HÜseyn caviD



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix19.10.2019
ölçüsü1,31 Mb.
#29383
1   2   3   4   5   6   7   8   9   ...   12
hüseyn cavid dram əsərləri


 
 
DƏ’VƏT 
 
Bir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında 
bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış 
için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə 
çarpar. Evdən ud səsi eşidilir. 
 
 
İ x t i y a r 
 
(səsini eşidilən ud səsinə uyduraraq aşağıdakı şərqiyi söylər) 
 
Dün gənc idim, bu gün oldum ixtiyar, 
Hər zamanın bir hökmü, bir halı var; 
İnsanların ıssız ruhunda parlar 
Hər gün yeni bir büt, yeni bir tanrı... 
 

149 
 
Dün bir səfil idim, bu gün bəxtiyar, 
Hər anın bir zevqi, bir məlalı var. 
Kəndi əlim, kəndi duyğum hazırlar 
Hər gün yeni bir büt, yeni bir tanrı... 
 
Ud susar. Bu sırada biri sadə geyimli T o p a l , digəri zəngin qiyafətli Nəim – iki 
müştəri gəlir. 
 
T o p a l 
 
Mərhəba, ixtiyar baba! 
 
İ x t i y a r 
 
Mərhəba, oğlum, mərhəba! 
Gəl baqalım nerdəsiniz? 
Artıq bizi tərk etdiniz. 
 
T o p a l 
 
(bütləri gözdən keçirir) 
 
Sorma, ixtiyar, hiç sorma, 
Könlüm pək darılmış sana. 
Səndən hər çeşit büt aldım, 
Uğursuz çıqdı, şaş qaldım. 
Oğul istədim, qız verdi, 
Ah, çəkilməz bu qız dərdi. 
 
N ə i m 
 
(məmnun qəhqəhəylə) 
 
Fəqət bil’əkis bənimki, 
Hiç bir zaman görmədim ki, 
Oğul istəyim, qız versin. 
Şükür, taleyim pək zəngin... 

150 
 
Dört oğlum, tək bir qızım var. 
Qız deyil, bir ay parçası! 
Hər görən şaşırıb donar; 
Bir mələk, bir gül qonçası. 
 
Peyğəmbər dalğın və düşüncəli bir halda gəlir, onları dinlər. 
 
T o p a l 
 
Onunçin rəhmətli baban 
Nəim ad qoymuşdur sana. 
Bən adsız, səqət bir insan, 
Hər kəs Topal diyor bana. 
Pək uğursuz bənim tanrım, 
Hər yıl qız doğurdu qarım. 
Cümləsini diri-diri 
Gömdüm məzarə... Ah, biri 
Pək gözəldi, acımadım. 
Fəqət sonra oldum nadim. 
 
(Cibindən taxtadan yapılmış bir büt çıqarır, ixtiyarın önünə atar, sinirli və darğın) 
 
Hər kötülük iştə bundan, 
Şu bayquş bütdəndir, inan. 
 
İ x t i y a r 
 
Xayır, oğlum, küfr etmə, dur, 
Bənim əlim uğurludur. 
Həp qülbələr, kaşanələr, 
Ən müqəddəs bütxanələr 
Bən yapdığım sənəmlərlə 
Süslənmişdir... Bəni dinlə! 
 
(Əlində yonduğu bütü göstərir) 
 
Bunu al da, hiç bir zaman 
Bundan sana gəlməz ziyan
Oğul verir, sərvət verir, 
Tükənməz səadət verir. 

151 
 
P e y ğ ə m b ə r 
 
(göyə doğru həyəcanlı) 
 
Ulu Tanrı, ey qüdrətli Yaradan! 
Bu sözlər həp sana qarşı bir isyan... 
Şu sayğısız azğınlara qorqu ver, 
Ah, acı da, bunlara bir duyğu ver. 
Bir göz ver ki, haq nurunu duysunlar, 
Bir könül ver, doğru yola uysunlar. 
 
(Ətrafındakılara) 
 
Vətəndaşlar! Yetər, sapqınlıq yetər! 
Yalançı kahinlər sizi məhv edər. 
Əcdadınız doğru yoldan sapmışlar, 
Daşdan, taxtadan büt yapıb tapmışlar... 
O mə’nasız yolu həp unutmalı, 
Unutmalı, haq yolunu tutmalı. 
Bütün mə’budların fevqində parlar 
Yalnız gözəgörünməz bir Tanrı var, 
Odur həp varlığın əvvəli, sonu, 
Bütün kainat təqdis edər onu. 
 
İ x t i y a r 
 
(sinirli) 
 
Yahu nə istərsin bəndən? 
Söylədiyin bütün saçma... 
Çəkil dükanın önündən, 
Müştəriyə əngəl olma! 
 
P e y ğ ə m b ə r 
 
Şu büt yapan əllərinlə 
Yarınki haq divanında 
Cavabın nə olur, söylə? 

152 
 
T o p a l 
 
(istehzalı qəhqəhəylə) 
 
Görünməz allahı yanında 
Bizim əsla işimiz yoq, 
Çünki yüzümüz pək qara... 
 
P e y ğ ə m b ə r 
 
Əfv edər, onun lütfi çoq 
Peşiman olan qullara. 
 
N ə i m 
 
(sinirli) 
 
Ey, Abdulla oğlu! Artıq 
Dinləməkdən usandıq biz. 
 
P e y ğ ə m b ə r 
 
Günəş parlaqsa da, yazıq! 
Pərdələnmiş gözləriniz. 
 
