Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153. Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 153.3. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Maddə 154. Vergi ödəyiciləri 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.
154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.
154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.
154.4. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.
154.5. Bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Bu maddənin məqsədi üçün ayrıca şəxs dedikdə birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur.
154.6. Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır.
Maddə 155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi
155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. 155.2. Qeyri-rezidentin mallar göndərməsi, işlər görməsi və xidmətlər göstərməsi bu Məcəllənin 155.1-ci maddəsinin məqsədləri üçün vergi tutulan əməliyyatların ümumi dəyəri müəyyən edilərkən yalnız o zaman nəzərə alınır ki, onlar Azərbaycan Respublikasındakı daimi nümayəndəlik vasitəsilə həyata keçirilmiş olsun.
155.3. Bu Məcəllənin 154.5-ci maddəsində göstərilən şəxs, bu Məcəllənin 155.1-ci maddəsində müəyyən edildiyi halda, yaxud iştirakçı ƏDV-nin məqsədləri üçün vergi ödəyicisi olduğu halda, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs qeydiyyata alınmaq üçün ərizə verməyə borcludur.