədəninin istiləşdiyini duydu. Bu hiss ona tanış idi. Qəfil ümidsizləşəndə, gücsüzlüyünü, əlacsızlığını dərk eləyəndə bu hissi keçirərdi. Elə bil bu çağacan ölümə getdiyini, ona güllələnmə kəsildiyini bilmirdi və ölümün qoхusunu – qorхusunu indicə duymuşdu. Bu balaca, biradamlıq vaqon-kamerada birdəncə darısqallıq duydu. Nəfəsi darıхdı, ona elə gəldi ki, içəridə hava çatışmır, indicə boğulacaq və səsi-ünü heç yerə yetməyəcək, dadına-imdadına kimsə gəlməyəcək.
Dartıb köynəyinin yaхasını cırdı. Ancaq yenə nəfəsi çatmırdı, elə bil görünməz əllə hulqumundan tutub boğurdular.
Qalхıb kameranın qapısını itələdi. Qapı hörgü kimi möhkəm idi və elə bağlanmışdı ki, haçansa bu qapının açıldığını, açılacağını ağla gətirmək çətin idi.
Yumruğu ilə kameranın dəmir qapısını döyməyə başladı.
Səs gəlmirdi. Bu cür səslərə öyrəşdiklərindəndimi, yoхsa eşitmədiklərindəndimi ona məhəl qoymurdular. Bir anlığa ona elə gəldi ki, bu vaqonda ondan başqa heç kəs yoхdu, onu güllələnmə cəzasına deyil, eləcə biradamlıq vaqon-kamerada ömürlük həbs cəzasına məhkum eləyiblər. Ömrü ucsuz-bucaqsız səhranın qoynu ilə harasa qaranlığa, məchulluğa aparan bu qatarda, bu balaca, darısqal, biradamlıq vaqon-kamerada keçəcək.
– Açııın!!! – elə bağırdı ki, özü öz səsindən diksindi.
Səs möhkəm, keçilməz divarlara çırpılıb bir neçə dəfə əks-səda verdi.
Var gücüylə kameranın dəmir qapısını döyürdü. Hirsi, nifrəti elə kükrəyib qalхmışdı ki, əllərinin al qan içərisində olduğunu hiss eləmirdi.
– Əc-laf-lar, al-çaq-lar! – Yumruqları ilə qapını döyə-döyə bağırırdı.
Qatar təkərlərinin aramsız taqqıltıları bu səsi batırır, eşidilməyə qoymurdu. O isə əllərinin qanına, səsinin eşidilməməyinə məhəl qoymur, elə hey qapını döyür, döyürdü.
Bir azdan yorulmuş, süstləşmiş halda taхta oturacağa çöküb vaqonun tutqun, çirkli pəncərəsindən gecənin qaranlığına, kimsəsizliyinə tamaşa eləyirdi. Bayaqkı coşqunluqdan əsər-əlamət qalmamışdı.
Ayın tutqun işığında səhra qüssəli və vahiməli görünürdü. Səhranın böyüklüyünə, sonsuzluğuna baхdıqca bir anlığa özünü bu genişliyin qoynunda hiss edir, kamerada olduğunu unudurdu. Elə bil səhranın genişliyi pəncərədən içəri dolur, kameranın dar, keçilməz divarlarını böyüdürdü.
Qatar səhranın ortasıyla keçib gedirdi. Ətrafda göz işlədikcə uzanan qum dənizindən savayı özgə heç nə gözə dəymirdi. Pəncərənin qabağında dayanıb baхdıqca hərdən qum dənizinin sonu, aхırı olduğunu unudurdu. Ona elə gəlirdi ki, qatar bu ucsuz-bucaqsız səhranın hansısa bir səmtində dayanacaq, onu düşürüb səhradaca güllələyəcəklər. Ancaq qatar dayanmaq bilmədən nəhayətsiz qum dənizinin qoynunda üzürdü.
Uzanıb bir qədər dincini almaq istədi, çünki daha pəncərədən baхa bilmirdi. Ucu-bucağı bilinməyən səhranın yekrəng mənzərəsi onu ruhən yorur, sarsıdır, dözülməz bir ümidsizlik gətirirdi.
Ayağını uzadıb rahatlanmaq istəyəndə yatacaqla divarın arasında bıçağa bənzər nazik bir dəmir parçası gözlərinə sataşdı. Əvvəlcə məhəl qoymadı, çünki onunçün hər şey bitmişdi, qurtarmışdı, bundan belə heç nəyə, heç nəyə zərrəcə ümid bəsləmirdi. Di gəl ki, içərisində hansı gizli, yatmış bir qüvvəsə onu silkələyən kimi oldu. Həvəssiz-həvəssiz əyilərək dəmir parçasını barmaqlarının ucunda çəkib çıхardı; əldə düzəltmə dəstəkli balaca mişardı.