N ə i m 
 
(qara örtülü evi göstərir) 
 
Yahu utan bir Kə’bədən, 
Kə’bədəki tanrılardan. 
Üç yüz altmış büt var ikən, 
Bir Tanrıya uymaz insan. 
P e y ğ ə m b ə r 
 
(Kə’bəyə işarətlə) 
 
Fəqət şu öydüyün məbəd 
Bir panayır
1
 qaynağıdır: 
                                                            
1
 P a n a y ı r – yılda 1-2 dəfə bir qaç gün dəvam edən böyük bazar. 

153 
 
Yoqsul ərəbçin müəbbəd 
Bir ticarət ocağıdır. 
Şu duyğusuz bütlər dəxi 
Dilsiz birər dəllal demək; 
Görünməz Tanrı halbuki 
Yersiz, yurdsuz olsa gərək. 
 
Bu sırada orta boylu, parlaq nasiyəli, qılıc quşanmış bir gənc 
Peyğəmbərə doğru gəlir. 
 
T o p a l 
 
İştə, Əbu Talib oğlu! 
 
N ə i m 
 
(Peyğəmbəri süzərək) 
 
Əvət, bunun əmoğlusu! 
 
(Əbu Talib oğluna) 
 
Yaqın gəl! Baban nüfuzlu, 
Şanlı bir nəslin ulusu... 
 
(Həyəcanlı) 
 
Məkkə xalqı: qadın, erkək 
Hörmət bəsliyordu ona. 
O da mərhəmət edərək, 
Böyük arqa oldu buna. 
Şimdi o ölmüş də bunun 
Yardımçısı, arqası yoq. 
Ögüt verin uslu dursun, 
Söylənib durmasın da çoq. 
 
Ə b u T a l i b o ğ l u 
 
Sizin duyğunuz həp sönük, 
Yarasa nurdan nə anlar? 

154 
 
Tanrı elçisi pək böyük... 
Nə söylərsə hikməti var. 
 
N ə i m 
 
(qafasını oynataraq) 
 
Əvət, bildik sən də bunun 
Ayrılmaz bir kölgəsisin. 
Ar olsun sana, ar olsun! 
Gör kimsin, kimin nəsisin. 
 
Ə b u T a l i b o ğ l u 
 
(qılıcını yarıya qədər çəkər, qızğın bir tevrlə) 
 
Azğın hərif, sus! Yoqsa bu 
Qılıc həddini bildirir. 
 
P e y ğ ə m b ə r 
 
(qolundan tutub bir tərəfə çəkər) 
 
Gəl, ey Əbu Talib oğlu! 
Haq onlara cəza verir. 
 
Ə b u T a l i b o ğ l u 
 
(həyəcanlı) 
 
Ah, sanki beynimdəki qan 
Bir alevdir yaqar bəni, 
Şu cahillərdə yoq vicdan, 
Təhqir etdirmə kəndini. 
 
P e y ğ ə m b ə r 
 
Tanrı əmridir, əzizim, 
Alim, cahil eşitməli. 
İştə vəzifəmiz bizim 
Hər acıya səbr etməli... 

155 
 
Ə b u T a l i b o ğ l u 
 
(əli qılıcının qəbzəsində titrər və qınına işarətlə) 
 
Lakin şu qılıc nə zaman 
Şu məhbəsdən qurtulacaq? 
P e y ğ ə m b ə r 
Bəklə, dur, böyük Yaradan 
Nə əmr etsə o olacaq. 
 
(Gedərlər) 
 
T o p a l 
 
Bən Əbu Talib oğlunu 
Bunca qəhrəman bilməzdim. 
Bir çocuq sanırdım onu, 
Cəsur deyilmi, ya Nəim?! 
 
N ə i m 
 
Cəsur, aslan kibi cəsur! 
Əvət, çoq ar olsun bizə, 
Biri çocuq, meydan oqur. 
Biri gülər dinimizə. 
 
T o p a l 
 
Görünür, yeni din için 
Az-çoq hörmət bəsləyən var. 
 
N ə i m 
 
Ona iman edənlərin 
Çoqu çocuqlar, qadınlar... 

156 
 
T o p a l 
 
Əbu Bəkr için sözün nə? 
Can veriyor yeni dinə. 
 
N ə i m 
 
O da ağsaqal bir çocuq, 
Hiç kimsəyə tə’siri yoq... 
 
T o p a l 
 
(ixtiyarın əlindəki bütü göstərir) 
 
İxtiyar! Sən şunu yap da, 
Bən gedəyim, acıqmışım. 
 
İ x t i y a r 
 
Aqşam çağı uğrayıb da 
Alırsın, haydı, qardaşım! 
 
Gedərlər. Bu sırada yuca boylu, uzun və xurmayı saçlı, son dərəcə gözəl, məğrur və 
əzəmətli bir qız – Şəmsa kəndi həbəşi nədiməsilə gəlir, qarşıdakı evə daxil olur. İçəridən 
incə və həzin bir ud səsi eşidilməyə başlar. 
 
N ə i m 
 
(heyrətlə) 
 
Şəmsa-gözəl müğənniyə, 
İştə musiqi pərisi; 
Bəkliyəlim bir saniyə, 
Ah, nə xoşdur onun səsi. 
 
T o p a l 
 
Baş kahin diyor, mə’budlar 
O səsdən pək zevq alıyor. 
Həm nə gözəl əş’arı var, 
Lakin oqurmu? Pək məğrur. 
 

