II. ƏLİLLİYİN, UŞAQLARIN SAĞLAMLIQ İMKANLARI MƏHDUDLUĞUNUN QARŞISININ ALINMASI VƏ ƏLİLLƏRİN, SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN REABİLİTASİYASIxviii[18]
Maddə 9. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti sağlamlığın mühafizəsi, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələrinə və xidmətlərinə olan ehtiyaclarının ödənilməsi üçün hüquqi, iqtisadi, sosial şəraitin yaradılmasında ifadə olunur və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun baş verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınmasını, habelə respublika əlilliyi, uşaqların sağlamlıq imkanları məhdudluğunun reabilitasiya sisteminin yaradılmasını və inkişafını təmin edən dövlət proqramları vasitəsilə həyata keçirilir.
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları nümayəndələrinin iştirakı ilə tədbirlər sistemi hazırlayıb həyata keçirirlər.
Maddə 10. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramlarının müəyyənləşdirilməsi
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramları, həmçinin əlillərin, sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. xix[19]
Maddə 11. Sağlam həyat tərzinin təbliği
Dövlət əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması məqsədilə cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini təmin edir. Bu zaman xəstələrin sağalmasına çəkilən xərclərlə yanaşı, sağlam vətəndaşların öz səhhətlərini qorumağa yönəldilmiş səylərini həvəsləndirən tədbirlər görülür.
Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idmanı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. xx[20]
Maddə 12. İşçilərin təhlükəsiz əmək şəraiti ilə təmin olunması
Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar işçilərə müəyyən olunmuş standartlara uyğun təhlükəsiz əmək şəraiti yaradır və onların əmək qabiliyyətinin aşağı düşməsinə, sağlamlığına vurulmuş ziyana görə qanunvericiliyə uyğun məsuliyyət daşıyır, müalicə və reabilitasiya xərclərini ödəyirlər.
Maddə 13. Uşaqlar arasında sağlamlıq imkanları məhdudluğunun profilaktikası xxi[21]
Uşaqlarda əqli inkişafın gizli qüsurlarını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək məqsədilə səhiyyə müəssisələri bir yaşa qədər bütün uşaqların ixtisaslaşdırılmış uşaq diaqnostika mərkəzlərində və uşaq poliklinikalarında müayinə olunmasını və dispanser müşahidəyə götürülməsini təmin edirlər. xxii[22]
Uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələrindən biridir.
Səhhətində, fiziki, yaxud əqli inkişafında hər hansı pozulma olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, defektoloji və digər kömək göstərilir. Bu cür köməyin metodları, forması, həcmi və müddəti fərdi reabilitasiya proqramı müəyyən edilir.
Maddə 14. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi, peşə və sosial reabilitasiyası müvafiq icra hakimiyyəti orqanları və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə tibbi-sosial ekspert komissiyasının rəyi əsasında müəyyənləşdirilmiş fərdi reabilitasiya proqramı üzrə həyata keçirilir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası müddətini müəyyən edir.
Fərdi reabilitasiya proqramının müvafiq dövlət təşkilatları, eyni zamanda müəssisələr, idarələr və təşkilatlar tərəfindən icrası məcburidir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramında nəzərdə tutulan reabilitasiya tədbirlərinin həcmi əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üzrə dövlət proqramında müəyyən edilmiş minimum həddən aşağı ola bilməz.
Maddə 14-1. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara tibbi xidmət
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin olunmaq hüququ vardır. xxiii[23]
Maddə 14-2. Reabilitasiya müəssisələri (mərkəzləri) xxiv[24]
Reabilitasiya tədbirləri əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramına və reabilitasiya tədbirləri üzrə dövlət proqramına uyğun olaraq reabilitasiya müəssisələri tərəfindən həyata keçirilir. Bu müəssisələrin yönümü reabilitasiyanın əsas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilir. Dövlət reabilitasiya müəssisələri ilə yanaşı qeyri-dövlət reabilitasiya müəssisələri də yaradıla bilər.
Dövlət reabilitasiya müəssisələrinin fəaliyyəti müvafiq qaydada təsdiq olunan nümunəvi əsasnamələr və onların nizamnamələri ilə tənzimlənir.
Sağlamlıq imkanları məhdud (mürəkkəb və ağır çatışmazlıqları olan) şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir. xxv[25]
Dostları ilə paylaş: |