İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq
qərara alıram:
1. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilsin
(əlavə olunur).
2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (bundan sonra – Agentlik) təsisçinin
səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun
miqdarının müəyyən edilməsi;
2.1.2. illik maliyyə hesabatlarının təsdiq edilməsi;
2.1.3. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və
səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2.1.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə,
filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
2.1.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi
əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini
təşkil edin əqdin bağlanmasına razılıq verilməsi;
2.1.6. Agentliyin yenidən təşkili və ləğv edilməsi;
2.2. Agentliyə:
2.2.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
2.2.2. strukturunun təsdiqi.
3. Müəyyən edilsin ki:
3.1. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına
formalaşır və 4 000 000 (dörd milyon) manat təşkil edir;
3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti
yaradılır;
3.3. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və
vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
4. Agentlik dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin balansında olan
əmlak Agentliyin balansına verilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1.
Azərbaycan
Respublikası
Prezidentinin
aktlarının
bu
Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
5.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı
gündən Agentliyin balansına verilməsini bir ay müddətində təmin etsin;
5.4. Agentliyin investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Agentlik:
6.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç
gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
6.2. strukturunu və işçilərinin say həddini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə
bağlı zəruri tədbirləri həyata keçirsin.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3.1-ci bəndində
göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.