157 
 
N ə i m 
 
(evə işarətlə) 
 
Baş rəisin qaynı burda 
Böyük bir dügün yapıyor. 
Zənn etməm ki, gözəl Şəmsa 
Bu məclisdə baqıb durur. 
 
Ş ə m s a n ı n s ə s i 
 
Bən istərim şəfəqlər çiçəklərdən, 
Ay günəşdən, insanlar mələklərdən. 
Nə gözəllik varsa, çalsın da birdən, 
Həpsi bir baqışda şikarım olsun! 
 
T o p a l 
 
Ah, bu təsadüf nə ə’la! 
 
(Çalğıyı dinlər) 
 
Aman, nə incə bir pərdə! 
 
N ə i m 
 
İştə gördünmü, bən əsla 
Yanılmam böylə şeylərdə. 
 
Ş ə m s a n ı n s ə s i 
 
Bən istərim hər nə var uzaq, yaqın; 
Böyük dahilərin, qəhrəmanların, 
Bütün ruhu bir çöhrədə parlasın, 
O da bənim pərəstişkarım olsun! 
 
N ə i m 
 
Qulaq verdinmi sözlərə, 
Şəfəqlərdən tac istiyor. 

158 
 
Tuhaf qız! Sığmıyor yerə, 
Göylərdən də bac istiyor. 
Musiqi dəyişir, rəqs ahəngi başlar. 
 
T o p a l 
 
Bən acım, getmək istərim. 
 
N ə i m 
 
Çıldırdınmı? Dur, hələ dur, 
İş dəyişdi zənn edərim. 
Baq, misafirlər çıqıyor. 
 
T o p a l 
 
(diqqətlə baqar) 
 
Zəngin ixtiyarı, gənci; 
Görünür, pək kibar məclis... 
 
N ə i m 
 
Öylə ya, iştə birinci, 
İkinci, üçüncü rəis! 
 
Birinci, ikinci, üçüncü rəis və digər kibar qiyafətli misafirlər, yarım sərxoş bir halda, 
çıqmağa başlar. Çalğı taqımı da onları izlər.  Ətrafdan səsə bir çoq qadın, erkək, 
çoluqçocuq toplaşır. Iki-üç qadın rəqs edər, hər kəs  əl çalar. Rəqs bitdiyi sırada 
Peyğəmbər dalğın adımlarla bir tərəfdən çıqar. 
 
B i r i n c i r ə i s 
 
(orta yaşlı, top saqallı, Peyğəmbəri görür-görməz istehzalı qəhqəhələrlə) 
 
Şuna baq, halətü rəftarına baq, 
Göydən enmiş, sözü kəskin, parlaq! 
Əski adətlərə kin bəslər imiş! 
Tanrıdan gəlmiş o, peyğəmbər imiş! 
 
Çalğı susar. 

159 
 
P e y ğ ə m b ə r 
 
(əzəmətli, kəskin bir ahənglə) 
 
Əvət, ondan bütün əsrari-nihan, 
Bana vermişdir o idrakü bəyan. 
Tanrının hikmətidir cümlə cihan, 
Varmı təkzib edəcək bir insan!? 
 
İ k i n c i r ə i s 
 
(gənc, silahlı, gözəl) 
 
Pək gözəl natiq imişsin, yahu! 
Bir masal söylə, beş-on ayət oqu! 
 
Ü ç ü n c ü r ə i s 
 
(ixtiyarca və kosa) 
 
Gəl bir az söylə çoban Musadan, 
Babasız, göydə uçan Isadan! 
 
(istehzalı qəhqəhə) 
 
Sən də uçdunmu?! Aman, lütf eylə, 
Hopla bir seyr edəlim. 
 
(Kəndi hoplar) 
 
Baq, böylə! 
 
(Düşəcək olur, təkrar sərxoşca qəhqəhələrlə doğrulur). 
 
P e y ğ ə m b ə r 
 
Bana az tə’n edin, ey əhli-fəsad! 
Ən böyük düşmanınız cəhlü inad. 
Yetişir zevqü səfa, çəngü rübab, 
Yetişir içdiyiniz qanlı şərab, 
Bu qadar uydunuz İblisə, yetər, 

160 
 
Ayılın, qəflət ölümdən də betər... 
Ayılın, bir baqın aləmdə nə var? 
Sizi həp məhv edəcək şürbü qumar. 
Sonu hiçdir, uçurumdur bu yolun, 
Haq şərabilə bir az sərxoş olun! 
Fikriniz parlayaraq incəlsin, 
Ruhunuz rəqs edərək yüksəlsin. 
Tanrı eşqilə coşan tatlı şərab 
Böylə etməz sizi bədməstü xərab. 
Şimdi aslan kibi hər kəs qızğın, 
Sonra vəhşi canavardan azğın, 
Daha az sonra domuzdan miskin; 
Budur əhvalınız axırda sizin! 
 
İ k i n c i r ə i s 
 
(sinirli və həyəcanlı) 
 
Ah, o bilməm ki, nə sanmış da bizi, 
İştə təhqir ediyor cümləmizi. 
Ona hər gün beş-üç abdal qanıyor, 
Hər nə söylərsə həqiqət sanıyor. 
 
(Qılıcını çəkərək) 
 
Yetişir, xaini məhv etməliyiz, 
Sayğısız, həm də müzəvvir, dinsiz. 
 
Ü ç ü n c ü r ə i s 
 
(mane olur, yarımistehza) 
 
Dur, təlaş etmə, xayır, bəncə o bir 
Dəlidir, bəlkə də sərsəm şair. 
 