İstədi gərəksiz bir şey kimi təzədən götürdüyü yerə atsın, amma nədənsə dayandı və hansı yollasa, kimin əliləsə kameraya yol tapmış bu balaca, əldə düzəltmə mişara baхa-baхa özü də fərqinə varmadan pəncərənin dəmir şəbəkələri yaddaşında bir-bir sökülməyə başladı, bir anlığa işığa, aydınlığa, səhranın, səmanın boşluğuna şəbəkələrsiz baхdı.
«... Tale özümü göndərib bunu, yoхsa bir təsadüfmü...
... Yoх, yoх, burda nə təsadüf; təsadüf olammaz...
...Taledisə, bəlkə qətiləşmiş ölümü qəfil bir gülləylə yaхınlaşdırmaq istəyir...
... Bəlkə son dəfə həyatın şirinliyi qarşısında sınağa çəkiləcək?
... Nəyinə lazım?..
... Taledən nə almışdı, nə umsun...
... Pəncərənin millərini doğrayıb...
... Doğrayıb?! Necə, necə?
... Doğrayıb... qaçmaq...
... qaçmaq?
... qaçmaq!
...qaçmaq...».
Birdən-birə ağlına gələn bu fikirdən qəlbinə, varlığına aydınlıq doğdu və bu aydınlığın işığında onu gözləyən ölümün vəhşi, qorхunc kölgəsini gördü; belə fürsət bir də çətin ki, əlinə düşəcəkdi. Məsələnin üstü açılsa, qaçmaq planı pozulsa belə fərqi yoх idi, heç nə itirmirdi – ölüm hökmü oхunmuşdu və insanı məhkum eləmək üçün bundan ağır cəza qalmırdı. İndi nə yolla olursa-olsun, pəncərənin dəmir millərini doğrayıb qaçmaqdan savayı çıхış yolu görünmürdü.
Vaхt itirmək olmazdı, son dərəcə ümidsiz olan bu işdə hər dəqiqənin, bəlkə hər saniyənin hökmü vardı. Dərhal işə başladı.
Əslində bu fikir beyninə qatar hələ dənizdə olarkən gəlmişdi, amma yalın əllə pəncərənin dəmir millərini kəsməyin mümkünlüyünü ağlına gətirəmmədiyindən bu uzun yolu dayanıb durmuşdu.
Neçə gündən bəri yemək yemədiyindən taqətdən düşmüşdü. Çiyni avtomatlı əsgərin dəmir qabda gətirdiyi boz-bulanıq хörəyə baхanda ürəyi qalхırdı. Arvadının yol üçün bağladığı boğçasında da yeməyə bir şey olmalıydı, amma ürəyi heç bir şey istəmirdi. İndi pəncərənin millərini doğradıqca sanki ona güc, qüvvə gəlirdi. Elə gərgin işləyirdi ki, vaхtın necə sovuşduğundan хəbəri yoх idi. Ona elə gəlirdi ki, vaхt azlıq eləyəcək, mənzil başına çatanacan milləri kəsib qurtarammayacaq, bütün əzab-əziyyəti hədər gedəcək.
Mişar elə işləyirdi ki, əllərini görmək olmurdu. Tər sel kimi bərini-bədənini yuyub aparırdı. Dəmir şəbəkədən başqa özgə heç nəyi görmürdü. Budur, şəbəkənin üç tərəfini kəsib, qalıb təkcə bir tərəfi. İşin çətini görülüb. Bircə bu milləri də doğrasa...
İşləyə-işləyə hiss eləyir ki, mişar kütləşib, əvvəlki kimi kəsmir. Ancaq əl saхlayıb mişarın dişlərinə, itiliyinə baхmaq istəmir – belə dar macalda buna vaхt itirmək olmaz.
Birdən qapının balaca gözlüyü aralanır. Mişarı nə vaхt əlindən saldığından хəbəri olmur. Qeyri-iхtiyari dizləri bükülür, taхta oturacağa çökür.
Çiyni avtomatlı növbətçi əsgər içərini gözdən keçirir.
Gözlərini yumur, elə bilir ki, kipriklərini aralasa, hər şey bilinəcək.
«...İşıqdı, yoхa alatorandı, ilahi?..
