Maddə 125-1. Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Maddə 127. Xarici ölkədə ödənilən verginin nəzərə alınması
127.1. Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.
127.2. Bu Məcəllənin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.
Maddə 130. Gəlirin və xərcin uçotu qaydası
130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.
Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.
130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.
130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır.
130.4. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın.
130.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.
130.7. Banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində şəhid olmuş şəxslərin, habelə Vətən müharibəsi nəticəsində şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmir. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir. Maddə 137. Birgə fəaliyyətdən gəlirin bölüşdürülməsi
Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə gəliri (bu fəaliyyətlə bağlı birgə xərci çıxmaqla) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən gəliri bu fəaliyyətin iştirakçıları arasında bölürlər.
Maddə 138. Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər
138.1. «Uzunmüddətli müqavilə» - müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə deməkdir. Müqavilədə göstərilən işlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr uzunmüddətli müqavilələrə aid edilmir.
138.2. Vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzun müddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır.
138.3. Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.
138.4. Bu Məcəllənin 138-ci maddəsinin müddəaları bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi ödəyicilərinə şamil edilmir. Maddə 139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası
139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.
139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər.
139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.
Maddə 146. Hüquqi şəxsin yaranması
146.1. Aktivlərin verilməsi aşağıdakı hallarda onların vergiyə cəlb olunan təqdim edilməsi sayılmır:
146.1.1. şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə);
146.1.2. şəxs və ya şəxslər qrupu bilavasitə mübadilədən sonra hüquqi şəxsdə iştirak paylarının 100 faizinə sahib olursa.
146.2. Bu Məcəllənin 146.1-ci maddəsinin müddəaları şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir və aktivin balans dəyəri onu alan şəxsə keçir.
146.3. Bu Məcəllənin 146.1-ci maddəsində göstərilən mübadilə nəticəsində alınan iştirak payının dəyəri verilən hər hansı borcun məbləği çıxılmaqla verilən aktivlərin dəyərinə bərabərdir.
146.4. Bu maddə bir kateqoriyaya aid olan əsas vəsaitlərin hamısının eyni vaxtda verildiyi hallar istisna edilməklə, bu Məcəllənin 114-cü maddəsinin müddəalarına uyğun olaraq kateqoriyalar üzrə amortizasiya olunan əsas vəsaitlərə tətbiq edilmir. 146.4. Götürülmüş öhdəliklər verilən aktivlərin dəyərindən artıqdırsa, bu maddə həmin artıq məbləğə tətbiq edilmir.
Maddə 148. Hüquqi şəxs üzərində sahibliyin əhəmiyyətli dərəcədə dəyişdirilməsi
148.0. Hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinə, aşağıdakı hallar istisna edilməklə, icazə verilmir:
148.0.1. dəyişiklikdən sonrakı 3 il ərzində hüquqi şəxs həmin sahibkarlıq fəaliyyətini həyata keçirirsə və
148.0.2. dəyişiklikdən sonrakı 1 il ərzində hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətinə başlamırsa.
Maddə 151. Cari vergi ödəmələri 151.1. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
151.2. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.
151.3. Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.
151.4. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
151.5. Əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra - əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:
151.5.1. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.
151.5.2. Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.
151.5.3. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər.
151.5.4. Cari vergi ödəmələri bu Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.
151.5.5. Bu Məcəllənin 151.5.4-cü maddəsində müəyyən edilmiş faiz bu Məcəlləyə müvafiq olaraq aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
151.5.6. Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
151.5.7. Sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği bu Məcəlləyə uyğun olaraq müəyyən edilir.
151.5.8. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri bu Məcəllənin 16.2-ci və 151.5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq vergini əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir.
151.6. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Fəsil XI
Əlavə dəyər vergisi