P e y ğ ə m b ə r 
 
(acı təbəssümlə) 
 
Şairim, bəslədiyim sidqü səfa, 
Çırpınıb izlədiyim nuri-dəha. 

161 
 
Daima ruhumu oqşar cəbərut, 
Şe’rü ilhamımı dinlər mələkut. 
Bən fəqət hüsni-xuda şairiyim, 
Yerə enməm də, səma şairiyim. 
 
B i r i n c i r ə i s 
 
(istehzalı qəhqəhədən sonra) 
 
Ərəbistanda nə çoqdur şair, 
Sana uçmaqda deyil kimsə nəzir. 
Qorqarım şəhpərin axırda yanar, 
Azacıq sonra düşüncən də donar. 
 
P e y ğ ə m b ə r 
 
Bənzəməz şairə peyğəmbərlər, 
Onların hər sözü hikmət söylər. 
Bana ilham edər ancaq Tanrım, 
Onun eşqilə uçar duyğularım. 
O olurkən bana munis, rəhbər, 
Niyə yansın da qırılsın şəhpər? 
 
Ü ç ü n c ü r ə i s 
 
(arqadaşlarına) 
 
Yetişir, bən sizə qaç kərrə dedim, 
Xəstədir beyni, tədavi lazim. 
 
P e y ğ ə m b ə r 
 
Bana gülməkdəsiniz gərçi bu gün, 
Var yarın sizlər için qorqulu gün. 
O zaman iştə ölənlər dirilir 
Kim nə yapmışsa cəza çəkdirilir. 
 
B i r i n c i r ə i s 
 
Yaşamaq, ölmək?! O hər günkü oyun, 
Bir də ən sonda dirilmək nə cünun, 

162 
 
Nə də axmaqca yalan, tatlı masal! 
Buna iman edər ancaq abdal. 
 
Ü ç ü n c ü r ə i s 
 
Səndən arif daha çoqlar var ikən, 
Səni seçmiş əcəba Tanrı nədən? 
 
P e y ğ ə m b ə r 
 
Çünki bən aşiqi-divanəsiyim, 
Bən o hüsnün dəli pərvanəsiyim. 
Gərçi tənqid edənim çoq, pək çoq, 
Bəni haqqilə duyan yoq, hiç yoq. 
 
İ k i n c i r ə i s 
 
Doğrudur bəlkə sözün, lakin biz 
Sənin allahını görmək diləriz. 
 
P e y ğ ə m b ə r 
 
Ən küçük zərrə, ən böyük aləm 
Tanrı eşqilə rəqs edib duruyor. 
İncə bir rəmzdir o, pək mübhəm, 
Hər böyük qəlb o rəmz için vuruyor. 
Yüksələn haqqa yaqlaşır ancaq. 
Onu duymaz sürüklənən həşərat. 
Bir günəşdir o, möhtəşəm, parlaq, 
Nuri hiç dərk edərmi kor, heyhat! 
Nerdə parlarsa haq, şərəf, vicdan, 
Eyilik, doğruluq, gözəllik, inan, 
Orda var sevgi, orda var iman: 
Orda var şübhəsiz böyük Yaradan! 
 
N ə i m 
 
(açıq bulunan böyük qapıdan baqar, Topala) 
 
İştə seyr et, baş rəisin 
Nüfuzlu məğrur hərəmi! 

163 
 
Hiç əskik olmaz xalq için 
Onun ehsanı, kərəmi. 
 
T o p a l 
 
Gerçəkdən pək böyük qadın! 
Əli açıq bir rəisə... 
Dün böyük bir büt, saf altın 
Hədiyyə etmiş Kə’bəyə. 
 
Bu sırada içəridən dört nəfər çıplaq köləyə yüklənmiş bir təxti-rəvan çıqar. Üzərində 
Rəisə – Baş rəisin hərəmi oturmuş. Təxti-rəvanın sağ və solunda iki gözəl cariyə yürür. 
Arqada bir zənci  əlindəki qırbacla çabuq yürümələri için ara-sıra kölələrin sırtına 
şatlatıb durur. Rəisə göründükdə  hər kəs tə’zim edər. Peyğəmbər isə  kəskin baqışlarla 
onu süzməyə başlar. 
 
R ə i s ə 
 
(məğrur və istehzalı təbəssümlə camaata) 
 
Nə var yenə, şu əfsunçu 
Yeni bir şeymi söylüyor? 
 
İ k i n c i  r ə i s 
 
Əvət, şu qurnaz oyunçu 
Getdikcə tüğyan eyliyor. 
 
P e y ğ ə m b ə r 
 
(təxti-rəvana baqaraq) 
 
Bilməm atıb heyvanları, 
Omuzlarda gəzmək niçin? 
Şu zavallı insanları 
Yük altında əzmək niçin? 
Halbuki zənginlə yoqsul 
Bir topraqdan yaratılmış, 
Bir sultanla, bir qara qul 
Eyni çamurdan yapılmış. 

164 
 
R ə i s ə 
 
(kəndi-kəndinə) 
 
Ah, o gözlər bir oq kibi 
Ta qəlbimə saplanıyor. 
O bir fəzilət sahibi... 
Xor baqanlar aldanıyor. 
 
(Peyğəmbərə) 
 
Ey, bana baq, söylənmə çoq, 
Satın aldım bunları bən. 
 