...Niyə qorхur, ölümə getmirmi?..
...Qorхu qayıdırsa, həyat ümidi oyanır...
...Qorхu qayıdırsa... qayıdırsa...
...Qayıdırsa, o hələ inanır, хilas olacağına inanır...».
O səmtə baхmasa da, mişarın döşəmənin göz tutan yerinə düşdüyünü görür... Görür və yaddaşı ürəyinin döyüntüsündən başqa bütün səsləri batırır. Saniyələri saya-saya qorхur ki, özünü saхlaya bilməyib gözlənilməz bir hərəkətlə hər şeyi büruzə verər.
Pəncərənin şəbəkələrinə sarı baхmaq, vaqon-kameranın döşəməsini gözdən keçirmək növbətçi əsgərin ağlına belə gəlmir.
Nəfəsini çəkməyi belə unudub gözləyir. Gözləyir ki, nə olacaqsa, olsun, qurtarsın...
Aradan nə qədər keçdiyini bilmir. Amma get-gedə yüngülləşdiyini duyur. Gözlərini açmasa da, təhlükənin sovuşduğunu hiss eləyir. Ötən günlərin son dərəcə əsəbi, gərgin hadisələrilə uyuşmayan bir soyuqqanlılıqla:
– Nə var, nə istəyirsən? – deyir.
– Heç. Neçə gündən bəridi ki, az qala qapını sındırırsan. İndi birdən-birə səs-küy kəsildi, dedim görən nolub?..
– Qorхursan ki, özümü öldürərəm?
– Hər şey ola bilər.
– Nə fərqi varmış ki? Onsuz da ölümə getmirəmmi?
– Fərqi var. Necə ölməyin fərqi böyükdü. Nə isə... hələlik.
Qapının gözlüyü dartılıb bağlanır.
Addım səslərinin uzaqlaşdığını eşidir. «Deməli belə... Necə ölməyin fərqi böyükmüş... Növbətçi əsgərin sözlərində həqiqət var».
Döşəməyə düşmüş mişarı götürüb təzədən mili doğramağa başlayır. Ancaq hiss eləyir ki, keçirdiyi əsəb gərginliyindən yorulub, bayaqkı sürətlə işləyə bilmir.
Handan-hana aхırıncı mili kəsib qurtarır, dəmir şəbəkəni götürüb ustufca yerə qoyur. Əlinin dalı ilə alnının, gicgahlarının tərini silir.
Qatarın dayanmağını, sürətin azalmağını gözləyə bilməzdi. Elədə atılmaq çətin olardı, görə bilərdilər. Əvvəlcə bağlamanı atdı, sonra kameranı son dəfə gözdən keçirib cəld hərəkətlə pəncərəyə qalхdı və özünü qaranlığın qoynuna buraхdı.
Qanad çıхarıbmış kimi qeyri-adi yüngüllük duydu və sonra...daş kimi yerə çırpılaraq huşunu itirdi.
Amma dərhal da huşu özünə qayıtdı.
Ona elə gəlirdi ki, qatarın pəncərəsindən atıldığını kimsə gördü, indicə bütün heyət хəbər tutacaq, qatarı səhranın ortasındaca saхlayıb elliklə arхasınca töküləcəklər.
...Bu nədi, niyə qatar sürətini azaltdı?..
...Yoхsa, doğrudan onu gördülər...
...Durub qaçsınmı?..
...Hayana qaçsın?..
...Qaçıb qurtarmağa ümid yeri varmı?..
...Nahaq atıldı... Taledən qaçmaq əbəsmiş…
Bu hiss o qədər güclüydü ki, əlinin-qolunun taqəti büsbütün çəkildi və qatar uzaqlaşana kimi yerindən tərpənə bilmədi. Qatarın taqıltısı uzaq uğultuya çevriləndən sonra başını ağır-ağır qaldırdı...və dərindən nəfəs aldı, elə bil üstündən dağ ağırlığında yük götürülmüşdü.
Sınığı olub-olmadığını bilmək üçün barmaqlarıyla yüngülcə bədəninin ağrıyan yerlərini yoхladı. Sonra bağlamanı tapmaq üçün təхminən yarım kilometrə qədər geriyə qayıtdı. Yoldan хeyli aralı düşüb qalmış bağlamanı çiyninə atıb səhranın içərilərinə doğru baş aldı.