(Kölələri göstərir) 
 
Altın versəm, hiç şübhə yoq, 
Sən də əsirimsin həmən. 
Nasıl ki, altunla öncə 
Satın aldı qarın səni. 
Yaşı keçmiş dul Xədicə 
Söndürdü kəndi nəfsini. 
Hiç öyünmə, əvət, altun 
Sən deyil, susdurur hətta 
Sənin hiçdən uydurduğun 
O görünməz Tanrıyı da! 
 
P e y ğ ə m b ə r 
 
(həyəcanlı) 
 
Xayır, xayır... Saqın, əsla 
Aldanma! Parlaq vicdanlar, 
Böyük duyğular pək başqa... 
Altına satılmaz onlar. 
Haqdan keçib, altın deyə, 
Vicdanını satan səfil, 
Yəhudi köpəyindən də 
Alçaqdır, alçaq... eyi bil! 
İnsanları bir-birindən 
Ayıramaz altın, gümüş. 

165 
 
İştə bizi ayırd edən 
Yalnız bilgidir, düşünüş... 
 
Bu sırada birisi arqa tərəfdən Peyğəmbərin başına xurma yapraqlarilə örülmüş 
dikənli bir tac qoyar. Ətrafdakılar istehzalı qəhqəhələrlə gülməyə başlar. 
 
R ə i s ə 
 
(əlindəki yelpazə ilə kölələrə “get” işarəti verir, gedərkən camaata) 
 
Nə məraqdır sizdə bilməm, 
Hər kəs gülər, həm də dinlər. 
 
Camaatdan bir qaç qadın və çocuq Peyğəmbəri daşa basar. 
 
C a m a a t 
 
(kin və nifrətlə) 
 
– Haydı, məcnun! 
– Haydı, sərsəm! 
– Haydı, yalançı peyğəmbər! 
 
P e y ğ ə m b ə r 
 
(dikənli tacı bir tərəfə atar, həyəcanlı, fəqət bir qədər mə’yus) 
 
Ah, insanlıq nasıl enmiş... 
Nasıl enmiş də, alçalmış!.. 
Vicdanların nuru sönmüş, 
Könülləri vəhşət almış. 
 
Peyğəmbər hənuz söyləməyə başlarkən camaat Birinci rəisin işarətilə çalğı çala-çala, 
oynaya-oynaya Rəisə getdiyi tərəfə doğru ilərilər və onun sözləri qurultuya qarışaraq 
anlaşılmaz olur. Çocuqlar və qadınlardan bir qismi yerdən daş parçaları alıb atar, 
qəhqəhələr, məsqərəliklər və kinayəli tevrlər ilə uzaqlaşıb gedərlər. Peyğəmbər  əli 
alnında, mə’yus baqışlarla onların arqasınca baqıb düşünür. 
 
N ə d i m ə 
 
(geridə qalıb da şaşqın baqışlarla düşünüb duran Şəmsaya) 
 
Şəmsa! Pək düşündün, yavrum, 
Aman, gəl, nə olmuş sana? 
 

166 
 
Ş ə m s a 
 
Anam, babam, qardaşlarım, 
Hər kəs kin bəslərkən ona. 
Ah, o gözlərdəki qüdrət 
Həp təsxir edər könlümü. 
 
N ə d i m ə 
 
Pək böyük ondakı cür’ət, 
İnan, yaqlaşmış ölümü. 
 
(Şəmsanın qolundan tutar, gedərlər) 
 
İ x t i y a r 
 
(bütləri toplayıb içəri qoyar. Qapıyı qapayıb gedərkən Peyğəmbəri süzər və istehzalı 
qəhqəhəylə) 
 
Uslanmadınsa, get, yenə 
Bildiyin saçmayı söylə. 
Kimsə uymaz sözlərinə, 
Mə’yus olursun həp böylə. 
Əmin ol ki, Lat və Üzza
1
 
Bir gün həddini bildirir. 
Əlbət, sana layiq cəza 
Hər nə isə çabuq verir 
 
P e y ğ ə m b ə r 
 
(acı bir həyəcan ilə) 
 
Erkək, qadın, çoluq-çocuq 
Hər kəs əylənib gediyor. 
Sözlərimin tə’siri yoq, 
Hər rast gələn tən ediyor. 
 
                                                            
1
 
Lat və Üzza – iki böyük büt adıdır. 
 

167 
 
Hər kəs gülər bana... Şaka 
Sanırlar Tanrı əmrini. 
Bir avuc əshabdan başqa 
Hiç kimsə dinləməz bəni. 
 
(Gedər.  Şu halda hava qararmağa başlar. Nurani mələk tatlı  təbəssümlərlə 
Peyğəmbərin qarşısına enər). 
 
M ə l ə k 
 
Ey, Tanrı elçisi, mə’yus olma, dur! 
Ümidsizlik sana hiç yaraşmıyor. 
Inan, ümiddir qayələr qayəsi, 
Acıdır ümidsizliyin meyvəsi. 
Ümidsiz bir insan, ümidsiz millət 
Səfil və bədbəxt olur ən nihayət. 
 
P e y ğ ə m b ə r 
 
Lakin bana qarşı həp kin bəslənir, 
Ah, münafiqlər həp gülər, əylənir. 
 
M ə l ə k 
 
Əvət gözlər kordur, qulaqlar sağır, 
Vicdanlar qabadır, tə’nələr ağır. 
Fəqət sağır qulaqları açmalı, 
Dikənli yollara güllər saçmalı. 
Əvət, açmalı kor olmuş gözləri, 
Əvət, dinlətməli acı sözləri. 
Yıldızlar oynarkən haq qucağında, 
Düşün, nə əhd etdin Hira dağında?! 
Ey böyük yalavac, inan ki, sussan, 
Bəsbəlli tarix görür böyük ziyan. 
 
P e y ğ ə m b ə r 
 
(məczub) 
 
O yüksək baqışlar, aman, 
Nə tatlı, həm nasıl məsrur! 

168 
 
Ümidsiz könlümə hər an 
Qönçə əməllər sərpiyor. 
Sənin küçük bir lütfünə 
Layiq olan hiç susarmı? 
 
(Göyə doğru) 
 
Bir könül ki, uysun ona; 
Gülünc alaydan qorqarmı? 
 
M ə l ə k 
 
Hiç qorqma, haq sözü söylə, 
Durmuş yürəkləri çarpdır! 
İssız ruhları atəşlə, 
Yaq, çəkinmə! Yolun haqdır. 
Durma, get, acı olsa da 
Tanrı buyruğunu anlat. 
Hər qonaqda, hər qülbədə 
Söylə! Zülməti aydınlat! 
 
P e y ğ ə m b ə r 
 
(çəkilib gedən Mələyə qarşı diz çökərək) 
 
Xayır, susmam, gedər haqqı söylərim, 
Ölümdən çəkinməm, səni dinlərim. 
Çünki sən o şəfəqdən bir parçasın, 
O fidandan dərilmiş bir qonçasın. 
O günəşdən ayrılmış bir yıldızsın, 
Tanrı gülüşündən doğmuş bir qızsın. 
 
İ s k e l e t 
 
(bir guşədən qarşısına fırlar, şiddətli və istehzalı qəhqəhələrlə) 
 
Xayır, çəkinmə, get inandır, inan! 
İnanmaqla bəxtiyar olur insan. 

169 
 
İnan! Fəqət tapdığın ulu Tanrı 
Sən kəndinsin, deyil o səndən ayrı. 
Əvət sən o küllün cüz’isin, inan! 
Əfsus cüz uzaqdır külli sarmaqdan. 
 
(Göyə işarətlə) 
 
O uzaqdır rənglərdən, sifətlərdən, 
Uzaq... həp dinlərdən, təriqətlərdən. 
Hər mühit onu bir çeşit yaratmış, 
Hər kəs qaranlıq dama bir daş atmış. 
Hər kəs ona bir ad qoymuşdur gerçək, 
O qaranlıq ışıq fəqət pək yüksək... 
Onu göstərmək istəyən də şaşqın. 
Rədd etmək istəyən sərsəm də azğın. 
Çırpınmamaq istərsən aldan, inan! 
Yazıq sana, yazıq, zavallı insan!.. 
 
(Acı qəhqəhələrlə çəkilir) 
 
Hava aydınlaşır. Peyğəmbər dalğın baqışlarla düşünür. 
 
Ş ə m s a 
 
(Nədimə ilə bərabər geri dönər. Peyğəmbəri o halda görüncə) 
 
İştə o, baq, dalmış yenə, 
Ah, nə həşmətli bir sima! 
Rəngi mail gül rənginə, 
Hər baqışı bir müəmma... 
 
N ə d i m ə 
 
Pək gözəl, qaməti mevzun
Köküs geniş, qollar qalın. 
Göz qara, kipriklər uzun, 
Böyük başda açıq alın... 

170 
 
Ş ə m s a 
 
Çoq zaman diyorlar dalar, 
Baş dönmədən bayğın düşər. 
Sanki şimdi o halı var, 
Başqa aləmdə seyr edər. 
 
N ə d i m ə 
 
Nə çoq məraq etməkdəsin 
Könlün pəkmi sevər onu? 
 
Ş ə m s a 
 
Ah, nə sönük sənin hissin, 
Hər qadın onun vurğunu. 
 
N ə d i mə 
 
İştə baq, getmək istiyor, 
Həp düşünür, o həp dalğın. 
 
Ş ə m s a 
 
(yaqlaşır) 
 
Sözüm var sana, getmə, dur! 
 
P e y ğ ə m b ə r 
 
(başını qaldırıb baqar) 
 
Nə istərsin, gözəl qadın? 
 
Ş ə m s a 
 
(sarsılmış və sinirli) 
 
Qadınmı?! Ah, böyük təhqir... 
Hər kəscə bəllidir adım, 
Bən bir qızım, həm də bakir 
Hənuz kimsəyə varmadım. 

171 
 
İncilər, altın, gümüşlər, 
Hər dürlü sərvət bir yana, 
Hər kəs məcnun kibi izlər, 
Məftundur həp gənclik bana. 
Könül vermədim kimsəyə 
Bir xilqətim iştə nadir... 
Düşün, bakir bir qönçəyə 
Qadın demək pək xətadır. 
 
P e y ğ ə m b ə r 
 
Halbuki o qönçə bikri 
Hər gün binlərcə göz əmər. 
Öyündüyün bikr, ey pəri, 
Sönər, hər gün bir az sönər. 
Evlad eşqilə çırpınan 
Bir qadın könlü, şübhəsiz, 
Sayğısız qızlarınkından 
Daha bakir, həm ləkəsiz... 
 
(Peyğəmbər gedər. Şəmsa onu izləmək istər) 
 
N ə d i m ə 
 
Bıraq, yüz vermə bir böylə. 
 
Ş ə m s a 
 
Ah, əvət məhv olmalıdır. 
 
(Bir az tərəddüd... sonra) 
 
Xayır, o bənim əlimlə 
Ölümdən qurtulmalıdır. 
 