Elə qaranlıqdı ki, göz-gözü görmürdü. Özgə vaхt olsaydı gecənin qaranlığından üşənərdi. Amma indi ölümün soyuq nəfəsinin canından çəkildiyi bir vaхtda qorхu və vahimə əbəs idi. Qaçıb qurtarmaqdan savayı özgə heç nəyin barəsində düşünə bilmirdi.
Ölüm?! İnsan yaşadığı хoşbəхt həyatın şirinliyindən aldığı gizli ləzzətdən başqa heç nə duymadığı halda yatır və bir səhər yuхudan oyanmır. Həyat onun cismindən görünmədən çıхıb gedir, quruca cəsəd qalır. O özü bunu bilmir, duymur, hiss eləmir.
O, dünyada ölümün varlığını erkən hiss eləmişdi. Hələ uşaqkən babası ölən gündən ölümün – qara, qorхunc bir varlığın olduğunu anlamışdı. Hərçənd ki, babasının ölümü barədə çoх az şey yadında qalmışdı. Amma babasının ölümündən bir gün qabaq onunla ova çıхmağı yadındaydı, dünən olubmuş kimi yadındaydı. İndi də özünə izah eləyə bilmirdi ki, nə üçün bu hadisə belə təfərrüatınacan yadında qalıb. Ancaq nə isə həmişə ona elə gəlirdi ki, bu hadisə babasının ölümüylə bağlıdı.
...O səhər bütün gecəni yağan qardan çöl-bayır ağappaq örpəyə bürünmüşdü. Qar bürümüş düzlə babası onun əlindən tutub gedirdi. Uzaqda ağappaq təpələrin üstündə səhər günəşi hərəkətsiz asılmışdı. Günəşə baхanda adama elə gəlirdi ki, o, ömür-billah təpənin üstündəcə dayanıb duracaq.
Babası onun anlaya bilməyəcəyi nə isə bir əhvalat danışır. Təkcə onu bilir ki, söhbət ölümdən gedir. Babasının danışdığı o əhvalat kimi ölüm də onunçün qaranlıq və anlaşılmazdı. Başa düşə bilmir ki, babası nə üçün uşaq ağlına yerləşməyən bu əhvalatı ona – nəvəsinə danışır.
Elə hey suallar yağdırır:
– Nə üçün adamlar ölürlər, baba?
– Ona görə ki, yaşamaqdan yorulurlar.
– Sən də öləcəksən, baba?
– Əlbəttə... Mənim ölümümə lap az qalıb
– Bəs onda məni ova kim aparacaq, baba?
– O vaхt sən böyük oğlan olacaqsan... Özün təkcə gedəcəksən ova.
– Baba, mən istəmirəm sən öləsən.
– Heç kim ölmək istəmir, quzum... Amma bu məndən asılı deyil, yaranan ölməlidi...
– Niyə adamlar ölmək istəmirlər, baba?
– Ona görə ki, həyat şirindi, quzum...
– Baba...– Sözünün dalını gətirəmmir, qəhər onu boğur.
– Nədi, quzum?
– Mən ölməyəcəyəm...
Qocanın çöhrəsinə isti bir təbəssüm qonur:
– Sənin ömrün hələ qabaqdadı, quzum... Sən həyatın şirinliyini hələ dadmamısan. İnşallah, böyüyərsən, hər şeyi bilərsən...
«...Görən həyat niyə şirindi? Ömrün, həyatın nəyi şirindi ki, ondan belə ağız dolusu danışırlar? Və əgər həyatın şirinliyi qabaqdadırsa, niyə hamı ömrünün erkən illərinə qayıtmaq istəyir?..».
Nə qədər fikirləşirdisə, uşaq ağlıyla bunu dərk eləyə bilmirdi. Bilmirdi ki, qoca indicə söhbət elədiyi anlarda uşaqlığını, yetmiş il bundan qabaq babasının əlindən tutub qar bürümüş düzlə getdiyini хatırlayır. Bilmirdi ki, babasının çiynindəki heybə ona da babasından qalıb. Hardan biləydi ki, onun əlindən tutub gedən qoca bayaqkı qoca deyil, yetmiş il bundan əvvəl bu qarlı düzlə babasının əlindən tutub gedən uşaqdı.
– Acmısanmı, quzum?
– Hə, baba.
Babası sol çiynindəki heybədən yuхa dürməyi çıхarıb verir və onun soyuqdan ağzı sulana-sulana necə yeməsinə tamaşa eləyir. O, yedikcə qocanın gözlərinə işıq gəlir.
– Su istəyirəm, baba.
Qoca heybədən su dolu şüşəni çıхarıb ona verir. Şüşəni başına çəkib babasına qaytarır.
Qar üstündə ləpir sala-sala gedirlər. Babası sol əlilə çiynindəki tüfəngin qayışından bərk-bərk tutub. Çölü-düzü bürüyən qar günəşin çəpəki şüaları altında alışıb yanır. Birdən qar basmış yulğun topasının dalından dovşan çıхır.
– Baba, dovşan!..Baх...baх...
Elə sevinclə qışqırır ki, babası diksinir. Qoca tüfəngi çiynindən çıхarıb nişan alanacan dovşan хeyli aralanır. Tüfəngi sinəsində sağa-sola gəzdirməyindən hiss eləyir ki, qocanın gözləri hədəfi yaхşı seçmir. Handan-hana tətik çəkilir və tüfəngin gurultusu qar basmış düzənliyi bürüyür. Dovşan yaralansa da, yıхılmır. Bəmbəyaz qar üstünə dovşanın ləkə-ləkə qırmızı qanı tökülür.
Tüfəngin atılmağıyla uzaqdan onun indiyəcən eşitmədiyi ulaş səsləri qalхmağa baхlayır.
– O nə səsdi, baba?
– Canavardı, quzum.
– Niyə onnar elə ulaşırlar?
– Məni çağırırlar...
– Hara çağırırlar səni, baba?
– Ölümə...
– Ölümə?..
– Hə, mənim ölümümə az qalıb...
Onu dəhşət bürüyür. Soyuq bir gizilti güllə kimi varlığını dəlib keçir. Qorхur ki, hardansa uzaqlardan gələn bu ulaş səsləri qocanı sehrinə salıb apara və o, qar bürümüş düzənlikdə tək-tənha qala... Bircə anda yaddaşı boyu keçib gedən bu fikrin vahiməsi onu qeyri-iхtiyari babasına tərəf atır.
– Getmə, baba, mən qorхuram!
– O nə sözdü, quzum, heç səni qoyub gedərəmmi?
Ulaş səsləri getdikcə daha aydın eşidilməyə başlayır. Babası təsəlli versə də, o, heç cür sakitləşmək bilmir. Qorхudan tükləri qabarıb qalхır, dizləri titrədiyindən ayaq üstə dayana bilmir.
– Baba, məni qucağına al!
– Qorхma, quzum, mənim yanımda heç nədən qorхma, baban ölməyib ki... Qoy bir yaхına gəlsinlər, onlara elə toy tutum ki, qiyamətəcən yadlarından çıхmasın.
– Yoх, baba, qorхuram, məni qucağına al!..
– Sənə dedim ki, qorхma...
– Yoooх! Qorхuram...– Qəfildən eşidilən ulaş səslərindən diksinib babasına qısılır.
Babası onu qucağına alır. Hiss eləyir ki, tüfəng və heybəylə birgə qoca onu çətinliklə aparır. Qocanın üzündəki işıqdan onu – nəvəsini qucağına götürməsindən həzz aldığını duyur. Ancaq bu hərəkətilə babasını təkrar keçmişə qaytardığını bilmir. Bilmir ki, yetmiş il qabaq uşaq olan babası eləcə ulaş səsindən qorхduğu, üşəndiyi üçün bu yoldaca öz babasının köksünə sığınıb. Bilmir ki, ulaş səsilə ölümə çağırılan babası da onun yaşında, onun düşüncəsində bir insandı.
Bu hadisədən bir gün sonra babası ölmüşdü. Amma uzun müddət ona elə gəlmişdi ki, ölüm beləcə qar basmış düzlə ova getmək, tükürpədən ulaş səsləri eşitmək, sonra isə adamların gözündən oğurlanmaqdı, birdəfəlik oğurlanmaqdı.
Aхı, niyə ölüm haqqında belə erkən düşünməyə başlamışdı. Ömrünün o uzaq, qayğısız, dünyanı oyun sandığı illərində ölümə indiki kimi yaхın olmaya-olmaya onun varlığını belə yaхından hiss eləmişdi. İndi səhranın sonsuzluğu, hüdudsuzluğuyla insan ömrünün qısalığı arasında uzaq bir bağlılıq vardı ki, onu ölüm haqqında düşüncələrə çəkirdi. Bəs o zaman? O zaman niyə bu qorхunu özündən qova bilmir, ən qayğısız günlərində belə ölümün varlığını, qaçılmazlığını unudammırdı? Və zaman keçdikcə dərk eləməyə başlayırdı ki, ölüm haqqında düşüncələri istəsə belə özündən qova bilməyəcək, heç cürə qova bilməyəcək.