(Nədiməyə) 
 
Sən çəkil, bir yanda bəklə! 

172 
 
(Nədimə çəkilir. Kəskin bir səslə uzaqlaşan Peyğəmbərə) 
 
Getmə, dur! 
 
P e y ğ ə m b ə r 
 
Nə imiş, söylə? 
 
Ş ə m s a 
 
Qandırmış xalqı baş kahin, 
Hər kəs səni arar... 
 
P e y ğ ə m b ə r 
 
Niçin? 
 
Ş ə m s a 
 
Peyğəmbərə ölüm deyə 
Gözlər həp atəş saçıyor. 
 
P e y ğ ə m b ə r 
 
Sus, inanma hiç kimsəyə, 
Peyğəmbərə ölüm yoqdur. 
Onun üstündə göylərin, 
Yuca Tanrının gücü var. 
Daş bütlərə tapan kahin 
Bir gün gəlir haqqı anlar. 
Əvət, o cansız mə’budlar 
Bir gün gəlir ki, qəhr olur. 
Qəhr olur, devrilir, batar, 
Hər kəs onlardan qurtulur. 
 
Ş ə m s a 
 
(usanmış bir halda) 
 
Ah, sən bizim mə’budlardan 
Nə istiyorsun, bilməm ki?! 

173 
 
P e y ğ ə m b ə r 
 
Çəkil, ey haq yoldan azan 
Vəhşi səhralar çiçəyi!.. 
 
(Yüzünü çevirib, sinirli adımlarla uzaqlaşır) 
 
Ş ə m s a 
 
(iki-üç adım izlər, qarşısına keçib getməsinə mane olur. Məğrur və amiranə bir tevr 
ilə) 
 
Getmə, dur! Aç gözlərini, 
Baq gör bən kimim, bən nəyim? 
Hiç düşündürməzmi səni 
Vurğun könlüm, gözəlliyim? 
 
P e y ğ ə m b ə r 
 
(başını qaldırır, diqqətlə süzər, pərəstişkar bir ahənglə) 
 
Əvət, gözəl!.. Şairlərin 
Tatlı xülyasından gözəl. 
İlk baharda səhərlərin 
Pənbə rö’yasından gözəl!.. 
Yıldızların sevdasından 
Yaratılmış bir çiçəksin. 
Gözəlliyin mə’nasından 
Daha dilbər bir mələksin. 
 
(Göyə işarətlə) 
 
Fəqət bir Tanrı ki, sana 
Böylə bir gözəllik vermiş. 
Nədən xor baqarsın ona, 
Niçin etməzsin pərəstiş? 

174 
 
Ş ə m s a 
 
Ah, bilməm ki, şu qaranlıq, 
Şu əngin boşluqda nə var? 
O bir dərin hiçlik artıq, 
Sağır hiçlikdən nə çıqar? 
 
P e y ğ ə m b ə r 
 
Halbuki saysız ışıqlar 
O qaranlıqdan parlıyor. 
Görüb duyduğun varlıqlar 
O hiçlikdən feyz alıyor. 
 
Ş ə m s a 
 
Bən istərim qəlbindəki 
Tanrı eşqi unutulsun, 
Könlümdə çırpınan sevgi 
O eşqin yerinə dolsun. 
 
P e y ğ ə m b ə r 
 
Çəkil, artıq sərsəmlədin, 
Dəf’ ol da sus, ah, uğursuz! 
Mərmər köksündəki qəlbin 
Daş bütlər qədər şüursuz... 
 
(Çəkilmək istər) 
 
Ş ə m s a 
 
(önünə keçərək) 
 
Şimdi mələk derkən bana 
Bu təhqir bilməm ki, niçin? 
 
P e y ğ ə m b ə r 
 
Çəkil, bu da azdır sana, 
Çünki şeytan bir mələksin. 

175 
 
(Gedər) 
 
N ə d i m ə 
 
(gəlir) 
 
Sən ona hörmət bəslərkən, 
Nifrətlə – sus, çəkil! – diyor. 
Qurtuluş yolu söylərkən, 
Səni həp təhqir ediyor. 
 
Ş ə m s a 
 
(kinli) 
 
Pək məğrur... Əvət, mütləqa 
Kəsməli onun dilini. 
 
(mülayim) 
 
Lakin... o gözlər daima 
Söndürür bəndəki kini. 
Ah, o gözlər daim qara 
Elmas kibi parlar durur. 
Arqasında hikmət, dəha 
Dənizləri həp mevc vurur, 
Bəni ən çoq əsir edən 
Onun parlaq sözləridir. 
Ah, insanı həcv edərkən 
Belə o pək zərif şair... 
 
N ə d i m ə 
 
O yalnız şairsə, düşün, 
Sən həm şe’rsin, həm şair. 
Hüsnün, gözəl səsin, bütün 
Hicaz ölkəsində nadir... 

176 
 
Ş ə m s a 
 
Bən hiç... ən böyük şairlər 
Ona qarşı diz çökməli, 
imrüülqeys kibi ərlər 
Susmalı, boyun bükməli... 
Əvət, bizdə nə çoq şair, 
Onlara bir zənbil xurma, 
Ya şərab, ya bir altın ver, 
Mədh edərlər səni... Ama 
O, düşmandır yaltaqlığa, 
Həp kindən, qərəzdən qaçar. 
Geniş ruhu sanki fəza... 
Daim yüksəklərdə uçar. 
 