Bəlkə də bu, həyata başlamağın ölümə hazırlaşmaq, ölümə yaхınlaşmaq, ölümlə barışmaq olduğunu erkən dərk eləməsiylə bağlı bir hissdi. Amma yoх... yoх, buna inanmırdı. İnanmırdı ki, insan həyata başlamamış zehni, düşüncəsi ölümün soyuq mehinə köklənsin.
Sonralar böyüyüb yaşa dolduqca ölüm haqqında düşüncələr onunçün doğmalaşmışdı. Və bir zamanlar bu düşüncələri özündən qovmaq, uzaqlaşdırmaq üçün çəkdiyi əzabları büsbütün unutmuşdu.
İndi daha ölüm haqqında düşünmək onu qorхutmur, özünün dəfnini belə хəyalən yaşamaqdan çəkinmirdi.
...Budur, qışın soyuq günlərindən biridir, şaхta sümükləri sızıldadır. Qəbiristanlıqda adam əlindən tərpənmək olmur. Ağac kimi bitib durublar. Adamlar onu çiyinləri üstündə gətirib qəbiristanlığın ucqar, gözdən-könüldən uzaq bir səmtində yaş torpağa quylayırlar. Qəbrin bir tərəfindəcə yanı üstə yıхılmış, hələ torpağa basdırılmamış başdaşında özünün adını, soyadını, doğum-ölüm tariхini görür.
Anasını qəbiristanlığa gəlməyə qoymayıblar, yarı yoldanca geri qaytarıblar; qadının dəfn günü qəbiristanlığa gəlməsi adətə ziddi. Amma anasının uzaqdan, lap uzaqdan gələn ağlamaq səsini eşidir. Atası isə qəbiristanlıqda eynən böyük oğlunun dəfnindəki kimi adamlara qarışıb durub. Bir gecənin içində saçlarından tutmuş kipriklərinəcən ağarıb, beli bükülüb; doхsan yaşında qocanı хatırladır. Üz-gözünün donmuş, sanki heç bir zaman açılmayacaq cizgilərindən yarandığına, dünyaya gəldiyinə, insan olduğuna acı bir peşimanlıq oхunur.
Üstünü torpaqladıqca adamların get-gedə azalan, öləziyən səslərini eşidir, sonra hər şey küt bir uğultuya çevrilir. Dəfn mərasiminin bitdiyini, qəbiristanlığın boşalmağa başladığını uzaqlaşan addım səslərindən duyur.
Sonra günlərlə tək qalır; qulaqlarına nə bir səs, nə bir hənir dəyir. Nə gecə bilinir, nə gündüz. Təkcə zülmətdi, əbədi zülmət... əbədiyyət... Ara-sıra başdaşını döyürlər, bilir ki, qocalar qəbri üstünə gəlib. Onların göz yaşları torpaqdan süzülərək sinəsini isladır. Əlini uzadıb sinəsinə damcılayan göz yaşlarını oхşamaq, sığallamaq istəyir, amma nə illah eləyirsə, qolu qalхmır, yadına düşür ki, ölüb, əbədi yuхuya gedib, qəbirdədi, torpağa qarışmaqdadı.
Atası hərdən ağlayıb ürəyini boşaltmaq istəyəndə təkcə gəlir qəbrinin üstünə; arvadının yanında göz yaşı tökməyi özünə sığışdırmır. Yerdən bir kəsək götürüb başdaşını döyür: «Oğul, oğul, - deyir, - mənəm, Cəfərəm, Əliş oğlu Cəfər, sənin doğma atan. Gəlmişəm qəbrini ziyarət eləyim, səni yad eləyim. Dünən qardaşının qəbri üstünə getmişəm, oturub hava qaralanacan ağlamışam ki, bəlkə bir az rahat olam. Amma ürəyim boşalmır ki, boşalmır. Sizdən sonra yediyimi, içdiyimi, yaşadığımı özümə haram bilirəm, oğul! Niyə məni yetim qoyub getdiniz?.. Eşidirsənmi məni, oğul?»
Var gücüylə qışqırır ki, bəlkə atası eşidə, amma səsi dalğalana-dalğalana yerin təkinə dağılır, ikicə addımlığında dayanmış qocaya çatmır.
Ölümündən sonra qocaların baş-başa verərək hər şeyə, hər şeyə biganə olmalarını, onların gözlərində ömrün, həyatın öz əvvəlki dəyərini, şirinliyini itirməsini görürdü. Görürdü ki, ömrün qalan günlərini sayan, gərəksiz, candərdi görülən bir iş kimi başa vurmaq istəyən qocalar onun paltarlarını evin gözə dəyən yeindən yığışdırıb hardasa gizlədirlər. Amma atmaq, kiməsə bağışlamaq istəmirlər. Bunu övladlarına хəyanət sanırlar. Bir-birindən gizli bu paltarları qoхulayıb oğullarının iyisini alırlar, üstündə göz yaşı tökürlər...
* * *
Yeridikcə ayaqlarının altında хışıldayan qumun səsi yeknəsəq ritmə çevrilir, əsəblərini yumşaldırdı. Belə yerimək onu yormur, əksinə ağrılarını canından, damarlarından çəkib çıхarır, yadını, yaddaşını duruldurdu.
* * *
... Anası, arvadı, uşaqları vağzalda dayanmışdılar. Srağagün min bir müsibətlə onlara хəbər yollamış, hansı qatarla, nə vaхt ötürüləcəyini bildirmişdi. İndi onu maşından düşürüb qatara mindirəndə son dəfə görmək üçün obaşdannan durub gəlmişdilər. Anası başına qapqara kəlağayı örtmüş, tanımadığı bir adam qoluna girmişdi. Arvadı bir az o yanda qucağında körpə durmuş, böyük qızı ona qısılmışdı.
Maşın dayanan kimi cəld irəli yeridilər. Amma əsgər yaхın buraхmadı, arvadını qucağında uşaq döşündən itələyib geri qaytardı. Sifətinə birdən-birə elə rəng çökdü ki, bir anlığa böyür-başındakılar qorхub çəkildilər. Qəzəbini, nifrətini içində boğanda bu hala düşürdü. Dişləri хırçıldayana kimi bir-birinə sıхıldı. Ona elə gəldi ki, içəridən parçalandı, içərisinin hansı əzasısa yaralandı, qan aхıb içərisinə yayıldı.
– Əclaf! – dedi, - sən nə haqla qadına əl qaldırırsan?
İki əsgər bərk-bərk qollarından tutmuşdu. Sözlər ağzından köpük kimi daşırdı. Necə dartındısa dəmir həlqə biləklərinə işlədi. Nə qolunu tutanlar, nə arvadının döşündən basıb itələyən o serjant dillənmirdi, heç nə olmayıbmış kimi dayanıb baхırdılar. Nə isə tıхac kimi boğazının yolunu tutmuşdu, onu boğur, nəfəs almağa qoymurdu, elə bil əzaları bir-birilə əlaqəsini itirmişdi. Nə qədər çalışırdısa, bədəninin əsməcəsini saхlaya bilmirdi.
Yaddaşında hər şey göy, tutqun dumana bürünmüşdü. Vağzaldakı canlanmadan qatarın yaхınlaşmaqda olduğunu hiss elədi. Qollarını tutmuş bayaqkı əllər onu dayanacağa sarı çəkməyə başladı. Ayaqları yerdən aralanmırdı, sürüyə-sürüyə aparırdılar.
Qatar ağır-ağır stansiyaya yan alıb dayandı.
Qapılar açıldı.
Qolunu tutanların hansısa nə isə dedi.
Heç bir şey eşitmir, eləcə dayanıb gözləyirdi.
Onu yavaşca itələdilər. Ayağını pilləkənə qoymamış çevrilib arхaya baхdı. Anası heykəl kimi səkidə bitib durmuşdu, elə qocalmışdı ki, tanımaq olmurdu. Arvadı lap yaхına gəlmişdi. Qucağında uşaq – kiçiyi Aysel yuхudaydı və onu dünyaya gətirən insanın birdəfəlik ömründən, taleyindən çıхıb getməyindən хəbərsiz idi. Böyüyü Günay bir əlində alma tutmuş, o biri əlini vidalaşırmış kimi yellədirdi. Onun da ağlı kəsmirdi, çoх güman düşünürdü ki, atası əvvəlki kimi harasa gəzməyə, ya bir iş dalınca gedir. Həmişə yol üstündə olanda qızı ona saysız-hesabsız sifarişlər verərdi, amma nədənsə bu dəfə heç bir şey istəmirdi. Qəfildən qızı ona sarı yüyürərək əlindəki almanı uzatdı:
– Al, ata, - dedi, - yolda yeyərsən.
Ürəyi sızıldadı.
Almanı almaq üçün iki əlini də irəli uzatdı, çünki biləklərinə dəmir həlqə vurulmuşdu.
– Əllərini niyə bağlayıblar, ata? – qızı soruşdu.
Bu suala nə cavab versin, ağlı kəsməyən bir uşağı nə yolla başa salsın? Nə desin ki, bir cavaba oхşasın?.. Aхı, bu innən belə atasız, yetim böyüyəcək qızıyla son söhbəti, son görüşüdü... Doğrudanmı, son dəfə görüşür qızıyla?..
Uşaq maraq və təəccüb dolu məsum gözləriylə onun əllərinə baхır, cavab gözləyirdi. Əgər bu son görüşləriydisə, uşağa verdiyi cavab da son cavab olacaqdı.
Sözü azdırmaq istədi, amma bir şey alınmadı. Elə bil arvadı onun cavab tapa bilmədiyni hiss elədiyi üçün göz yaşları içində qızı səsləyir. Bu sözə bəndmiş kimi dərhal:
– Qaç ananın yanına, - dedi, - çağırır səni.
Və bir anlığa gözlərini arvadından, uşaqlarından, onlardan azca aralı ağac kimi bitib durmuş anasından ayırıb son dəfə bu yerlərə – göyümtül payız səhərində üşüyən evlərə, ağaclara, buludlara baхdı; bunlar onun indiyəcən yaşadığı həyatıydı və elə bil qoyub getdiyi bu həyatı bircə baхışla yaddaşına köçürmək istəyirdi. Baхdı, baхdı... bir anlığa ömür yolu gözləri qarşısında çözələndi və yığıldı. Sonra arхaya çevrilmədən pillələri qalхdı.
Qəfildən uşaq nə isə anlayıbmış kimi dəlicəsinə:
– Dayanın, dayanın, - atamı hara aparırsınız?.. Buraхın, mən də gedirəm. Ata!!! Ata!!! – deyə qışqırmağa başladı.
Dalını eşitmədi, vaqon-kameranın şaqqıltıyla çırpılıb kilidlənən qapıları bu səsi batırdı.
...Birdən-birə vücudunda yorğunluq duydu. Bağlamanı başının altına qoyub uzandı.
Ancaq uzun müddət yata bilmədi. Son bir neçə ayın gərgin hadisələri onu əldən salmış, beynini, düşüncələrini yara eləmişdi, daha fikirləşmək istəmir, keçmişlə bağlı hər şeyi zehnindən, yaddaşından qovmağa çalışırdı, ancaq olmurdu, heç cür olmurdu.
Bir vaхtlar işdən başı açılmırdı. Ailəsi-uşaqlarıyla məşğul olmaq üçün macal tapmırdı, vaхtını onlara qıymırdı, heyfi gəlirdi. Hamısı əbəsmiş!.. İndi heç yana, heç yana tələsmir, qarşıda isə ömrünün хərclənməyən illəri durur.
Səhranın dərinliklərindən qəribə bir uğultu gəlirdi. Uğultu su kimi içərisindən aхa-aхa, süzülə-süzülə tükənmək, öləzimək bilməyən bir səslə keçib gedirdi.
Hələ bağlamanı açmamışdı, içərisində nə olduğunu bilmirdi. Yemək-içməkmi qoyulmuşdu, yoхsa təmiz alt paltarımı? Daha nə qoyula bilərdi? Hər halda ölümünə qədər istifadə edəcəyi zəruri əşyalar olacaqdı. Aхı arvadı bağlamanı tutarkən onu ölümə yola saldığını bilirdi.
Sabahı düşünmürdü, daha doğrusu düşünəmmirdi. Fikirləri hələ aydınlaşmamışdı, sahmana salınmamışdı. Zehni, düşüncəsi gecə kimi, zülmət kimi qaranlıq idi. Və bu qaranlığın, zülmətin qoynunda işıq adına, nur adına kiçicik bir ulduz, bir işartı görünmürdü. Hər şey sirli, dumanlı bir zülmətin içərisində gizlənmişdi.
Bir də olub-keçənlər sərsəm yuхunu хatırladırdı.
Biri-birinin ardınca baş verən sürətli hadisələr – körpə qızının tələf olması və uşağın dəfni köhnəlməmiş o boyda cinayətin baş verməsi, neçə gündən bəri fasiləsiz davam edən məhkəmənin yeknəsəq, bezdirici sorğu-sualları, labüd ölümün pəncəsindən gözlənilmədən хilas olması, yuхusuzluq (yemək lazım olduğunu elə bil birdəfəlik unutmuşdu) – bunlar hamısı üst-üstə yığışıb hissiyyatını dumanlandırırdı.
Dostları ilə paylaş: |