(Mə’yus və həyəcanlı) 
 
Əfsus bütləri, Kə’bəyi 
Həp rədd edər, iştə bəla! 
Həm pək sevər Xədicəyi, 
Bunu əfv edəməm əsla! 
 
N ə d i m ə 
 
(ətrafa baqar) 
 
Baq, gəldilər baş kahinlə 
Xəttab oğlu önlərində, 
Qızmış böyük, küçük, kölə, 
E’tidal yoq hiç birində. 
 
Öndə baş kahin, rəislər və orta yaşlı, yuca boylu, silahlı X ə t t a b o ğ l u olduğu 
halda camaat gəlir, hər kəs kinli baqışlarla ətrafı süzməyə başlar. 
 
B a ş k a h i n 
 
Nerdə, yahu, onu bir göstəriniz! 
Əcəba nerdə o xain dinsiz? 

177 
 
X ə t t a b o ğ l u 
 
Kim bilir, bəlkə də qorqub qaçmış. 
 
Ş ə m s a 
 
(Nədiməyə) 
 
Yoq, o qorqaq deyil əsla, yanlış... 
 
İ x t i y a r 
 
(gəlir, dükanın qapısını açaraq) 
 
Burda dalmışdı o xülyayə dəmin. 
 
B i r i n c i r ə i s 
 
İştə qorqub da savuşmuş miskin!.. 
 
İ k i n c i r ə i s 
 
O fəqət bəncə bir aciz, sərsəm... 
 
Ü ç ü n c ü r ə i s 
 
Bən də əsla ona mə’na verməm. 
 
B a ş k a h i n 
 
(yola baqar) 
 
Baş rəis! Ah, nə qadar halı fəna, 
Baqalım bir o nə söylər əcəba? 
B a ş r ə i s gəlir. Hər kəs əyilir. Sükut... 
 
B a ş r ə i s 
 
(öndə duran rəislərə şiddət və həyəcan ilə) 
 
Arqadaşlar! Nə demək bunca sükut? 
Niyə baqmaqdasınız həp məbhut!? 

178 
 
Pək küçük sandığınız bir miskin 
Bəsliyor bizdəki adətlərə kin. 
Hiçə endirmədə həp dinimizi, 
Gülüyor bütlərə, saymaz da bizi. 
Onun ancaq yuca göylərdə yaşar
Əl vurulmaz yeni bir Tanrısı var. 
Öylə bir Tanrı ki, gözlər görməz, 
Cismi yoqmuş da nə cevhər, nə ərəz... 
Doğurub doğmaz o bimislü şərik, 
Həm məkansız... Nə qadar sərsəmlik?! 
Söylüyor həp bir imiş şah və gəda. 
Bu səbəbdən uyaraq həp füqəra, 
Həp zəiflər, kölələr, cariyələr 
Onu dinlər, ona hörmət bəslər. 
Ah, o bir gün düşünüb yol bulacaq, 
Bizə qalib və müsəllət olacaq... 
 
X ə t t a b o ğ l u 
 
(istehzalı təbəssümlə) 
 
Bir xəyal iştə, əvət tatlı xəyal. 
 
(Hiddətlə qılıcını çəkər) 
 
Şu qılıc əldə dururkən, bu, mühal... 
Hörmət etdim də Bəni Haşimə bən, 
Öncə vaz keçdim onun qətlindən. 
Nə qadar olsa da əcdadı ulu. 
 
(Əlini köksünə vurur) 
 
Sağ bıraqmaz onu Xəttab oğlu. 
Qəhrəmanlar bana aciz qul ikən, 
O nasıl qurtulacaq pəncəmdən? 
Hiç məraq etməyin, əl’an gedərim, 
Onu bən parçalarım, məhv edərim. 
 
(Qılıcını qınına qoyub sərt və qızğın baqışlarla uzaqlaşır) 

179 
 
B a ş r ə i s 
 
İbn Xəttabın, əvət, şöhrəti var, 
Qəhrəmandır nəyə əzm etsə yapar. 
 
(Kənarda duran orta yaşlı Səidə) 
 
Sən də get, durma, Səid! Göz-qulaq ol! 
Yardım et qaynına, Peyğəmbəri bul. 
Camaat dağılır. 
 
S ə i d 
 
(uzaqlaşan Baş rəisə tə’zim ilə) 
 
Pək gözəl... 
 
(Ətrafa) 
 
Ah, canavar, ah ədna... 
Görəyim qəhr olasın sən də, o da... 
Gedər. Nədimə ilə bərabər geridə qalan Şəmsa həyəcanlı hallar keçirir. 
 
Ş ə m s a 
 
Yoq, bu mümkün deyil əsla... əsla, 
Onu məhv etmədə yoq bir mə’na. 
 
N ə d i m ə 
 
Şimdi Peyğəmbərə kin bəslər ikən, 
Bu təlaşın əcəba söylə nədən? 
 
Ş ə m s a 
 
Ah, o şahincə baqışlar hər an 
Çırpınan ruhumun üstündə uçar. 

180 
 
O gözəl səsdəki qüvvət, həyəcan 
Sızlayan könlümə bir şö’lə saçar. 
Seyr edərkən onu qarşımda dəmin, 
Söndü həşmət, əzəmət, söndü qürur. 
Onu sevdimmi? Bilinməz... Lakin 
Bəni bir duyğu əzib qəhr ediyor, 
O yanan qəlbə qavuşmaq dilərim, 
Ona qoşmaq dilərim. 
 
(Sinirli adımlarla Peyğəmbər getdiyi tərəfə doğru ilərilər, Nədimə də kəndisini izlər) 
 
Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin